Rusiya sahilində
Page 3 of 4 · 50%
Hacı Əlinin uzun məktubu başdan-başa bu kimi sözlərdən ibarət idi. Buna görə də mənim Təbrizə getməyimi və orada gizli cəmiyyətin fəaliyyətini canlandırmağı lazım gördülər. Mənim pasport məsələm də müzakirə edildi. Rus pasportu ilə İranda yaşamağın mümkün olmadığını təsdiq etdikdən sonra Şeyxov pasport məsələsini özü həll edəcəyini söylədi və:
– Sabah siz hazırlanmış İran pasportunu məndən alacaqsınız, – deyə söz verdi.
Ələkbər yoldaş da mənimlə bərabər Təbrizə getməli oldu. Culfada bir çoxları ilə tanış olmaq üçün Şeyxovla bərabər çıxdıq. Tanış olduğum adamların hamısı tacir və ziyalılardı: Nağı İsmayılov, Ələsgər Həsənzadə, Əsgər Nağızadə, Mirzə İbrahim Əkbərov, Seyid Məhəmməd Barar, Mirzə Əli Məhəmmədzadə (keçəl), Ağarza Mahmudov, Hacı Abbas Hacı Fərzəli oğlu, Molla Həsən Məhəmmədov (İran inqilabçılarından), Məhəmməd Axundov, Ağahüseyn Rəhimov, Abbas Tağıyev, Abbas Fəratov və sairələri idi. Şeyxov məni bunlarla tanış etdikdə:
– Rəhmətlik qardaşım Fərəcullanın məktəb yoldaşıdır, – deyə təqdim edirdi.
Bir neçə erməni ilə, o cümlədən neft taciri Aleksan ağa Şamxalov, daşnaklardan culfalı Arsen Artarov və sairələri ilə də tanış oldum.
Ermənilər çox mehribanlıq göstərir və bəziləri öz xidmətlərini təklif edirdi.
Biz küçəyə çıxdıqda Snarski ordusunun araba karvanları Araz körpüsünə doğru irəliləyirdi, bunları gördükdə Şeyxov dedi:
– Hələ İrana girdikləri dünəndir, gömrük rüsumatını tamamilə ləğv etmişlər. Ticarət malları hərbi arabalara qoşulub İrana aparılır, kimsənin də dinməyə haqqı yoxdur.
Ələkbər yoldaş da cavab verdi:
– Məktubların üzərində də «Təbriz İran quberniyası» yazılır.
Çox dolaşdıq. Miss Hannaya vəd verdiyim vaxtdan bir az keçmişdi. «Oriant» otelinə qayıtdıq. Dmitri bizi qarşılayıb:
– Qız qorxusundan qapıları qapayıb indiyə qədər dışarıya belə çıxmamışdır, – dedi.
– Haqqı da var. Çar zabiti ilə zarafat olmaz, – deyə cavab verdim.
Qapını taqqıldatdım. O, içəridən ingiliscə cavab verdi. Mən onu farsca səslədim. Qapını tələsik açdı. O, çoxdan arzuladığı bir şeyi əldə etmiş kimi sevindi. O, zəngin paltarlar geymiş, saçlarını səliqə ilə daramış, qiymətli ətirlər səpmiş, gecənin qorxusundan silkinmiş və sanki bütün gözəlliyi ilə bir ziyafətə getməyə hazırlanmışdı.
Onu Şeyxovla tanış etdim. Şeyxov mənimlə əylənərək:
– Bu qız sizə Ninanı unutduracaq, – deyə güldü.
Qız nahar etməmişdi, buna görə də biz Şeyxovun evində nahar yediyimizi gizləyərək, nahar sifariş verdik. Günəş qərbə doğru əyildiyindən həyətə baxan balkon çox sərin idi. Nahar masasını burada düzəltdilər.
Heç gözlənilmədən Əmir Həşmət, İran inqilabçılarından Əndəlib Qəmküsar təxəllüslü şair Mirzə Əliqulu və sairələri gəldi. Nahar süfrəsi böyüdü. Amerikalı qızı heyrət götürmüşdü. Şübhəsiz ki, bu ağır məsarifdən öz hissəsinə düşəcək para haqqında düşünürdü. Bir azdan sonra qulağıma yavaşcadan dedi:
– Ma hər do, müsafirim, israfra imkan nə bayəd dad.
Mən isə ona belə cavab verdim:
– Ni israf, dərəcəyi hörmət mara, dər nəzdi rəfiqan bamərhəmət ma nişan midəhəd.
Miss Hanna heç bir söz demədi, yeməyə başladı, verilən sualların cavabını bir fars qızından daha aydın bir dil ilə deyirdi. Süfrə başında farsca bilməyən yoxdu, şeirlər, lətifələr və məzhəkələr də farsca söylənirdi.
Şərab çox az içilirdi. Miss Hanna bir çay stəkanının yarısına qədər şərab töküb, yarısını da su ilə doldurmuşdu. Hər tostdan sonra haman şərabı az-az içirdi. Buna baxmayaraq, onun rəngi qızarmaqda idi. Mirzə Əliqulu Qəmküsar söz istədi və:
– Mən təbrizli Saibin bir şeirini oxuyacağam. Miss Hannadan icazə istəyirəm, – dedi.
Qız isə:
– Rica edirəm, rica edirəm, – deyə cavab verdi.
Mirzə Əliqulu Saibin şeirini oxudu, doğrudan da, sanki şeir bu süfrə üçün yazılmışdı.
Zi hüsni nimrəngi-yar, bərmən roşənəst imşəb,
Əgər Məcnun şəvəm, mənəm məkon həq bamənəst imşəb.
Qədəh ləbriz, mey gülgün, qəzəlxan yarii həmzanu,
İyalə dəmbədəm dər gərdişü gərdidənəet imşəb.
Miss Hanna şeirdən çox məmnun qaldı və oxuyanın böyük sənətkarlıqla oxuduğunu qeyd etdi.
Əndəlib də şeir oxumaq üçün söz istədi. Biz ona da söz verdik. Zatən çar casuslarını şübhəyə salmamaq üçün süfrəni bu şəkildə aparmaq lazım gəlirdi. Əndəlib Vəzir adlı şairdən Saibə bir nəzirə oxudu:
Şikəstəm zöhdü təqvara bəyadi-ləli-meygunət
To həm tərfi guləh beşkən ki, beşkən-beşkən əst imşəb.
Mirzə Əliqulu buna Əda adlı şairin sözləri ilə cavab verdi.
Yenə də Əndəlib Məyus adlı şairdən bir nəzirə oxudu.
Nəzirələr çox uzun çəkdi. Əndəlib ilə Qəmküsar, Əmir Ömər xan, Dəbir, Atif, Nüsrət, Əclət, Rind, Gülxani, Bəhcət Fəzli kimi bir çox şairlərin təbrizli Saibə yazdıqları nəzirələri oxudular.
Nəhayət, Qəmküsar miss Hannaya ithaf etdiyi azərbacanca qəzəlini oxudu. Qəmküsar həmin qəzəlini oradaca, süfrə başında yazmışdı, ondan ancaq iki misrası xatırımda qalmışdır:
Süzgün baxışlarında bir əhəngi-dilnəvaz,
Zülfün səhab qəmzədir, ey asimani-naz.
Bunu da miss Hannaya tərcümə etdik, o gülümsədi və düşünərək:
– Doğrudur, almanlarda da belə təşbehlər vardır, lakin Şərqdəki bu təşbehlər olduqca incədir. Lakin mən bir söz də soruşmaq istərdim. Əcəba, təbrizlilər türk deyildirmi?
– Türkdür. İranda dörd milyona qədər türk vardır, – deyə cavab verdim.
Qız yenə də:
– Elə isə onların ədəbiyyatı nə üçün türkcə deyildir? – deyə sordu.
Qız bu sualı ilə ortaya olduqca mühüm və çətin bir məsələ atdı. Hətta Şeyxov da:
– Xanım məsələni dərindən başlamışdır, – deyə güldü.
Mən isə qızın sualını cavabsız buraxmaq istəmədim.
– Yaxın Şərqdə iki dövlət vardır: Türkiyə və İran. Bu hökumətlərin başında duranlar türklərdir, lakin hər ikisi milli tərəqqinin və mədəniyyətin düşmənidir. Birincisi yunanları, ərəbləri, boşnaqları, kürdləri, erməniləri, serbləri, bolqarları və başqalarını türkləşdirmək və türk adət və ənənəsinə tabe etmək istədiyi kimi, ikincisi də türk olduğuna baxmayaraq, türkləri farslaşdırmaq siyasətini daşıyır. İran şahı türkdür, lakin o öz dili, öz qövmü, öz mədəniyyəti əleyhinə olmalıdır. Bunu da onun siyasi düşüncəsi tələb edir. Bu padşahların ailə lisanları da farscadır, hətta Xaqan təxəllüsü ilə şeir yazan Fətəli şah, Nəsrəddin şah da öz şeirlərini farsca yazmışlar. Hazırda rus səfarətində oturan Məhəmmədəli şahın əsərləri də farscadır.
Qız:
– Bunun səbəbi nədir, deyə bilməzmisiniz? – deyə soruşduqda mən:
– Bunu bir çoxları belə izah edir: guya fars dili ədəbiyyat və şeir dili olduğu üçün yazıçıların özü farsca yazmaq istəmişdir, lakin bu qətiyyən doğru deyildir. Fars dili şeir və ədəbiyyat dili olsa da, yenə də farslar üçündür, çünki türklərin geniş kütləsi bu ədəbiyyatı öz ədəbiyyatı kimi mənimsəyə bilməyir. Bir tərəfdən türk məktəbi olmayan və farslaşma siyasəti aparılan bir ölkədə türk ədəbiyyatına qiymət verilməməsi, digər tərəfdən türk ədib və şairlərinin saray içərisinə buraxılmaması, hətta türkcə yazılan əsərlərin təb edilməməsi İrandakı türklərin farsca yazmasına səbəb olmuşdur. Buna görə İranda daim farslaşdırma, hətta fars-türk mübarizəsi yaratmaq siyasəti aparılırdı. Bunun nəticəsində də türk ədibləri, türk şairləri öz milli dil, milli ədəbiyyat və milli mədəniyyətinin düşməni kəsildi, hətta türk olan padşahın gözü qarşısında fars mütəəssübləri «türk xərə», yəni «türksən, eşşəksən» məsəlini yaratdılar. Türk yazıçılarından «Ataşgədə» əsərini yazan Azər təxəllüslü zatın özü də türk olduğuna baxmayaraq, şairlərin tərcümeyi-halını topladıqda şairlərin ancaq farsca şeirlərini toplamışdır. Farsca şeiri olmayan şairlərin birisinin də adını çəkməmişdir. Xanım qız! Farslaşdırma siyasətinin başlıca səbəbləri bundan ibarətdir. Qacər xanədanı yüz əlli ilə qədər İranı idarə etdisə də, bu müddətdə ancaq bir neçə türkcə əsər çap elədi. Onlar da «Hüseyn Kürd» hekayəsi, «Sələbiyyə» adlı tülkü nağılı və sairlərindən ibarətdir. Mərsiyə kitablarına gəldikdə, burada məsələ dəyişir. Çünki camaatın dini mövhumatla məşğul olması hökumətin işinə yarayırdı. Qonşu olan Anadolu xalqı başlanmış düşmənçilikdə böyük rol oynadı. Nəhayət, Müzəffərəddin şah vəliəhd olduğu zaman «Hüseyn Kürd» və «Sələbiyyə» kitabının da oxunmasını qadağan etdi. Bunların hamısının əvəzində, Qacar xanədanı «Vahid vətən», «İrançılıq», «İran dostluğu» şüarları irəli sürdü. «Millət – Azərbaycan İranist» və ya «Əhalii-İran dust Azərbaycan» kimi sözlər hər bir azərbaycanlının qəlbində nəqş bağladı. Əlbəttə, belə bir siyasət nəticəsində ancaq farsca ədəbiyyat doğa bilərdi.
Mənim sözlərim miss Hannanı xeyli düşündürdü.
Mən qızdan:
– Cavabım sizi qane etdimi? – deyə soruşdum.
Qız:
– Bəli, qane etdi, – dedi.
Süfrəmiz gecə saat on ikiyə qədər davam etdi. Qonaqlar getdikdən sonra mən, Ələkbər yoldaş və miss Hanna oturub İran sahilinə nə vaxt keçəcəyimiz və Təbrizə nə cür gedəcəyimiz üzərində düşünürdük. Amerikalı qız mənimlə olduqca səmimi davranırdı, sanki o, mənim ruhumu oxşamaq üçün vasitələr arayırdı. Bugecəki böyük ziyafətin mənə aid olması onda olduqca müsbət bir təsir buraxmışdı. O mənim, onu həqarət və hücumdan müdafiə edən adamın adi bir iranlı deyil, mədəni və tərəqqipərvər bir iranlı olduğuma inanmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-rusiya-sahilinde
Use ← → keys to move, R for a random poem
More by this author
1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.
Zidd fikirlər məngənəsində1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.
Menşeviklərin yeni xəyanətiBu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.
Menşeviklər burjuaziya xidmətindəHacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.
Poems by other poets
Ağlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
İstərMənim divanəvəş könlüm,Bir zülfi-piçü tab istər.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.