Vurçattasın, vurharay,
O xaniman, bu saray,
Bu gəlhagəl, bu dəstgah,
Lap rast, lap Yetim segah
Əfsanədir, yalandır!
Yalnız sevgi-məhəbbət,
Bir şairanə xəlvət-
Eşq aləmi qalandır.
Yaddan çıxmaz səadət
Vüsal dəmi qalandır.


Ağlına hər nə gəlsə
Məhəbbətdən savayı,
Xoş ünsiyyətdən özgə.
Xoş ülfətdən savayı
Qismətlərin qisməti
O qismətdən savayı,
Adı çılğınlıq olan
Bir dəhşətdən savayı
Yerdə qalan nə varsa,
Yerdə bir şey qalarsa
Hər şey hədər havayı.


Rütbə, vəzifə, mənsəb,
Xütbə, mədrəsə, məktəb,
Mükafatlar, təltiflər,
Gurultulu alqışlar,
Parıltılı tə’riflər,
Lap şahlıq, lap təxti-tac

Bağında qızıl alma
Gətirən yeddi ağac...
Bir nazın, bir ədanın
Yanında heç nə deyil...
Bir dəlicə sevdanın
Yanında heç nə deyil.


Hər xatirə əzizdir-
Tarixi var, adı var.
Hər bəhrə-bar ləzizdir
Ayrı-ayrı dadı var.

Məhəbbətin dadına
Cənnətin dadı çatmaz
Leyli-Məcnun oduna
Cəhənnəm odu çatmaz.


Sevirəm səyahəti

İqlimlər əlvan-əlvan
Eşqin səyahətində
Səyahətlər də yalan.
Güman gəlməz diyarda
İki ürək - iki can
Bir gül camal, gül nəfəs
Mənə dünyalarca bəs...
Sevgisiz dünya qəfəs
Sevgisiz cahan zindan,
Sevgisiz cahan yalan.


Uyma dava-dərmana,
Uyma, yalandı dərman!
Uyma, lap heç loğmana
Uyma, yalandı loğman!
Min əlacdan irəli
Bir ceyran - dəli ceyran,
Meyli-məzəli ceyran
Bu sözlər milyon ildir
Deyilir zaman-zaman.

Elə hamıya bəsdir
Təkcə füzuli yazan.
Kürrəmiz məhəbbətin
Məhvərindən bərqərar
Məhəbbətdən savayı
Hədər şeydir hər nə var!

24 aprel 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets