Türkdaşlara
Sizə mən bağlıyam, ey sevgili yurddaşlarımız –Ey ulus eşqinə oddan keçən oddaşlarımız!
Sizə bağlı, məni candan yaşadan qayğılarım,Hisslərim, duyğularım, sevgilərim, sayğılarım.
Sizə mən bağlıyam, ey nəğməli çağdaşlarımız,Ata ruhlu, ana şəfqətli ocaqdaşlarımız!
Sizdənəm, mən ey adı dillərə düşmüş obalar,Ey çocuqlar, nənələr, qızlar, oğullar, babalar!
Dili bir, nəğməsi bir doğma ulusdaşlarımız,On min il öncə möhürlənmiş ulus daşlarımız!
Sizdənəm, mən, qoca tarixi yazanlar, sizdən,Sizdənəm, ey bizim ərdəmli ozanlar, sizdən!
Ruhumun Çənlibel üstə qanad açmış QıratıHayqırır göylərə dastan, ağı, laylay, bayatı.
Haydı əmriylə Koroğlum atılıb vəcdə gələr,Hay verər qurd kimi ard-arda düzülmüş dəlillər.
Orda yay, qalxan, ozan, türkü, qopuz, ud vardır,Orda “Orxon-Yenisey” var, Dədə Qorqud vardır!
Sizdənəm, mən, eşidib söylədiyim nəğməni siz,Sizə yad bilməyin aləmdə, siz Allah, məni siz!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-turkdaslara
Use ← → keys to move, R for a random poem