Page 3 of 3 · 67%

Düzdür. Bənövşə bacı, deyirlər, çox gözəl çalırsınız.

Bənövşə

Yaxşı, deyirsiniz çalım, ancaq bir şərtlə ki, Qəmər də oxusun... Bilirsən, ana, Qəmər nə yaxşı oxuyur.

Qəmər

Hə, opera, teatr mənimçün məəttəldir.

Ceyran xala

Gedək, biriniz çalın, biriniz oxuyun.

Hamısı o biri otağa keçmək istədikdə, Yusif içəri girir.

Ceyran xala

Oğul, sən haradasan, məclisin axırına gəlib çıxmısan?

Yusif

Mən axşam növbəsində məşğul idim, Ceyran xala.

Bənövşə

Bu qədər gecikmək olar? Gedək içəri.

Qasım və sair qonaqlar çıxırlar. Yusifi görüb dayanırlar.

Qasım

Qonağın ən əzizi hələ indi gəlib.

Mirzə Salman

Bax, ömründə bir dəfə yaxşı söz dedin. Qasım, Yusif doğrudan da əziz qonaqdır.

Ceyran xala

Əziz qonağı qapı ağzında saxlamazlar.

Gedirlər. Pianino çalınmağa başlayır. Telefon zəng çalır. Mindilli çıxıb dəstəyi götürür.

Mindilli

Alo, kim lazımdır? Haradan soruşurlar? Nə var ki? Danışan Mindilovdur. Yaxşı da, acıqlanmaq nə üçün, bu saat çağırım. (Səsini dəyişərək, çağırır) Yoldaş Camal, yoldaş Camal!

Camal çıxır.

Camal

Nə var, Mindilli?

Mindilli

Telefona, idarədəndir.

Camal

Nə idarə? Mən taxtdan düşmüşəm, daha nə istəyirlər? (Telefonu götürür) Hə, kimdir? Nə? Maşınlar qayıdıb! Neyləyim qayıdıb? (Dəstəyi asır, musiqiyə diqqətlə qulaq asmağa başlayır) Çalan Bənövşədir. Beş il bundan qabaqkı həyatım gəlib dayandı gözümün qabağında. Bənövşə məni bilirsən necə sevirdi? Teatrlara, kinolara gedərdik, bir yerdə romanlar oxuyardıq. Mənim indi yadıma düşdü, Mindilli. Neçə ildir, kinoya getməmişəm, nə qədər vaxtdır ki, əlimə kitab almağa vaxtım olmayıb...

Qəmər oxumağa başlayır.

Mindilli

Oxuyan kimdir?

Camal

Qəmərdir... Bənövşənin yoldaşı, doktor, görməmisən?

Mindilli

Haradan görəcəyəm, mən heç arvada, qıza baxanam?

Camal (yenə qulaq asır)

Birinci dəfə mən Bənövşəni pianino çalanda görmüşəm. İnstitutda, musiqi gecəsində... Onda da bu havanı çalırdı.

Camal bir qədər dinləyir, sonra yavaş-yavaş musiqi çalınan otağa keçir. Mindilli onun arxasınca getmək istədikdə, birdən dayanır.

Mindilli

Canım, bu Qəmərin dərdindən Qaçaq Nəbiyə dönməmişəm? Yəqin bura qonaq gəlib. Çıxıb gedincə gözünə görünməsəm, daha ömürlük məni tapa bilməz. Aha, Mirzə Salman gəlir. Nə qədər ki, Qəmərin başı qarışıqdır, sözümü deyim. Mirzə Salman, söhbətimiz yarımçıq qaldı, bıy, ay Mirzə, gözünü niyə yumdun?

Mirzə Salman

Gözümə görünmə, gözümə görünmə! Qoy həyatdan ləzzət alım.

Mindilli

Axı söhbətimiz yarımçıq qaldı. Mənim yarımçıq iş ilə aram yoxdur.

Mirzə Salman (öz-özünə)

Musiqiyə uzaqdan qulaq asmağın ayrı hüsnü var. (Mindilliyə) Bura bax, Mindilli, qoy rahat oturum. Yoxsa, canım üçün, səni birtəhər eləyərəm, bu saat eləyəm ki, beş sənin kimisinə birdən cavab verərəm. Əl çək, məni incəsənətdən ayırma.

Mindilli

İndi ki, bu cür mübariz olmusan, onda dur gedək idarəyə, işimizi yenidən quraq.

Mirzə Salman

Mən heç yerə gedən deyiləm.

Mindilli

Necə yəni gedən deyilsən? Biz iş üçün gecəmizi-gündüzümüzü əsirgəməməliyik. Gedək idarəyə, o verdiyim sçotları qaytar özümə.

Mirzə Salman

Nəyi qaytarım?

Mindilli

Sçotları deyirəm, qaytar özümə.

Mirzə Salman

Qaytarmıram.

Mindilli

Əşi, sözümün canı var, bıçaq kimi kəsmə.

Mirzə Salman

Kəsərəm də, hələ bir-iki metr o yana da gedərəm. Qaytarmıram.

Mindilli

Canım, onları mən bir də gözdən keçirmək istəyirəm.

Mirzə Salman

Olmaz. Onlar puldur, pul.

Mindilli

İmkan ver, danışım.

Mirzə Salman

İmkan vermirəm.

Mindilli

Mirzə Salman?

Mirzə Salman

Çıxart mənim adımı dilindən.

Mindilli

Mirzə, axı, o vəsiqələri sənə mən vermişəm, mən istəyirəm ki... (Musiqi kəsilir, əl çalırlar) Nə istədiyimi sonra sənə başa salaram.

Mindilli gedir. Qəmər qaçaraq səhnəyə gəlir. Onun arxasınca Yusif içəri girir.

Yusif

Qəmər! Siz gərək bir də oxuyasınız. Bu cür gözəl səsiniz olduğunu mən heç bilmirdim.

Mirzə Salman

Mən də bilmirdim.

Yusif və Qəmər birdən onu görürlər.

Qəmər

Yox, daha oxuya bilməyəcəyəm, yoldaş mühəndis.

Yusif

Eşitdiniz, nə gözəl oxuyur, Mirzə?

Mirzə Salman

Bu mikrob (o yan-bu yana baxıb Mindillini görmür) qoydu ki, eşidim.

Yusif

Hansı mikrobdur sizi narahat eləyən?

Qəmər

Mikrob gözlə görünən şey deyil ki!

Mirzə Salman

Bir işçimiz var, mən ona mikrob deyirəm. Yaxşı divanını tutacaqdım, heyf ki, əldən çıxdı.

Yusif

Qəmər xanım, Mirzə Salman eşidə bilməyib, gərək bir də oxuyasınız.

Mirzə Salman

Hə, doktor, gərək bir də oxuyasınız.

Gedirlər. Zərifə səhnəyə gəlir.

Zərifə (O yan-bu yana baxıb çağırır)

Mindilov. (Mindilli gəlir) Gecənin qaranlığında orda niyə dayanmısan? Yoxsa bir gözləmən var?

Mindilli

Səni gözləyirdim. Sən yanımdan gedirsən, elə bilirəm işıqlar sönür, hər yan qaranlıq olur.

Pianino çalınır. Qəmər yenə oxumağa başlayır.

Zərifə

Dayan, bir gör nə gözəl çalınır. Çalan Bənövşədir... Bəxtəvər... İnstitutu qurtardı, ərə gedir. Mən onun yerində olsam, ömrümdə qulluq eləmərəm.

Mindilli

Ay-hay... Sənin heç nədən xəbərin yoxdur ki... Bənövşə bizə rəis təyin olunub.

Zərifə

Boş-boş danışma.

Mindilli

Sənə söz deyirəm, rəisdir, özü də lap ötkəmindən.

Zərifə

Deyirəm axı, niyə bu evin dörd tərəfinə dolanırsan.

Mindilli

Mən yalnız o evin ətrafına dolanıram ki, içərisində Zərifə adlı bir şam yanır.

Zərifə

Şam!.. Məni bir bu boyda şama oxşadırsan?

Mindilli

Şam olmasın, projektor olsun, lap elektrik stansiyası olsun!

Zərifə

Məni çox sevirsən?

Mindilli

Bütün varlığımla, yoxluğumla.

Zərifə

Məndən başqa heç kəsi sevməyibsən?

Mindilli

Kim, mən?

Zərifə

Sən, bəs kim?

Mindilli

Əlbəttə, heç kəsi. Sən mənim dünyada birinci və axırıncı sevgimsən. (Musiqi kəsilir, əl çalırlar) Bağışla, bir dəqiqəliyə məni iclasa çağırdılar. (Çıxır)

Zərifə

Əcəb işdir! Birinci və axırıncı sevgidən söz düşən kimi onu iclasa çağırdılar.

Qəmər və Yusif içəri girirlər.

Qəmər

Oxumaqdan lap yoruldum, Yusif əl çəkmir ki, oxu... oxu...

Camal, Bənövşə, Mirzə Salman gəlirlər.

Mirzə Salman

Çoxdandır, mən bu cür zövqü-ruhani almamışdım. Yaxşı çalırsan, qızım, doktor da bülbül kimi cəh-cəh vurur.

Qəmər

Çox da tərifləməyin, ay Mirzə.

Mirzə Salman

Bu cür pianino çalan əllər, gör nə gözəl evlər tikəcək. Doktor xəstələrini dərmanla yox, musiqi ilə sağaldacaq. Düz demirəm, yoldaş mühəndis?

Yusif

Düzdür, Mirzə! Doktor gələndən mənim bütün xəstəliklərim öz-özünə sağalıb.

Qəmər (yavaşdan)

Yusif...

Ceyran xala, Qasım və sair qonaqlar da gəlirlər.

Qasım

Bənövşə xanım, mən bayaqdan məclisin ən duzlu vaxtını gözləyirdim ki, öz ürək sözümü sizə deyim.

Ceyran xala

Yəqin yenə məzəlilik çıxaracaqsınız?

Qasım

Yox, ana, bu səfər sözüm məzə deyil, təzədir. İcazə verin, Bənövşə xanım, bu cür təntənəli gündə ürəyimin ən dərin guşəsindən qopub gələn bir məhəbbəti hədiyyə şəklində sizə təqdim eləyim.

Bənövşə (təəccüblə)

Siz nə danışırsınız?

Yusif

Nə olub, Qasım? Keflisən, nədir?

Qasım

Xeyr, hədiyyə gətirmişəm. Bənövşə xanıma, üç münasibətlə bir hədiyyə. İnstitut qurtarıb, nişanlısına qovuşub, ali mərtəbəyə çatıb. Üstündə yazılmış şeri də ilhama gəlib özüm demişəm. “Bənövşə xanıma, Gülöyşə xanıma, prorab nökərdir, həmişə xanıma”.

Bənövşə

Nə iyrənc adamdır.

Yusif

Bu nə deməkdir, Mirzə?

Mirzə Salman

Ticarətdir, təzə müdiri birinci gündən satın almaq istəyir.

Ceyran xala (bu sözü eşidib pərt olur)

A kişi, biz sənin üzünü birinci dəfədir görürük. Sən birinci dəfədir bu evə ayaq basırsan. Mənim qızımı haradan tanıyırsan ki, ona hədiyyə də gətirirsən?

Qasım

Eşitmişəm, ana! Eşitdim, xoşbəxt oldum, üzünü gördüm, ikiqat xoşbəxt oldum. Buyurun!

Ceyran xala

Mənə ver, mənə, qızımdan əvəz mən qəbul eləyə bilərəm. (Götürüb pəncərədən atmaq istəyir)

Bənövşə

Sağ ol ana, ürəyimdən xəbər verdin.

Qasım

Atma, atma, ay arvad! Bir ətək pul vermişəm, qəbul eləmirsiniz, verin özümə, aparım. Gələcəkdə lazım olar.

Qasım pərt halda hədiyyəni qoltuğuna vurub getmək istədikdə, telefon zəng çalır, ayaq saxlayıb dayanır. Zərifə telefona yaxınlaşır.

Zərifə

Kimdir gecənin bu vaxtı telefonu dağıdan? (Telefona) Kimi? Camal yoldaşı?

Camal

Mən yoxam, mən yoxam.

Zərifə

Deyir ki, mən yoxam. Atamı? Hə, Zərifədir, kimdir? (Mirzə Salmana) Ata, səni şofer Hüseyn çağırır.

Mirzə Salman

Şofer Hüseyn? Bəs o mal dalınca getməmişdi? (Dəstəyi götürür) Hüseyn, nə tez qayıtdın? Nə danışırsan? Yaxşı, naryadları heç kəsə vermə, özündə saxla. (Dəstəyi asır) Mindilli haradadır?

Bənövşə

Nə olub ki?

Mirzə Salman

Mindilli haradadır? Gör bir nə büsat qopardıb.

Zərifə

Mən bu saat çağırım, ata, sən əsəbiləşmə. (Gedir)

Qəmər

Mindilli kimdir?

Yusif

Bizim idarənin bülbülüdür. Camal çalır, o da oxuyur.

Camal

Yusif!..

Zərifə və Mindilli gəlirlər.

Mirzə Salman

Mindilli, sən materialları bazadan nə vaxt götürmüsən?

Mindilli

Nə baza? Nə material?

Mirzə Salman

Bura bax, özünü tülkülüyə qoyma, mənim gözümün içinə düz bax.

Mindilli

Mirzə Salman, mənim üstümə çığırmağa sənin ixtiyarın yoxdur!

Mirzə Salman

Çığıraram, hələ gözünü də tökərəm!

Qəmər Mindilliyə yaxınlaşır.

Qəmər

Qəhrəman, Mindilli sənsən?

Mindilli

Mən... mən, yox, mən deyiləm. (Qaçmaq istəyir, mümkün olmadığını görüb dayanır... Birdən diz çökür) Qəmər, bağışla, səhvimi boynuma alıram.

Bənövşə

Bu kimdir, Qəmər?

Qəmər

Bu, mənim gənclikdə buraxdığım səhvdir. Mənim qaranlıq keçmişimdir.

Mindilli

Gənclik xətasıdır, yoldaşlar, Qəmər mənim birinci və axırıncı sevgim olub.

Zərifə

Necə? Birinci və axırıncı sevgin? Bəs deyirdin evlənməmişəm?

Mindilli

Altı aya evlənmək deməzlər ki.

Camal

Dur ayağa, dəvə kimi diz çökmə.

Mindilli

Mən bilirdim ki, bu gecənin bir xatası çıxacaq.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nadir şah

Ərəblinski öz otağında geyinir. O, ikinci pərdədə quldur Nadir idi. İndi, üçüncü pərdədə Nadir xan olacaq, axırda da Nadir şah. Bu, tamaşaçıların gözü qabağında dəyişən, inkişaf edən mürəkkəb bir roldur. Hüseynin ən çox müvəffəq olduğu və sevdiyi rollardan biri. Hər sözünü, hər hərəkətini sənətkarcasına işləyib. Ancaq indi böyük həyəcan içindədir. Gündüz Nadir şahın papağını zərgərə göndərib ki, qaş-daşla bəzəsin. Zərgər muzdunu almamış papağı qaytarmaq istəmir. Beş manat pul lazımdır. Hardan tapsın?Yalnız Hüseyn Ərəblinski deyil, bütün aktyorlar həyəcan keçirirlər. Bilirlər ki, kostyumu tam olmamış bu böyük aktyor səhnəyə çıxmağı sevmir, məcburən çıxsa rolu mükəmməl oynaya bilməyəcək. Tamaşa isə pulsuz olduğuna baxmayaraq çox mühüm tamaşadır. Salon ağzına kimi doludur. Tamaşaçıların çoxu ziyalıdır. Şəhərə qastrola gəlmiş rus aktyorları da Azərbaycan teatrı ilə tanış olmaq üçün yan lojalarda oturular. Bəs necə olsun? Zərgərə İki dəfə adam göndəriblər, nə qədər yalvar-yaxar eləyiblər, dünyada qızıldan başqa Allahı belə tanımayan bu adamı sındırmaq mümkün olmayıb. Beş manat pul lazımdır, yalnız beşcə manat!

19635 min
Ərəboğlu

1922-ci ilin yay aylarından biri idi. Maarif Komissarlığı tərəfindən qastrola göndərilmiş teatr truppası xüsusi təsdiq olunmuş marşrutla rayonları və kəndləri dolaşır, tamaşalar verirdi. Bu tamaşaları təşkil eləmək çox çətin idi. Əvvəla ona görə ki, nəqliyyat vasitəsi yox idi, aktyorlar bəzən otuz-qırx kilometr yolu piyada getməli olurdular. Sonra günlərlə oturub dekorasiyanı gözləyirdilər. Dekorasiya araba ilə daşınırdı. Rayonların bir çoxunda, xüsusən kəndlərdə bina yox idi, çox vaxt açıq havada oynamalı olurdular. Bütün bu əziyyətlərə baxmayaraq truppada böyük həvəs və ruh yüksəkliyi vardı, çünki onları hər yerdə əziz qonaq kimi qarşılayırdılar. Teatra o qədər maraq vardı ki, bilet üstə, yer üstə dava-dalaş düşməsin deyə, milisə müraciət etməli olurdular.Nəhayət, aranda işlərini qurtarıb dağ rayonlarından birinə getməli oldular. Dekorasiyaları iki arabaya yükləyib axşamdan göndərdilər. Səhər tezdən aktyorlar iki faytona doluşub yola düşdülər. Bütün yolu, oxudular, çaldılar, deyib-güldülər, rayon mərkəzinə çatanda elə bir hadisə baş verdi ki, qorxudan bilmədilər neyləsinlər. Faytonların hər tərəfini silahlı adamlar bürüdü. Onları tüfəng qabağında revkomun binasına apardılar, artist olduqlarını yəqin elədikdən sonra buraxdılar. Üzlərinə baxan, sözlərinə qulaq asan olmadı. Gecələmək üçün yer belə çox çətinliklə düzəltdilər.

196311 min
At

Kislovodskda istirahət edirdik. Çkalov küçəsində, mərhum İsmayıl Hidayətzadə ilə qonşuluqda mənzil tutmuşduq. Bizim opera teatrımız bura qastrola gəlmişdi. İsmayıl bu teatrın həm direktoru, həm də baş rejissoru olduğu üçün bütün günləri işləyirdi, ancaq hərdən (teatrın istirahət günlərində) onların səfalı həyətində oturub söhbət edirdik. Soltan xanım çox yaxşı çay dəmləyirdi, bizdə armudu stəkanlardan bu çayı içə-içə “mırt vururduq”. İsmayıl məzəli söhbətləri dinləməyi çox sevirdi. Özü də başına gələn hadisələri, eşitdiyi-bildiyi əhvalatı gülməli şəklə salıb danışmağı bacarırdı.İki-üç gün ürəkdarıxdırıcı sısqa yağış yağandan sonra nəhayət gün çıxmışdı. Səhər saat on olardı. Mən həyətdə gəzişirdim ki, uzaqdan bir səs eşitdim. Kim isə məni çağırdı. Səs gələn tərəfə getdikdə gördüm ki, İsmayıl öz bağlarından mənə əl eləyir.

19634 min
Əllər

Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.

19637 min

Poems by other poets