Page 3 of 4 · 50%

Dmitri Zaxaroviç bir qapı tərəfə, bir də Araza baxdı, sonra üzünü Marusyaya tutub:

– O adam kim idi? – deyə soruşdu.

Marusya gülümsəyərək:

– Dusyaya talan malı gətirmişdi. Kim olduğunu mən də bilmirəm. Deyəsən Dusyanı almaq istəyir, – dedi.

– O bilmir ki, xəstə olan otaqlara başqa adamları buraxmaq olmaz?! – deyə doktor acıqlandı. – Mən onunla yaxşıca danışaram. talançılarla əlbir olan şəfqət bacısı mənim palatamda işləyə bilməz.

Bu söhbətdən Mişanın artıq çıxıb getdiyini bilən Araz yenə arxası üstə çevrildi. Doktor termometri Arazın qoltuğundan aldı. Marusyanı başqa bir iş üçün göndərdikdən sonra termometrə baxıb:

– 38,5 – dedi. Sonra üzünü Araza tutub: – Sənə hərəkət etmək olmaz, – dedi, – o tərəf-bu tərəfə çevrilmə, yaran ağırdır, ehtiyatlı olmalısan.

Araz cavab vermədi. Doktor diqqətlə ona baxıb gülə-gülə:

– Sən o adamdan nə üçün gizləndin? – deyə soruşdu. Araz bir an susdu, sonra:

– Bunu siz bilməsəniz də olar, – deyə, cavab verdi.

– Sən qorxma, de, məndən sənə ziyan toxunmaz.

Araz ona Mişanın jandarm xəfiyyəsi olduğunu söylədi.

– Bəs sən özün kimsən?

– Mən adi bir fəhlə.

– Çox yaxşı, sənin ondan gizlənməyinin nə mənası var?

– O məni görsə müdirə xəbər verib xəstəxanadan çıxardar, sonra jandarm idarəsi vasitəsi ilə məni tutdura bilər.

– Qorxma, mən onun ayağını burdan kəsərəm! – deyərək çıxıb getdi.

Arazın yarası qorxulu idi. Gecələr qızdırması 39, bəzən 40 dərəcəyə qalxırdı. Şəfqət bacısına tapşırdığına baxmayaraq, doktor özü də tez-tez Arazı yoluxur, yarasını açır, bağlayır, qızdırması artdığı vaxt başına, ürəyinə kompres, lastik torbada buz qoyurdu.

Bir həftə sonra Araz özünü bir qədər yaxşı hiss edirdi. Qızdırması kəsilmiş, yarası yavaş-yavaş bitişməyə başlamışdı.

Doktor xəstə olan otaqlara başqa adam gətirdiyi və talançı adamlarla əlaqə saxladığı üçün Dusyaya bərk acıqlanmışdı. O gündən Mişa xəstəxanada görünmürdü. İndi Arazı düşündürən, narahat edən ancaq son nümayişin müqəddəratı idi. O günkü atışmada daha kimlərin yaralandığını, həbs edildiyini düşünür, bunları bilmək üçün xəstəxanadan tez çıxmağa can atırdı. Buna görə də lap yaxşı olduğunu doktora bildirib, xəstəxanadan buraxılmasını xahiş etdi. Doktor qəti surətdə etiraz edərək:

– Sən hələ bir həftə də yatmalısan, – dedi. – Hələ yaran tamam sağalmamışdır. Bir balaca ehtiyatsızlıq səni daha yaman hala sala bilər. Hələ səni buraxa bilmərəm.

Bu söhbətdən iki gün sonra axşam Dusya Araza çay gətirərkən dedi:

– Xəstə, daha yaxşılaşmısan, durub çay içmək üçün özün gələ bilərsən.

Araz:

– Doktor icazə vermir, – deyə cavab verdi.

Bu vaxt kimsə qapını aralayıb:

– Dusya, bura gəl! – deyə səsləndi. Araz boylanıb qapıya baxdıqda hər ikisinin gözü bir-birinə sataşdı; hər ikisi bir-birini tanıdı. Qapı ağzında dayanan Mişa idi.

Dusya:

– Sənə demişəm ki, içəri girmə, koridorda dayan! – deyə ona acıqlandı. Sonra gülə-gülə koridora çıxıb, onunla birlikdə getdi.

Bir qədər sonra xəstəxananın müdiri içəri girdi. O, Araza acıqlı-acıqlı baxıb:

– Ey xəstə, sən həm fəhlə, həm də inqilabçı fəhlə olduğun üçün xəstəxananı tərk etməlisən! – dedi.

Araz:

– Sizə doğru xəbər veriblər. Mən fəhləyəm, həm də inqilabçı, xəstəxananı tərk etməyə gəlincə buna lap ürəkdən razıyam, – deyərək, uzandığı çarpayıdan qalxdı.

Müdir deyinə-deyinə çıxıb getdi. Araz paltarlarını almaq üçün Dusyanı gözlədi. Dusya isə gəlib çıxmırdı. İndi xəstəxana Araza bir zindan kimi, hər dəqiqə isə bir saat qədər uzun görünürdü. Başında min bir düşüncə və xəyal pəncərəyə yanaşıb, küçədən keçənləri seyr etməyə başladı. Lakin bu da onun ürəyini sıxmaqda olan dərdlərini unutdura bilmədi. “Ah, bu ölkənin hər tərəfi, hər yeri zindandır!” – deyə dərindən ah çəkdi. Bu zaman doktor içəri girdi. Arazı ayaq üstə görüncə, gülə-gülə:

– Araz, necəsən, gəzəndə yaran ağrımır ki? – deyə soruşdu.

Araz gülümsəyərək:

– Yox, ağrımır, məni xəstəxanadan çıxarırlar, – dedi.

Doktor heyrətlə:

– Nə üçün?

– Dusyanın yanına gələn adam bu gün qapının ağzından məni görüb müdirə xəbər vermişdir. Müdir isə mənə xəstəxananı tərk etməyi əmr etmişdir.

Doktor bir an düşündükdən sonra başını qaldırıb, dodaqlarını çeynəyə-çeynəyə:

– Mən o alçaq Dusyanı buradan qovaram... Madam ki, belədir, get, ancaq bir həftə gəzib-dolanma!.. Bu dərmanı da alıb hər gün iki dəfə, bir səhər, bir də axşam yarana sürtərək təmiz sarğı ilə bağlarsan, – deyə Araza bir resept uzatdı. Elə bu vaxt otağa adi geyimdə iki adam daxil oldu. Onlardan biri:

– Araz kimdir? – deyə soruşdu.

– Mənəm! – deyə Araz cavab verdi.

– Siz bizimlə getməlisiniz!

– Hara?

– Dövlətimizin düşmənləri gedən yerə!

– Sizin düşmənləriniz fabrik və zavodlara gedir, işləmək üçün mədən və şaxtalara gedir, hətta məktəblərə, idarələrə də gedir. Siz məni bunların hansına aparırsınız?

– Sən əsaslarını unutdun. Zindanlarda, sürgünlərdə çürüməyə də gedir. Səni ora aparırıq.

Araz qürurunu pozmayaraq:

– Azadlıq yolunda bizi heç bir şey qorxuda bilməz, gedək! – deyə bağırdı. – Dusya, tez ol mənim paltarımı ver!

Arazın belə mərdliyi doktoru mütəəssir etmişdi. O, həyəcan və heyrət dolu gözlərini Araza dikib qalmışdı. Araz cəld paltarını dəyişdirdi. Doktor ona:

– Yavaş geyin, yaraların ağzı açılar! – dedi.

Araz:

– Dmitri Zaxaroviç, məndə elə yaralar var ki, bu yara onların yanında heçdir! – deyə cavab verdi. Sonra ona təşəkkür edib xudahafizləşdi, üzünü o iki adama tutub, kinli bir səslə:

– Gedək! – dedi.

Arazı xəstəxanadan birbaş həbsxanaya apardılar.

Qapıdan içəri girdikdə həbsxana rəisi Kok onları qarşılayıb, istehza ilə Araza:

– Oho, yenə gəlib çıxdın? Sənin üçün çox darıxmışdım – dedi.

Araz onu acıqlı baxışlarla süzərək, kinayə ilə:

– Sizin o mərhəmətiniz məni bura gətirmişdir, – deyə cavab verdi.

Kok Arazı başdan-ayağa süzərək, üzünü nifrətlə ondan kənara çevirib növbətçiyə:

– Götür bunu, lazım olan yerinə təslim et! – deyə əmr etdi.

Növbətçi Arazı apardı. Onlar koridordan keçərkən qoca Andrey divara söykənib xidmətçi Tanya ilə söhbət edirdi. O, Arazı gördükdə tanıdı, dərindən bir ah çəkdi, pıçıltı ilə Tanyaya:

– Bax bu da onlardandır, yazığı yenə kameraya salmağa apardılar, – dedi.

Tanya bir az da ona yaxınlaşaraq lap yavaşca:

– Mənim rəhmətlik atam kənddə müəllim idi; bu sosialistləri çox sevərdi. Onlar ürəkli olur, heç nədən qorxmurlar, – dedi.

Bu zaman rəisin otağının qapısı açıldı. Mişa sürətlə çıxıb getdi. Andrey onu görüncə tez divar dibinə çəkildi və öz-özünə: “Ah, xain, görünür, bu yazığın ipini yenə sən eşmisən” – deyə söyləndi.

Andrey başını aşağı salıb, bir az fikirləşdikdən sonra:

– Heç bilmirəm sən nə üçün öz ixtiyarınla bu qan və zülm ocağına girdin? – deyə Tanyadan soruşdu. – Səni nə məcbur etdi?

Tanya bir an yerindəcə donub qaldı, sonra kədərli gözlərini Andreyə çevirib, titrək bir səslə:

– Aclıq və ehtiyac! – deyə köksünü ötürdü. – Kənddə bizim özümüzə görə az-çox dolanacağımız vardı. Ərimi yapon cəbhəsinə göndərdilər. Gedərkən qayıtmayacağını elə bil özü də bilirdi. Vidalaşıb ayrılarkən ürəyi köyrəlib ağladı, sonra mənim əlimi sıxaraq: “Tanya, uşaqlarımdan muğayat ol!” – dedi.

Tanyanın gözləri yaşardı. Əlinin tərsi ilə göz yaşlarını silərək, sözünə davam etdi:

– Yazıq bir daha qayıtmadı. Kənddə bir köməyim olmadığından ac qaldıq. Uşaqlarımı götürüb Bakıya gəldim. Bakıda da ac və işsiz qaldım. Aclıq insanı hər şeyə vadar edər. Küçə başında oturub dilənməyə başladım.

Tanya qəmli-qəmli Andreyə baxdı. Onun bu yanıqlı sözləri və kədərli baxışı qocanın qəlbinə neştər kimi sancıldı.

Qoca Andrey:

– Tanya, sən mənim yaralarımı təzələmə, mən səndən nə soruşuram, sən mənə nə danışırsan.

Tanya:

– Sənə dərdlərimi söyləməklə bir az təsəlli tapıram, – deyə cavab verdi. – Sən mənim bu qanlı zindana nə vasitə ilə girdiyimi soruşursan. Bir gün mən küçə tinində oturmuşdum. Kiçik qızım küçədən keçən bir azərbaycanlıya doğru əlini uzadıb, pul istədi. O adam dayandı. Diqqətlə bir mənə baxdı, bir də ona tərəf uzanan kiçik əllərə. Üzünü mənə tutub: “İşləmək istəyirsənmi?” – deyə soruşdu. Mən: “İşlərəm, ancaq bu yetimlər necə olsun?” – deyə cavab verdim. O bir də diqqətlə bizə baxıb: “Sənə elə iş verrəm ki, uşaqlarının da qarnı doyar” – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Meşə gözətçisi

Yenikənd gündən-günə gözəlləşirdi. Yaradan, işlək əllər gecəgündüz çalışıb onu nümunəvi bir kolxoz kəndinə çevirmişdi: yeni küçələr salınmış, sıra ilə təzə evlər tikilmiş, ağaclar əkilmişdi. Hər tərəfdən onu qucaqlamış olan böyük sovxoz bağları, əkin bostan yerləri və ucubucağı görünməz qalın meşələr onun gözəlliyini daha da artırırdı.Yayın məhsuldar çağı idi. Meyvələr yetişmiş olduğundan, Yenikəndi şimaldan qoynuna almış yaşıl meşə öz geniş süfrəsini açıb qonaqların yolunu gözləyirdi.

195412 min
Pioner düşərgəsində

Yay tətili yenicə başlamışdı. İçərisi sevinclərlə aşıb-daşan, boyunları qırmızı qalstukla bəzənmiş pionerlərlə dolu avtobus düşərgənin qapısı qarşısında dayandıqda elə bir qurbağa gölünə bir daş atdılar. Uşaqlar intizar içində gözləyirdilər ki, birdən şofer çox uzun davam edən bir fit verdi. Fitin verilməsi ilə qapının açılması bir oldu. Qapıya qoca bağban Salman dayı çıxmışdı. Həmişəki kimi bu dəfə də o öz kiçik dostlarını qızğın bir məhəbbətlə qarşıladı. Keçən il yay tətilini həmin düşərgədə keçirmiş Azər yaşıl bağı, bostanı, becərilmiş çiçəkliyi quş baxışı ilə süzərək:– Qocalar demişkən, Salman dayı bağı yenə cənnətə döndəribdir, – dedi.

195512 min
Layla

Layla deyim, yat ciyərim parası,Ağlama çox ey gözümün qarası!

19061 min
Dovşan

Dovşana bax, dovşana,Dovşan qaçdı bostana,

19061 min

Poems by other poets