Xizək üstə alovlanıb,
Tüstülənir gedən ocaq,
Elçi ipi səsləndirir,
Tüstülənir gedən ocaq.

Ayı kürkü, maral kürkü,
Buynuzlular kimdən ürkür,
Elçi bir az iti sürki,
Tüstülənir gedən ocaq.

O qabaqda gedən kimdir,
O bir qızdır, ya gəlindir,
Elçi, saxla, onu dindir,
Tüstülənir gedən ocaq.


– Gedərgəlməz yolu üstə
Bu kim ola, kim olmaya.
Gedir yoxa - bilə-bilə,
Bu kim ola, kim olmaya.

Qadan alım, hara belə,
Onu ana tutur dilə.
– Qayıt bala, düşmə çölə,
Bu kim ola, kim olmaya.

– Birdən bu qız Qızay olar,
Qaçıb evdən çıxıb yola.
Qadan alım, dayan, bala
Bu kim ola, kim olmaya.


– Mən Qızayam baş götürüb
Gedirəm mən Arıx ana.
İstəklimin arxasınca,
Gedirəm mən Arıx ana.

İki qardaş sevdi məni,
De, hansını mən bəyənim.
Tanrı seçsin mən deyəni
Gedirəm mən Arıx ana.

Coşar gedib dara düşüb,
Buza düşüb, qara düşüb.
Qız könlümə yara düşüb,
Gedirəm mən Arıx ana.


– Yol ağırdır, getmə, qızım,
Yox, gedirəm mən də ana.
– Əynin-başın çox yüngüldür,
– Yox, gedirəm mən də ana.

– Qardan paltar götürərəm,
Gedib onu gətirərəm.
Qızım sənə yetirərəm,
– Yox, gedirəm Arıx ana.

Belə getsə donacaqsan,
Öz-özünə yanacaqsan,
Bu sözümü anacaqsan,
– Yox, gedirəm Arıx ana.


– Getməliyəm, görməliyəm,
Ürəyimdə sözüm vardır.
Gedib ona deməliyəm,
Ürəyimdə sözüm vardır.

Geyim şaxta bələyimi,
Yarım buzlaq küləyini,
Verim ona ürəyimi,
Ürəyimdə sözüm vardır.

Gücdür qıçım yeriyəcək,
Buzlar qat-qat əriyəcək,
Sevgim qarı kürüyəcək,
Ürəyimdə sözüm vardır.


Arıx ana "sağ ol" dedi,
Onu aldı öz yanına.
Qıza baxdı göz yaşında,
Onu aldı öz yanına.

– Arxasınca belə qızın
Sürünərəm dizin-dizin.
Ürəyimiz birdi bizim,
Onu aldı öz yanına.

Ürəyinə kəsi ollam,
Elçilərəm, səni allam,
Yerinizi qoşa sallam,
Onu aldı öz yanına.


Ancaq yollar uzaq oldu,
Qar, buz, külək kəsdi yolu.
Marallardan qaldı beşi,
Qar, buz, külək kəsdi yolu.

Qar kişnədi, buz mələdi,
"Qızay odu sən pilə bir".
O yellədi, bu yellədi,
Qar, buz, külək kəsdi yolu.

– Anam, bacım, ərim, varım,
Yer-yurdumun maralları.
Yol olubmu görən yarı,
Qar, buz, külək kəsdi yolu.


Qar şəpəsi, buz yarğanı,
Beş gün belə yol getdilər.
Elçi dedi yol yarıdır,
Beş gün belə yol getdilər.

Qızay odu piləyirdi,
Şaxta ölüm söyləyirdi,
Arıx dözüm diləyirdi,
Beş gün belə yol getdilər.

Ağız, burun, ayaq donuq,
Yemək, içmək daşa dönüb.
Od gah yanır, gah da sönür,
Beş gün belə yol getdilər.


Sönür daha yavaş-yavaş,
Sönməz odun odunları.
Pilə, pilə qoy sönməsin,
Ölməz odun odunları.

Maralların biri sağdır,
Yol qurtarmır, çox uzaqdır.
Xizək üstə buz qalaqdır,
Ölməz odun odunları.

– Saxla odu, ulu ocaq,
Coşargilə gedib çataq.
Buz bağlayıb qalaq-qalaq
Ölməz odun odunları.


– Tüstülənib dirriyə dön,
Saxla bizi, ocaq, sönmə.
Buzlaqlara od aparaq,
Saxla bizi, ocaq, sönmə.

Sən günəşin balasısan,
Qanımızın damlasısan,
Ellə birgə qalasısan,
Saxla bizi, ocaq, sönmə.

Ancaq közlər bir-bir sönür,
Buza dönür, külə dönür,
Yoxsa çatıb daha sonum,
Saxla bizi, ocaq, sönmə.


Boran vurdu, xizək aşdı,
Qızay qaldı, bir də ana.
Elçi, maral, xizək hanı,
Qızay qaldı, bir də ana.

Ah, bu Coşar harda itdi,
Od qaraldı, ocaq bitdi,
Uça-uça hara getdi,
Qızay qaldı, bir də ana.

İkisini aldı külək,
Bir çalaya atdı tək, tək,
Buzdan yorğan, qardan bələk,
Qızay qaldı, bir də ana.


Burda neçə qar adamı,
Gəlib tapdı qonaqları.
Ağ kürkləri qalın idi,
Gəlib tapdı qonaqları.

Biri ölü, biri diri,
Üstlərində nazik dəri,
Neçə adam gəlib bəri
Gəlib tapdı qonaqları.

Coşar bildi, ürəkləndi,
Qalxıb yerdə dirsəkləndi,
Qar gözündə çiçəkləndi,
Gəlib tapdı qonaqları.


Yetişəndə yol başına
Arıx ana ölmüş idi.
Nə od vardı, nə də ocaq,
Arıx ana ölmüş idi.

Ancaq əli isti idi,
Ovcu dolu tüstü idi.
Yanan dəri üstü idi
Arıx ana ölmüş idi.

Od əlinin ovuğunda,
Əl gizlənib qoltuğunda,
Od qalıbdır odluğunda,
Arıx ana ölmüş idi.


Çox ovdular döş-başını
Dirilmədi Arıx ana.
Ovcu içi yanmış idi
Dirilmədi Arıx ana.

Köz ovcunda sağ qalmışdı,
Bir az odu azalmışdı,
Əlsə yanıb qaralmışdı,
Dirilmədi Arıx ana.

Ölümünü düz saydılar,
Sevənləri tək qoydular,
Qazma-qazma od yaydılar
Dirilmədi Arıx ana.


Ocaq yandı, od qalandı,
Od ananın sonevində.
Toy tutuldu Çoşar üçün
Od ananın sonevində.

Qızay Coşar əl tutdular,
Keçmişləri unutdular,
Dil, dodağa bal qatdılar,
Od ananın sonevində.

Başlanğıcdan el belədi,
Görün sevgi nə elədi,
Şaman gəldi, söz söylədi,
Od ananın sonevində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets