Gülən balıq
Page 1 of 4
Gün çıxan tərəfdə bir məmləkət vardı. Bu məmləkətin bir padşahı vardı. Bu padşah nə yerə sığırdı, nə də göyə... Dil tərpədənin dilini kəsdirir, baş qaldıranın başını vurdururdu. Əmrini yerinə yetirməyənin, bir sözünü iki eləyənin boğazına yağlı kəndir keçirtdirib, meydanlarda qurdurduğu dar ağaclarından asdırırdı. Bu padşah rəiyyətin-rəncbərin dərisini soydurur, xəzinəsini lal-cavahiratla doldururdu.
Padşah öz sarayından çıxıb məmləkətin hansı vilayətinə yollansa hamı onun pişvazına çıxır, qabağında səcdəyə düşürdü. Əyilib atının dırnaqlarından öpməyənlərə divan tutdururdu. Başı zülmə qarışan padşah nə məmləkətdə əməlli-başlı bir yol çəkdirir, nə də susuz yerlərə su çıxartdırırdı. Bu padşah nə eldə-obada bir məktəb-mədrəsə açdırır, nə xəstələr üçün mərizxana dərdinə qalırdı. Padşahın yan-yörəsini bürüyən vəzir-vəkilin də işi-peşəsi ancaq, “bəli, beçeşm” demək idi. Şayəd bir gün vəzir-vəkildən birisi padşahın gözünə bir cürə, şübhəli dəysə, gecəsinə onun başı fərmanda idi. Buna görə də padşahın vəzir-vəkilini bir-birindən seçib ayırd eləmək çox müşkül bir iş idi. Baxanda bu vəzir-vəkilin hamısı tutuquşu sayağı, eyni cürə, yastı-yastı danışır, eyni vaxtda yatıb eyni vaxtda dururdu... Onların hamısı bir cürə hərəkət edir, padşahın hüzurunda bir-birinə baxa-baxa bir dərəcədə ucadanmı, astadanmı gülürdülər. Bunlardan heç birisi başqa birisindən ayrılmır, nə səsini endirir, nə də qaldırırdı. Padşahın gözü vəzir-vəkilin üstünə çevrilib ağarcağın hamısı birdən sarısını udur, hamısı eyni rəngə-rufa düşürdü... Padşahı mədh etməyənlər, onun şücaətindən vəsf açmayanlar qaranlıq və rütubətli zindanlara doldurulur, burada yarıac, yarısusuz saxlanılır, sonra da göysüz-göyərtisiz quru boş səhralara sürgün edilirdi.
Ancaq padşah gücünü həm içəri, həm də çöl qoşununa verir, yaraqlı-əsbablı qoşun düzəldirdi. Kefi istəyincə bu gün bu eli, qoluna qolay bu qonşusunu, sabah o eli, o biri qoluna qolay qonşusunu sıxıb-sıxışdırır, əzib-əzişdirir, torpaq dalınca torpaq tuturdu. Bu torpaqlarda da ancaq öz qayda-qanununu qoyur, sinəsinə yatan, gözü su içən adamdan vəzir-vəkil təyin edir, özü isə başda dayanır, gözəl-göyçək qızların əli ilə şəvə saqqalına zəbərcəd danələri düzdürürdü. Padşah tacını hey təzədən bəzədir, bu gün bu əbasını, sabah o əbasını qızıllaşdırır, əl ağacını belə ləl-cavahiratla işlədib par-par parıldadırdı. O, düşmən saydıqlarının boynunu vurdurur, kəsik başlarına doyunca baxıb ləzzət alır, birdən də uğunub gedir, bu başları kos kimi təpiyilə diyirlədirdi.
– Siz, bunun başına baxmayın, açıqca gülən dişinə baxın, heyvərənin... – deyə padşah çiyin ata-ata qəşş edirdi.
Bu zaman vəzir-vəkil də bir-birini dabanlaya-dabanlaya şaha uyğun olan əda ilə gülür, padşahın müqabilində öz başlarını əyib, elə bil ki, bir ağızdan deyirdilər: “Ədalətli şahımız, bizim də başımız sənin fərmanındadır. Nə vaxt istəsən günahkar boynumuzu vurdura bilər, gərəksiz başımızı da kos kimi diyirlədə bilərsən. Amma bizim heç birimizin kəsik başı sizin hüzurunuzda elə gədalıq göstərib, ədəbsiz-ədəbsiz irişməyəcəkdir.”
Padşahın çəmini tapanlar onun daş-qaşlı silahını, qılıncını, qalxanını tərif edənlər şahdan bəxşeyiş alır, süd gölündə üzə-üzə məst olurdular... Bəzən padşah özü də yemək-içməyini bilmərrə unudur, bütün günü başdan-başa tərif yeyir, şişə-şişə köpəşirdi. Padşaha elə gəlirdi ki, bu dünyada ondan böyük heç bir dağ da yoxdur! Padşah hər hansı dünya dağından ucadır, özü də çox yaşayacaqdır. Hər yaranan ölsə də, bu padşah ömründə ölmək bilməyəcəkdir. Padşaha elə gəlirdi ki, əcəl haçan kimin üstünə necə qılınc çəkib, onu qara torpağa sərsə də, onun üstünə qılınc çəkən, onu torpağa sərən heç bir əzrayıl olmayacaqdır.
Amma elə bir gün gəldi ki, kefi kök, damağı çağ padşahın ovqatına çox acı bir soğan çırtıldı... Bəs necə oldu ki, bu boyda, bu zabitədə padşahın ovqatına birdən-birə çox acı bir soğan çırtıldı?.. Mətləb dərindir... İndi görək bu mətləb niyə dərindir, nə dərinliyindədir? Çay dərinliyindədir, ya dərə dərinliyində, yaxud lap dərya dərinliyində? Hər nə dərinliyində olsa gərək arayıb-araşdırıb dərinliyin dərəcəsini çatdırasan!.. Yoxsa olmaz!..
I
Bir gün sübh tezdən balıq ovuna çıxan bir qoca balıqçı dəryaya atdığı qurğuşunlu torunda ömründə görmədiyi gözəl bir balıq gördü. O daha toru dəryadan çıxarıb qumun üstünə salmadı, ləpələrdə saxlayıb balığa tamaşa eləməyə başladı:
– Nə gözəlsən, ay balıq!
Balıq dilləndi:
– Mən sehirli balığam, qoca!
– Necə, sehirli balıq?.. Axı, mən bu çağacan heç bir balığı nə bu yaraşıqda, nə də danışan görmüşəm?! Xudaya, bəlkə məni qara basır?! Bəlkə mənim huşum başımdan çıxır?! Bəlkə mən ölürəm, ya ölmüşəm, heç dərya qırağında da deyiləm?!
– Qorxma, qoca, sən sağsan, özü də yuxu-zad görmürsən!
– Bəs həqiqət necədir, balıq?
– Həqiqəti budur ki, sən tez tərpən, məni dərya suyu ilə dolu bir teştə qoy, apar padşahınızın hüzuruna, böyük ənam al, kasıblığın daşını biryolluq at.
– Axı, yanımda teştim yoxdur, balıq!
– Get evindən teşt gətir!
– Evimdə də düzü heç bir teştim yoxdur!
– Qonşundan borc al!
– Mən gəlincə dəryanın dərin yerinə qaçmazsan ki?
– Sən tora düyün vur!
– Toru da özünlə dartıb dəryaya aparmazsan ki?
– Torun dəstəsini yanındakı əncir ağacının kökünə bağla!
Qoca torçu balıq deyən sayağı elədi, cəld gedib qonşusundan balıq yerləşən, üzüb tərpənən bir teşt alıb qaçaraq gətirdi.
– Sən buradasanmı, dost?
– Bəli, sən məni tordan çıxar! Əgər sən məni əlinlə belə dəryaya atsaydın, yenə də mən qoyub getməzdim!
– Axı, səbəb nədir, balıq? Səbəb nədir ki?! Bəlkə Allah-taala özü mənim yoxsulluğuma rəhm edib, özü səni göndərib ki, mən səni padşaha təqdim edib kasıblığın daşını atım? Onun verəcəyi ənamı qənaətlə sərf edə-edə qoca ömrümün qalan qismini xoş güzəranla başa vurum? Bax, balıq, gör ayaq üstə necə də tir-tir titrəyirəm?.. Düzü yeddi yaşımdan ta yetmişə qədər mən bu duzlu suya batıram, çürümürəm, ölüb itmirəm, dəryadan balıq tutub obalarda una, dənə dəyişə-dəyişə bir çətən külfətimi saxlayıram, ap-acı ruzigar keçirirəm!
– Mən səni ap-acı ruzigardan qurtaracağam, qoca!
– Bütün məmləkət az qala dilənçiyə-sayıla dönüb, balıq!
– Mən çalışacağam ki, məmləkətin də gözünü açım!
– Xudaya, xudaya, mən dəli olmuram ki?..
– Qoca, ağlını başına topla, deyilənə əməl et!..
Qorxuya düşən qoca balıqçı deyənə əməl etdi, mis teşti yarıya qədər dərya suyu ilə doldurdu, balığı tordan çıxarıb teştə saldı. Baxanda balıqdır! Ancaq indiyə qədər qocanın tutduğu balıqların heç birisinə bənzəməyən qəribə, gözəgəlimli balıqdır... Qoca duzlu suyu süzülənən qurğuşunlu torunu dəstələyib şelləndi, teşti də üsullu qucağına qaldırıb aramla yollandı, özünü padşahın qəsrinə yetirib içəriyə izn istədi. Padşahdan xəbər qayıtdı ki, bəs qoca balıqçını mənim hüzuruma gətirin. Qoca balıqçını qızıllı-gümüşlü otaqlardan keçirə-keçirə ləl-cavahirata batan salona apardılar. Padşah öz faxir libasında o yandan bəriyə çıxıb:
– Nə var, qoca? – deyə qabağında balacalanıb büzüşən, müqabilində yumağa dönüb müti dayanan kişidən soruşdu.
– Nə var belə, balıqçı?
– Şah sağ olsun, sizə çox qəribə bir balıq gətirmişəm!
– Necə çox qəribə bir balıq, qoca?
– Belə ki, yetmiş illik ömrümün ərzində belə gözəl, əcəb balıq görməmişəm!
– Bir bəri göstər görüm!
Qoca, teşti padşahın müqabilində titrək əlləri üstündə tutdu.
– Mən də heç belə əcəb balıq görməmişəm, qoca!
– Bəli, şahım!
– Bəs diləyin nədir, qoca?
– İltifatınızdan asılıdır, şahım!
– Bəlkə iltifatım sizi qane etmədi, qoca?
– Bir quruş da olsa, şah əlindən qəbulumdur!..
– Yox, qoca, – deyə şah baş vəzirə tapşırdı, – özün apar, bu qocanı baş hərəmin barigahına, qoy o özü balığı qəbul edib, öz ənamını versin, çünki var-dövlətim onun əlindədir, xəzinəm onun sayəsində aşıb-daşır.
– Mən şəxsən sizdən iltifat diləyirdim, şahım!
– Sözü çərlətmə, qoca!
Baş vəzir işarə ilə qocanı lal olmağa çağırdı. Onu döndərib baş hərəmin barigahına apardı. Baş vəziri görən, ondan şahın sərəncamını eşidən xacə, baş hərəmə xəbər çatdırıb, əhvalatı bildirdi. Baş hərəmin qəzəbli qışqırtısı eşidildi:
– Xacə Təbarək, gər balıq məhrəmdirsə, dişidirsə alın mənə gətirin, naməhrəm erkəkdirsə, elə qapıdan qaytar!
Baş vəzir yerində dondu. Qoca qorxusundan qurudu. Ancaq, teşti dalğalandıran balıq quyruğu üstə qalxdı, şaqqa çəkib imarət dolusu güldü. Bir göz qırpımında saray əhlinə xəbər yayıldı ki, bəs balıq baş hərəmin barigahında necə şaqqa çəkib gülübdür! Olan əhvalatı gizlətməyə cürəti çatmayan, hər anda dili dartılıb boynunun kökündən çıxarıla bilən baş vəzir qoca balıqçını öz teşti ilə geriyə döndərdi, padşahın hüzuruna gətirdi, əhvalatı açıb necə ki var, elə də şaha söylədi:
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-gulen-baliq
Use ← → keys to move, R for a random poem
More by this author
Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.
VIIIGörünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.
IXGöyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”
XAncaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”
Poems by other poets
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu