Page 3 of 4 · 50%

Padşah yemir, içmir, vəzir-vəkildən hansı birisi özünü yorğan-döşəyə yıxıb bir mərəzə giriftar sayıb hıqqıldayıb-zıqqıldasa da yenə, yenə daş-divar gəmirən padşah onu cəbrən yerindən qaldırıb hüzuruna gətirdir, onları birlikdə, yaxud ayrı-ayrılıqda dara qısnayıb, divara dayayıb, balığın gülməkliyinin səbəbini soruşurdu, ancaq bildim deyən olmurdu ki, olmurdu! Bəs daha necə olsun?.. Padşah üzü üstə yıxılıb bu əlacsız-çarəsiz dərdlə ölsünmü? Ölüb bu dünyadan sinəsi dağlı-düyünlü getsinmi? Axı, lap torpaq altında da padşahın sümükləri soruşar: “Balıq niyə və nəyə güldü?” Bəlkə padşah baş hərəmdən xəbər alsın?! Yox, baş hərəm özü də bilməz! Bu boyda vəzir-vəkil bilməyən yerdə, o haradan bilə bilər. “Baş hərəm xəzinəni göz bəbəyi kimi qoruyan, padşahın var-dövlətini çin-çin yığan, qənaət edən bir qadındır, balıq dilini, balıq xasiyyətini o haradan bilə bilər?” – deyə fikirləşən padşahın yuxusu ayıq vaxtına ayıq vaxtı da yuxusuna qarışırdı: “Balıq niyə və nəyə güldü?” Bu sirri öyrənməmiş, açmamış, qulaqlarına gələn xısıltını kəsməmiş, min-min deyil, milyon gözləri “balıq niyə və nəyə güldü” intizarından qurtarmamış, padşah rahatlanıb yata bilmirdi.

Padşah düzəltdirdiyi qızıl hovuzda balıq zərrin rəng ala-ala üzür, naçar padşah hey ona tamaşa edirdi. Bir axşam padşahın əmri ilə nə sarayda, nə də məmləkətdə bir çıraq yandırıldı. Bütün məmləkət yasa batan kimi qaranlıqda qaldı. Yalnız padşah özü bir şam yandırıb əlinə aldı, balıq üzən hovuzun kənarına qoydu, özü də əllərini döşündə çarpazlayıb durdu?

– Yalvarıram, balıq, de görüm sən niyə və nəyə görə baş hərəmin barigahında şaqqa çəkib güldün?

Balıq dinmədi, səs çıxarmadı, qızıl hovuzda mənalı dolandı.

– Axı səndə böyük bir sirr vardır, balıq!

Birdən balıq dönüb cavab verdi:

– Balıq, mənim sinəmdə cavab verdi:

Padşah sevindi, elə bil ki, bütün dünyanı birdən fəth etmiş oldu:

– Onda bu sirri bir tək mənə aç, balıq!

– Bu sirri bir tək sənə açsam, nə edərsən?

– Sənin bu hovuzunu indiki kimi zərdən deyil, tacımdakı zəbərcəddən düzəldərəm!

– Mən istərdim, şahım, sən məni dəryaya buraxasan!..

– Sən bu sirri mənə açsan, mən səni dəryaya da buraxdıraram!

– Əvvəlcə məni dəryaya burax, oradan sirri sənə açım!

– Yox, üzüb-üzüb başqa məmləkətlərin dəryalarına gedərsən, mənə aid sirri orada açarsan!

– Onda şah mən deyənlərə gərək bircə-bircə əməl etsin!

– Buyursun, görək balıq!

– Bütün zindanlarda çürüyən məhbusları şah gərək azad etsin!

– Axı, onda balıq bütün məmləkətdə asayiş pozular, papaqaldı qaç düşər!

– Onda şah günü sabahdan məmləkət daxilində bütün əyalətləri bir-birilə bağlayan yol çəkdirməyə girişsin!

– Bunu heç edə bilməyəcəyəm, balıq!

– Niyə, şahım?

– Çünki düşmənim çoxdur, balıq, düşmən rəvan yolla məmləkətin içinə yeriyib bizi məğlub eləyə bilər!

– Bəlkə, şahım əyalətlərdə xəstəxanalar açdıra?

– Əsla, mümkün deyildir, balıq.

– Nə üçün, şahım?

– Çünki hər şeyə qadir olan Allah öz bəndələrini saf-çürük edir, yəni çıxdaş etməlini də vaxtlı-vaxtında çıxdaş edir. Daha mən Allahın iradəsinə qarşı çıxıb onun qəzəbinə gələ bilmərəm!

– Onda şahım, el-obanın balaları üçün mədrəsələr, məktəblər açdırın!

– Bu da mümkün deyil, balıq!

– Niyə mümkün deyildir, şahım?

– Çünki el-obanın balaları mədrəsələrə cəm olunsalar, əkin-biçin işlərimiz bərbad olar, bütün məmləkətdə başdan-başa aclıq başlar, hamı tələf olar!

– Demək, şahın nəzərində savadın, təhsilin ziyanı vardır?

– Bəli, balıq! İzafi savadın-təhsilin ziyanı vardır!

– Bəs savadsız-təhsilsiz məmləkəti necə dolandırmaq olar, şahım?

– Nə qədər ki, savadlı xidmətçi gərəkdir, o qədər də vardır. Burada daha ölçü-biçini pozsaq, daş-daşın üstə dayanmaz, zəlzələ başlar, nəinki bir tək insanlar, siz balıqlar da məhv olarsınız!

– Mən deyənlərin heç biri mümkün deyil, şahım?

– Əsla, mümkün deyildir, balıq! Sən, bil ki, onda bütün məmləkət xarabazara çevrilər, mən özüm də o dünyada cəhənnəmi olaram!

– Demək, şahım, siz göydəki Allahın yerdəki vəkilisiniz?

– Mən onun kölgəsiyəm, quluyam, balıq!

– Onda mənim niyə və nəyə gülməkliyimin səbəbini siz ondan soruşun!

– Onun belə-belə işlərlə məşğul olmağa vaxtı yoxdur!

– Yox, siz ondan soruşun şahım!

– Bu da əsla mümkün deyildir, balıq!

– Niyə siz, hər şeyə qadir ola-ola, bu işə qadir deyilsiniz, şahım?

– Qadirəm, lakin?..

– Onda bu sirri açmağa qüdrətiniz olsun!..

– Yox, bu sirri açacaqsan, əziz balıq!

– Əgər, açmaramsa?

– Açacaqsan, yalvarıram!

– Aç-ma-ramsa?

– Onda mən şeypur çaldırıb baş vurdurduğum o böyük meydanda alovu göylərə dirəklənib, buludları yalayan bir tonqal çatdıraram, hamının gözü qabağında səni o tonqalda yandıraram, yer üzündə heç bir izin-əlamətin qalmaz!

– Onda sirr də, sirr qalar!

– Onda səni bu qızıl hovuzdan çıxarıb quru teştin içinə qoyaram, bir ləhzədə tələf olarsan!

– Onda sənin özünü də bu sirr hökmən tələf edər!

– Necə, necə?

– Sən bu sirrə tablamazsan, şahım, ürəyin partlar!

– Bəs indi necə olsun, möhtərəm balıq?

– Onda bu sirrin üstünü vurmuyun!

– Necə, nə təhər?

– Sirrin üstünü vurmuyun! Mən burada üzüm, sən də orada sarayda gəzin!

– Axı, mən az qala heç gəzə bilmirəm!

– Niyə, nə üçün şahım?

– Çün baxıram, qədəmlərim tutulur, az qala?!

– Onda loğmanınızı çağırın, dərdinizə dərman qılsın!

– Heç bir loğman, heç bir dərman! Mən istəyirəm bilim, axı sən niyə və nəyə güldün? Mən bu sirdən agah olmaq istəyirəm!

– Bu sirr açılsa, sən peşman olacaqsan, şahım!

– Olmaram, balıq!.. Sən bu sirri aç! Mənim partlayan ürəyimə cavab ver! – Padşah dizləri üstə düşüb qızıl hovuzda asta-asta üzən balığa yalvardı, sonra da dəsmalını çıxarıb gilə-gilə yaş gələn gözlərini sildi.

– Peşman olacaqsan, şahım!

– Olmaram, peşman!.. Aç camaatın qarşısında bu sirri söylə görək, axı sən niyə, nəyə güldün? Niyə və nəyə görə sən başqa bir yerdə yox, ancaq mənim baş hərəmimin barigahında güldün?!

– Onda mənim bütün şərtimə sözsüz əməl edərsizmi, şahım?

– Bəli, sənin bütün əmr və sərəncamlarına müti bir qul kimi mütləq əməl edərəm!

– Bu sirri açmaq məsləhət deyil, şahım?!

– Sən sözünü döndərə-döndərə məni çərlətmə, balıq! Bax, mən sənin bu quyruğundan yapışıb başını divara çırparam!

– Mən əslə ölümümdən qorxmuram, şahım! Ancaq bilirəm ki, bu sirr səni çox tezcə öldürər!

– Bəli, bu sirrə agah olmasam məni tez öldürər!

– Bəlkə, bu sirr açılmaqdansa, şahı öldürsə yaxşıdır?!

– Onda, mən bu dünyada əzrailə də can vermərəm! Yüz əzrail birdən yığılıb, başımın üstünü alsa, mən fateh sərkərdə heç birinə can vermərəm!

– Bəs bu sirrin açılması, şahın özünün ölümündən betər olsa, necə?

– Mən razıyam, mən tamamən sənin bütün şərtlərinə razıyam, balıq! Aç bu sirri, axı niyə, nəyə görə sən dəryadan çıxırdın? Axı sən, niyə, nəyə görə buraya yollarındın? Axı o məlun qoca niyə, nəyə görə səni bu mis teştə qoyub düz buraya gətirirdi?! Aç sirri, söylə səbəbini!.. Qoy hər nə olur olsun söylə, əsla bir nöqtəsini də gizləmə! Bax belə, öz ürəyini yeyə-yeyə şahlıq etməkdənsə, ürəyini bir yolluq torpağa təslim etmək min pay yaxşıdır! İndi gündüzlər də, gecələr kimi mənim gözlərimə tar-zülmət görünür. Başqa-başqa məmləkətlərdən sərhədlərə elçilər göndərilir, kağızlar gəlir, hamısı soruşur, “balıq niyə və nəyə güldü”, mən cavab verə bilmirəm!

– Bəs şahın bunca yeyib-yatan, yatıb-yeyən vəzir-vəkili?

– Dedim, sənə, dedim ki! – Şah balığın boğazından yapışınca, balıq saray dolusu güldü.

– Demək, sən orada da beləcə gülmüsən!

– Bundan da güzlü gülmüşəm!!

– Onda sirri mənə aç, onda hamısını bircə-bircə mənə aç, söylə!

– Axı, özün buyurdun ki, camaat qarşısında açım!

– Bəli, camaat qarşısında aç! Peşman olmaq deyil, ölüm də olsa aç söylə, axı bütün məmləkət mənə baxır, axı milyon göz mənə zillənib!.. Sən niyə gülmüsən? Sən nəyə gülmüsən? Sən mənim baş hərəmimin barigahında lap zəif toxunumlu bir yerimdə ancaq, bir tək mənə gülmüsən! Bəlkə burada güləydin, bax beləcə, indiki kimi orada gülmiyeydin... Onda mən heç zaman pəjmürdə olmazdım, bunca təşvişə düşməzdim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

VII

Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.

7 min
VIII

Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.

9 min
IX

Göyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”

5 min
X

Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

2 min

Poems by other poets