Ey ağ günümün aynası, candan əziz oğlum,Qəlbində qanı dağ sularından təmiz oğlum.

Sən xəstə yatırsan neçə gündür yatağında,Öpdükcə hərarət duyuram gül dodağında.

Sən göz bəbəyimsən, öz evimsən, eşiyimsən,İlkim məni tərk etdi, mənim sonbeşiyimsən.

Eşqim, ata qəlbimsə dayanmış keşiyində,Qan yaşlı gözüm şam kimi yanmış keşiyində.

Vaxtilə bu dünyaya sevindim gəlişindən,Bağrım qan olur indiki solğun gülüşündən.

Sənsən qurumaz çeşməsi könlümdəki şerin,Dirçəl, böyü, dəysin vətən, millətə xeyrin.

Gül, bircəciyim, gül, çiçəyim, gül, əməlim, gül.Yarpaqtək əsir, çünki qələm tutmur əlim, gül!

Sənsiz gülə bilməz bu həyat, gül yenə, yavrum,Könlümdə özün yaxşı bilirsən, budur arzum: –

Xoş günləri dünyamızın ancaq sənə gəlsin,Dərdin mənə gəlsin, bala, ağrın mənə gəlsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring