Uşaqlıq həyatımdan xatirələr
Contents
Page 4 of 7 · 43%
İlanlarla mübarizə
Yazın isti günlərindən başlamış payızın əvvəlinə kimi, bağlarda gəzdikdə, dar doqqazlarla getdikdə, qolluqda, qulançarlıqda biz uşaqlar özümüzü zəhərli ilanlardan gözləməliydik. Açıqlıq yerdə bu asan idi. Lakin bağda, qalın otlar içində qıvrılıb yatmış ilanı hardan görüb, özümüzü bu müzür heyvandan mühafizə edəydik? Dostumuz koramal otların arası ilə hərəkət etdikdə mə’lum olurdu. Amma zəhərli ilanlar mə’lum olmurdu. Bir yay olmayırdı ki, ilan uşaq vurmamış olsun. Onlar da bizdən paylarını yaxşıca alardılar. İsti günlərdə çəpərlərin döşü ilanlarla dolu olardı. Onlar yuvalarından çıxıb özlərini günə verərdilər. Biz də dəstə bağlayıb onlarla müharibə edərdik. Hər birimizin əlində uzun çomaq olardı. Kimin gözünə qıvrılıb yatmış, ya hərəkət edən ilan sataşsaydı, tez çomağı ilə vurub öldürərdi. Hər kəs çox öldürsəydi, o, birinciliyi qazanardı.
Bilmirəm haradan çıxmışsa, kuya kərtənkələlər ilanlara ağu verirlər, ona görə bunları da düşmənlər sırasına qoyub qırardıq. Bu barədə Tağı əmidən soruşduqda o, belə cavab verdi:
– Yalan sözdür; kərtənkələlərin zəhəri yoxdur. Özləri də zəhərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. O ki qaldı ilana, onun iki zəhərli dişi var. Zəhər dişinin dibində nazik pərdəli iki tuluğun içindədir. İlan çaldıqda pərdələr yırtılıb zəhər yaralının qanına qarışır, onu zəhərləyib öldürür.
Tağı əminin bu verdiyi mə’lumatdan sonra biz kərtənkələ qırmağı tərk etdik.
Tağı əminin tərlanı
Tağı əminin iki növ ov quşu olardı. Biri qızılquş, o biri qırğı. Qırğı ilə Tağı əmi bildirçin tutardı. Qızılquş ilə qırğovul, kəklik, turac ovuna gedərdi.
Son zamanlar Tağı əmi bir yerə getdikdə quşları mənə tapşırırdı. Quşlara nə qədər və nə cür ət verməyi Tağı əmi mənə öyrətmişdi.
– Bax, ət yağlı olmasın, – deyə Tağı əmi dübarə tapşırardı.
Mən Tağı əminin hər hərəkətini götürmüşdüm. Onun kimi bəhləni geyirdim. Quşun bağını qıfıldan açardım. Əti əlimə alaraq, bir-iki addımdan quşu muşqururdum. Aç quş tez özünü ətin üstünə atırdı. Lakin Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cür’ət edə bilmirdim. Qorxurdum ki, dövr edib havaya qalxsın, tuta bilməyim.
Nağıl etdiyim il, Tağı əmi dağdan gəldikdə, özü ilə bir qızılquş da gətirdi. Bu tərlan idi. Tağı əmi onu yuvadan düşürmüşdü. Ona lazım olan tərbiyəni verərək ova hazırlayırdı. Bir müddət aç saxlayıb yem vaxtı həyətdə ağaca buraxırdı. Sonra əlinə cücə götürərək həyətin o biri başından çağırırdı. Tərlan cücəni gördükdə uçub əlinə qonurdu. Cücənin tüklərini yolmağa başlayırdı. Ətini diddikdə Tağı əmi cücəni quşun əlindən alıb onu yenə ağaca buraxırdı. Dübarə çağırırdı. Quş uçub gəlirdi. Bir-iki dəfə belə etdikdən sonra yedirirdi. Sabahısı cücə əvəzinə ət götürürdü. Bə’zi vaxt qırmızı dəsmalı bükərək ətə oxşadırdı. Tərlan ona da gəlirdi.
Bu tərlanın caynaqları qeyri quşlara görə çox iti idi. Bəhlədən keçib elə batırdı. İki bəhləni bir-birinin üstündən geyməyincə onu elə götürmək mümkün deyildi.
Bir dəfə Tağı əmi bazara getmişdi. Tərlan həyətdə, öz müəyyən yerində qıfıl üstündə bağlı idi. Mən və Məmmədağa bağda idik. Birdən həyətdə qışqırıq qopdu. Biz qaçaraq gəldik. Onda gördük ki, tərlan, Məmmədağanın bir yaşında bibisi oğlu Əyyubu basmarlayıb cücə kimi altına alıbdır. Arvadlar da quşu tutub çəkirlər ki, uşağı buraxsın.
– Nə qayırırsınız? – deyə qışqırdım. – Quşu çəkməyin, yoxsa uşağın ətini qopardar. – Cəld arvadları kənar edib tərlanın ayaqlarını sıxmağa başladım. Quşun caynaqları açılıb uşağı buraxdı. Arvadlar bu ittifaqdan elə həyəcana gəlmişdilər ki, quşu boğub öldürmək istəyirdilər. Mən mane oldum. Yaxşı ki, bu halda Tağı əmi özü gəlib çıxdı. Arvadları sakit edərək dedi:
– Yaxşı, mən quşumu bu gündən damda saxlayacağam. Siz də uşaqlarınızdan muğayat olub, başına buraxmayın.
Tərlanın Əyyuba hücum etməsinə onun qırmızı köynəyi səbəb olmuşdu. Tərlan qırmızı şeyə həris idi. Harada görsəydi üstünə atlanardı. Tağı əminin bu tərlanı axırda məşhur bir quş oldu.
Axtar və Şənkül
Axtar və Şənkül Tağı əminin ov tulaları idi.
Axtar erkək, Şənkül gançıq idi. Axtar qısaboylu, ködəktüklü, bozrəngli, körkəmsiz tula idi. Şənkül isə çox yaraşıqlı bir it idi. Boyu orta boydan hündür idi. Ködək məxmər kimi hamar, dümağ rəngli, üstü qara xallı və zolaqlı tükü var idi. Beli, ayaqları, burnu incə idi. Qaşlarının üstündə iki gözə bənzəyən xalı vardı.
Bu tulaların zahirləri başqa olduğu kimi, xasiyyətləri də başqa idi. Axtar qaşqabaqlı, tənbəl, istirahət sevən tula idi.
Şənkül diribaş, şən, mehriban, sevimli bir heyvan idi.
– İt də gülərmi? – deyə şübhə edən şəxs Şənkülün güler halətini gördükdə – bəli, güler, – deyə təsdiq edirdi. Budur, tənbəl Axtar həyətdə uzanıb özünü günəşə verir. Şənkül isə oynamaq istəyir. Nə etsin? Kimlə oynasın? Bozdar köpəklərmi? O qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. Onunla oynamağı Şənkül sevmir. Bir dəfə onunla oynadıqda Bozdar nədənsə acıqlanıb onu boğmuşdu. Ondan bəri Bozdar ilə yaxınlıq etmirdi.
Tənbəl də olsa, yenə öz yoldaşı Axtar, Şənkül qısıla-qısıla gedib, Axtarın ayağından çəkməyə başladı. Axtar başını qaldırıb, dişlərini ağardaraq mırıldadı. Şənkül kənara çəkildi. Axtar yenə uzandı. Bir azdan sonra Şənkül gəlib Axtarın qulağından yapışaraq çəkməyə başladı. Acıqlı Axtar qalxaraq onun üstə hücum etdi. Şənkül qoyub qaçdı. Axtar yenə uzanıb yatmağa məşğul oldu. İndi Şənkül onu başqa yol ilə tənkə gətirməyə başladı. Axtarın üstündən o tərəf-bu tərəfə tullanaraq onu narahat etdi. Axtar bilirdi ki, oynamayınca Şənkül ondan əl çəkməyəcəkdir. O idi ki, bir dəfə üstündən tullandığda cəld qalxıb onu basmarladı. Sonra buraxıb özü qaçdı. Şənkül axır mərəmına çatdı. Axtar şövgə gəlib onunla oynamağa başladı.
Şənkül ilə Axtarın əsil bayramı Tağı əmi Qəhər atı minib, qızılquşu əlinə götürərək ova gedəndə idi. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun qumro səsi onları xəbərdar etmişdi. İndi Axtarı tanımaq olmurdu. Tənbəllik necə olmuşdu? Hərəkətsizlik harada qaldı? Şənkülə gəldikdə o, şadlıqdan özündən çıxardı. Gah sirk itləri kimi Axtarın üstündən tullanardı, gah qoca Bozdarın qurruğundan dartardı, gah da darvazanı cırmaqlayıb qaçmaq istəyirdi.
Bunların xasiyyətləri ovda büruzə verərdi. Axtar ovun izini aradıqda aram və diqqətlə hərəkət edərdi. Şənkül isə səbirsizliklə gah irəli qaçardı, gah yana üz tutub gedərdi. O zaman Tağı əmi:
– Şənkül qaldı! – deyə onu çağırardı. O da sahibinə tabe olaraq o saat geri qayıdardı, ovun izini yenidən aramağa başlardı.
Ovu tapdıqda Axtar da, Şənkül də öz tə’limləri üzrə sağ əllərini qaldıraraq Tağı əmiyə baxırdılar.
Tağı əmi:
– Bas! – dedikdə atlanıb quşu qaldırardılar. Lakin burada da Şənkül bə’zi vaxt, ələlxüsus Tağı əmi keçikdikdə əsəbiləşərək ovu izinsiz qaldırardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-usaqliq-heyatimdan-xatireler
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci pərdənin səhnəsi. Pərdə qalxdığda Səfdərqulu bəy görünür.*Səfdərqulu bəy** (saata baxır). İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..
Eşq və intiqamBeş pərdəli yeddi şəkildə faciə*İştirak edənlər
Birinci pərdəSəhnə meşə içində ağac çəpərlə həsarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın komasi, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür. Həyətdə neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın önündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul, daxil olur.*Piri baba**. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.
İkinci pərdəBirinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.*Pir baba**. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan. Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladığda ovu yerdə görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti azalmış. İndi səni qaldırıb qırğovulu nişana aldığda qaqqıltı ilə uçub uzaqlaşır. O qaqqıltı ilə sanki deyir, ey pir-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil, rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (*Yasəmən samavarı gətirib süfrəyə qoyur*). Yasəmən, Qəmər durubdurmu?
Poems by other poets
— Həsən:Göstərəndə qaşlarının tayını,
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.