Contents
  1. Kənd məişəti
  2. Tağı əmi
  3. Quş tutma
  4. Məmmədağanın alaçəhrəsi
  5. İlanlarla mübarizə
  6. Tağı əminin tərlanı
  7. Axtar və Şənkül
  8. Çərik səfəri
  9. Balıq yerinə ilan
  10. Talesiz quşçuğaz
  11. Qayıbın iti

Page 7 of 7 · 86%

Qayıbın iti

Qayıb kişinin əvvəli mal-qaralı, qoyun-sürülü, dövlətli bir kəndli idi. Get-gedə dövləti əlindən çıxıb, bir çüt öküz, bir inək sahibi olmuşdu. Əvvəlki dövlətdən ona Qaraqıllı adlı çoban iti yadigar qalmışdı. Sonsuz Qayıb kişi bu köpəyi övlad kimi sevirdi. Hərkah bir adam ondan:

– Qayıb əmi, arvadının ölümünü istərsən, yoxsa itinin? – deyə sual etsəydi:

– Əlbəttə arvadımın, – deyə cavab verərdi. Qayıb kişinin bu itə belə məhəbbət bağlaması hamını heyrətə gətirirdi. Səbəbini arayanlar deyirdilər ki, bir falçı onu inandırıb ki, nə qədər Qaraqıllı sağdır, sən bir zaman, yenə əvvəlki kimi dövlət sahibi olacaqsan.

İtin özünə gəldikdə, adi çoban itlərindən xeyli iri, güvvətli, çəsur və hünərli bir heyvan idi. Uzun qara tükləri onu çox heybətli göstərirdi. Qaraqıllının qorxusundan bir gurd Qayıbın sürüsünə yaxın gələ bilməzmiş. «Qayıbın iti» adı ilə ətrafda məşhur olaraq, bu köpək dillərdə zərbi-məsəl kimi söylənirdi. Birisi itini çox tə’rif etdikdə:

– Nə çox tə’rif edirsən? Qayıbın iti olmayacaqdır ki, – deyə onun sözünü kəsərdilər.

Mən də bu itdən çox şeylər eşitmişdim. Lakin özünü görməmişdim.

Qayıbın iti hürməzdi. Yol ilə dinc gedən adamlarla isə işi olmazdı. Başqa itlər kimi onların üstünə getməzdi. Lakin, birisi qabağından istər atlı, istər piyada qaçmaq istədikdə qızmış şir kimi üstünü alardı.

Mən Çərikdə olan zaman Qayıb kişi də biçin və xırman işlərinə məşğul idi. İti də yanında idi.

Bir gün Tağı əmi ovdan çox quş gətirmişdi. Bir neçəsini xurcuna qoyaraq mənə dedi:

– Boz madyanı min, bunları Hümmətkilə apar.

Hümmət Tağı əminin xalası oğlu və həm də qaynı idi. Tağı əmi məni ata mindirdikdə dedi:

– Bax, Qayıbkilin obasının yanından keçərkən atı yavaş sür. Olmaya-olmaya çapasan.

– Arxayın ol, Tağı əmi, çapmaram, – deyə ona söz verdim.

Hümmət əmikil ilə bizim aramız üç kilometrə kimi idi. Gedənbaş obanın yanından salamat keçib getdim. Tapşırığı əmələ gətirib qayıdarkən yenə obanın yanından keçdikdə atı yavaş-yavaş sürdüm. Bir vaxt bir it hürə-hürə üstümə gəldi. Bunun səsini eşitcək başqaları da tökülüb gəldilər. Atı addım-addım sürərkən nəzərim itlərdə idi. Onların içində Qayıbın itini arayırdım. Lakin ona oxşar bir it yox idi. Bu mənə ürək verdi. Bir qədər getdikdən sonra itlərin səsləri kəsilməkdə idi. Cür’ətlənib madyanı tərkimlədim. Bir də baxıb gördüm ki, tozu duman kimi qaldıraraq, bir qara it gəlir. O saat atı saxladım. İt mənə çatan kimi atın önündə ayaq üstə qalxdı. Başı atın çəkbaşı ilə bərabər oldu. Qorxudan nəfəsimi içimə çəkmişdim. Bir az belə durduqdan sonra Qaraqıllı dönüb yavaş-yavaş getməyə başladı. Mən elə qorxmuşdum ki, atı yavaş sürməyə də cür’ət etmirdim. İt xeyli getmişdi ki, mən də atı yüyrüş ilə sürməyə başladım. İt obaya yaxınlaşırdı, mən də mənzilə.

– Yox, daha gəlməz, – deyə özümə ürək verdim. Tağı əmikil də təpədən mənə tamaşa edirdilər. Bu mənə cür’ət verdi, madyanı çapmağa başladım. Tağı əmi əli ilə mənə nə isə işarə edirdi. Lakin mən nə istədiyini anlamadım. O və başqaları mənim qarşıma tərəf yüyürməyə başladılar. Bundan mən şübhələnib kəriyə baxdım. Onda gördüm ki, yaramaz köpək məndən əl çəkmək istəmir. Atı saxladım. İt əvəlki kimi atın qabağında dikəldi. Bu səfər at rahat durmayıb başını yırğaladı. O saat köpək madyanın alt dodağını dartıb parçaladı. İt bununla kifayətlənərək obalarına tərəf yola düşdü. Madyanın ağzından qan çeşmə kimi axırdı. İt gözdən itdi. Lakin mən daha səhvimi təkrar etməkdən çəkinərək yerimdə durmuşdum. Tağı əmi hamıdan irəli gəlib çatdı.

– İt səni yaralamayıb ki? – deyə təşvişlə sordu.

– Yox, Tağı əmi, ancaq madyanın ağzını qapdı, – deyə cavab verdim.

– Madyan cəhənnəmə, sən salamat çıxmısan. Min belə madyan sənə qurban, ancaq bu sənə nəsihət olsun. Bundan sonra böyüklərin sözündən çıxmazsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets