İslam
Oder çayı dolanmışdır
Gümüşü bir kəmər kimi
Vrotslavın gövdəsinə;
Şırıl-şırıl göy ləpələr
Axdıqca nəğmələr kimi,
Heyran olur öz səsinə.
Ağaclar da kölgə salır
Bu saf suyun aynasına.
Könlüm, gözüm heyran qalır
Su üstdəki ehtişamın
— Min ulduzlu bir axşamın
Ürək açan mənasına.
Çiçək sevən, şeir sevən bir millətin
Qəlbi kimi gülür bağlar…
Elə bil ki, insanlara töhfəsidir təbiətin
Göy təpələr, yaşıl dağlar.
Hələ bahar! Hələ bahar!
Polşanın yüz şəhərində,
Demə, gülsüz bir eyvan var,
Şairlərin rübabı tək.
Qəlbi dinir titrəyərək
Axşamın da, səhərin də
Vrotslavda ayna kimi parıldayır gen küçələr,
Göy üzündən nur tökülür.
Dörd yüz bahar, almanlara bir qul olmuş yazıq şəhər.
Bu gün baxıb üzə gülür.
Dilə gəlir hər mənzərə
"Yer azaddır! Yer azaddır!"
Hər ürəkdə bir pəncərə
Açılmışdır Şərqə sarı…
Gülür insan arzulan.
Hamı şaddır! Hamı şaddır!
-
Fəqət məni düşündürən
Nə bu şadlıq, nə bahardır.
Unutmuşam hor varlığı,
Bu gün şair ürəyimdə
Dağ boyda bir kədər vardır.
Gəzirəm bir məzarlığı…
Baş daşları qatar-qatar
Gəlib keçir gözlərimdən;
Tanış adlar, familyalar
Nəqş olunmuş o daşlara…
Həlak olmuş yoldaşlara
Baş əyirəm hörmətlə mən.
Baş əyirəm yazısını oxuduğum qəbrin üstə,
Nə aydındır o yazılar!
Deyirəm ki, bu yazılar yazılaydı qəbrim üstə
Mən öləndə, əziz dostlar:
"O, el üçün keçdi candan,
O yaşadı insan kimi.
Demə öldü o qəhrəman,
O, müqəddəs diləklərdə,
Bir də təmiz ürəklərdə
Yaşayacaq dastan kimi
Dolaşdığım qəbristanın nə ucu var, nə bucağı,
Min-min durur qəbir daşı.
Göy çəməndə yataq salmış bu qəbristan bahar çağı
Çiçək açır günə qarşı.
Günəş göydən nur ələyir
Dilsiz duran bu varlığa.
Qızlar da su səpələyir
Bu müqəddəs məzarlığa.
-
Bir məzar daşına baş əyirəm mən,
Görürəm üstünə yazılmış "islam".
Qəmlər bulud-bulud keçir qəlbimdən,
Od tutub alışır sinəmdə ilham.
Deyirəm: bəlkə do, özüdür ki, var…
O, qırxıncı ildə, rahat bir vaxtda
Qəlbində sönməyən böyük arzular.
Raykom katibiydi bizim Qazaxda.
O mənə ilk dəfə əl verən zaman,
Duydu bir-birini dost əllərimiz…
Oxudum o gəncin baxışlarından
Ki, birdir eşqimiz, əməllərimiz.
Qaməti sərv kimi, köksü irəli,
Qapqara saçları, qaşları vardı;
Bir cüt ulduz kimi gülər gözləri
Səhəri çox zaman çöldə açardı…
Yaşıl tarlalarda günəşdən qabaq
Əlini sıxardı qəhrəmanların.
Əvvəl qocalarla salamlaşaraq,
Halını sorardı dostum onların.
Tarlalar eşitcək onun səsini.
Onu yerişindən bilirdi hamı.
Duyardı hər kəsin öz nəfəsini,
Kənd yeri sevərdi yoldaş İslamı.
Tez-tez görünərdi xeyirdə-şərdə,
Nə qədər mehriban bir qəlbi vardı,
Döşünə döyməzdi o məclislərdə,
Hər yerdə bir işdən söhbət açardı.
Hər təzə imarət, hər bağça, hər bağ,
Tikilən hər məktəb, hər kitabxana.
Təzə paltar geymiş hər yetim uşaq.
Oğlunun toyunu görən hər ana,
Bu kənddən o kəndə çəkilən daş yol.
Hər yeni qələmə, hər yeni şitil.
Hər təzə pioner, təzə komsomol,
Bir bahar müjdəsi gətirən hər il.
Yer əkən, ot biçən hər qabarlı əl,
Gənc bəstəkarın ürək nəğməsi.
Hər insan qəlbində yanan bir məşəl,
Hər zəfər şerinin səadət səsi
Onun ürəyində yuva salardı;
O bizim dünyadan ilham alardı.
-
Qırx birinci ilin bir yaz səhəri
İslam da geyindi əsgər paltarı.
Son dəfə seyr edib göy zəmiləri,
Öpdü dönə-dönə, öpdü baharı.
Kürün sahilindən Oderə qədər
O neçə ölkənin suyundan içdi.
Daim dost oldu ona zəfərlər,
Alovlar içindən şir kimi keçdi.
Qanlar içində də onun ürəyi
Bir an soyumadı əməllərindən.
Hər kiçik arzusu, böyük diləyi
Sən oldun, oxucum, bu dünyada, sən!
O sənin uğrunda od-alov uddu.
Bahara yol açdı şaxtalı qışdan.
Neçə məktub yazıb hal-əhval tutdu
Hər vətən oğlundan, dostdan, tanışdan.
Ağzından od çıxan ağır toplan
Oder sahilində qurdu yan-yana.
Mərmilər uçduqca Berlinə sarı.
Min salam göndərdi Azərbaycana.
Əridi dağlarda axırıncı qış.
Qırx beşinci ilin səkkiz may günü
Zəfər bayramına bircə gün qalmış
Bizə qurban verdi İslam ömrünü.
Cəbhə paltarını o çıxarmadı,
Bir də qılıncım görmədi qında;
Kürün yaz fəslini seyrə varmadı.
Süfrə də açmadı bulaq başında.
Yox, yox, ayrılmadı o bizdən, dostlar!
Yaşadı ən şirin xatirələrdə.
Hər il al geyinib gəldikcə bahar
Biz onu görürük min bir səhərdə…
İliç lampaları yanıb yan-yana,
Çıraqban olduqca kəndin axşamı.
Hər ağsaqqal ata, ağbirçək ana
Hörmətlə yad edir yoldaş İslamı.
Ellər çay üstdəki dəmir körpüdən
Keçdikcə piyada, ya da ki atla,
Ən əziz, ən şirin bir xatiratla
İslamı yad edir tanışlar hərdən.
Hər kim öz əlilə bircə şitil də
Basırsa anamız qara torpağa,
O şitil bir ağac olur bir ildə.
İnsana hörmətlə qalxır ayağa…
-
Polşa göylərinin dan ulduzları
Mavi üfüqlərdə söndükcə bir-bir.
Eşqi azad olmuş polyak qızları
İslamın qəbrini salama gəlir.
Kimisi su səpir o qəbrə, dostlar!
Kimisi gül əkir öz əllərilə.
Elə bil qəbrin də üstündə bahar
Dil açıb danışır əməllərilə!..
Hələ bahar dostu ağ kəpənəklər
Dolaşır o qəbri pərvanələr tək.
Ətrini yaydıqca güllər, çiçəklər,
Yerin yanğısını səmidir külək…
öpür bir-birini aylar, fəsillər,
İnsanlıq qovuşur arzularına.
İslama hörmətlə azad nəsillər
Baş əyir dünyanın xilaskarına!..
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-islam
Use ← → keys to move, R for a random poem
More by this author
İllər, qərinələr keçirsə aləm,Yadımda saxlaram hər zaman səni.
SənətDüyünlü dağları kökündən vuranƏmək cəbhəsində amansız duran,
Dilcan dərəsiYenə gördüm səni, Dilcan dərəsi,Yadıma çox köhnə zamanlar gəlir.
Hazır olunuz!Önümdə tufan var, hazır olunuz,İgid Qafqazımın köhlən atları!
Poems by other poets · Nature and spring
Bir bağda bülbül olmasa,Gülün nə miqdarı, dilbər,
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardımGəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.
DağlarMən gedirəm, halallaşaq, ayrılaq,Görmüşəm sizlərdə vəfanı, dağlar!
Göyçə gülüYenə gül əyyamı, bahar fəslidir,Çiçəklər sayrışır, güllər öpüşür.