Bir də mən görsəm ki...
Страница 1 из 8
Yazılana pozu yoxdur(?)
Nemət düyməni basdı:
– Hə, bir şey deyin.
Sürəyya: yazır?
Nemət: Hə. Bir şey deyin.
Sürəyya: nə deyək?
Nemət: nə bilim, bir şey deyin də.
Sürəyya: aha... Demək, mən demək istə... Yox, demək mən demək, yaxşı çıxmadı. Dayan... hə... Deməli...ıhı, ıhı, (öskürür). Deməli, mən demək istəyirəm ki... Bu gün ayın 5-dir. İyunun. 65-ci il... Demək, sən almısan maqnitofon.
Bikə: necə vermisən buna?
Nemət: yüz doxsan manat. Bikə xala, yaxın gəl. Sən də bir şey de bax bura, maqnitofona.
Bikə: Alyagildə də bundan var. Amma bundan böyük olar. Murtuz Moskvadan gətirib. Deyir 4000 manata almışam. Köhnə pulnan.
Nemət: Karmen, Cilda, Nərgiz! Gəlin, siz də bir şey deyin. (Addımlar).
Karmen: nu çto?
Nemət: qızım, gəl bura. Cilda, sən də yaxın dur. Bax bura de.
Karmen: əşi, nə deyim e...
Nemət: bir şey deyin də...
Karmen: xoxma e... çto skazat?
Sürəyya: əşi, bir şey deyin də. Atanız təzə maqnitofon alıb gətirib.
Karmen: çuvak poşel samıy zadrıpannıy maqnik kupil i teper seans ustraivaet.
Cilda: ne qovori.
Gülüşdülər.
Sürəyya: kəs səsini, axmağın qızı. Zadrıpannıy! Lap yaxşıdır.
Karmen: o, maxani polnostyu poddercivaet paxana. Troqatelnoye edinoduşiye starşeqo pokoleniya.
Cilda: ne qovori.
Bikə: Murtuzgil pəncərənin qabağına qoyublar. Bundan azı iki dəfə böyük olar.
Karmen: çuvixa v vostorqe ot maqnitofona Murzika, nikak ne uspokoitsya.
Nemət: Nərgiz, qızım, quzum, gəl sən bura.
Nərgiz: mən gəldim.
Sürəyya: qızım, o şeiri denən. Əzbər deyirdin ha...
Bikə: Murtuz deyir dörd min manat vermişəm. Köhnə pulnan.
Nərgiz: istəmirəm.
Sürəyya: əşi, istəmirsən istəmə. Hamısı özünü naza qoyub. Bəsdir Nemət. Saxla görək necə yazıb.
Nemət: Nərgiz, sən yenə mənim ruçkamı götürmüsən? Deməmişdim sənə ona əl dəymə? Bir də mən görsəm ki, o ruçkanı götürmüsən, özündən küs.
Nemət düyməni basdı. Lentin hərlənməsini saxladı:
– Görək necə yazıb, – deyə ikinci düyməni basdı. Lenti geri hərlətdi.
– İndi qulaq asaq, – dedi və üçüncü düyməni basdı.
Səslər gəldi:
Nemət: hə, bir şey deyin.
Sürəyya: yazır?
Karmenlə Cilda qışqırışdılar.
– Maxanın səsidir.
Nemət: hə, bir şey deyin də.
Sürəyya: nə deyim?
Sürəyya:
– Mənim səsimdir? – dedi, – heç oxşamır.
Nemət: nə bilim, bir şey deyin də.
Sürəyya: aha... demək, mən istə... yox, demək mən demək, yaxşı çıxmadı, dayan...
Hamısı gülüşdü:
Karmen:
– Demək, mən demək istə, – deyə anasının səsini yamsıladı.
Sürəyya:
– Əşi, qoyun qulaq asaq da, – dedi. Maqnitofondan səsi gəldi:
– Bu gün ayın 5-dir. İyunun. 65-ci il. Demək, sən almısan maqnitofon. Nemət:
– Lap tatar kimi danışırsan, – dedi. “Demək, sən almısan maqnitofon”.
Maqnitofondan Bikə xalanın səsi gəldi:
– Necə vermisən buna?
Nərgiz:
– Nənə, sənsən, ay nənə, – deyə cır səslə çağırdı.
Karmen:
– A çuvixa ne mojet, – dedi – obyazatelno doljna spravitsya o sene.
Yenə gülüşdülər.
Bikə xala:
– Murtuzgil də səsimi yazmışdı, – dedi, – lap öz səsimə oxşayırdı. Amma burda heç oxşamır.
Maqnitofondan yenə Bikə xalanın səsi gəldi:
– Alyagildə də bundan var. Amma bundan böyük olar.
Alya Bikənin böyük qızı, Sürəyyanın böyük bacısı idi.
Bikə: Murtuz Moskvadan gətirib.
Karmen:
– Vot eto maq, ya ponimayu, – dedi.
Bikə: deyir 4000 manata almışam. Köhnə pulnan.
Nemətin səsi gəldi:
– Karmen, Cilda, Nərgiz, gəlin siz də bir şey deyin.
Maqnitofondan addım səsləri eşidildi. Sonra Karmenin səsi gəldi:
– Nu çto?
Karmen təəccüblə:
– Mənəm, – dedi.
Cilda:
– Yox, bəs mənəm, – dedi, – konecno tı.
Karmen: xoxma e... çto skazat?
Sürəyya:
– Xoxma-moxma. Bunların danışığına bax, – dedi. Maqnitofondan səsi gəldi:
– Əşi bir şey deyin də... Atanız təzə maqnitofon alıb gətirib.
Karmen: çuvak poşel samıy zadrıpannıy maqnik kupil...
Nemət:
– Qızım, – dedi, – vallah, mənə dedilər ki, bu pis marka deyil.
Cilda: ne qovori.
Maqnitofonda gülüş səsi eşidildi. Sonra Sürəyyanın səsi gəldi:
– Kəs səsini, axmağın qızı...
Karmen:
– Doğma qızınla gör necə danışırsan, – dedi. – İ uçti, eto uje zapisano. Daha sözüvü obratno götürüb dana bilməzsən. Dokazatelstvo na litso.
Maqnitofondan səsi gəldi:
– O, maxani polnostyu podderjivayet paxana.
Cilda:
– Ne qovori, – dedi və həmin andaca onun səsi maqnitofonda təkrar edildi:
– Ne qovori...
Bikə xala:
– Alyagilinki bundan böyük olar. – deyə sözə başladı, amma elə bu an öz səsini eşidib susdu:
– Bundan azı iki dəfə böyük olar.
Karmen: çuvixa v vostorqe ot maqnitofona Murzika.
Sürəyya:
– Bay, biabırçılıq, – dedi. – Murzik nədir, az, eşidər, inciyor. Biabır olarıq.
Karmen:
– Nə var ki, – dedi, – tyotya Alya ona həmişə Murzik deyir.
Bikə xala:
– Alya arvadıdır, – dedi, – o başqa, sən başqa.
Maqnitofondan Nərgizin səsi gəldi:
– İstəmirəm.
Sürəyya: əşi, istəmirsən, istəmə. Hamısı özünü naza qoyub. Bəsdir. Nemət, saxla görək necə yazıb.
Nemət: Nərgiz, sən yenə mənim ruçkamı götürmüsən. Deməmişəm sənə ona əl dəymə? Bir də mən görsəm ki...
Birdən-birə sükut başlandı. Lent səssiz-səmirsiz hərlənirdi. Yazı burda qurtardı. Nemət düyməni basdı:
– Vəssalam, – dedi.
Sürəyya.
– Əntiqədir, – dedi, – nə cür danışmışıq, hamısı düşüb.
Karmen:
– A çto tı dumala. – dedi, – sən bir şey danışacaqsan, orda başqa şey düşəcək?
Gülüşdülər.
Sürəyya:
– Allah haqqı, lap möcüzədir, – dedi.
Karmen:
– V kakom veke vı jivyote, lyudi? – dedi, – camaatçün maqnitofon proydennıy etap. A bunlar indi ayılıblar. Potryasenı çudom texniki.
Cilda: – Ne qovori, – dedi, – xoxma e...
Nemət:
– Balam, özünüz maqnitofon istəmişdiniz, – dedi, – Başımı keçəl eləmişdiniz. Mən də alıb gətirmişəm də.
Sürəyya:
– Lap yaxşıdır, – dedi. – sən bu sırtıqlara fikir vermə, qələt eləyirlər.
Bikə xala məzəmmətlə:
– Heç nəyi bəyənmirlər, – dedi. – Alyanın uşaqları da belədir.
Sürəyya:
– Amma doğrudan qiyamət şeydir, – dedi. – Mən heç öz səsimi tanımazdım. Elə bil özgə adamdır.
Nemət:
– Heç kəs öz səsini tanımır, – dedi. – Çünki elə belə həyatda biz səsimizi olduğu kimi eşitmirik.
Sürəyya:
– Sən mənim canım, qoy bir də qulaq asaq, – dedi.
Karmen:
– Nu uje prostite, – dedi. – Eto ispıtaniye vışe moix sil.
O da, Cilda da o biri otağa keçdilər. Nərgiz də onların dalınca qaçdı. Nemət düyməni basdı. Dinləməyə başladılar. İlk sözlər, cümlələr ötdü.
Maqnitofondan Sürəyyanın səsi eşidildi:
– Demək, mən istə...
O biri otaqdan Karmen qışqırdı:
– Demək, mən istə...
Nemət başını buladı:
O biri otaqdan Karmenin səsi gəldi:
– Seyças çuvixa naçnyot rasxvalivat maqnitofon Murzika.
Dərhal maqnitofondan Bikə xalanın səsi eşidildi:
– Alyagildə də bundan var. Amma bundan böyük olar.
O biri otaqda qəhqəhə vazları cingiltiylə sınıb dağıldı.
Axıra qədər qulaq asdılar. Qızlar o biri otaqdan replikalar atır və maqnitofon onların sözlərini tutuquşu kimi təkrar edirdi: artıq onlar yazını əzbər bilirdilər.
Əslinə qalsa, Nemət də hansı sözdən sonra hansı sözün, kimin səsindən sonra kimin səsini eşidəcəyini bilirdi. Dil yanıltmacları, danışıq büdrəmələri, nəfəslər, öskürəklər, gülüşlər, hamısı cağbacağ öz yerində sabit və dəyişilməz donub qalmışdı.
Maqnitofondan Nemətin səsi eşidildi:
– Bir də mən görsəm ki...
Sonra lentlərin sükutu hərlənməyə başladı.
Nərgiz o biri otaqdan qaçıb gəldi. Qaçanda iki nazik hörüyü siçan quyruğu kimi çiynində atılıb-düşürdü.
– Ata, – dedi. – Bir də görsən nə edərsən?
Nemət:
– Ay şeytan, – dedi. – Bir az tez saxlamışam, sözüm yarımçıq qalıb. Amma bax deyirəm: bir də mənim ruçkamı götürsən, atanı yandıracağam.
Nərgiz dinməzcə mətbəxə getdi. Kibrit gətirib atasına uzatdı.
– Yandır, – dedi.
Nemət gülüb qızını qucağına götürdü. O üzündən, bu üzündən öpdü. Yerə qoydu.
Qapı döyüldü.
Açdılar.
Mürşüdün daz başı göründü. Mürşüd:
– Döy taxta qapımı, döyərəm dəmir qapını, – dedi, – gülmə qonşuna, quyuya özün düşərsən, – bu, onun danışıq manerası idi. Qəsdən müxtəlif zərb-məsəlləri bir-birinə calayıb deyər, ya da təhrif edərdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-liman-bir-de-men-gorsem-ki
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Стихи других поэтов
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
CamecanXerolilar Osmannıya qaçarlar,Ermanilər sədirlərə keçarlar,