Страница 8 из 8 · 88%

– Allah saxlasın, hamısını.

Az qaldı desin, səninkilərnən. Sonra yadına düşdü ki, Təhminənin uşağı yoxdur. Qəribə bir həvəslə Nərgizdən danışmağa başladı. Sözlərindən, oyunlarından, marka toplamasından.

– Dünən oturub özü Xoruz babaya uzun bir məktub yazıb. Deyir Xoruz baba keçən səfər tapşırdı ki, hansı quş adlarını bilirsiniz yazın mənə. Bu yazıq şəhər uşağı, quşların adını hardan bilsin? Bəli, oturub buna bir-bir quş adlarını demişəm yazıb. İndi bu gün də səhərdən oturub radionun qabağında ki, Xoruz baba mənim adımı deyəcək. Deyirəm, qızım, məktubu dünən yazmısan, hələ heç gedib Xoruz babaya çatmayıb. Kimə deyirsən? Bəli, axıra qədər qulaq asdı, adını demədilər, bir də gördüm, dodağını büzüb doluxsundu. Deyirəm, qızım, sən lap arxayın ol, gələn həftə mütləq sənin adını deyəcək.

Təhminə səssiz qulaq asırdı. Bir an Nemətə elə gəldi ki, Təhminə yuxuya gedib.

– Təhminə, – dedi.

– Hə... – elə bil səsi uzaq bir aləmdən qayıtdı. – Eh, ay Nemət, – dedi. – Belə qızın ola-ola yenə həyatının mənasını axtarırsan...

– Bilirsən mən bu barədə də düşünmüşəm. Deyirəm bəlkə həyatda mənim varlığımın yeganə mənası körpü olmaqdır. Bütün əcdadımın, baba-nənələrimin, atamın, anamın həyatını körpü kimi öz üstümdən keçirib övladlarıma yetirməkdir? Hə? Susursan. Deyəsən yaman naqqalladım, səni lap yordum. Yuxun gəlmir ki...

– Yox.

– Bilirsən, ürəyim yaman dolu idi. Danışdım səninlə bir, az ürəyim yüngülləşdi. Əşşi, dünən maqnitofon almışam. Səsimizi yazmışıq. Da buna neçə dəfə qulaq asarlar? Beş dəfə, on dəfə, yüz dəfə... Hər qonaq gələndə təzədən qurulur. Eyni sözlər, ibarələr, gülüşlər. Məni dəhşət basdı. Mənə elə gəldi ki, bu elə mənim həyatımın rəmzidir. Dəyişməz, durğun, donub qalmış. İndi də dəhşətlə fikirləşirəm ki, sabah yenə qulaq asacaqlar. Adam istəyir lap başını götürüb qaçsın.

– Daha niyə qaçırsan, ondansa yazını poz.

– Pozum?

– Hə. Nədi, bu ağlına gəlməmişdi?

– İnanırsan ki, yox? Ağlıma hardansa bir fikir düşmüşdü ki, yazılana pozu yoxdur.

Hər ikisi güldü.

– Yox, əzizim, maqnitofon yazısını pozmaq çox asandır. Hansı markadır maqnitofonun?

– Yauza.

– Hə, mənimki də ondandır. Dördüncü düyməni bas, vəssalam. Pozulsun getsin.

– Ay sağ ol. Əməlli-başlı başıma ağıl qoydun. Deməli, dördüncü düymə. Çox sağ ol.

– Sən də sağ ol, – əsnədi, – hələlik...

– Dayan, dayan. Yaxşı, axı əsas məsələ yaddan çıxdı.

– Hansı məsələ?

– Sənin gözlərinin rəngi.

Güldü.

– Gözlərim elə rəngdədir ki, heç bir sözə, tərifə sığışmaz: Gərək özün görəsən. Sabah işdə baxarsan.

– Sabah yox, bu gün... Eşidirsən, tramvaylar başladı işləməyə.

– Bizim küçədən tramvay keçmir. Oy, babamın babası, – əsnədi, – doğrudan a, səhərdir. Dan yeri sökülür. Düz deyirmiş Füzuli: “Var sübh”. Gedim heç olmasa bir az yatım, yoxsa işdə mənim sifətimə baxıb qorxarsınız.

Qoy görək əşi, istəyirsən sənə kompliment deyim?

– De də, nə olar ki? Hansı qadın komplimentdən imtina edər?

– Deyim də... sən çox gözəl, çox yaxşı, çox ağıllı qızsan. Bu gecəki söhbətimizi mən heç vaxt unutmaram. İndi sən də axırda mənə bir söz de ki, gedim yaxşı yuxu görüm. Yoxsa elə biməzmun yuxular görürəm ki...

– Qoy sənə öz yuxumu danışım, sən də onu gör.

– Danış.

– Bu yuxunu tez-tez görürəm. Eyni bir yuxunu. Bayaq sən zəng eləyəndə də görürdüm. Görürəm ki, dəniz sahilindəyəm. Aydın, işıqlı bir gündür. Sahil bomboşdur. Bircə mənəm. Təpə-tənha. Dəniz gömgöydür. Uzaqda, lap uzaqda, üfüq xətti tərəfdə ağ bir liman görünür və bu ağ limanda qıpqırmızı gəmilər dayanıb.

– Əcəb yuxudur. Çox sağ ol, əzizim. Gecən, yox, səhərin xeyrə qalsın. Bağışla məni.

– Sən də sağ ol. Dördüncü düymə, unutma.

Dəstəyi asdı. Papiros yandırdı. Bir müddət telefonun yanındaca oturdu, sonra səs, hənirti eşidib otağa keçdi. Pəncərələrdən süzülən hələ solğun səhər işığında balaca Nərgizin cizgiləri daha da məsum görünürdü. Səs də onun səsiydi. Nərgiz yuxuda danışırdı: turac, qırqovul, kəklik, sora göyərçin. Nemət bir müddət qızının başı üstündə dayandı. Onun indi gördüyü yuxusunu təsəvvüründə canlandırmağa çalışdı. Buludsuz göy, yaşıl budaqlar, qanadlı quşlar. Nərgiz yenə də adda-budda sözlər deyirdi: toyuq, xoruz, sora bülbül, sora...

Dördüncü düymə. Nemət cəld o biri otağa keçdi. Maqnitofona yanaşdı. Dördüncü düymə, vəssalam. Nə Alyagilin iki dəfə böyük maqnitofonu qalacaq, nə Sürəyyanın dolaşıq cümlələri, nə Karmenin istehzası. Nə də “bir də mən görsəm ki...”

Hamı yatıb. Pozsan, gərək indi pozasan. Bilsələr qoymayacaqlar. Onlara izah da edə bilməyəcəyəm. Özüm özümə izah edib aydınlaşdıra bilmədiyim bir şeyi onlara necə izah edəcəm?

Maqnitofonu işə saldı. Qızdırdı. Sonra dördüncü düyməni basdı.

– Vəssalam, – dedi. – Burda bir elə hikmət yox imiş.

Lenti tərsinə – fırladıb qulaq asmağa başladı. Sükutu, səssizliyi dinlədi. Xoşlandı. – Basırıq tramvayın konduktoru bürkü yay gününün gecəsi adamsız reyslərin – seyrək sərinliyindən xoşlanan kimi.

– Vəssalam, – deyə təkrar etdi. – Qurtardı. Nöqtə.

Küçədən tramvay keçdi. Nargin tərəfdən gələn gəminin uzaq fit səsi eşidildi.

Nemət maqnitofonu söndürüb öz otağına qayıtdı. Soyunub yerinə girdi. Yuxuladı.

Yuxu gördü.

Gördü ki, böyük bir dənizin sahilindədir. Sahil bomboşdur. Dəniz uzandıqca uzanır.

Sahil sapsarıdır. Sarı qumlar.

Dəniz gömgöydür. Ləpəsiz.

Ancaq birdən gördü ki, dənizin, göy dənizin lap, lap uzağında nə isə ağ bir şey görünür: ağ liman.

Ağ...

Ağ...

Ağappaq. Və bu ağ limanda qırmızı gəmilər dayanıb. Qırmızı... Qırmızı...

Qıpqırmızı...

1965

Bakı – Kislovodsk

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов