Страница 7 из 8 · 75%

– Hər halda bu vaxt yəqin, tərəqqipərvər bəşəriyyətin əksəriyyəti yatır. Bəs sən niyə yatmamısan. Nemət? Kefli-zad deyilsən ki?..

– Görəsən niyə hamının başına məhz eyni bir fikir gəlir: keflilik?

– Yəni hamı deyəndə, məndən başqa da çox adama zəng eləmisən?

– Yox, bircə Dadaşa zəng eləmişdim. Ondan sənin gözlərinin rəngini soruşdum, demədi, amma sənin telefonunun nömrəsini verdi. Dedi, zəng elə özün soruş.

Təhminə güldü:

– Hardan danışırsan?

– Evdən.

– Bəs külfətin yatıb?

– Hə, hamı yatıb. Bütün şəhər yatıb, bir sən oyaqsan, bir mən. Bir də Dadaş oturub işləyir.

– Görürsən, bax, əsil zəhmətkeş Dadaş kimi olar.

– Təhminə, bilirsən Füzuli nə deyir?

– Nə deyir axı?

Deyir ki:

Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.

– Başa düşdün?

– Az-maz.

– Bir bu “derlər” sözünə bütün dünya poeziyasını dəyişmərəm. Başa düşürsən, derlər, yəni görməyib, eşidib, deyirlər. Kimsə deyib ki, hardasa sübh var, bircə bu təsəlli olmasa, şami-qəmdən, yəni axşam qəmindən yaxa qurtarmaq olmaz.

– Əzizim, əgər sən elə bilirsən ki, gecə – saat dördün yarısı Füzuli qəzəllərini şərh etmək üçün ən münasib vaxtdır, onda...

– Dayan, Təhminə, sən allah, boşla zarafatı. Mən səninlə ciddi danışmaq istəyirəm. Qəlbimi sənə açmaq istəyirəm.

– Nemət, dola məni əzizlərinin başına, əgər sən də desən ki, bir qəlbdən min qəlbə mənə aşiq olmusan, mən daha başımı götürüb gərək bu vilayətdən qaçam...

– Yox, əzizim, ürəyini buz kimi elə, arxayın ol. Mən sənə izhariməhəbbət və etirafı-eşq eləmək fikrində deyiləm.

– Allah ölənlərinə rəhmət eləsin. Yenə bu da qənimətdir.

– Hə, indi qulaq as. Mən səninlə məsləhət eləmək istəyirəm. Bu gün mən bir çox şeyləri anladım, anladım ki, mən daha bundan sonra indiyədək yaşadığım kimi yaşaya bilmərəm.

– İndiyədək necə yaşamısan ki?..

– Bilmirəm. Təhminə, heç bilmirəm keçmiş həyatıma nə ad verim. Durğunluq, ətalət, meşşanlıq bataqlığı.

Pah atonnan!

– Gülmə. Artıq bu cür yaşamaq mümkün deyil. İş, ev, ailə, maaş, qonorar, mebel, televizor, maqnitofon... Mən bu çərçivədə boğuluram.

Təhminə.

– Nemət, əzizim, qonorar da, televizor da, maqnitofon da pis şeylər deyil. Ancaq gərək onların əsiri olmayasan.

– Elədir. Bax, bayaq evimin pəncərəsindən baxırdım. Pəncərənin axar-baxarı, mənzərəsi çox gözəldir. Bütün şəhər görünür. Qız qalasının təpəsi, Akademiyanın təzə binası. Ancaq mən düşündüm ki, bu mənzərə artıq mənim qəlbimi titrətmir, çünki bu mənzərəyə məhkumam. Ömürlük məhkumam. Heç bir zaman bu pəncərə qatar pəncərəsi kimi hərəkətə gəlib dəyişməyəcək. Bu pəncərəni xalça kimi dörd mismarla mənim həyatıma mıxlayıblar. On ildir mən bu pəncərədən baxıb Qız qalasının təpəsini, Akademiyanın yeni binasını, bankı, dəyirmanı görürəm. Ömrüm boyu da görəcəyəm. Amma...

– Dayan, dayan bir görək, bir nəfəsini dər. Maşallah bu kəlama! Elə bil əyalət teatrında monoloq söyləyirsən.

– Yox, əgər sən məni dolamaq fikrindəsənsə...

– Dolamıram, o saat da inciyirsən. Dəymədüşər olma. Düz demirsən axı. Qatar pəncərəsi-filan, bütün bunlar gəlişi gözəl sözlərdir, ancaq həqiqət deyil. Dünyada hər şeydən yüksək isə həqiqətdir.

– Niyə həqiqət deyil?

– Niyə? Bu saat deyim. Bax, deyirsən ki, on ildir pəncərədən baxıb Akademiyanın təzə binasını görürəm. Düz deyil. On il yox, heç üç il bundan qabaq da bu bina tikilməmişdi. Bu bir. İkincisi, deyirsən ki, ömrüm boyu eyni mənzərəni görəcəm. Bu da yalandır. Çünki bir ildən sonra, məsələn, tutaq ki, sirkin yeni binası hazır olacaq, onu görəcəksən. Ayrı təzə-təzə binalar tikiləcək. Yəni sənin pəncərən özü tərpənməyəcək, ancaq ordan görünən mənzərə, həyat dəyişir, dəyişəcək, başqalaşacaq. Sən pəncərəni rəmzi mənada deyirsən, mən də rəmzi mənada deyirəm ki, pəncərədən diqqətlə baxsan, görərsən ki, həyat necə qaynayır, dəyişir. Hə, susursan? Görürsən, mən haqlıyam, indi qulaq as mənə, bir şey də deyim. Bu gün səhər radioyla bir verilişə qulaq asırdım. Heç bilmirəm nə veriliş idi, ancaq orda bir şey dedilər, mənim yaman beynimə batdı. Təxmini deyirəm, dəqiq yadımda deyil. Üç obrazı əsas götürmüşdülər. – Pəncərə, qapı, güzgü, məcazi mənada, əlbəttə. Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çırmayıb davaya girişirlər. Pəncərə, qapı, güzgü. Mən qapının tərəfdarıyam, – bir qədər susub güldü və əlavə etdi: – Əlbəttə, o demək deyil ki, mən çantamda güzgü gəzdirmirəm.

Küçədən maşın keçdi gecənin səssizliyi parçalandı, maşın səsi uzaqlaşanda, sükut yenə qapandı.

– Bilirsən, Təhminə, sənin dediklərin çox doğru və gözəl fikirlərdir. Ancaq məsələ ondadır ki, bütün bunlar yenə də abstraksiyalardır, mücərrəd məfhumlardır. Mənə isə konkret cavablar lazımdır. Başa düşürsən, mən bilmək istəyirəm ki, şəxsən mən – Namazov Nemət nə üçün yaşayıram, hansı amalla, hansı məqsədlə? Məni düzgün başa düş. Mən nihilist və skeptik deyiləm. Yüksək amala da inanıram. Böyük mənada məqsədim də var. Cəmiyyətin məqsədlərini başa düşürəm. Xalqımın problemlərini də anlayıram. Ədalətli, azad, gözəl bir cəmiyyət. Bərabərhüquqlu insanlar, bərabərhüquqlu millətlər. Nə əzən var, nə əzilən. Bütün dünyada sülh və əmin-amanlıq. Ən uzaq ölkələrdə belə aclıq, fəlakət, xəstəlik olmasın. Mən bütün bunları arzu edirəm. Bu məqsədlərin yolunda, necə deyərlər, canımı, qanımı verərəm. Çox yaxşı. Amma, bax şəxsən mənim, otuz üç yaşlı tərcüməçi Nemət Namazovun konkret məqsədi, işi nə olmalıdır? Mənim nə xüsusi bir parlaq istedadım, nə böyük bir bacarığım var ki, xariqüladə işlər görüm. Mənim elədiyim işi isə, başqası da lap gözəl, bəlkə də məndən yüz dəfə yaxşı, ya məndən bir az pis, fərqi yoxdur, hər halda mənim işimi başqası görə bilər. Bəs mənim necə deyərlər, mütləqliyim, əvəzsizliyim nədir, mənim öz yerim hardadır ki, o yerdə məni heç kəs əvəz edə bilməz? Şəxsən mənim məqsədim, konkret olaraq mənim məqsədim nədir? Maşın almaq? Kooperativ evə yazılmaq? Ya bütün ömrüm boyu Murtuz Balayeviçin atmacalarına göz yummaq, Dadaşa yarınmaq, Mürşüdün şitliyinə gülmək? Hə?

– Mürşüd kimdir, Murtuz Balayeviç kimdir, ay Nemət?

– Tanımasan yaxşıdır, mənim durub-oturduğum adamlardır...

– Pis adamlardır?

– Nə bilim? Pis adam, yaxşı adam. Məgər bilmək olar, pis adam kimdir, yaxşı adam kimdir?

– Aman Allah! Ay Nemət, dünən həmin bu sözləri mən özüm bir nəfərə deyirdim. Amma, Nemət, axı, vallah, belə deyil. Hər halda, yaxşı adam yaxşı adamdır, pis adam pis adam...

– Yaxşı, onda bax, mən pis adamam, yoxsa yaxşı adam?

– Mən səni az tanıyıram, Nemət.

– Çox sağ ol, Təhminə, belə dediyin üçün sənə çox minnətdaram, mərdliyin üçün sağ ol. Desəydin ki, yaxşı adamsan, inanmayacaqdım. Amma düz deyirsən ki, adama yaxşı, ya pis demək üçün onu gərək tanıyasan. Bax, məsələn, o Murtuz Balayeviç ki deyirəm, mənim böyük bacanağımdır, özü hərbçidir, polkovnikdir. Belə bir az köntöy adamdır, namərbutdur e... Sözünün, danışığının yerini bilən deyil, odur ki, məni həmişə əsəbiləşdirir. Ancaq indi fikirləşirəm ki, onu ittiham etməyə mənim nə haqqım var? Kişi oddan-alovdan çıxıb. Müharibədə yaralanıb, qan töküb. Ölümün gözünün içinə baxıb. Hər halda həyatda müəyyən bir yeri, rolu olub ki, orda onu heç kəs əvəz edə bilməzdi. Yaxud o biri bacanağım Cabbar...

– Bacanaq sarıdan deyəsən bolsan.

– Hə, Cabbar, onun arvadı. Elə-belədə söhbət eləyirsən, dayaz adam təsiri bağışlayırlar. Amma axı deyirlər öz sahələrində yaxşı mütəxəssisdirlər. Mühüm dövlət əhəmiyyəti olan bir obyektdə işləyirlər.

Təhminə qəfilcə soruşdu:

– Nemət, neçə uşağın var?

Nemət də qəfilcə cavab verdi:

– Bir, – həyatında ilk dəfə belə cavab verdi.

– Bir?

– Bir, – deyə qətiyyətlə təkrar etdi. – Qızdır. Nərgiz. – Sonra əlavə etdi: – İki böyük qız yoldaşımın birinci ərindəndir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов