İki – bir
Страница 1 из 2
Fələk iki-bir atdı
Bəxtimin nərdi kimi
Zaur bilirdi ki, axır Təhminəni razı salacaq, çünki bu elə bir təklif idi ki, ilk dəqiqədən həqarətlə rədd olunmamışdısa, deməli, gec-tez qəbul olunacaqdı.
– Axı niyə mütləq plyaja getmək istəyirsən?
– Yadında, mən “Moskviç”imi alanda sən dedin ki, yaxşı oldu, yayda bizi plyaja apararsan.
– Mən deyirdim bütün şöbəynən gedərik, demirdim ki, ikimiz...
– Bütün şöbə? – Zaur rişxəndlə sadalamağa başladı. – Dadaş, Nemət, Qurban...
Təhminə uğunub getdi.
– Axı, Zaur, başa düş, eşidən-bilən nə deyər, mənim ərim...
– Biz nə günah işlədirik ki... ərin Bakıda olsaydı... amma indi burda yoxdur... gedək çimək, iki saata qayıdarıq.
– İki saata? Yəqin?..
“Vəssalam!”.
– Lap yəqin. Söz verirəm.
Təhminə alt dodağını dişləri arasına alıb, başını yana əydi. Saçları çiyninə axdı.
– Gedim qarajdan maşını götürüm, iyirmi dəqiqədən sonra gəlirəm evinizin qabağına.
– Yox, yox, evin qabağına gəlmə. Evimizin yanında bağ var e, onun sol tərəfində gözlə.
– Oldu. Çox gözəl.
Zaur üçüncü mərtəbəyə dırmaşmağa başladı. Pillələri beş-beş atılır, bığaltı gülümsünür, zümzümə edirdi. Uçmağa qanadı çatmırdı.
Pilləkənin başında Məmməd Nəsirlə toqquşdu. Tünd çaxır iyi Zaurun burnunu çaldı. Məmməd Nəsir onun qolundan yapışdı.
– Mən ölüm, – dedi. – Gedək bir nərd ataq.
– Məmnuniyyətlə, Məmməd Nəsir, gələn səfər. İndi yaman tələsirəm.
Dartınıb çıxmaq istədi.
Məmməd Nəsir:
– Bircə tas, – dedi, – sən mənim canım.
– Ay kişi, dedim də, tələsirəm...
Məmməd Nəsir:
– Yeddi dəfə orfoqrafiyanı dəyişdilər, – dedi. – Amma məni işdən xaric eləyə bilmədilər. Hər dəfə qaydaları əzbərləyirəm. Qoy gəlsin sənin cavan korrektorların. Görək hansımız yaxşıyıq. Əski əlifbanı da bilirəm, latını da, indikini də.
– Yaxşı, a kişi, burax qolumu...
– Yox, dayan, sən cavansan, görməmisən. Kişilər vardı, kişilər. Kişi deyirəm e sənə. Kişi. Bax həmin bu yerdə Teymur Mahmudov məni tutdu. Deyir: “Nə olub, Məmməd Nəsir, gözümə bir az turş dəyirsən?” Dedim: “Yox, sağ oluz, yaxşıyam”. Eh kişilər vardı. Hər birisi bir şiri-nər, aslan, bəbir.
Zaur qolunu qopardıb götürüldü.
Məmməd Nəsir onun dalınca baxıb, baxıb, başını buladı. Öz-özüylə danışa-danışa pilləkəni enməyə başladı.
– Deyirəm, əmim Türkiyəyə gedib, mənim nə təqsirim? Niyə daş eləyib ayağıma bağlayırsız... Deyirlər, yox, ot kökü üstə bitər. Deyirəm, əşi, o vaxt mən uşaqdım. Nikolay vaxtı çıxıb gedib. Özü də Əliqulu kişi hardan mənim köküm oldu? Üzünü də görməmişəm. Deyirlər yox ki, yox, yox oğlu yox. Niyə gizlətmisən ki, əmin xaricdədir? Çıxardırıq səni işdən. – Pilləkəni qalxan qızlara salam verdi: – Salaməleyküm, xanım qızlar, hər vaxtınız xeyir. – Qızlar pıqqıldayıb gülüşdülər. Məmməd Nəsir onlara fikir verməyib öz-özünə danışmağını davam etdirdi: – Çıxarırsız çıxarın, neynək. İndi də viqovor verirlər ki, içirsən. Eh, mənə nə var, bir həsirəm, bir Məmməd Nəsir. İçirəm, neçün ki, lazımdır. Yəhya, ay Yəhya, mən ölüm, gedək bir nərd ataq.
– Yekə kişisən, get özünə iş tap.
– Ay Cümşüd, sən atovun goru, mən nə dedim ki. Deyirəm, gedək nərd ataq, bəyəm bimərifət söz dedim?
Yəhya:
– Məmməd Nəsir, deyəsən, yenə o söz, – dedi və çırtmayla boğazına vurdu.
– Ay bic xərəngə, – deyib Məmməd Nəsir göz vurdu. – Məmməd Nəsiri el içində xar eləmə. Açma sandığı, tökmə pambığı.
Cümşüd:
– Məmməd Nəsir, şöbə müdirisən, yoxsa, idarənin müdiri? – deyə xəbər aldı.
– Hə? Yox, hələ redaktoram, ha, ha, ha... Vur bura, mən ölüm. – Məmməd Nəsir otuz beş il idi bu idarədə korrektor işləyirdi. Amma deyirdi ki, üçüncü qədəhdən sonra oluram redaktor, beşincidən sonra şöbə müdiri, yeddincidən sonra idarənin müdiri. Sonra daha hesabı itirirəm. Ancaq bir vaxt görürəm ki, zamministrəm. Sonra ministr. Sonra Hindistan padşahı. Sonra allah...
– Deməli, redaktorsan? Nə əcəb bəs, belə az vurmusan. Bu gün ki, şənbədir. Əsil məqamdır.
– Ay Cümşüd, bəlkə gedək bir nərd ataq?
– Sabah, Məmməd Nəsir, sabah.
Yəhyayla Cümşüd yarımçıq qalmış söhbətlərini davam etdirə-etdirə pilləkənlə düşməyə başladılar.
– Bəli, indi Nemət olub gülməşəkər. Getmə gözümdən, gedərəm özümdən.
– Əşi, dünən Dadaşla xosunlaşırdılar, mən bildim ki, işin içində iş var.
Məmməd Nəsir:
– Sabah bazardır, – deyə onların dalınca qışqırdı, amma cavab almadı. Zümzümə eləyə-eləyə dəhlizlə getdi:
– Bilsən nə qədər, sevgili canan, can alansan.
– Xeyir ola, Məmməd Nəsir, yenə segah deyirsən?
Az qala makinaçı Tavusla toqquşdu.
Məmməd Nəsir:
– Segah deyil, qızım, dilkeşdir, – dedi və sonra əlavə etdi, – ay səni xoş gördük, əhvali-şərif?
– Sağ ol, duaçıyam.
– Çoxdandır gözümə dəymirsən?
– Rayona getmişdim. Anama dəyməyə. Bizim tərəflərdə olmamısan ki? Bir gözəl, səfalı yerlərdir, iki göz istəyir tamaşasına. Bu səfərimdən çox razı qaldım.
Məmməd Nəsir.
– Ən yaxşı səfər... – deyə sözə başladı.
– Bilirəm nə deyəcəksən. – Tavus onun sözünü ağzında qoydu, – ən yaxşı səfər şərab kuzəsinin boğazından dibinə səfər etməkdir. Yüz dəfə eşitmişəm.
– Ay sağ ol. Bu yolu ki, keçirsən, çatırsan şüşənin dibinə, düşürsən cənnətə. Bəli, hurilər, qılmanlar, məlaikələr... Özləri də qələt eləyirlər, cənnətdə “suxoy zakon”zad yoxdur. İçki bax buracan – əlini hulqumuna dirəyib elə bil mişarladı. – Bəli, iki saat, üç saat olursan cənnətqradda. Yanında da sənin kimi bir canalan canan. Bax, bir var can, bir var canan, bir də var canalan...
Tavus:
– Ala ey, – deyə iki əlini çətir kimi Məmməd Nəsirin başına tutdu, – ətin tökülsün, kişi, ətimizi tökdün.
– Hə, cənnətdə ki bir az cövlan eləyirsən o yan-bu yana, sonra uzadırlar səni xərəyə, yəni ki, çarpayının üstünə, gətirirlər obratnı geri. Ayılıb görürsən bəli, yenə öz otağındasan ki, varsan, həmin-zəmin, Məmməd Əmin.
Tavus çıxıb getmişdi.
Məmməd Nəsir onun dalınca baxıb:
– Qudurasan qurbağa, – dedi, – bizim rayon, sizin rayon... Mərdan kişi düz deyirdi ki, bu bakılılar, qarabağlılar, qazaxlılar, nə bilim gəncəlilər, göyçaylılar, naxçıvanlılar içində azərbaycanlı olmaq çox çətin məsələdir.
Məmməd Nəsir belini büküb dəhlizlə yolunu davam etdirirdi. Evə gedən işçilərə kamal-ədəblə: “Salaməleyküm, hər vaxtınız xeyir, xoş getdiniz, sağ olun, gülə-gülə” deyirdi.
Həmişə aşağı baxdığındanmı beli bükülmüşdü, ya beli bükülü olduğundanmı həmişə aşağı baxırdı?
Dadaşgilin qapısına çatdı. Qapını elə açırdı, elə bil qapıdan üzr istəyirdi ki, bağışla səni açıram. Qapını açıb yan-böyürü, barmaqlarının ucunda, tələsik içəri şütüyürdü.
Dadaşgilin otağına elə girdi ki, elə bil otaqda yatan, ya xəstə var.
Dadaş kağız-kuğazını iri şişman portfelinə yığışdırırdı. Portfel elə yekəqarın idi ki, bura lap adamı da yerləşdirmək olardı.
Təhminə siyirtməsindən balaca güzgüsünü çıxarıb dodaqlarını boyayır, sonra diliylə boyanı yalayırdı.
Qurban başını aşağı sallayıb nə isə yazırdı.
Məmməd Nəsir:
– Salaməleyküm, – dedi, – xanım qız, səni görməmişəm.
Təhminə güzgüsünü çantaya qoyub:
– Salam, Məmməd Nəsir, – dedi.
Dadaş:
– Nədi, Məmməd Nəsir, sözlü adama oxşayırsan? – dedi.
Məmməd Nəsir dırnaqlarını çeynəyə-çeynəyə:
– Deyirəm, bəlkə bir ataydıq... – dedi.
– Canımçün tələsirəm, yoxsa məmnuniyyətlə, – mixəyi, zəhmli portfelini əlinə götürdü. Ötkəm səslə: “Di salamat qalın” – dedi.
Dadaşın enli kürəyi bir anlığa qapını tamam tutdu.
Məmməd Nəsir üzünü bu kürəyə tutub:
– Sağ oluz, gülə-gülə, – dedi, bir-iki dəfə başını əyib kürəklə vidalaşdı, beli daha da büküldü, yarıqat oldu, – sağ oluz, xanım qız, sən də xoş getdin.
Qapı örtüldü. Dadaşın ağır addımlarının səsi gəlirdi: elə bil dəhlizdə bir cüt ütü yeriyirdi. Bu səsə Təhminənin dikdaban çəkmələrinin addım səsləri calandı: elə bil döşəməyə gilə-gilə su damırdı.
Səslər uzaqlaşdı, itdi.
Qurban başını qaldırdı:
– Məmməd Nəsir, düzdü, deyirlər sənin bu Dadaşla xüsusi zarafatın var?
– Necə bəyəm? Nə zarafat?
Qurban qımışdı:
– Nə bilim vallah, uşaqlar danışır. Deyirlər bərk içəndə gecə saat ikidə, üçdə gedirsən bunlara. Zəngi basırsan, arvadı oyanıb gəlib qapını açır. Deyir nə olub, nə təcili işdir ki? Deyirsən bəs çox təcili işdir. Bəli, Dadaş bir tuman-köynəkdə gözünü ovuşdura-ovuşdura qapıya çıxır. Deyir nə olub, nə var, nə xəbərdir, ay Məmməd Nəsir, gecənin bu vaxtında? Sən də ki, – Qurban papiros çəkənlərin xırıltılı gülüşüylə güldü, – sən də ki, çırtıq çalıb deyirsən:
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-liman-iki-bir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*