Страница 5 из 5 · 80%

– A vı sami poxoji na Tarzana, – dedi, – takoye je dikoye pervobıtnoye suşestvo s lesnım imenem...

Təhminə:

– So stepnım – qovorili vı, – dedi.

Lena da cavab verdi ki, meşə, düz, dağ – hamısı bir... və dərhal da üzr istədi, daha söyüş söyməyəcəyinə and içdi... Sonra Lena da Bakıya gəlməsindən danışdı, kinostudiyada balaca bir rolda çəkilibmiş, orada maraqlı bir adamla da tanış olub, rejissordur, bəlkə tanıyırsız. Adını xüsusi bir səylə tələffüz elədi: Ağamehdi...

Muxtar dedi ki, tanıyır belə bir adamı.

Lena dedi ki, çox maraqlı məxluqdur. Lenaya nələr vəd eləmirmiş ki, həmişəlik Bakıda qalsın.

Saşa Zaurdan xəbər aldı ki, siz də rejissorsunuz?

Zaur cavab verdi ki, xeyr rejissor deyiləm, tüfeyliyəm, çıxıb ata-anamın boynunda oturmuşam.

Saşa sakit-sakit cavab verdi ki, bu da pis peşə deyil, həm də gör necə gərək məharətin olsun ki, özün də valideynlərinin boynunda oturasan, hələ arvadını da orada əyləşdirəsən.

Təhminə, məzəmmətlə başını buladı, yəni ki, niyə, axı belə, Zaur.

Zaur cavab verdi:

– Ona görə belə deyirəm ki, sizin bütün bu söhbətləriniz lap məni boğaza yığdı daha, – Kann festivalı, Fellini, ağ yelkənlər, nə bilim, daha nə cəfəngiyat. Sonra əlavə elədi: – Ya samıy obıknovennıy, prostoy çelovek...

Lena:

– Nu, eto uje skuçno, – dedi, – kakaya-to demaqoqiya poşla. Davayte luçşe vıpyem.

Saşa:

– İskustvo prinadlejit narodu, – dedi və Zaura müraciət elədi: – A mejdu proçim, predstavitel prostoqo naroda, qde eto vı dostali takie şikarnıe tufli, ya ix daje v Parije ne moq kupit? Posmotri ka, Len...

Hamı Zaurun çəkmələrinə baxdı. Zaur nə isə fikirləşib, dedi ki, satıram, özü də qət təzədir... Saşa soruşdu ki, neçəyə, Zaur dedi ki, qırx manata, özüm almışam. Məlum oldu ki, Saşayla ayaqlarının ölçüləri də eynidir, 42. Zaur gördü Saşanın, deyəsən, doğrudan da meyli var, dedi, amma bircə şərtim var, sövdamız bax indicə, elə buradaca baş tutmalıdır. Mən öz ayaqqabımı sizə satıram, sizin ayaqqabılarınızı özüm geyirəm, üstəlik də mənə qırx manat pul verirsiz... Saşa fikirləşdi və dedi ki, razıyam.

Muxtar da, Təhminə də, hətta Lena da bilmirdilər, onlar zarafat edir, ya ciddi danışırlar, amma Zaurla Saşa artıq çəkmələrini dəyişdüyüş eləmişdilər. Saşa:

– Len, day yemu sorok rubley, – dedi.

– Da ne çudi tı...

– Day qovoryu. Tufli je blesk, eto on po pyanke otdayot, protrezveyet peredumayet.

Lena, doğrudan da, sumkasından qırx manat çıxardıb Zaura verdi və Muxtar dedi ki, onda gəlin içək Saşanın təzə çəkmələrinin şərəfinə... Təhminə dedi ki, həm də Zaurun təzə çəkmələrinin şərəfinə.

Zaur üzr istəyib, stolun arxasından durdu, ehmallıca ofisiantı kənara çağırdı, hesabı bilib pulunu verdi. Sonra qayıdıb öz yerində oturdu.

Saşa dedi ki, yaxşı, vaxtdır, hər şeyi yedilər, içdilər, qurtardılar, əntiqə çəkmə də qazandı aralıqda, indi isə evə getmək lazımdır, işıqları da söndürərlər daha.

Hamı yerindən durdu.

Muxtar:

– Siz gedin, – dedi, – mən gəlib çataram sizə. – Zaur gedə-gedə yavaşca çevrilir, Muxtarın ofisiantı çağırmasına ləzzətlə göz qoyurdu... Küçəyə çıxdılar. Binanın qapısındakı bir neçə maşını sahibləri işə salır, qızdırırdılar. Bir maşından Lenayla Saşanı çağırdılar.

Saşa və Lena Təhminə və Zaurla görüşdülər, dedilər ki, qonşularıdır çağıran. Aeroport metrosuna tərəf gedirlər, onsuz da yolları ayrılır. Muxtara da salam desinlər, heyf ki, sabah Kiyevə getməlidirlər, yoxsa görüşərdilər, bir də Moskvaya gələndə mütləq zəng vursunlar, hökmən görüşmək lazımdır. Keçib maşına mindilər, pəncərədən əl elədilər, maşın yola düşüb uzaqlaşdı... Muxtar elə bu vaxt çıxdı binadan.

– Ayıb deyilmi, Zaur, – dedi. Axı, mən dəvət eləmişdim, siz niyə vermisiz hesabı?

Zaur:

– Təzə çəkmələrimin şirnisini verdim, – dedi.

Təhminə:

– Nə? Deməli sən... – deyə sözə başladı və birdən hər şeyi başa düşdü, – ağılsız...

Sonra sözünü yarımçıq kəsib, Zaurun boynuna atıldı, ayaqlarını da yerdən üzüb havadan sallandı. Zaur da onu bağrına basıb o yan-bu yana hərləyirdi və elə bil hər ikisi Muxtarın burada olduğunu unudaraq uşaq kimi şən gülüşürdü.

Muxtar:

– Metroya getmirsiniz? – dedi. “Siz” – yəni Təhminəylə Zaur.

Zaur:

– Yox – dedi. – Piyada getmək istəyirik.

Muxtar tələsik vidalaşıb getdi. Becid addımlarla metro stansiyasına tərəf gedirdi. Zaur arxadan onun azacıq bükülmüş yorğun kürəyinə baxır və Muxtar haqqında onun özünün tapdığı obrazlarla düşünürdü: qırışıb-əzilmiş yelkən, heç bir zaman daha yelkən ola bilməyəcək ağ parça... qayıqları, uzaq cənub dənizlərini isə ancaq yuxularında görə bilər... Özgə şəhərdə, qərib oteldə, tənha nömrədə yatıb gördüyü yuxularda...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов