Gümrü qızı dastanı
Страница 2 из 10 · 10%
Ustadlar ustadnaməni bir deməyib, iki deyib, biz də deyək iki olsun, düşmən qabıq qoysun, soyulsun.
Bivafənin, müxənnəsin, nakəsin
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada cox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
Yetəni özümə mən dost eylədim,
Yolunda canıma cox qəst eylədim.
Söyüddən bağ saldım, peyvəst eylədim,
Almasın, heyvasın, narın görmədim.
Nəfs aldatdı, hər yetənə xan dedim,
Bihudə kollara gülüstan dedim.
Əbəs yerə bivəfaya can dedim,
Zəhmətin cox çəkdim, karın görmədim.
Huşum çaşdı, düşdüm olmaz oyuna,
Yetmədim gözəlin əsli-soyuna,
Aşıq oldum simasına, boyuna,
Hayıf kı, kamalda dərin görmədim.
Ələsgər, elmində olma nabələnd,
Doğru söylə, sözün çıxmasın qələt.
Şahiddə iman yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim.
Ustadlar ustadnaməni iki yox, üç deyər, biz də deyək üç olsun, düşmən ömrü puç olsun.
Pələng qocalanda, nər büdrəyəndə
Kəhər at yollarda öləndə, hayıf.
Bir mərdin qılıncı düşəndə əldən,
Namərd gendən baxıb, güləndə hayıf.
Heç kəs ayrılmasın öz balasından,
Didərgin düşməsin yurd-yuvasından.
Maralı hürküdüb öz talasından,
Buraya çaqqallar gələndə hayıf.
Birsi yarayar elin işinə,
Dözər zamanənin hər gərdişinə.
Birisi tikəni çəkər dişinə,
Zəhmətsiz yarıya böləndə hayıf.
Biri toya gedər, sevinib gülməz,
Birsi vaylarda ağlaya bilməz.
Namərd öz qəlbindən heç kini silinməz!
Özünü dost kimi biləndə hayıf.
Birsi yalanı deyər ucadan,
Çəkinməz heç zaman cavan-qocadan.
Birisi dost evinə baxar bacadan,
Açıb bu qapını girəndə hayıf.
Atılıb tullanan körpə beçələr,
Vədəsiz banlayar bəzən gecələr.
Çəpərdən-çəpərə qonan sərçələr,
Bülbülü qəfəsdə görəndə hayıf.
Yetim Tapdıq ustadnaməni sona çatdirib, sazı Sərdara uzadaraq dilləndi:
-Paşam, bəlkə bir-iki kəlmə söz də siz deyəsiniz?
Hə əzizlərim, Sərdar sazı öpüb, döşünə basdı və aldı görək nə dedi:
Ağlımı apardı bir mələkzadə,
Bülbüləm gülümü tapdım bu gecə!
Məhəbbət nə imiş, sevgi nə imiş,
Qəlbimdə bir ocaq yapdım bu gecə!
Can alan gözləri od saldı cana,
Həzrəti Yusif tək düşdüm zindana.
Gözəllər gözəli, ay gözəl ana,
Az qala yolumdan sapdım bu gecə!
Sərdaram, paşalıq yadımnan çıxdı,
Göz yaşım selləndi yaxama axdı.
Mehrü - məhəbbətim, baxdı karıxdı,
Xəyal atlarını çapdım bu gecə!
Sərdar sazı öpüb aşıq Vəliyə uzatdı.
- Ustad, ustad məclisində söz demək mənə yaraşmaz, bizim sizə çox ehtiyacımız var, məclis sizindi.
Artıq gecədən xeyli keçmişdi. Sərdar Nağdəlini yanına çağırtdırıb dedi: - Bəy, bu gecə anam, bacım və mən sizin qonaqlarınızıq. Əgər icazə versən, qoy mənə bir yer hazırlasınlar, möhkəm yorulmuşam, evə getməyə halım qalmayıb, bir az yatıb dincimi alım.
Nağdəli bəy üzünü doğmalarına tutaraq dilləndi: - Qızlar, tez paşaya bir yer hazırlayın.
Sərdar asta yerişlərlə xalılar döşənmş böyük bir otağa daxil oldu. Burada təkrar Sona xanımla qarşılaşdı.
Sona xanım gülə-gülə dilləndi: - Paşam, sizə xoş gecələr arzulayıram, yuxunuz şirin olsun, deyib, zalı tərk etdi. Sərdar güclə özünü ələ aldı, bilmədi qıza nə cavab versin. Sərdar dərhal yerinə uzandı, amma ilan vuran yatdısa, Sərdar yatmadı. Yerində o tərəf bu tərəfinə dönərək, Sona xanımı gözlərinin qabağında gətirdi. Baxçada Sona ilə Fatmanin səsini eşidən Sərdar eyvana çıxdı.
Sona incə bir səslə Fatma xanıma dedi:
-Sənin nə qəşəng, yaraşıqlı və ağıllı qardaşın var? Deyirdilər inammırdım, həqiqətən də həsəd aparılası cavandı.
Fatma: - Ay qız, olmuya qardaşıma vurulmusan? Vallah, toyunuzda o qədər oynayacam, düz bir həftə gərək yerimdən qalxa bilməyəm.
Sona xanım nə isə demək istəyirdi, birdən onların gözlərinə eyvandan heyran - heyran baxan Sərdar sataşdı.
Sona xanım üzünü Sərdara tutaraq dilləndi: - Paşam, mən elə bilirdim ki, siz artıq yatmısınız, olmaya sizi narahat elədik, siz allah bizi bağışlayın.
Sərdar dinmədi.
Sona xanım üzünü Fatma xanıma tutaraq dilləndi:- Qardaşın bizə gələnnən dili tutulub.
Sona xanım:
– Ay qız, bəlkə qardaşının dilini açım.
Fatma xanım:
– Pis olmaz.
Bu dəmdə Sona xanım aldı görək nə dedi:
Aşkar deyil, mənim dərdim pünhandı,
Var olsun, yaşasın, eli paşamın.
Görüb gözəlliyi, almır hesaba,
Yaş gedib bükülüb beli paşamın.
Bir tuti dillinin dağıyam, dağı,
Olmazmı mənimlə gəzəsən bağı.
Gedib cavanlığın, qalmayıb çağı.
Görürəm titrəyir, əli paşamın.
Aləm bilir sən Gümrünün gözüsən,
Niyə qoydun sinəm üstə közü sən.
Baxan deyər düz Məcnunun özüsən,
Açılıb çiçəyi - gülü paşamın.
Sona xanım yar yanında sayılsın,
Arif olan bu sevdadan ayılsın.
İxtilat et, şirin cana yayılsın,
Titrəsin ağzında dili paşamın.
Söz tamama yetdi.
Qızlar baxçadan getmək istəyəndə Sərdar dözə bilməyərək dilləndi:
- Sona xanım, insaf eylə bir ayaq saxla, gör mən nə deyirəm.
Aldı görək bu dəmdə Sərdar nə dedi:
Küsmə məndən gözəl mələk,
Buyurub allah, seçmişəm.
Ölçüb, biçib sığal çəkib,
Yer üzündə şah seçmişəm.
Gözəlsən, güldən - laladan,
Tanrı saxlasın baladan
Səni o ərşi - əladan,
Qəlbimə pənah secmişəm.
Sərdarı sən eşit dayan,
Gəl könlümə olnan həyan.
Sınıq qəlbi yardı duyan,
Səni qəlbə mah seçmişəm.
Söz tamama yetən kimi Sona xanım güldü.
- Elə bu paşam?! Yenə sözün var yoxsa...
Sona belə deyəndə Sərdar bir daha özünü saxlaya bilməyib, aldı görək nə dedi:
Gözəllər sultanı, mələklər şahı,
Telləri xurmayı, qamət sürahı,
Cəmalın cəzb edir şəms ilə mahı,
On beş günlük aydan gözəlsən, Sona!
Gözlərin dumanlı, bənzər ümmana,
Səni sevən aşiq olub divana,
Yaradan yaradıb salıb cahana,
Sən huri qılmandan gözəlsən, Sona!
Yaralı könlümə yaraşmaz ziynət,
Sanki bir mələksən ey sərvi – qamət!
Səni sevən aşiq istəməz cənnət,
Cənnəti - Rizvandan gözəlsən, Sona!
Qəm üstə yatmağı etmişəm peşə,
Mövlam nişan verdi, gəldim görüşə.
Pərişan bülbüləm, sən tər bənövşə,
Sərvi - Xuramandan gözəlsən, Sona!
Gül açan çəmənə bənzər üzlərin,
Şahın taxt-tacına dəyər gözlərin.
Sərdara dadlıdır şirin sözlərin,
Gözəl Züleyxadan gözəlsən, Sona!
Söz tamama yetdi.
Qızlar gülüşə - gülüşə bağçanı tərk etdilər. Amma Sərdar səhərə kimi yata bilmədi ki, bilmədi. Eşq ataşı, doğurdan da, onu Məcnun etmişdi.
İkinci hissə
- Səhərin ala qaranlıqda baxçaya düşən Sərdar o baş - bu başa var gəl etməyə başladı. Bu dəmdə Nağdəli bəy gördü ki, Sərdar baxçada o başa bu başa gedir - gəlir. Bəy sözə başlamadımı.
- Paşam, olmaya ala qaranlıqda durub getmək istəyirsən, yoxsa yerin narahat oldu?
Sərdar: - Siz narahat olmayın bəy, bu baxça mənim o qədər xoşuma gəlib ki, elə bil cənnətə düşmüşəm, heç yerdə belə gözəllik görməmişəm, olmaya, bəy, sizi narahat elədim, bir fincan da qəhvə olsa, buradan tərpənən deyiləm.
Nağdəli: - Bu nə sözdü, paşam, bura sənin öz evindi, necə istətəyirsənsə elə də olsun, elə bildim getmək fikrindəsən, az qaldim sizdən inciyəm.
-Əziz dostum, sən get qonaqlarını rahatla, amma qızlara denən ki, mənə bir fincan qəhvə gətirsinlər, mən hələ bu gün də sizə qonağam.
Nağdəli: - Baş üstə, deyib baxçadan aralandı. Amma Nağdəlini fikir aparmışdı, bu işə sirillah qalmışdı. Öz-özünə deyinə - deyinə danışırdı, axı Sərdar hara gedirsə-getsin, orada yalnız bir-iki saat qala bilərdi.
Burada nə isə bir iş var. Əyə bir də nə ola bilər ki, qardaşdan da irəli dostuq, anası və bacısı da bizdədi, daha bundan yaxşı nə ola bilər?
Qulluqçular Sərdara səhər yeməyi aparmaq istəyəndə, Sona xanım dilləndi: - Siz narahat olmayın gedin, məclisi yola verin, mən öz əllərimlə paşaya qəhvə düzətmişəm, özüm aparacam. Sona xanım səhər o başdan qəhvə ilə baxçaya daxil oldu. Sərdar yerindən ildirım kimi duraraq Sona xanıma tərəf gəldi.
Sərdar: - Mənim üçün çox xoşdur ki, mələklər şahının əli ilə bir fincan qəhvə içim. Xanim, vaxtınız varsa mənimlə bir fincan qəhvə içsəniz lap yerinə düşər.
Hər iki aşiq baxçada süsən- sünbüllər içərisində əyləşdilər. Amma bir - birlərinin üzünə baxa bilmirdilər. Bir xeyli sakitlikdən sonra Sərdar dilləndi:
-Sona xanım, sizi görəndən sonra bu gecə yuxum ərşə çəkildi, hey gözlərimi yumdum, sizin surətiniz gözlərimin önündən getmədi. Mən deyən artıq özümü idarə edə bilmirəm.
Birdən Sərdarın gözləri Sonanin boynundakı altun həmayilə sataşdı.
Sərdar: - Bu həmayıl sizi olduğunuzdan da gözəl göstərir.
Sona xanım: - Bu anamin yadigarıdı, qaşı isə müqəddəs “Qurani – Kərimdən” düzəldilib.
Sərdar: - İcazə versəniz ona yaxşı baxam, bu həmayılı ilk dəfə mənə yuxuda göstərmişdilər.
Sərdar həmayıldakı müqəddəs “Quranı - Kərimi” üç dəfə öpdü, istədi ki geri qaytarsın, Sona xanım dilləndi: - İcazə verin, mənim özüm götürüm, deyib ayaq üstə qalxaraq şümşəd əlləri ilə həmayili Sərdarın boynuna keçirdi:
- Qoy bu müqəddəs kitab bizə uğurlar gətisin.
Sona xanım: - Mənim on səkkiz yaşım olanda bir qoca dərviş mənə dedi ki, biz bir cavan oğlanı səninlə buta eləyirik, sən də bu həmayili o oğlana verməlisən.
Dərviş bir də mənə dedi ki, siz öz həyatınızı özünüz secməlisiniz. Çalışın bu seçimdə yanılmayın. Dərviş mənə səni qoca kişi şəklində göstərdi. Mən isə ağlaya -ağlaya dedim, bəs onun cavanlığı necədi?
Həmin dərviş mənə dedi ki, onun özü səni tapacaq, mən yenə ona allaha and verdim ki, bəs bizim ilk görüşümüz necə olacaq? Dərviş mənə dedi ki, sizin bağçada o gəlməmişdən üç gün əvvəl lalələr çiçəkləyəcək, bu ilk əlamətdi, həmin cavan məclisdə sözünü sazla deyəcək, səhərə kimi nə sən, nə dəki o yatmayacaqsınız. Səhər gün çıxmamış siz bağçada görüşəciniz. Ona bir fincan qəhfə aparmalısan. O isə bağçadakı lalələrdan bir dəstə toplayıb sənin qollarının arasına qoyacaq. Bu yerdə sən həmayılı həmin gənc oğlana verməlisən. Əgər dalını bilmək istəsən görəcəksən ki, o qəhvəni içib qurtaran kimi bağçadakı bütün lalələr sönəcək.
Məni vahimə basmışdı. O yerdə oyandım ki, yanımda anamdan başqa bir kimsə yoxdu. Anam isə mənə deyidi: - Ay qızım, iki gündü ki, sən yatırsan, qız uşağı belə tənbəl olmaz axı!?
Mən bu əhvalatın hamısını anama danışdım. Anam isə Allah bu işin axırını xeyr eləsin deyib, həmin bu həmayılı mənə verdi. Onda mənim on səkkiz yaşım ancaq olardı. Sonra isə Sona xanım titrəyə-titrəyə bir fincan qəhvəni Sərdara verdi. Sərdar isə bağçadakı lalələrdən bir dəstə dərib Sona xanımın qolları arasına qoydu.
Sərdar bir fincan qəhvəni başına çəkən kimi gördü ki, həqiqətən də bağçadakı al qırmızı lalələrdan əsar- əlamət qalmayıb, hamısı sönüb. Bunu görən Sərdar və Sona xanım çox bikef oldular.
Bu yerdə Sərdar paşa özünü saxlaya bilməyib aldı görək nə dedi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-gumru-qizi-dastani