1871-ci il martın 29-da Mirzə Yusif xana yazılmış üçüncü məktub
Əzəmətli ağam, Allah səadətinizi daimi etsin!
Martın 25-də yazlığım məktubda bu mətləbi də, tənqidin əhəmiyyəti haqqında əziz qardaşım Mirzə Məhəmməd Cəfərin məktubuna əlavə etməliydim. Lakin birinci növbədə, münasib bilmədim. İkinci isə, o məktub çox uzun çıxmışdı. Poçt da yola düşürdü, yazmağa macalım yox idi. İndi isə bu mətləb həm məzəli olduğuna görə, həm də az-çox məsələ ilə əlaqədar olduğu üçün həmin mətləbi xəlvəti olaraq sizə yazıram ki, mehriban qardaşım Mirzə Məhəmməd Cəfərə oxuyasınız, sonra isə məktubu özünüzdə saxlayasınız.
*Cənab Ruhül-qüds bir yerdə yazır:
Tehranda müşavirə məclisi.
Məclisin müşaviri – İngiltərə dövləti Sistanı Əfqanıstana ilhaq etmək istəyir. Nə etmək lazımdır?
Məclisin üzvləri: – İngilis səfarətxanasının mütərcimi olan Mirzə Ağa Xoylu ilə dostlaşmaq lazımdır.
Məclisin müşaviri: – Avropa dövlətlərinin İran dövləti barədə filan-filan xəyalları vardır. Nə etməliyik?
Məclisin üzvləri: – Biz də onların səfirlərini tə’ziyə məclisinə buraxmarıq.
İndi, Mirzə Məhəmməd Cəfər! Deyin görək, bu mətləbi sizin səliqənizə görə necə qələmə almaq olar ki, həm nəsihətamiz, mehribancasına deyilmiş olsun, həm də məclis üzvlərinin vəziyyəti bu aydınlıqda, bu qədər ləzzətli və tə’sirli şəkildə aşkara çıxarılsın?..
Ola bilsin ki, məclis üzvlərinə verilən bu qiymət yalandır. Mən onları görməmişəm və tanımıram. Lakin Ruhül-qüdsün əqidəsinə görə, onlardan elə işlər baş verir ki, həqiqətdə onların belə bir ağıl və dərrakə sahibi olmaları meydana çıxır. Deyilənlərə görə, müşavirə məclisində dəmiryol inşasına dair danışıqlar gedən zaman, məclis üzvlərindən biri demişdir:
– Dəmiryol salınarsa, bizim bütün dəvələrimiz lüzumsuz qalacaqdır. Elə isə bu yolun salınmasına necə icazə verə bilərik?
Qardaşım Mirzə Məhəmməd Cəfər! Birinci Şah Abbasın vəzirlərinin ağıl və şüur dərəcəsi “Yusif şahın hekayəsi”ndən sizə mə’lumdur. Görmürsünüz ki, dövlətin vəzirləri və xalqın ağsaqqalları Şah Abbasa ulduzların mə’nasız bəlasından nəcat vermək üçün uşaqcasına nə kimi tədbirlərə əl atırlar? Bu da ki, böhtan deyildir. “Tarixi-aləmara” göz qabağındadır. Baxa bilərsiniz! Şah Abbas dövründən bu əsrə qədər İran xalqı puç əqidələrin tə’siri sayəsində tərbiyə aləmində o qədər də çox tərəqqi etməmişdir. Ola bilsin ki, bə’zi fərqlər vardır, lakin bu fərq çox cüz’idir.
Babilər fitnəsini törədənləri cəzalandırmaq işində dövlət başçılarından nə qədər yüngül hərəkətlər baş vermişdir. Bunların rəhmsizliyini və vəhşiliyini yada salan heyrətdən barmağını dişləyir. Əgər bu hərəkətləri onların yadına salmasan, oyanıb ibrət almazlar və həmişə qəflətdə qalarlar. Yada salanda da, buna təcavüz adı verilir. Bəs nə etmək lazımdır? Əgər ölkənin və xalqın mənafeyi bunu yada salmağı tələb edirsə, tənqid də eyni vəzifəni izləyir. Bu kimi mətləbləri moizə və nəsihət yolu ilə söyləmək mümkün deyildir. Əgər söyləsən, mütləq tənqid üsulundan istifadə etməlisən. Onu moizə və nəsihət adlandırmaq olmaz! Hal-hazırda Avropa ölkələrinin hər birisində satirik qəzetlər, yə’ni öz həmvətənlərinin pis əməlləri haqqında tənqid və həcv yazan qəzetlər vardır ki, hər həftə çap edilib yayılır. Avropa dövlətləri bugünkü intizam və tərəqqiyə moizə və nəsihət sayəsində deyil, tənqid sayəsində çatmışlar. Siz Volter, Yuğni Sud və Aleksandr Düma, Koldikok kimi yazıçıların romanlarından və başqa bədii əsərlərindən, bu ölkələrin Bokl və Renan kimi başqa filosoflarının yazılarından xəbərdar olmalısınız ki, bu sözün həqiqət olması sizə sabit olsun və siz mənim dediklərimə inanasınız ki, moizə və nəsihətin insan təbiətində, onun uşaqlıq və ilk gənclik dövrü keçdikdən sonra heç bir faydası və təsiri ola bilməz.
*Buna görədir ki, Ruhül-qüds özünün “Vəzir və rəfiq” adlı kitabçasında tənqid şəklində fəryad edir ki, ey mənim qardaşlarım, ey mənim həmvətənlərim, öz biliyinizlə qürrələnməyin, öz haqqınızda bədgüman olmayın, elm öyrənin, mədəniyyət dairəsinə qədəm qoyun! Sizin indiki biliyiniz əsla sizə bəhrə vermək və sizə haqqı batildən və doğrunu yalandan ayırmaq imkanını verməz!
Əgər İran dövləti Ədliyyə Nazirliyinin sə’yləri nəticəsində çap işlərində mütləq azadlıq tətbiq edərsə, Kəmalüddövlənin məktubları və Ruhül-qüdsün əsərləri tamamilə çap edilib, xalq arasında yayılarsa, əlli ildən sonra İran ölkəsi Avropanın qabaqcıl ölkələrinin tayı olacaqdır. Bunun üçün bircə şərt lazımdır ki, bütün xalq savadlansın və xalqla dövlət arasındakı gizli nifaq aradan qaldırılsın. O zaman İran xalqına xoşbəxt və şanlı bir həyat nəsib olacaqdır. Gələcək nəsillər, Kəmalüddövlənin və Ruhül-qüdsün adlarını həmişə hörmət və izzətlə yad edəcəklər. Lakin, əgər onların sözləri tənqidi şəkildə deyil, moizə və nəsihət şəklində deyilərsə, min il keçəcək və heç kəs onların sözünə qulaq asmayacaqdır.
Əzəmətli ağam!
*Nə isə, mən bilmirəm, Kəmalüddövlənin sözlərində və ibarələrində hansı cəhətləri dəyişməyi əziz qardaşım Mirzə Məhəmməd Cəfər layiq görür?! Hər bir yerinə əl vursan, əsər tənqidi əhəmiyyətini itirər. Mülayimlik və həqiqəti pərdələmək tənqid şərtlərinə müxalifdir. Mülayimlik və məsələni ört-basdır etmək tənqid şərtlərinə ziddir. Məsələn, Bokl və Renan öz əsərlərini necə yaza bilərdilər ki, mülayim, pərdəli, e’tirazsız, vaizcəsinə, nəsihətverici, mehribancasına və ata sözləri kimi çıxaydı?
Əgər belə olsaydı, onların əsərləri tənqid olmazdı, onların adını heç kəs eşitməz və əsərlərini heç kəs oxumazdı. Bu ona oxşayır ki, bir şəxs Bokl və Renana üz tutaraq desin: “Ey filosoflar, siz öz əsərlərinizi vaizsayağı, nəsihətçi kimi, mehribancasına, ata kimi mülayim dildə, eyibləri açıb-ağartmadan yazmalısınız”.
“Əgər əziz qardaşım Mirzə Məhəmməd Cəfər Kəmalüddövlənin qələmindən çıxan bə’zi kəlmələri nəzərdə tutursa, demək lazımdır ki, bu kəlmələr ədavət nöqteyi-nəzərindən deyil, şur və hissiyyata qapılmaq nəticəsində ixtiyarsız yazılmışdır. Məsələn, “nadan iranlılar”, “evi yıxılmış iranlılar” və bu kimi sifətləndirici kəlmələr əsər çap edilərkən silinə bilər. Lakin bu kimi cüz’i dəyişikliklərdən başqa, hər cür dəyişdirmə və təhrif əsərin kəlmələrini və ibarələrini tə’sirdən salar və onu yaramaz vəziyyətə gətirər.
Katibim bir müddətdir ki, xəstələnmişdir. Məcburən məktubu özüm yazıram. Xəttimin pisliyindən və səliqəsizliyindən özüm də narazıyam. Məni gərək bağışlayasınız.
Bir neçə əlavə və qeydlər vardır ki, onları mə’lumunuz olan nüsxəyə əlavə etmək vacibdir. Ona görə də onları yazmağa və göndərməyə iqdam etdim.
Bu üçüncü məktubdur ki, göndərirəm və hər birinə ayrı müfəssəl cavab gözləyirəm.
2 aprel 1871-ci il
Bu üçüncü məktubda yazdığım əlavələr və qeydlər bunlardır:
Birincisi – İranda əmirləri çubuqla döymək və uşaqlara tə’lim və tərbiyə zamanı çubuq və sillə vurmaq əhvalatı.
İkincisi, – (Hər kəs öz şəxsiyyətini tanıyarsa, o, Allahını tanımış olar) ayəsinin şərhi.
Üçüncü – İmam Qəzalinin fikrinin izahı.
Dördüncüsü – Əmmarətül-Yəməni adlı şairin şe’ri.
İnsanların uşaqlıq dövrü keçdikdən sonra moizə və nəsihətin bəşər təbiətinə qətiyyən bəhrə və faydası olmadığı haqqındakı fikrimi isbat üçün bu mətləbi də sizə yazıram ki, əziz qardaşın Mirzə Məhəmməd Cəfərə oxuyasınız. Bu ali mətləb sizə göndərdiyim ayrıca səhifədə yazılır.
Mirzə Yusif xana yazmaq lazımdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-1871-ci-il-martin-29-da-mirze-yusif-xana-yazilmis-ucuncu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Altı aya yaxındır ki, cənabınızdan məktub almamışam və sizə göndərdiyim iki nüsxə məktubum da indiyə qədər cavabsız qalır. Halbuki, onlara cavab yazmalı idiniz. Bilmirəm, mənə qarşı kəmiltifat olmuşsunuz, ya xeyr. Əgər kəmiltifat olmuşsunuzsa, səbəbini bildirin görüm, məndən nə günah baş vermişdir? Hər halda, əgər siz mənə qarşı min dəfə də kəmiltifat olsanız, mən sizə olan səmimiyyətimə və məhəbbətimə zərrə qədər də olsun xələl yetirməyəcəyəm. Çünki mən sizi nəcib xasiyyətli, idraklı, vəfalı dost, məhəbbət və pərəstişə layiq bir insan kimi tanımışam.Bilirəm ki, işiniz çoxdur. Lakin yenə də xahiş edirəm ki, mənim bu məktubuma qısaca da olsa, bir cavab yazasınız və eyni zamanda keçmişdə göndərdiyim iki məktubun sizə yetişməsi barədə də məlumat verəsiniz. O məktublardan birinin zərfi içərisində Süavi əfəndinin əlifbaya dair əqidəsi barədə yazdığım tənqidi də sizə göndərmişdim.
Münif əfəndiyəƏziz qardaşım Münif əfəndi!**İstanbulda olduğum günlərdə sizin və əziz qardaşım Arif bəyin haqqımda göstərdiyiniz məhəbbət və mehribanlıq heç bir vəchlə yadımdan çıxmamışdır və elə bir gün olmur ki, sizin yaxşılığınızdan danışmayım. Lakin təəssüf ki, sonralar məsafənin uzaqlığı məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir.
Nikolay İvanoviç BaranovskiyəQafqaz canişinliyi baş idarəsi departamentinin mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**Qafqaz canişini Baş idarəsi departa- mentinin direktoru həqiqi dövlət müşa- viri kavaler Nikolay İvanoviç Baranovski*
Osmanlı dövlətinin sədr-əzəminəDövləti-əliyyeyi-Osmaninin sədr-əzəmi şərafətli sərkar ali paşanın xidmətinə**Qafqaz canişini Qranduk Mixail həz- rətlərinin xidmətində Şərq dillərinin mütərcimi olan kolonel Mirzə Fətəli*
Стихи других поэтов
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
İnsan kimi saxla məniUlu tanrı, köməyim ol,Arzuma adaxla məni.
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.