Страница 1 из 2

Əziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü uzun eləsin!

Şirin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına səbəb oldu.

Əvvəla, sizdən bir xahişim vardır: əzəmətli ağam cənab Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadxah şahzadə nəvvab-əşrəf-əmcəd, sərkar Cəlaləddin Mirzə hal-hazırda xəstədir. Bu xəbər məni çox-çox kədərləndirdi. Xahiş edirəm ki, valahəzrət şahzadənin xəstəliyinin nədən ibarət olması haqqında tezliklə mənə mə’lumat verəsiniz ki, həyəcan və nigarançılığım aradan getsin.

Mənim bədbəxtliyimdəndir ki, bütün İranda özümə bir nəfər sirdaş tapmışdım, o da dostluğumuzun lap başlanğıcında xəstələndi.

İkincisi isə, sizin mişksaçan qələminizə afərin, yüz afərin olsun ki, “Molla İbrahim Xəlil”i əslinə tamamilə uyğun və çox-çox gözəl tərcümə etmişsiniz. Tərcümədə qətiyyən orijinaldan kənara çıxılmamışdır. Tərcümənin də əsas şərti budur ki, onda orijinaldan nə artıq, nə də əskik bir şey olsun. Bundan yaxşı, bundan yüksək tərcümə ola bilməz. Tərcüməni mütləq çap etdirməyə çalışın!

Şəklimi həmin məktubla bərabər sizə göndərirəm. Əsərin tamaşalarında iştirak edən bütün personajların şəkillərini də hər bir əsərdə çap etdirə bilsəydiniz, həqiqətdə misilsiz bir hədiyyə olar və kitablar başqa bir gözəlliyə malik olardı.

Başqa əsərlərin tərcüməsini artıq Tiflisə göndərmək lazım deyildir. Vaxtınızı itirməyin, hamısını birbaş çap etdirin! Mənim sizin qələminizə böyük inam və e’tibarım vardır. Hər bir əsər çapdan çıxdıqdan sonra 3-4 nüsxə mənə hədiyyə göndərin!

“Georq Klifford” sözlərinin mə’nasını soruşmuşsunuz. Deməliyəm ki, bunlar hər ikisi bir nəfər əmirin adıdır, bir şəxsin adıdır... Yə’ni Kliffordoğlu Georq. Necə ki, ərəblərdə Sə’d ibn-Vəqqas, Ömər ibn-Sə’d və Əmr ibn-As əvəzinə – Sə’d-e Vəqqas, Ömər-ə Sə’d Əmr-e As yazmaq mə’lumdur. Cümlənin mə’nası cəhətdən cənab Linneyin hamisi olan Georq ibn-Klifforddan yüksək və əzəmətli olacaqdır”.

O ki qaldı “qığılcım” kəlməsi, türkcə qığılcım ən kiçik od şərarələrinə deyilir. Farsca “əbizə”, “xədrə” və “sitarəçə” deməkdir.

Siz necə qaradağlısınız ki, bu kəlmənin mə’nasını bilmirsiniz? Mən özüm bu kəlməni Qaradağda öyrənmişəm. Mən yeddi yaşımdan 12 yaşıma qədər Qaradağda Horand kəndində, sonra Vəlibəyli obasında Ünküt eli içərisində yaşamışam. Paskeviçlə Naibüssəltənə arasında başlanan müharibədən bir il əvvəl Arazın bu tayına – rus torpağına keçib gəlmişəm.

“Həkim çullu” isə “biyabani” (çöllü) demək deyildir. Çul türk dilində atın belinə salınana deyirlər. Rəvayətə görə, 90 il bundan əvvəl, dərviştəbiətli bir həkim səyahət məqsədilə İrandan Nuxaya gəlmiş və bir müddət bu şəhərdə qalmışdı. Onun təbabətdə və bir sıra qəribə elmlərdə, guya, tam məharəti varmış. Onun adı bu şəhərdə və onun ətrafında məşhurdur. Həmişə çula büründüyünə görə “Çullu həkim” adı ilə şöhrət tapmışdır. Yə’ni çul və ya kəpənək geyinən həkim. Nuxa camaatı hələ bu günə qədər həmin həkimi kimya sirlərini bilən bir adam kimi zənn edirlər.

Üçüncüsü – əziz qardaşım! “Kəmalüddövlə məktubları” barədə qeyd etmişsiniz ki, onları hələ oxumamışsınız. Pəs haradan bilirsiniz ki, bədxahlıq məqsədilə yazılmışdır? Burada bədxahlıq yoxdur. Ancaq irad tutmaq və tənqid vardır. Bu isə çox böyük bir məsələdir. Onun izahı üçün uzun-uzadı danışmaq lazım gəlir. Əlbəttə, belə bir izahat bu məktuba sığışmaz. Ona görə də qısaca yazıram ki, siz gərək tənqidin şərtlərindən xəbərdar olasınız ki, bu məsələdən də baş çıxara biləsiniz. İrad tutulmadan istehzasız, məzəmmətsiz və məsxərəsiz tənqidi əsər yazıla bilməz. “Kəmalüddövlə məktubları” moizə, nəsihət deyil, tənqiddir. İnsanlar pis əməllərə adət etdiyi bir halda, tənqid vasitəsilə olmayıb, moizə, nəsihət və ata məhəbbəti tərzində yazılan bir əsərin bəşər təbiətinə heç bir tə’siri olmayacaqdır.

İnsanların təbiəti moizə və nəsihətləri oxuyub, dinləməyə nifrət edir. Halbuki insanlar tənqidi əsər oxumağa həmişə həvəskar olurlar.

Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyati dəlillər sübut etmişdir ki, tənqid, istehza və məsxərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə məhv etmək olmaz. Əgər nəsihət və moizənin insanlara tə’siri olsaydı, mərhum Şeyx Sə’dinin “Gülüstan” və “Bustan” əsərləri əvvəldən-axıra qədər nəsihətdir. Pəs nə üçün İran camaatı 600 ildən bəri onları oxuyur, lakin oradakı nəsihət və moizələrə əsla əhəmiyyət vermir?! Nəticədə isə zülm və istibdad gündən-günə artır ki, əskilməyir.

Nə isə, biz bu barədə mübahisəyə girişməməliyik. Əgər mübahisəyə başlasaq, heç bir şübhə ola bilməz ki, siz məğlub olarsınız. Tənqid fənni islam ədəbiyyatında bu günə qədər hələ tətbiq edilməmişdir. Məhz buna görə də siz bu kimi əsərlərdən tez qorxuya düşürsünüz. Nəhayət, xalqı tərbiyələndirmək, həmməzhəblərimizin əxlaqını saflaşdırıb islah etmək, dövləti nizam-intizama salıb, onun əmrlərinin və qadağan etdiyi işlər haqqındakı hökmlərinin tə’sirini artırmaq üçün tənqiddən faydalı heç bir vasitə ola bilməz.

Kəmalüddövlə vaiz və nəsihətçi deyil. O, tənqidçidir. Əgər o, vaiz və nəsihətçi olsaydı, ona da Molla Məhəmməd Rəfi Vaizi-Qəzvini kimi baxardılar. Əsərləri də Molla Rəfinin yazdığı “Əbvabül-cinan” kimi duzsuz, tamsız, ləzzətsiz çıxardı. Elə bir adam tapa bilərmisiniz ki, “Əbvabül-cinanı” öz meyli ilə kəsalətsiz oxumuş olsun? Kitabının adından belə adamın zəhləsi gedir.

Lakin, Kəmalüddövlənin məktubları bir şəxsin əlinə keçərsə, yeyib-yatmağı özünə haram edərək, bulaq başına çatan susuz bir adam kimi onları oxuyacaq və onların mətləblərini anlamağa, onlardan ibrət almağa və bilik əldə etməyə çalışacaqdır. Oxuduqdan sonra istər-istəməz belə bir qərara gələcəkdir ki, tənqidçinin pislədiyi hər bir əməldən uzaqlaşmaq və tə’rif etdiyi əməlləri mütləq icra etmək lazımdır.

İndi görün, nəsihətlə tənqid və nəsihətçi ilə tənqidçi arasında nə qədər böyük fərq vardır! Tənqidin moizə və nəsihətdən bu qədər üstün olmasının səbəbi nədir? Tənqidi əsəri susamaq ehtirasına oxşar bir həvəslə oxumaq meyli haradan doğulubdur? Bu üstünlüyün səbəbi odur ki, tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yazılır. Buna görə də tənqidin oxunuşuna bu qədər böyük həvəs vardır. Bu elə bir gizli sirdir ki, onu Avropa alimləri kəşf edə bilmişlər. Mənim xalqım bu sirdən hələ də xəbərsizdir. Əgər inşallah, Kəmalüddövlənin məktubları nəşr edilərsə, mənim xalqım da tərbiyə və mə’rifət meydanına qədəm qoyar. Deməliyəm ki, mənim xalqımın fitri iste’dadı Avropa xalqlarının fitri iste’dadından qat-qat artıqdır.

Tənqidin moizə və nəsihətdən üstünlüyünü sübut edən ən parlaq misal sizin gözünüz qarşısındadır. Nə üçün uzağa gedək? Fərz edək ki, bir vaiz nəsihətçi ata məhəbbəti şivəsində bir kitab yazaraq, kimyanın həyatda mövcud olmadığını xalqa anlatmaq istəmişdir. Digər tərəfdən isə başqa bir şəxs ortaya çıxmış və “kimya yoxdur və ya kimyanın olduğuna inanmaq olmaz”, – sözlərini dilinə belə gətirmədən ancaq tənqid və istehza məqsədi ilə “Molla İbrahim Xəlil” hekayətini yazaraq, xalq arasında yaymışdır. İndi deyin görək, bu iki növ əsərdən hansının insanların təbiətindəki tə’siri üstün və aşkardır? Söz yox ki, “Molla İbrahim Xəlil” hekayətinin! Çünki bu əsər tənqid və istehza üsulu ilə yazılmışdır.

Tənqidin nəsihətdən başqa bir fərqi də vardır. O da bundan ibarətdir ki, müasir adamların və gələcək nəsillərin əxlaq və tərbiyəsini islah etmək işində nəsihətin qətiyyən tə’siri yoxdur. Halbuki tənqid müasir insanların əxlaq və tərbiyəsinin islahı və təkamülündə tə’sirsiz qalmadığı kimi, gələcək nəsillərin əxlaqı və tərbiyəsinin islah və təkamülündə də tam tə’siri vardır. Bu cəhətdən o, arzu edilən nəticəni verə bilər. Bu mətləbin də geniş şərh və izaha ehtiyacı vardır. Bu sözün haqq olmasına dair Avropa alimləri geniş fikirlər söyləyib, əsərlər yazmışlar. Avropa dövlətləri isə milyonlarla pul sərf edib, hər bir böyük şəhərdə teatr adı ilə əzəmətli binalar tikdirmişlər ki, qadınlar və kişilər oraya yığışaraq, öz həmvətənləri haqqında tənqid və istehza ilə yazılmış əsərlərə qulaq assınlar və məsxərəyə qoyulanların vəziyyətini görüb, onlardan ibrət alsınlar. Çünki onlar başa düşmüşlər ki, moizə və nəsihətin insan vaxtını zay etmək və insana kəsalət gətirməkdən başqa faydası yoxdur.

Siz Kəmalüddövlədən ata nəsihətləri eşitmək təmənnasında olmayın! Birdəfəlik bilin ki, nəsihət və moizə istər ata məhəbbəti ilə olsun, istərsə də cəhənnəm qorxusu və buna oxşar başqa təhdidlər altında söylənilsin, fərqi yoxdur, insan təbiətinə heç bir tə’sir edə bilməz.

Bütün oğrular, yolkəsənlər, qatillər, zalimlər, müstəbidlər, fırıldaqçılar – hamısı cəhənnəmin vəsfini dönə-dönə eşitmişlər, moizələrə və nəsihətlərə az-çox qulaq asmışlar. Lakin bununla belə, yenə də öz pis əməlləri və xasiyyətlərindən əl çəkməmişlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов