Qafqaz canişinliyi baş idarəsi departamentinin mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi

Qafqaz canişini Baş idarəsi departa- mentinin direktoru həqiqi dövlət müşa- viri kavaler Nikolay İvanoviç Baranovski

həzrətlərinə
28 yanvar 1870-ci il, Tiflis şəhəri

Həzrət-əşrəfinizə məlum olduğu kimi keçən il yazda mən həm müsəlmanların özü üçün və həm də avropalılar üçün Şərq ədəbiyyatını öyrənmək işini asanlaşdırmaq məqsədi ilə islam əlifbasını dəyişdirmək haqqında tərtib etdiyim bir layihəni Tehranda Maarif Nazirliyinə göndərmək üçün burada olan İran baş konsulu sərtip Əli xana vermək haqqında Qafqaz canişinliyinin Baş idarəsi rəisi zati-alinizdən icazə almışam. O zaman mən sizə bildirmişdim ki, həmin layihə 1863-cü ildə mənim tərəfimdən Konstantinopola aparılmış və oradakı Elmlər Akademiyasında müzakirə edilmişdir.

Hazırda mən İran Maarif Nazirliyindən məlumat almışam ki, bu nazirlik müxtəlif səbəblərə görə mənim fikrimi həyata keçirməyi mümkün hesab etmir. Buna görə də yeni layihəmi yenə də Türkiyə Elmlər Akademiyasının müzakirəsinə göndərməyi təklif edir.

Mənim bu fikrim Konstantinopolda olan sağlam düşüncəli müsəlmanların şüurunda artıq özünə yer salmışdır və orada nəşr edilən jurnallar tez-tez öz səhifələrində islam əlifbasını dəyişdirməyin lazımi iş olması haqqında məqalələr dərc edib, müzakirə açır və bu fikrin tərəfdarlarının sayı gündən-günə artmaqdadır.

Mən bu faydalı fikrin birinci təşəbbüsçüsü olduğuma görə, hazırda belə bir qərara gəlmişəm ki, əvvəlki layihəmə nisbətən əhəmiyyətli dərəcədə sadələşdirilmiş yeni layihəmi buradakı Türkiyə konsulunun vasitəsilə yenə də Konstantinopoldakı Elmlər Akademiyasının müzakirəsinə göndərim. Mən bu fikirdəyəm ki, bununla bərabər, Türkiyə sədr-əzəmindən bu layihəni həmin müəssisədə müzakirə etmək üçün göstəriş verməsini də xahiş edim. Mən bütün məktublarımı sədr-əzəmə və daha sonra Elmlər Akademiyasına vermək üçün həmin akademiyanın üzvü olan dostum Münif əfəndinin ünvanına göndərəcəyəm.

Buna görə də sizin zati-alinizə müraciət edərək, acizanə xahiş edirəm ki, Qafqaz canişinliyi Baş idarəsi rəisindən bu iş üçün mənə icazə alasınız və yainki, zati-aliləri rəisin keçmişdə verdiyi icazəyə əsasən, özünüz bu icazəni mənə verməklə, dünyanın bütün millətləri və xalqları üçün əlçatmaz sayılan Şərq ədəbiyyatındakı bu çoxəsrli maneəni aradan qaldırmaqdan ötrü sonuncu təşəbbüsdə olmağım üçün mənə imkan yaradasınız.

Podpolkovnik Mirzə Fətəli Axundzadə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həsən bəy

Hərgah sənin dövrübərində olan aşinalardan mənim Sultanova yazdığım məktubun basılmağını məsləhət görmüyələr, əlbəttə, onların sözlərinə qulaq asma, əlbəttə, bu məktubu bas ki, ondan gələcəkdə sənin muradınca yaxşı-yaxşı nəticələr vasil olacaqdır, yəqin elə ki, bu məktubda dini-islama toxunan əsla bir söz yoxdur. Hər kəs desə var, anlamır. Qoy, bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patryot olsun, onda hər nə etsən, baş dutar. Vəilla, madam ki, bizim millətimiz fanatiklik halındadır, hər bir əməli-xeyr üçün bizim səy və təlaşımız bihasildir və əgər bu məktub bir təbəqədə sığışmasa, qabaqdakı qəzetdə bir təbəqə kağaz artır ki, bu məktub bir dəfədə təmamən basılsın.15 fevral, sənə 1877*

1 мин
Hacı Mötəmədüddövləyə

Nəvvabi-müstətab, əşrəf, əmcəd, alinəsəb fars əyalətinin fərmanfərması şahzadə Hacı Mötəmədüddövləyə ərz edirəm**Sizə nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Nəvvabi-müstətabınız böyüklükdə iltifatınızı o dərəcəyə çatdırmışsınız ki, “Cami-Cəm” “Xülasətül-hesab” və “İngiliscə lüğət”dən ibarət özünüzə məxsus olan üç cild əsərinizi mənə hədiyyə göndərmişsiniz. Bu hədiyyənin müqabilində, mənim təşəkkür və minnətdarlıqdan başqa sizə təqdim edəcəyim bir şeyim yoxdur. Xudavəndi-aləm şahzadənin mübarək vücudunu əzizlik və xoşbəxtlik təxtində bərqərar etsin.

2 мин
Qeyd

Əgər islam əlifbası sillabi deyil, alfabeti olsaydı və yazılarkən sol tərəfdən sağ tərəfə yazılsaydı və bu cəhətdən alfabeti yazının qaydasına riayət edilsəydi, islam xalqları mədəniyyət, yəni tərəqqi aləmində şübhəsiz ki, Avropa xalqlarından irəli keçərdilər. Ona görə ki, əvvəldə mədəniyyət toxumu islam xalqlarının yaşadığı torpaqda göyərmişdir. Lakin sillabi yazının çətinliyi nəticəsində elm və maarifin yayılması bu xalqların bütün sinifləri içərisində mümkün olmamışdır və müsəlmanların yaşadığı torpaqda yerə salınan mədəniyyət toxumu çürüyüb məhv olmuş, lakin alfabeti yazının asanlığı nəticəsində, Avropa torpağında bu toxum göyərmiş və inkişaf etmişdir.Minlərlə təəssüf olsun ki, islam xalqlarının başçıları öz əlifbalarını dəyişdirməyin vacib bir iş olduğunu dərk etmirlər və günəşdən aydın olan bu məsələnin əhəmiyyətini anlamırlar.

1 мин
Mirzə Fətəli Axundzadənin tərcümeyi-halı

Kolonel Mirzə Fətəli Axundzadənın özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı**Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur. O, ilk gənclik illərində Təbriz mahalında olan Xamnə qəsəbəsinin kətxudası idi. Vəzifəsindən çıxarıldıqdan sonra miladi 1811-ci ildə ticarət məqsədi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində Axund Hacı Ələsgərin qardaşı qızı ilə evlənmişdir ki, miladi 1812-ci ildə mən həmin zövcədən doğulmuşam. Bu tarixdən iki il sonra Şəki vilayətinin hakimi olan xoylu Cəfərqulu xan vəfat etmişdir. Buna görə də, o vaxta qədər Cəfərqulu xanın himayəsi altında həmin vilayətdə yaşayan iranlı qəriblər vətənə qayıtmaq qərarına gəlmişlər. Mənim atam da onların sırasında arvadı və uşağı ilə bərabər Xamnə qəsəbəsinə yola düşmüşdür.

10 мин

Стихи других поэтов