Mirzə Fətəli Axundzadənin tərcümeyi-halı
Kolonel Mirzə Fətəli Axundzadənın özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı
Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur. O, ilk gənclik illərində Təbriz mahalında olan Xamnə qəsəbəsinin kətxudası idi. Vəzifəsindən çıxarıldıqdan sonra miladi 1811-ci ildə ticarət məqsədi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində Axund Hacı Ələsgərin qardaşı qızı ilə evlənmişdir ki, miladi 1812-ci ildə mən həmin zövcədən doğulmuşam. Bu tarixdən iki il sonra Şəki vilayətinin hakimi olan xoylu Cəfərqulu xan vəfat etmişdir. Buna görə də, o vaxta qədər Cəfərqulu xanın himayəsi altında həmin vilayətdə yaşayan iranlı qəriblər vətənə qayıtmaq qərarına gəlmişlər. Mənim atam da onların sırasında arvadı və uşağı ilə bərabər Xamnə qəsəbəsinə yola düşmüşdür.
Dörd ildən sonra atamın xamnəli olan başqa arvadı ilə yola gedə bilməyən mənim anam atamdan xahiş etmişdir ki, onu mənimlə birlikdə, o zaman Ərdəbilin Meşkin mahalında Şəkinin sabiq hakimi Səlim xanın xidmətində olan əmisi Axund Hacı Ələsgərin yanına göndərsin. Atam anamın xahişini qəbul edib, onu mənimlə birlikdə əmisinin yanına göndərmişdir. O tarixdən mən atamdan ayrılıb, bir daha onu görməmişəm və Qaradağ kəndlərindən olan Horand kəndində anamın əmisinin yanında olmuşam.
Bir il sonra Axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başlamış, əvvəlcə özü Quranı mənə öyrətmiş, Quranı bitirdikdən sonra yavaş-yavaş farsca və ərəbcə kitablardan mənə dərs demişdir.
Bu Axund Hacı Ələsgər nadir bir alim idi. İstər farsca və istərsə də ərəbcə bütün islami elmlərdən mükəmməl məlumatı var idi. O, məni oğulluğa qəbul etmiş və mən xalq arasında Hacı Ələsgər oğlu adı ilə tanınmışam.
İki ildən sonra Axund Hacı Ələsgər Horand kəndindən Qaradağın Ünküt elinə köçüb, Vəlibəyli obasında sakin oldu. O vaxtlar, şirvanlı Mustafa xan da Ünküt eli qışlaqlarının yaxınlığında Şəkərli adlanan yerdə yaşayırdı. Bu gözəl təbiətli xandan mənim ikinci atam o qədər böyük yardımlar görmüş və vəsfəgəlməz yaxşılıqlar müşahidə etmişdir ki, onları yazmaqla bitməz.
Bu arada, yəni miladi 1825 tarixində Axund Hacı Ələsgərin Məhəmmədhüseyn adlı böyük qardaşı Şəki vilayətindən Ünküt elinə gəlib, onu mənimlə və anamla bərabər, əsil vətəninə gətirdi. Axund Hacı Ələsgər birinci ildə Gəncə şəhərinə varid olub, burada dayandı və təsadüfən, o birisi ildə İran dövləti ilə Rusiya dövləti arasında müharibə başlandı.
Bu müharibə əsnasında Axund Hacı Ələsgərə və onun ailəsinə üz verən müsibətlər, onların düçar olduğu bəlalar, bütün var-dövlətlərinin Gəncə qalasında qarət olunması, özlərinin müflis hala düşməsi yazıya sığışmaz.
Xülasə, İran qoşunu məğlub olduqdan sonra, Axund Hacı Ələsgər öz ailəsi ilə Nuxa şəhərinə gəlib, orada qaldı və yenə də mənim təhsilimə böyük diqqət və qayğı göstərib, fars və ərəb dillərini mənə mükəmməl öyrətdi. Hətta, məni Dağıstan ləzgi tələbələri kimi, ərəb dilində danışmağa adət etdirdi.
1832-ci ilin əvvəllərində Axund Hacı Ələsgər Məkkəyə getməli oldu. O, məni Gəncəyə gətirib, Axund Molla Hüseynin yanında məntiq və fiqh kitablarını oxuyub öyrənməyə qoydu; özü isə Məkkəyə yollandı.
Bu vaxta qədər mən farsca və ərəbcə oxumaqdan başqa bir şey bilmirdim və dünyadan xəbərsiz idim. İkinci atamın məqsədi bu idi ki, mən ərəb elmlərini öyrənib bitirdikdən sonra ruhanilər cərgəsinə daxil olub yaşayım. Lakin başqa bir hadisə üz verdi ki, bu niyyətin baş verməməsinə səbəb oldu.
Bu hadisənin təfsilatı belədir:
Gəncə məscidinin hücrələrindən birində həmin vilayət əhli Mirzə Şəfi adlı bir şəxs yaşayırdı ki, bir sıra müxtəlif biliklərə malik olmaqla bərabər, nəstəliq xəttini də çox yaxşı yazırdı. Bu, həmin Mirzə Şəfidir ki, Almaniya ölkəsində onun tərcümeyi-halını və farsca şeirlər yazmaqda hünərini yazıb vəsf etmişlər. Mən ikinci atamın buyuruğu ilə hər gün həmin şəxsin yanına gedib, nəstəliq xəttini məşq edirdim. Get-gedə mənimlə bu hörmətli şəxs arasında mehribanlıq və səmimiyyət əmələ gəldi. Bir gün həmin möhtərəm şəxs məndən soruşdu:
– Mirzə Fətəli, elmləri öyrənməkdən məqsədin nədir?
Cavab verdim ki: – Ruhani olmaq istəyirəm.
Dedi: – Demək, riyakar və şarlatan olmaq istəyirsən?
Təəccüb edib çaşıb qaldım ki, görəsən bu nə sözdür? Mirzə Şəfi mənim vəziyyətimə nəzər salıb, dedi:
– Mirzə Fətəli! Öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə! Başqa bir peşə dalınca get!
Elə ki, ondan ruhanilərə nifrət etməsinin səbəbini soruşdum, o, elə mətləbləri açıb söyləməyə başladı ki, o günə qədər mənə məlum deyildi.
Nəhayət, ikinci atam Məkkədən qayıdana qədər Mirzə Şəfi ürfanın bütün məsələlərini mənə təlqin etdi və qəflət pərdəsini mənim gözümdən açdı. Bu əhvalatdan sonra ruhaniliyə nifrət etdim və əvvəlki niyyətimi dəyişdirdim.
İkinci atam Məkkədən qayıtdıqdan sonra Nuxaya qayıtdım. Yenə də bir müddət bəzi ərəbcə kitabları, o cümlədən Şeyx Bəhainin “Xülasətül-hesab” adlı kitabını oxumaqla məşğul oldum. Bu arada Nuxada rusca məktəb açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənməyə meyl etdim. Bir il müddətində həmin məktəbdə rus dilini öyrənirdim. Böyüdüyümə görə, burada bir ildən artıq oxuya bilmədim. Bir ildən sonra 1834-cü ildə ikinci atam məni götürüb Tiflisə gətirdi və rus sərdarı Baron Rozenə ərizə verib, xahiş etdi ki, məni öz dəftərxanasında Şərq dilləri mütərcimi sifətilə qulluğa götürsün və rus katiblərindən birini də məni rusca oxutmağa təyin etsin ki, rus dili sahəsində biliyim təkmilləşsin.
Bu sərdara nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Bu mələk xislətli əmir ikinci atamın xahişini dərhal qəbul edib, mənim barəmdə o qədər iltifat göstərdi ki, mən onun vəsfindən acizəm.
O tarixdən bu günə qədər Qafqaz sərdarlarının yanında Şərq dilləri mütərcimi vəzifəsində çalışıram. Onların hər birisindən cürbəcür iltifatlar, mərhəmətlər görmüşəm. Yaxşı güzəranım vardır. Kolonellik rütbəsinə malik olmuşam. Baron Rozendən sonra mənim ikinci nemətverənim olan mərhum general-feldmarşal knyaz Vorontsovdan xüsusilə razıyam ki, bu işgüzar və ağıllı əmirin iltifatı sayəsində, məndə yazıçılıq qabiliyyəti özünü göstərdi. Azərbaycan türkcəsində altı komediya, yəni təmsil yazıb, ona məlumat verdim. Böyük təqdirə, çoxlu ənama nail oldum. Bu xeyirxah əmirin tikdirdiyi Tiflis teatrında “Təmsilat”ımı tamaşaya qoydular. Teatr salonunda olanlardan afərinlər, təriflər eşitdim.
Sonra “Yusif şahın hekayəsi”ni yenə də türk dilində yazdım. Bu yeddi əsər rus dilinə tərcümə edilib çap olunmuşdur. Bu əsərlər haqqında Peterburq və Berlin jurnallarında təriflər yazılmışdır.
1857-ci il miladidə islam əlifbasını dəyişdirmək üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib məsələ olduğunu həmin kitabçada göstərdim. 1863-cü ildə Qafqaz canişini həzrət-əşrəf şahzadə qranduk Mixaildən icazə alıb, bu fikrimi bildirmək üçün İstanbula getdim. Həzrət qranduk bütün müsafirət xərcimi dövlət xəzinəsindən əta etdi. Vəziri Kruzenştern də İstanbuldakı rus səfirinə bir məktub yazdı ki, qarşımda duran məqsədi yerinə yetirmək üçün Osmanlı dövləti başçılarının yanında lazım gələn səyi göstərsin. Əlifbanı dəyişdirmək haqqında yazmış olduğum kitabçanı rus səfiri mütərciminin vasitəçiliyi ilə Osmanlı dövlətinin sədr-əzəmi Fuad paşaya təqdim etdim. Türkcə “Təmsilat”ımı və “Yusif şahın hekayə”sini də göstərdim.
Sədr-əzəmin əmri ilə kitabçanı Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə etdilər. Hər cəhətdən əlverişli hesab edib bəyəndilər. Lakin həyata tətbiq edilməsinə icazə vermədilər. Çünki kitabçada təklif edilən əlifbada kəlmələrin tərkibində hərflərin bitişik olması nəzərdə tutulduğundan, çap işində çətinlik qarşıya çıxırdı. Mən dedim ki, bu nöqsanı aradan qaldırmaq üçün köhnə islam əlifbasında tam bir dəyişiklik aparmaq lazım gəlir. Buna görə də islam əlifbasındakı hərflər də, avropalıların yazısında olduğu kimi, bitişməz olmalıdır. Yazı soldan-sağa doğru yazılmalıdır. Nöqtələr tamamilə atılmalıdır. Hərflərin şəkilləri latın əlifbasından seçilməlidir və sait hərflərin hamısı samit hərflərin sırasında yazılmalıdır. Sözün qısası, sillabi əlifbamız alfabeti əlifba ilə əvəz edilməlidir.
İstanbul alimləri və nazirləri mənim bu fikrimi də qəbul etməyə razılıq vermədilər. İranın İstanbuldakı səlahiyyətli naziri Mirzə Hüseyn xanın mənə qarşı ədavəti də osmanlıların mənimlə razılaşmamalarına qüvvət verdi.
Nə isə, İstanbuldan məqsədimə nail olmadan qayıtdım. Lakin islam əlifbasını dəyişdirmək barəsində fikrim Osmanlı dövləti tərəfindən qəbul olunmadısa da, Məcidiyyə ordeni əlifbanı dəyişdirmək haqqında Fəxri fərman verdilər.
İstanbulda Mirzə Hüseyn xanın əlindən müsibətlər çəkmişəm ki, əgər onların hamısını yazsam, başağrısına səbəb olar. Bu adam keçmişdə Tiflisdə öz dövlətinin konsulu idi. Qəlbən mənə qarşı şiddətli ədavəti varmış. Lakin mən onun ədavətindən tamamilə xəbərsiz olub, onu özümə dost hesab etdiyimdən, İstanbulda onun evində mənzil etdim. Nəhayət, o, ədavətini büruzə verdi. Bütün Osmanlı nazirlərinin qarşısında məni islam dini və dövlətinin bədxahı kimi qələmə verdi.
Sonralar məlum olduğuna görə, onun ədavət bəsləməsinə səbəb guya bu imiş ki, mən türkcə “Təmsilat”ımda iranlıların yaramaz əxlaq və rəftarını pisləmişəm. Bu isə dramnəvisliyin əsas şərtlərindəndir. Bu adam dramnəvislikdən və onun şərtlərindən bir şey anlamadığına görə, dünya elmlərindən tamamilə binəsib olduğuna görə, hiyləgərlik, riyakarlıq, paxıllıq, gözügötürməzlik, acgözlük və tamahdan başqa qabiliyyəti olmadığına görə, elə zənn etmişdir ki, mənim bu cür hərəkətim iranlılara kin bəsləməyimin nəticəsidir. Onun mənə qarşı ədavət bəsləməsi aşkar olduqdan sonra evindən çıxıb, başqa yerdə mənzil etdim.
Tiflisə qayıtdıqdan sonra əlifba barədə öz fikirlərimi başqa bir kitabçada yazıb, Tehrana göndərdim. Bu yeni kitabçada hərflərin şəklini bitişməz tərtibdə vermişdimsə də, ruhanilərin qorxusundan yazının yenə də əvvəlki kimi sağdan-sola yazılacağını göstərmişdim. Lakin Tehranda da mənim bu fikrimə əhəmiyyət vermədilər. Həmin fikir axırda İstanbulda tərəqqipərvərlərlə konservatorlar arasında müzakirə və mübahisələrə mövzu olaraq qalır.
Sonra öz dövlətimin icazəsi ilə Tiflisdən İstanbula, Osmanlı sədrəzəmi Ali paşaya əlifba məsələsinə dair bir kitabça və bir də sabiq islam əlifbasının dəyişdirilməsinin lazım olmaması haqqında məqalə yazmış olan Süavi əfəndi adlı Osmanlı aliminin fikirləri və təsəvvürlərinə qarşı yazdığım tənqidi göndərdim. Bu kitabça da nəticəsiz qaldı.
Əlifba haqqındakı fikirlərim barədə fars dilində bir mənzumə yazaraq, əhvalatı orada şərh etmişəm.
Bu əhvalatdan sonra “Rövzətüssəfa”ya mülhəqat yazmış Hidayət təxəllüslü Rzaqulu xanın tarixinə kiçik bir tənqid yazıb, Tehrana göndərdim. Bir il sonra Süruş təxəllüslü Şəmsüş-şüəra ləqəbi olan bir tehranlı şairin farsca yazmış olduğu qəsidəsinə tənqid yazıb, Tehrandakı tanışlarıma göndərdim.
Bir qədər sonra bu fikrə gəldim ki, müsəlman xalqlarının mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün “Kəmalüddövlə”ni yazmağa başladım.
Bu “Kəmalüddövlə” elə bir əsərdir ki, bu günə qədər islam dini haqqında bu aydınlıqda və bu kimi dəlillərlə onun misli ola bilən bir əsər yazılmamışdır. Bu isə ona görə deyildir ki, müsəlman filosoflar onun məsələlərindən xəbərdar olmamışlar. Xeyr, xəbərdar olmuşlar. Lakin onlardan heç birisi öz bildiklərini açıq-aşkar söyləməyə cəsarət etməmişdir.
Hazırda yaşım altmışı keçmişdir. Rusiya dövlətinin sayəsində mənə həvalə edilmiş qulluqda çalışıram və dövlətin himayəsindən istifadə edirəm. Bir oğlum, bir də qızım vardır. Qızımı ərə vermişəm. Oğlumun 20 yaşı vardır. Təhsilini Tiflis gimnaziyasında bitirmişdir. Rus və fransız dillərini çox yaxşı bilir. Fars və ərəb dilləri ilə də tanışdır. 1874-cü ilin iyun ayının əvvəlində biliyini təkmilləşdirmək üçün Belçika universitetinə gedib, orada mühəndislik elmini öyrənməklə məşğuldur.
“Kəmalüddövlə” əsəri vasitəsilə özümə çoxlu dostlar və həmfikirlər tapmışam. Onlardan biri Mirzə Yusif xandır ki, o vaxt İran dövləti tərəfindən Tiflisdə konsul idi. Sonra Parisdə İran dövlətinin səlahiyyətli naziri vəzifəsinə təyin olundu. Biri də Fətəli şah Qacarın oğlu, cavan ölmüş şahzadə Cəlaləddin Mirzə idi. O, mənimlə dost olmuşdu, məktublaşardı və məni sonsuz dərəcədə əziz tutardı. Əfsus, əcəl aman vermədi ki, bu fəzilət sahibi olub, bütün gözəl sifətləri və təqdirəlayiq əxlaqı öz şəxsiyyətində cəmləşdirmiş şahzadə ilə mənim dostluğum uzun müddət davam etsin. Alinəsəbli şahzadə 1870-ci ildə ömrünün cavan çağlarında bu fani dünyanı tərk etdi.
Dostlarımdan biri də təbrizli Ağa Ələkbərdir ki, Babayev famili ilə şöhrət qazanmışdır. Oğlum Belçika universitetinə getdikdən sonra daima mənimlə həmsöhbət olub, oğlumdan ayrılıq günlərində mənə təsəlli olmuşdur. Bu Ağa Ələkbər qanacaqlı, şüurlu, ürfandan tamamilə xəbərdar və öz müsahibliyində mehriban, xoşrəftar və xoşsifət bir şəxsdir. Ondan vəsfəgəlməz dərəcədə razıyam. Onunla elə ünsiyyət bağlamışam ki, əgər bir gün görməsəm, özümü pərişan və kədərli hiss edərəm. Bu üç nəfərdən başqa bir çox dostlarım və həmfikirlərim vardır ki, onları birər-birər saysam, mətləb uzanmış olar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-mirze-feteli-axundzadenin-tercumeyi-hali
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim.
Xarici işlər nazirliyinə məktubXarici işlər Nazirliyinə yazılmış məktubun surəti**Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə*
Hacı Əli xana məktubHacı Əli xana yazılmış məktubun surəti**Yüksək nəsəbli Etimadüddövlə cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!
Paşa xana yazılmış məktubAli nəsəbli Əminül-mülk cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan aligövhər bir cavandır və mənə böyük məhəbbəti və mehribanlığı vardır. O, həmişə alinəsəbli cənabınızın yaxşı xasiyyətlərindən və gözəl hərəkətlərindən, islampənah, şövkətli padşahın, Allah onun səltənətini əbədi etsin, hüzurunda cənabınızın xüsusi məqam sahibi olmasından danışır.
Стихи других поэтов
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Saçına uymuş xəyalım çünki ənbərbu kimiSaçına uymuş xəyalım çünki ənbərbu kimi,Ol səbəbdən incəlib qəddim olubdur mu kimi.
سحرگاهان که دیلم تاوه گیریاز آهم هفت چرخ آلاوه گیری