(h. 1280-ci ildə)

Bilik və mə’rifət sahiblərinə aydın və aşkardır ki, heç bir əsrdə və heç bir zaman dünya dinsiz və zındıq adamlardan xali olmamış və olmayacaqdır. Bu adamlara acıqlanıb qəzəblənmək heç bir nəticə verməz. Çünki bu kimi yolunu azmış adamlar bir və ya iki nəfər deyil, həm də ölkənin daxilində yaşamırlar və özləri də müəyyən bir əsrdə baş qaldırmırlar ki, onların öhdəsindən asanlıqla gəlmək mümkün olsun. Onlar saya-hesaba gəlməz dərəcədə çoxdurlar. Biz onların hansının öhdəsindən gələ bilərik?

Halbuki, fransız, rus və başqa Avropa millətlərindən olan müəlliflər babilərin baş qaldırmasının səbəbini də İran səltənətinin qüsurları, onun bünövrəsinin zəifliyi və islam dininin batil bir din olması ilə izah edərək çoxlu kitablar yazıb, dünyanın hər yerində yaymışlar. Onlar bu yolunu azmış babiləri məhv etmək üçün iranlıların göstərdikləri hümməti də cəhalət və nadanlıq əlaməti, yaxşını pisdən ayırmaq qabiliyyətindən məhrum olmaq nişanəsi kimi pisləmiş və istehza və məsxərəyə layiq bilmişlər.

Avropa qitəsində insanların hər bir fərdinə öz fikirlərini, istər yanlış və zərərli olsun, istərsə də doğru və faydalı, azad şəkildə yaymaq icazəsi verilən gündən bəri dünyanın hər bir yerində dinsizlər baş qaldırıb öz fikirlərini qələmə almaqdadırlar. Ancaq heç kəs onlara mane olmur və onları incitmək fikrinə düşmür.

Mə’lumdur ki, fransız allahsızlarından Volter, Reno və başqaları xristian dininin batilliyi haqqında nə kimi kitablar yazıb, xristianlar arasında yaymışlar. Ancaq dövlət və millət başçıları onları bu işdən çəkindirmək üçün təzyiqə əl atmağı cayiz bilməmişlər. Onlar yaxşı başa düşmüşlər ki, bu işin çarəsi və onların yanlış fikirlərinin xalq arasında doğurduğu təsirin qarşısını almağın yolu hədə-qorxuda deyil, ağıl və məntiqəuyğun dəlillərə əsaslanan hikmətli cavablarla rədd etməkdədir. Necə ki, aliməqam imam Əli ibn-Əbutalib əleyhissəlam bir dinsizlə bəhs edərkən, əsla acıqlanmayıb, onun tutduğu iradları hikmətli cavablarla rədd etməklə onu susdurmuşdur.

Məhz bu cavablardan sonra o dinsizin etirazları ki onların bəzisi Kəmalüddövlənin etirazlarından daha şiddətlidir, xalqın gözündə öz təsirini tamamilə itirdi. Bu mübahisənin təfsilatı şeyx Səid ibn-Mənsur Əhməd Təbərsinin kitabında bu cür yazılmışdır: “Dinsizlərdən bir nəfər Əmirəlmö’mininin yanına gəlib dedi: Əgər Qurandakı ixtilaflar və ziddiyyətlər olmasaydı, mən sizin dininizi qəbul edərdim və i.a.”.

Habelə Əli ibn-Musərriza əleyhissəlam da qüdrətli xəlifələrdən olan Mə’munun məclisində bir neçə nəfər zındıq və dinsizin cavabını əsəbiləşmədən, elm və hikmət əsasında verib, onları məğlub etmişdir. Şeyx Təbərsinin əsərini görüb oxuyanlar bu dini mübahisələrin təfsilatını bilirlər. Habelə başqa imamlar və din başçıları da müxtəlif əsrlərdə zındıqlar və dinsizlərlə mübahisəyə girişmiş və onları məntiqəuyğun dəlillərlə susdurub, e’tirazlarını xalqın gözündə e’tibardan salmışlar.

İndi ki, Övrəng Zibin naxələf oğlu öz fasid fikirlərini qələmə alıb, islamın dini əqidələrinə xələl yetirmək fikrinə düşmüşdür, şübhəsiz ki, onu da indiyə qədər olmuş və bundan sonra da olacaq zındıqlar və dinsizlərdən biri hesab etmək olar.

Heç şübhə etmək olmaz ki, onun puç fikirləri şəriət sahibinin batini qüdrəti sayəsində islam dininə heç bir zərər vura bilməyəcək və onun özü də başqa zındıqlar və dinsizlər kimi unudulmuşlar dənizində itib batacaq, parlaq şəriətin nuru isə dünyaya zinət verən günəşin şüaları kimi aləm durduqca parlayacaq və bütün üfüqlərə nur saçacaqdır. Ancaq bir şərtlə ki, onun zərərli fikirlərinin puç olması barədə kafi cavab yazılsın və beləliklə, həmin fikirlər xalqın gözündə öz təsirini və qiymətini itirsin.

Lakin əgər onun qarşısında sükut edilsə və ya qəzəb və şikayətə əl atılsa, belə bir vəziyyət hər halda din alimləri və xalqın başbilənlərinin acizliyinə dəlil olacaqdır. Bu isə dinsizləri daha artıq cürətləndirəcəkdir.

Tutaq ki, Əmr və ya Zeyd onların fikirlərinə cavab yazmaqdan acizdir; bəs məşhur alimlər içərisindən elə bir adam tapılmayacaqdırmı ki, bu hədyanlara əql və hikmət əsasında bir cavab yazmaqla onları təsirdən salsın?.. Halbuki, Avropanın hər yerində Volterin və Renonun əsərlərinə cavablar yazıb, onları təsirdən salaraq, müəlliflərini rüsvay etmişlər, nəticədə xristian dini bu dinsizlərin tənqid və etirazlarından nəinki heç bir ziyan görməmiş, əksinə, getdikcə tərəqqi edərək rövnəq tapmaqdadır. Məqamı yüksək olan imamlar da həmişə zındıqların və dinsizlərin sözlərini hikmətamiz cavablarla rədd edib, onların iradlarını xalqın gözündə etibardan salmışlar. Bu kimi əsərlərin yayılmasının qarşısını almaq və onların avam kütlələrin əqidəsinə təsir etməsinə yol verməmək üçün yuxarıda qeyd olunmuş tədbirlərdən başqa heç bir çarə olmamış və olmayacaqdır.

“Kəmalüddövlə məktubları”nın nüsxəsi mənim əlimə çatan kimi əvvəlcə elə əsəbiləşdim ki, istədim onu cırıb tikə-tikə edəm və ya oda atıb yandıram. Sonra düşündüm ki, mənim bu cür qızışmağımdan nə fayda çıxar. Tutaq ki, mən onun bir nüsxəsini cırdım və ya yandırdım, görək bununla başqa nüsxələrinin yayılmasının qarşısını almaq olarmı? Məsələni dərindən düşündükdən sonra öz niyyətimdən əl çəkdim.

İndi cənabınızın xahişinə görə həmin nüsxəni sizin xidmətinizə göndərirəm. Ancaq bu şərtlə ki, bu əsərdə olan mətləbləri rədd etmək üçün cavab yazmaq fikrində olasınız. Nüsxənin başlanğıcında həmin məktubu da bu məqsədlə yazdım ki, islam dininin qeyrətini çəkmək naminə bu vəzifəni yerinə yetirməkdən qəflət etməyəsiniz. Əgər sizin səyinizin nəticəsində bu hədyanlara kafi cavab yazılıb nəşr edilsə, artıq onların puç əqidələrinin dinə, məzhəbə, rüsuma və ölkəyə hər hansı bir zərər yetirməsi ehtimalı tamamilə aradan qaldırıla bilər. Vəssəlam.

[Bu üç məktubun bütün məsələlərini filosoflar arasında doğruluğu qəbul edilən hüquq bərabərliyi məsələsinə tam asanlıqla tətbiq etmək olar. Lakin doğruluğu filosoflar arasında münaqişəli olan mali bəra-bərlik məsələsinə onların tətbiqi hələlik mümkün deyildir.

Mali bərabərlik məsələsini anlamaq və dərk etmək, biz müasirlər üçün çox çətindir. Hərçənd ki, Avropa alimlərindən bəziləri mali bəra-bərliyi də, bəzi dəlillərə əsasən, bir neçə əsrdən sonra mümkün hesab edirlər, lakin başqa filosoflar onların fikirlərini rədd edən dəlillər gətirirlər.

Zahirdə ağıla gələn budur ki, bu dünya başqa dəyişiklik tapmasa və insan övladı başqa bir təbiət və xilqət əldə etməsə, bu dünyada millətlərin bu vəziyyət və tərkibləri və insanların bu əxlaq və təbiəti ilə mali bərabərlik mümkün deyildir].

M.F.Axundzadə

+

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов