Üçüncü məclis
Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.
H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.
Ə s g ə r b ə y. A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altında yığışıblar. Arazın qırağında cin də tapılmaz, gəlmişkən keçək.
H e y d ə r b ə y. Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların həmişə Arazın qırağında busqusu olur.
H a c ı Q a r a. Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək.
S ə f ə r b ə y. Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal. Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy, qalmaqal qopur. Yuxarıdan kazaklar yaraqlı-əsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə.
K a z a k l a r d a n b i r i s i. Ax, məlunlar! Yəqin quldurdurlar, at qovub gətirib keçirmək istirlər!
İ k i n c i s i. Mən belə bilirəm qaçaqçıdırlar!
Ü ç ü n c ü s ü. Hər kim olsa, haqqına fikir çəkərik. Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqal sakit olur. Bəylər Hacı Qaranın yanında olurlar.
H e y d ə r b ə y. Di tez olun, keçin! Dayanmaq vaxtı deyil. Hamısı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan oynuyub düşür suya, axır, kənardan suya uzanan söyüd ağacının budağına ikiəlli yapışıb sallanır, çağırır.
H a c ı Q a r a. Ay aman, Heydər bəy, Səfər bəy, Əsgər bəy, mənim dadıma yetişin, mən boğuldum!
H e y d ə r b ə y. Hacı, hardasan?
H a c ı Q a r a. Burda, söyüd ağacına yapışıb sallanmışam!
H e y d ə r b ə y. Ay evin yıxılsın, bir elə dərin yerə düşübsən ki, səni çıxarmaq heç mümkün deyil!
B ə d ə l. A başınıza dönüm, mənim atamı çıxardın!
K ə r ə m ə l i. A gədə, qoy boğulsun, malı, dövləti tökülsün qalsın, beş gün yeyin, için, kef edin! Nəyinə gərəkdir qaydına qalırsan?
Ə s g ə r b ə y. Gədə, sarsaq danışma! Xurcundan sicimi çıxart, bura ver! Kərəməli sicimi tez çıxardıb verir.
H e y d ə r b ə y. Əsgər bəy, tez sicimi gətir! Əsgər bəy sicimi yetirir.
H e y d ə r b ə y. Hacı, sicimi atırıq, tut!
H a c ı Q a r a. A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan üzsəm, su güclüdür, məni aparacaq. Halqa edin, atın, belimə düşsün! Heydər bəy sicimi halqa edib tullayır, düşür Hacı Qaranın boğazına, çəkir. Hacı Qara ikiəlli sicimdən yapışıb boğula-boğula qırağa çıxır, suyu səpələnir.
H a c ı Q a r a. Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan!
H e y d ə r bəy. Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. Gecəyarısı adam yatan vaxtda yola düşək. Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən yetişirlər.
O h a n (ermənilərin yüzbaşısı). Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmuyun. İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, allah bilir, hamısını xingəl kimi doğrayacağam!
S ə r k i s. A yüzbaşı, hansı tərəfdən gələcəklər?
O h a n. Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbər gətirib ki, burdan başqa gələsi yolları yoxdur. Sərkis, muğayat ol! Allah qoysa, bu yüklərdən adama əlli manatdan artıq bəxşeyiş yetişəcək!
S ə r k i s. A yüzbaşı, elə hamı yüklərini alacaqsan?
O h a n. Allah bilir ki, xurcunlarınadək alacağam!
S ə r k i s. A yüzbaşı, yazıq deyillərmi? Hər necə olsa axır qarabağlıdırlar.
Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq.
O h a n. Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi düşübdür? Tərəf saxlasan, qarabağlılığını gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən.
S ə r k i s. Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi?
O h a n. Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırma!
S ə r k i s. Xeyr, heç gözlərinə görükmənəm! Gedir.
O h a n. Uşaqlar, sərhesab olun! Başlayır adamları düzməyə, sonra Sərkis qayıdıb.
S ə r k i s. Yüzbaşı, evinə od düşsün, qaçaqçılar gəlirlər! Amma qabaqlarınca bir ucaboylu, qıvraq geyinmiş, yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır.
O h a n. Doğru deyirsən?
S ə r k i s. Allah bilir ki, doğru deyirəm!
O h a n. De ki, sən öləsən!
S ə r k i s. Sən öləsən, sənin başın üçün! O h a n. Üstündə doğrudan tüfəng və tapança gördün?
S ə r k i s. Vallah gördüm!
O h a n. Neçə idilər?
S ə r k i s. Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz.
O h a n. Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvaxt olaq. Adamları geri durğuzur. Bu halda bəylər qabaqca, dallarınca Hacı Qara və yüklər yetişirlər.
H e y d ə r b ə y (əlində tüfəng irəli yeriyir). Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çıxın yoldan! O h a n . Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəklə danışırsan?
H e y d ə r b ə y. Qırışmal, qara soransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? Sənə nə kiməm! Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə! (Tüfəng qaldırır). A gədə, Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə buları qırmırsınız? Vursanız buları yıxılalar!
O h a n (yoldaşlarilə yoldan yan durub). Olan, dəli olubsunuz, qudurubsunuz? Nahaq qan eləməyə, gümanam, çox örgənibsiniz, amma balam, biz qırılası adamlar deyilik.
H e y d ə r b ə y. Qırışmal, siz yəni nə qoçaq adamlarsınız ki, qırılmayasınız? Al gəldi! (Tüfəngi uzadır).
O h a n. A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan yiyəsi olma. Bizim sizlə işimiz yoxdur!
H e y d ə r b ə y. Olmaz, qırışmal, öyünmə! Səni öldürməmiş qoymayacağam!
O h a n. A canım, mən qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik. Mən dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz?
Heydər b ə y . Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur soruşursan? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!!
O h a n. Çıxırıq, çıxırıq, darıxma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! Bulardan qan iyisi gəlir!
S ə r k i s. A yüzbaşı, bəs murova nə deyək?
O h a n. Olan, nə deyəcəyik? Görmürsən bular quldurdullar? Qaçaqçı belə olar? Qaçaqçı yarım ağaclıqdan qaraltı görəndə malın tökür, qaçır. Bular ha bizi də soymaq, qırmaq istirlər. Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir! Qayıdırlar.
S ə r k i s. A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək? O h a n. Deyərik ki, heç qaçaqçıya rast gəlmədik!
S ə r k i s. Bəs deyəkmi quldura rast gəldik? O h a n. Balam, nə işimiz var? Deyərik: dəvə gördün qığın da görmədik.
K a r a p e t. Xeyr, yüzbaşı, deyərik quldura rast gəldik, çox idilər, girişə bilmədik.
O h a n. Yaxşı, onu sonra fikir edərik, hələ gəl!
S ə r k i s. Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı? (Geri dönür).
H e y d ə r bəy. Erməni, genə geri dönürsən? Vallah, sizin əcəliniz yetib. Mən sizi qırmasam, siz burdan itməzsiniz. Ermənilərin üstünə hərəkət edir. Bu halda Sərkisin papağı qaçdığı yerdə başından düşür. O h a n (diltəng). A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama! S ə r k i s. Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim, götürüm.
O h a n (darıxmış). A gədə, qoy gəl, qoy qalsın! Sərkis tez dönür, hamısı gedirlər.
H e y d ə r b ə y (dallarınca). Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin!
O h a n (uzaqdan). Olan, nə danışırsan? Bir elli deyilik, üz-üzə gəlmiyəcəyik? Nə işimiz var xəbər verək? Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyirsiniz. Biz hadrutluyuq, gəlmişdik şahsevənlərdən camış almağa, sövdəmiz baş tutmadı, qayıdıb gedirik. H e y d ə r b ə y. Yaxşı, di gedin! (Heydər bəy qeyzlə ayağın yerə çırpıb). Tez-tez gedin!.. Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdan itirlər. Bundan sonra Hacı Qara irəli yeriyib yoldaşlarına.
H a c ı Q a r a. A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız? H e y d ə r b ə y. Nədən ötrü, Hacı?
H a c ı Q a r a. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.
H e y d ə r b ə y. Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə? H a c ı Q a r a. Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?
H e y d ə r b ə y. Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin.
H a c ı Q a r a. Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqçının qabağına çıxmayalar. Hər qabağa gələni adam sağ-salamat buraxsa, dəxi buların əlindən qaçağa gedib-gəlməkmi olar? Bundan sonra hərgiz dəxi belə qazanclı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayın oldum, dalda durdum, yoxsa bulara zərbi-dəstimi göstərib, bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim!
Ə s g ə r b ə y. Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən, indi keçdi dəxi.
H a c ı Q a r a. Allah qoysa, siz də eşidərsiniz. Di sürün, durmağa vaxt yoxdur; gərək bu gecə Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm Ağcabədiyə ki, sabah cümə günüdür, bazara çatam, malı satam.
H e y d ə r b ə y. Hacı, oradan o yana yalqız gedə bilərsənmi?
H a c ı Q a r a. Oradan o yana dəxi ki, kazak yoxdur.
H e y d ə r b ə y. Kazak yoxdur, amma murov yasavuluna tuş gələsən, onda yaxşı olmaz.
H a c ı Q a r a. Mən özüm tarıdan istirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir qisas alam! H e y d ə r b ə y. Bərakallah, Hacı, maşallah qoçaq imişsən!
H a c ı Q a r a. Bir-iki yasavul mənə rast düşsün, oların başına bir iş gətirim ki, qiyamətədək dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar. Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz!
H e y d ə r b ə y. Əcəb olar, Hacı, biz də hünərini eşidərik. Başlayırlar getməyə, bir az gedib gözdən itirlər. Pərdə salınır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-serguzesti-merdi-xesis-ucuncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qafqaz canişinliyi baş idarəsi departamenti müdiri N.İ.Baranovskiyə**Baş idarənin departamenti mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin raportu*
Mirzə Yusif xanaAltı aya yaxındır ki, cənabınızdan məktub almamışam və sizə göndərdiyim iki nüsxə məktubum da indiyə qədər cavabsız qalır. Halbuki, onlara cavab yazmalı idiniz. Bilmirəm, mənə qarşı kəmiltifat olmuşsunuz, ya xeyr. Əgər kəmiltifat olmuşsunuzsa, səbəbini bildirin görüm, məndən nə günah baş vermişdir? Hər halda, əgər siz mənə qarşı min dəfə də kəmiltifat olsanız, mən sizə olan səmimiyyətimə və məhəbbətimə zərrə qədər də olsun xələl yetirməyəcəyəm. Çünki mən sizi nəcib xasiyyətli, idraklı, vəfalı dost, məhəbbət və pərəstişə layiq bir insan kimi tanımışam.Bilirəm ki, işiniz çoxdur. Lakin yenə də xahiş edirəm ki, mənim bu məktubuma qısaca da olsa, bir cavab yazasınız və eyni zamanda keçmişdə göndərdiyim iki məktubun sizə yetişməsi barədə də məlumat verəsiniz. O məktublardan birinin zərfi içərisində Süavi əfəndinin əlifbaya dair əqidəsi barədə yazdığım tənqidi də sizə göndərmişdim.
Münif əfəndiyəƏziz qardaşım Münif əfəndi!**İstanbulda olduğum günlərdə sizin və əziz qardaşım Arif bəyin haqqımda göstərdiyiniz məhəbbət və mehribanlıq heç bir vəchlə yadımdan çıxmamışdır və elə bir gün olmur ki, sizin yaxşılığınızdan danışmayım. Lakin təəssüf ki, sonralar məsafənin uzaqlığı məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir.
Nikolay İvanoviç BaranovskiyəQafqaz canişinliyi baş idarəsi departamentinin mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**Qafqaz canişini Baş idarəsi departa- mentinin direktoru həqiqi dövlət müşa- viri kavaler Nikolay İvanoviç Baranovski*