Qafqaz canişinliyi baş idarəsinin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi

23 aprel 1863-cü il, Tiflis

Kruzenşternə

Zati-alilərinizə məlum olmamış deyildir ki, Şərq dillərinin inkişafı sahəsində mənim yorulmadan göstərdiyim fəaliyyət, iki çox mühüm xidmətimlə möhkəmləndirilmişdir. Bunlardan biri ondan ibarətdir ki, mən öz ədəbi əsərlərimlə indiyə qədər bizim ədəbiyyatımıza məlum olmayan dramnəvislik məktəbinin başında durmuşam. İkincisi isə ondan ibarətdir ki, Şərq dillərini öyrənmək işinin lap başlanğıcında bütün çətinliklərin səbəblərini tamamilə aradan qaldırmaq məqsədilə yeni əlifba yaradıb, sait hərfləri ona daxil etməklə nöqtələri də ləğv etmişəm.

Mən öz əlifbamın layihəsini Peterburqda akademik Dorn və Parisdə Sarkin de-Tass kimi məşhur şərqşünasların mütaliəsinə təqdim etdim. Onların hər ikisi mənim əsərimi bütünlüklə təqdir edib, eyni halda mənə yazmış olduqları cavab məktublarında qeyd etdilər ki, mənim əlifbamın müsəlmanlar tərəfindən əsas qəbul edilməsi böyük çətinliklərlə əlaqədardır. Mən isə öz tərəfimdən onların mülahizələri ilə razılaşmaya bilməzdim. Ona görə də köhnə əlifbanın bütünlüklə yenisi ilə əvəz edilməsinin mümkün olacağı fikrindən əl çəkmək qərarına gəldim. Lakin belə bir güzəştə getməyi qət etdiyim halda, mən bu əqidəmdə sabit qaldım ki, köhnə əlifba ilə yanaşı, yeni əlifbanın öyrənilməsinə yol verilməsi son dərəcə faydalı bir iş olardı. Heç olmazsa, bu ona görə lazımdır ki, xarici dillərdən Şərq dillərinə tərcümə edilən kitablar həmin yeni əlifba ilə çap olunar. Burada məhz o cəhət nəzərə alınır ki, Şərq dillərində müvafiq qarşılıqları olmayan əcnəbi adları bizim köhnə əlifbanın hərfləri ilə lazımi surətdə dəqiq və düzgün vermək mümkün deyildir. Lakin burada daha mühüm bir məqsəd də vardır.

Ev mühitində üzərinə çox mürəkkəb vəzifələr düşən qadın cinsinin ayrıca olaraq öz ana dilində savad öyrənməyə vaxtı və imkanı olmadığından, tamamilə savadsız qalır. Yeni əlifba isə onların işini xeyli asanlaşdırır və qadınlara belə bir imkan verir ki, çoxlu vaxt sərf etmədən, asan və tez bir zamanda savad öyrənib, bununla da məhdud və nisbi olsa da, maariflənmənin cəhalət üzərindəki üstünlük hüququndan bəhrələnmiş olarlar.

Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, mən belə bir qərara gəlirəm ki, Konstantinopola səfər edib, öz dram əsərlərimi və yeni əlifba layihəmi Konstantinopol Elmlər Akademiyasının müzakirəsinə verim.

Buna görə də həzrət-əşrəfinizin himayəçiliyinə müraciət edib, acizanə xahiş edirəm ki, valahəzrət imperatorzadə böyük knyaz Qafqaz canişininin qarşısında vasitəçilik edəsiniz ki, oraya getmək üçün mənə, aldığım maaşın saxlanılması şərtilə iki aylıq məzuniyyət verilsin. Mən Tiflisdə olmadığım müddətdə vəzifəmin ifası kollegiya katibi qardaşım, Mirzə Mustafa Axundovun öhdəsinə qoyulsun.

Bu xahişimə başqa bir xahişi də əlavə etməyə cəsarət edirəm. Həzrət-əşrəfiniz mənim üçün böyük knyazdan Konstantinopoldakı bizim Rusiyanın səlahiyyətli nazirinin üstünə bir tövsiyənamə almaq barədə təşəbbüsünüzü müzayiqə etməyin. Mənim səfərimin bütün müvəffəqiyyəti valahəzrət canişinin mənə bu yüksək mərhəmətindən o qədər asılı ola bilər ki, hətta türklər mənim əlifbama rəğbət göstərməsələr belə, bu mərhəmət mənim üçün çox qiymətli olaraq qalar. Çünki onlar, heç olmazsa, görərlər ki, böyük Rusiya dövlətinin xidmətində olan müsəlmanlar içərisində elə məlumatlı adamlar vardır ki, mükafatlara layiq görülüb və Zaqafqaziyanın ali mənsəb sahiblərinin hörmətindən faydalanırlar. Mən isə Tiflisə türklərin həyat tərzi və onların əxlaq və adətləri haqqında bollu yeni məlumat ehtiyatı ilə qayıdacağam.

Akademik Dornun məktubunu bu ərizəmə əlavə etməyi özümə şərəf bilirəm.

Bu xahişimin qəbul ediləcəyinə tamamilə əmin olduğuma görə, qeyd edilən səfər üçün mənə xarici pasport verilməsi haqqında lütfən sərəncamınızı xahiş etməyi də özümə şərəf bilirəm. Mən bu səfərimi qəsdən ona görə yay fəslinə salmışam ki, bu dövrdə valahəzrət canişin yaylaqda olur və beləliklə də, mənim şifahi tərcümə işlərimə lüzum qalmır.

Zati-alilərinizə məlumdur ki, mərhum Tengeborskinin mənə qarşı olan bədxahlıq münasibəti nəticəsində əvvəllər aldığım maaşın üçdə bir hissəsindən məhrum olduqdan sonra maddi cəhətdən bir qədər çətinlik qarşısında qalmışam. Ona görə də sizə zəhmət verməyə cəsarət edib, xahiş edirəm ki, böyük knyaz imperator canişinindən mənə yol xərci olaraq, müəyyən bir məbləğ yardım edilməsi barədə vasitəçi olasınız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов