Neyləyim, ey dil ki, o dilbər ola canım mənim,Qəlbimin sirrini duya qəlbilə cananım mənim.

Mən görəndə lal olur nitqim, inan, söz tapmıram,Görməsəm bir il keçir hər ləhzəm, hər anım mənim.

Çün qızılgül yarpağından da zərif bir qəlbi var,Tez küsür, tez inciyir ol çeşmi-məstanım mənim.

Mahə bənzətdim dünən mən o gözəllər şahını,Qəhr ilə tutdu üzün, bil, şəmsi-tabanım mənim.

Hər dolanda gözləri eşqim düşür tufanlara,Qorxum ondadır ki, daşsın bir gün ümmanım mənim.

Bir bahardır, ləblərində qönçələr açmış onun,Jalə tək düşmüş o güllər üstünə qanım mənim.

Mən eşitdim Azəroğlu dildə yer vermiş ona,Hökmrandır o sarayda indi sultanım mənim.

Təbriz, 1944

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви