Örtmə pəncərəni...
Örtmə pəncərəni!..Necə? Sətəlcəm?Qorxmuram, qoy külək içəri dolsun.Açıq qəlbim kimi qapım, pəncərəmDünyanın üzünə qoy açıq olsun.
Örtmə pəncərəni... Gəlir ilk bahar,Gör, çölün havası necə təmizdir.Açıq pəncərələr, açıq qapılarDünyaya açılan gözlərimizdir.
Təzə bir havaya həsrət qalıb söz,Söz də təzələnmək istəyir, dayan!Dolsun otağıma, gəlsin iznsizYellər pəncərəmi taqqıldatmadan.
Tufan istəyirəm, yandıra bilsinKönlümün qaralan ocaqlarını.Gəlsin, qarışdırsın, alt-üst eyləsinYazdığım, pozduğum varaqlarımı.Masa arxasında gecəbəgündüzBir ömür əritdim təzə söz üçün.Gəlsin təzə fikir, gəlsin təzə sözDünən yazdıqlarım köhnəlir bu gün.İstərəm sabahı bu gündən bilim,Könlümə nur qonsun, işıq çilənsinÖrtmə pəncərəni, örtmə, sevgilim,Hava təzələnsin, söz təzələnsin.
İyul, 1978, Şəki
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-ortme-pencereni
Клавиши ← → для перехода, R — случайное стихотворение