Həkim dostum Cavanşir!
Bəşərin cismani ağrıları siz həkimlərin,
mənəvi ağrıları isə qələm sahiblərinin
ürəyindən keçir.

Proloq

Dodağımda:
"Beynəlmiləl" nəğməsi,
Qulağımda: hələ də
Əzilən millətlərin
Zəncir səsi,
ah səsi...
Qarşımda:
qoca Hemin
Dünyadan "Şikayəti".
Başımda:
Əsrimizin
ağırlığı,
siqləti...
Başımın üstündəsə:
Allahlara kar olub,
İnsanları eşidən,
İldırımdan od alıb
İnsanlığa bəxş edən,

Qartalın pəncəsində
Köksü qanlı Prometey.
(Nə üzündə əzab var,
Nə dilində bir giley).

Xəyalımda,
Əhrimənlə Hörmüzün
Əbədi mübarizəsi...
Bir də... bu qayğılardan
Ayrılmaqçün,
Xəyyamın
Şərab dolu kuzəsi...
Düşünürəm...
Nə olsun,
Məndən dərin düşünmüş
Məndən ağıllı başlar.
Bir fayda verməmişdir
Düşüncələr,
qorxular,
həyəcanlar,
təlaşlar...
Dünya nemətlərindən
İlham düşdü payıma.
Yenə az-çox dünyanı
Dərindən
görmək üçün
İlham çatdı hayıma.
Bu ilham,
bu xəyalla
Dolandım
səhər-axşam
Başına dünyamızın.
Gördüm:
Günün,
Zamanın
Əməlləri
Yaraşmır
Yaşına dünyamızın.
Çox qocadır ərzimiz
Ancaq,
Başqadır bizim
Ərzimizə ərzimiz.

Tarixdən də qocadır,
Zamandan da qocadır,
Ancaq qocaman deyil,
Onu belə qocaldan
Vaxt deyil,
Zaman deyil.
Bir kainat əks olur
Bəzən bircə qətrədə.
Bir damlada,
gilədə.
O, necə qocadır ki,
Dərk edə bilməmişdir
Öz-özünü
hələ də.
Tələ quran dünyanın
Özü bu gün tələdə!..
İndi...
Sonsuzluqlara
Dikib
Gözünü dünya.
Boşluqlarda axtarır
Bəlkə
özünü dünya?..

Radiolar bu gün verir
Bizə dünya xəbərləri –
Təzə dünya xəbərləri.
Açır bizim önümüzdə
kitab kimi
Qitələri,
Şəhərləri..
Yəqin sabah verəcəkdir
O, kainat xəbərləri:
Ulduzlardan danışacaq
Ora uçaq,
bura uçaq!
Ulduzların arasında çəkiləcək

Körpülərdən danışacaq.
Radiolar bu gün verir
Bizə dünya xəbərləri-
Təzə dünya xəbərləri:

Birinci xəbər

Günün günorta çağı
Prezidenti vurdular.

Rücu:

Qəzetləri
gümanla,
şübhəylə
doldurdular.
Ayaq açıb şübhələr
Adamların dalınca
İlan kimi süründü.
Amerika
Başdan-başa
Qara şübhəyə döndü.
Bürüdü
ştatları
şəhərləri
Həyəcan.
Cinayət axtaranlar.
Əsl canidən özgə
Şübhələndi hamıdan.
Yazdı hüquqşünaslar.
Hərə öz gümanını
Yazdı,
bildi həqiqət.
Şübhə qaranlığında
İtirildi həqiqət.
Neçə dəfə,

Yalançı
Məhkəmələr quruldu.
Cani,
Yerlərin deyil,
Göylərin sirri oldu.
Aya,
Ulduza gedən
Sirli yollar tapıldı,
caniyə tapılmadı.
"Gördüm" deyən olmadı.
Oğul istər,
Bu sirrin
dənizinə baş vurub
qəvvas kimi üzəsi!
Bu da
əsrin,
zamanın
Bir özgə möcüzəsi!..
Uydurmanın,
Riyanın
Gah əskilən,
gah artan
Hüdudsuz arşınıyla
Həqiqət ölçülərmiş...
Bir nadanın əlində
Prezident də ölərmiş!..

İkinci xəbər

Yenə Çində "inqilab".
Bəli,
böyük bir ölkə
Düşübdür böyrü üstə.
Əqidələr cürbəcür,
Adamlar dəstə-dəstə.
Çıxıblar yollar üstə...

Rücu:

Qəfləti qasırğadan
Sınmış şüşələr kimi,
Könüllər - çilik-çilik.
Mədəniyyət adına
Hərc-mərclik,
vəhşilik!..
Mao deyir "allaham,
Gərək bu yer kürrəsi,
Mənim rəyimcə dönsün.
Mən nə düşünürəmsə,
Hamı elə düşünsün...
" Deyir, sənin yerinə,
Görürlər,
düşünürlər.
Yeddi yüz milyon cana
İki göz,
bir baş
yetər!..
Sən düşünüb
boş yerə,
Ağlına güc vermə, gəl!
Ən ağır yükdür ağıl.
Sən onu gəzdirmə, gəl.
Zamana bax,
Dərdə bax!
Ağır silahlar susub
Ağıllar döyüşəndə.
Yeddi yüz milyon ağlı
Bir ağıl salmaq istər
Bu gün,
qıfıla,
bəndə!..
Mümkünmü?
Yox!
Yaxşı bax!

Yaman yetişib zaman.
Döndərmək çox çətindir
Onu öz axarından.
Axar su kir götürmür.
Düşüncələr, ürəklər
Daha zəncir götürmür.
Mao,
Dünən sən özün,
İnqilab etmədinmi?
Azadlıq şüarıyla
Çini tərpətmədinmi?
Vətən sənin şəninə
Qoşduğu nəğmələrdə
Dedi: - Sən inqilabçın,
Azadlıqçın doğuldun,
Bəs bu gün azadlığa
Sən niyə qənim oldun?
Məni yaradıb
özün,
Mənim düşmənim oldun.
Nə qəribə zamandır
İnsan,
Gül də verirmiş
Dünən daş atdığına.
Bir gün,
düşmən olurmuş
Özü yaratdığına!..

Yazıçı Lao-Şenin son sözü

– Yatdıq boz səhrada, quru yerdə biz,
İllərlə yaşadıq səngərlərdə biz
Bilmədik rahatlıq, dinclik bircə gün.
Vuruşduq,
Qan tökdük bu günlər üçün.

Xalqın cəsarəti,
kini,
nifrəti.
Od oldu,
Yel oldu,
Tüğyana gəldi.
Özümüz yaratdıq bu cəmiyyəti,
Bu gün özümüzə düşmən kəsildi.

Haqsızlıq önündə səf çəkib durduq,
Məgər bu günçünmü biz vuruşurduq?
Çətməyə saldılar eşqi, ilhamı,
Bir cürə düşünsün dedilər, hamı.

Rücu:

Baxa da bilmirəm,
lap zəhləm gedir,
Mənim inkubator cücələrindən.
Hamısı bir rəngdə, bir biçimdədir
Seçə də bilmirsən biri-birindən.

Hamının əynində toxunma paltar,
Şişburun çəkmələr ayağımızda.
Ucalır yol boyu eyni binalar
Kibrit qutusutək sol-sağımızda...

Qəzet, kitabdan da gəlmişik cana,
Eynidir cümlə də, eynidir söz də.
Eyniyyət içiridə ürək bir yana,
Vallahı, yoruldu gözlərimiz də.

Fəlakət, bədbəxtlik, dərd ondadır ki,
Yaşadıq beləcə can güdə-güdə.
Fikri də,
hissi də,
biz paltar kimi
Dükandan alırıq eyni ölçüdə.

Azadlıq naminə qan tökən də biz,
Bu gün azadlığa sədd çəkən də biz.
Belə yaşamaqdan axı nə məna?
Deyə tapançanı sıxdı alnına...

Üçüncü xəbər. Vyetnamda müharibə

Rücu:

Vyetnam, bu əzmi sən hardan aldın?
Bu əzmə, qüdrətə heyrandır cahan,
Dünyaya səs salan bir əjdahanın
Önündə dağ kimi necə durmusan?
Pentaqon düşündü,
Vuruşdan əvvəl
Yüz ölçdü, bir biçdi hər şeyi təkrar.
Sənin qüdrətini, sənin əzmini
Dəqiq maşınlarla hesabladılar.

Pentaqon düşündü döyüşdən qabaq:
On min neyləyəcək neçə yüz minə?
Maşın ömür kəsdi altı ay ancaq
Sənin iradənə, sənin əzminə.

Ağalar, maşına qəzəblənməyin,
Cansız rəqəmlərin nə günahı var;
Əzmi, iradəni özünüz deyin,
Necə hesablasın cansız maşınlar?

Maşın vara bilməz bu incəliyə,
Maşın zoru ölçər,
Gücü hesablar.
Maşın nə bilsin ki, "mən haqqam" - deyə,
Coşan ürəklərdə nə boyda güc var...
Deməyin günahkar maşınlar oldu,
Artıq sizin üçün işləmir zaman.

Maşın nə bilsin ki, bir ürək odu
Min qat qorxuludur yüz-yüz bombadan.
Haqqını dərk edən özünü anlar,
Bunu məndən yaxşı Pentaqon bilir.
Haqqın gözlərilə güllə atanlar
Nə qüvvət tanıyır, nə qanun bilir.

Dananq cəngəlliyi,
Gecə tən yan...
Qoca bir qan
Hərbi bazalara gedən yolları
Dolanır birbəbir, gəzir birbəbir.
Cızıb sinəsini xəritə çəkir...
Köksə köçürülür cığırlar, yollar.
(Burda yada düşür qədim nağıllar).
Özünü yetirir o, cəngəlliyə.
Mən də bu cığazı bacardım! - deyə
Bir xəritə kimi açır köksünü.
Qoca bir qanda bu qədər belə,
Şücaət, iradə bəs hardan oldu?
Deyərdim, ən aciz adamlar belə
İnamın gücünə qəhrəman oldu.
Vyetnam təpədir, düşməniysə dağ.
Deməyin bu qüdrət ona bəs hardan?
İnamdır,
inamdır,
inamdır ancaq.
Onu döyüşlərdən qalib çıxardan.

Vyetnam, qüvvət də, haq da səndədir,
Sənin bütün gücün əqidəndədir.
Güclüsən min dəfə öz düşmənindən,
Çünki o haqsızdır, haqsan amma sən.
Korun duyğusu da ona göz olar,
Əgər eşqi varsa, inamı varsa.
Gücsüzün bir gücü dönüb yüz olar
Özünə, haqqına o inanirsa.

Səhhətin qədrini yataqda bimar
qalandan soruş.
Azad yaşamağın qədrini ancaq,
zindanda dustaq
olandan soruş.

Azadlıq!
Azadlıq əldən getdimi,
Dünya da xəyala darısqal gələr.
İnsan azadlığı itirən kimi,
Bütün fəlakətlər dalbadal gələr.

Gedər ağızlardan dad da, ləzzət də,
Ağıl da, ürək də gülər arzuya.
Azadlıq olmayan bir məmləkətdə
Həqiqət riyadır, ədalət boya!

İnsan ürəyində kin də, nifrət də
Əbədi köz bağlar, bir anlıq olmaz.
Azadlıq olmayan bir məmləkətdə
Adamlar yaşayar, insanlıq olmaz.

Düşünən beyinlər sönər zülmətdə -
Yalanla həqiqət üzbəüz olar.
Azadlıq olmayan bir məmləkətdə
Düz əyri adlanar, əyri düz olar.

İdrak da boğular, söz də, sənət də,
Ağıl kilidlənər dildə, dodaqda:
Azadlıq olmayan bir məmləkətdə
Nadan başda gəzər, aqil ayaqda.

Bunları apaçıq sən bildiyindən,
Azadlıq yolunda döyüşə girdin.
Axı, azadlığın ləzzətini sən
Qədim tarixindən yaxşı bilirdin.

Rücu:

Filin ayağına hələ körpəykən
Zəncirli, qıfıllı qandal vurdular.
Niyə?
Çünki filin gələcəyindən,
Ağır zərbəsindən çox qorxurdular.
Günlər aya döndü,
aylar il oldu.
Böyüdü,
bala fil, yekə fil oldu.

O, elə bildi ki, elə sandı ki,
Bəzəkdir, ziynətdir qandallar filə.
Fil elə bildi ki, elə qandı ki,
Dədə, babası da yaşamış belə.

Onu incitmədi bu dustaq halı,
"Yəqin ki, bu mənim haqqımdır" - dedi.
Fil öz ayağında gördü qandalı,
Məhbus olduğunu qana bilmədi...

Zərərsiz heyvandır gördülər bu fil,
Azad elədilər onu zəncirdən.
Ancaq... elə bil ki, o, heç fil deyil,
Bir addım atmadı durduğu yerdən.
"Yeri! Yeri!" - deyə vurdular onu.
Qalxmadı,
Qamçıya başını əydi.
Axı, azadlığın nə olduğunu
Fil hardan biləydi, fil nə biləydi.

Vyetnam, sökülür üfüqlərdə dan,
Sənə arxa durur solun, sağın da.
Həmişə sən azad yaşadığından,
Bilirsən qədrini azadlığın da.

İşığın qədrini sinəsi dağ-dağ,
Gözləri sonradan tutulan bilər.
Azad yaşamağın qədrini ancaq
Həbsdə sinəsi köz olan bilər.

Baş açıq,
Əl yalın,
Ayaqlar yalın,
Amerika əsgəri qaçdı cəbhədən.
Dedi: - Vətənini qoruyanların
Qanını tökməkdə haqlıyammı mən?

Dedi: - Vyetnama gəldiyim ilk gün
Vicdanım təmizdi,
Alnım açıqdı.
Demə, aldadıblar bizi büsbütün,
Həqiqət burada qarşıma çıxdı.

Belə anlatmışdı zabitlərimiz:
Ədalət, azadlıq əsgəriyik biz.
Qədim Vyetnama gedirik bu gün
Onların haqqını qoramaq üçün.

Kimdən?
Çox düşündüm bu sualı mən.
Sonra başa düşdüm:
Öz-özlərindən!..
Millət bir,
Vətən bir,
hava bir,
su bir.
Yol iki,
söz iki,
təriqət iki.
Qardaşı qardaşa düşmən edibdir
Bir ana torpağın iki məsləki,

Bir böyük məmləkət, qanammıram mən,
Saxta kağızlara necə büküldü?
Qara siyasəti Ağ evin, dünən
Bir xalqı, bir yurdu ikiyə böldü.
İnsan bəd ayaqda hər şeyi anlar,
Qılınc kəsə bilir bəzən qında da.
Mən burda ilk dəfə gördüm,
yalanlar
Olurmuş həqiqət paltarında da.
Ax, rəngli cümlələr, boyalı sözlər,
Abırlı
ismətli,
həyalı sözlər.

Mən görə bilmədim o zaman neçin,
Arxanızda duran o haqsızlığı?
Bircə mənası var dedim hər sözün
Mən seçə bilmədim qaradan ağı.

Mən indi bilirəm, bilirəm artıq
Nədir əsl həyat,
Əsl azadlıq!
Biz ağ yalanlara çox uymuşuq, çox,
Deməyin dərisi qalma vay, vay!

Deyin, həqiqətin paltarını yox,
Özünü görənin halına vay, vay!

Sözün bəzəyini, saxta zərini
Mən indi görürəm, təcrübəm ki, var.
Böyük cənabların dediklərini
Tərsinə çevirsən həqiqət olar.

Onlar "silahları ləğv edək!" - deyir
Onlar silahlanır gizlində ancaq.
Heç kəs bir-birinə könül verməyir.
Söz alıb söz verir hey qucaq-qucaq.

İnamlar naminə söz yığın-yığın,
Bağlanır birbəbir müqavilələr.
Deyirəm, əslində inamsızlığın
Ən böyük rəmzidir müqavilələr...
Cənablar "silahlar məhv olsun" deyə,
Bir-bir imza atır müqaviləyə.
Danışıb gülürlər lap şirin-şirin,
Gülüşlər dalında işlər gizlənib.
Qalxıb görüşürlər...
bu görüşlərin
Dalında qıcanan dişlər gizlənib.
Ax, niyə, ax, niyə bunları bildim?
Mən diri ölüydüm.
bilib dirildim.
Bildim...
Ax, bu yükü götürmür ürək.
Bildim...
Nədən ötrü?
De, kimdən ötrü?
Əgər bilməsəydim...
başqalarıtək,
Mən də yaşayardım bir insan ömrü...

Yalana, böhtana biz çox uymuşuq,
Deməyin dərisi qalına vay, vay!
Deyin, həqiqətin paltarmı yox,
Özünü görənin halına vay, vay!

Hər gün bir ölkədə qopur vəlvələ,
Zalimlər, zülümlər gəldi-gedərdir,
Bəşərin tarixi - qədimdən hələ
Azadlıq yolunda çəkişmələrdir.

Azadlıq alınar, yaddan umulmaz,
Azadlıq verilməz ərməğan təkin.
Verilən azadlıq azadlıq olmaz,
Başqa bir rəngidir o, əsarətin.

Şərəfdir ölmək də azadlıq üçün,
Bu məslək dəyməzmi bütün dinlərə?
Deyirəm, eşq olsun dünən və bu gün
Azadlıq yolunda can verənlərə!

Azadlıq - həyatın ən parlaq gözü,
Azadlıq - ən uca, ən şanlı bayraq.
Azadlıq arzusu, azadlıq sözü
Dünyanın ən böyük dinidir ancaq.

Azadlıq - cəsarət, azadlıq - hünər.
Azadlıq əsgəri heç əyilərmi?!
Bütün xalqlar üçün azadlıq qədər
Böyük bir səadət ola bilərmi?

Məzlumun yurdunda bostan əkibdir,
Zülmü öz içində qocaldan ölkə.
Bu gün azadlığa qılınc çəkibdir,
Azadlıq heykəli ucaldan ölkə.

Bəs o, necə danır axan qanları?
Bu saxta rənglərdən, de, nə götürdük?
Daim həqiqətdən dəm vuranları
Həmişə biz belə yalançı gördük.

Mən "hayıf' demərəm tutub əlini
Azadlıq yolunda axan qanlara.
Alqış! Azadlığın tunc heykəlini,
Qəlbində yaşadan mərd insanlara!

Dördüncü xəbər

Cənab Conson narahat,
Ledi Conson narahat –
Amerikada oğurluq,
Artır,
Artır
hər saat.

Rücu:

Xırda oğurluqların
Törətdiyi cinayət,
Böyük oğurluqların
Dəhşətindən ağırımış...
Xanım Conson
Ölkənin
Kübar xanımlarını
Məşvərətə çağırmış:
– Kimdir burda günahkar?
– Neyləmək?
– Bir-bir deyin,
Kimin nə təklifi var?
-Qaranlıqdır küçələr,
İşıqları çoxaltmaq!
– Bəlkə... valideynlər...
– Yox-yox! Nə danışırsan
Günahkar əsrimizdir,
Qızışıbdır beyinlər...
Söz verilir Ertaya –
Zənci müğənnisinə:
-Gərək bütün ürəklər
Vicdan, insaf odunun
Atəşinə isinə.
Varmı bizdə bu vicdan?
– Erta, nə danışırsan?
– Mən nə danışdığımı
Bilirəm...
qulaq asın.
Kim istər,
öz ölkəsi
Yad ellərdə talansın?
Ölkəmizin içində
Oğurluğa dözməyib,
Qanunu bərkitmişik.
Ancaq yad ölkələrə
Oğurluğa getmişik!

Beşinci xəbər

Cənab Conson
Görk üçün
Əmr edir qəzetlərə:
" - Bildirsinlər Ağ evin
Növbəti xəbərini:
Prezident çəkinmədən
Vyetnama göndərir
Öz qızının ərini"

Rücu:

Tez yayır bu xəbəri
"Amerikanın səsi" də:
"Ədalətin naminə"
Vyetnamda döyüşür
Consonun yeznəsi də.
Yazdı başqa qəzetlər:
"Bu da prezidentin
Əzmidir,
Hünəridir..."
Ancaq... heç yazmadılar
Vyetnamda döyüşən
Consonun tək qızının
Səkkizinci əridir...

Çox da ata göndərir,
Bu gedər gəlməz yola
Razılaşdı nədən qız?
Doqquzuncu,
Onuncu
Ərlərə getməzmi bəs
Səkkizinə gedən qız?..

Efirdə döyüş

Düyməni burursan,
Efirdə səslər...
Qarışıb dolaşır biri-birinə
Bir ölkə havadan hey axşam-səhər
Böhtanlar yağdırır özgələrinə.

Əvvəllər beləydi:
durub döş-döşə
Çıxardı düşmənlər açıq döyüşə...
Qılıncda parlardı qəzəb, ədavət,
Bu açıq döyüşdə sözə nə hacət?
Arxadan vurmazdı düşməni düşmən,
Həm ölən kişiydi, həm də öldürən...

Dəyişdi dünyanın köhnə əhvalı,
Artıq bu adətlər qocaldı, getdi;
Koroğlu demişkən:
"Tüfəng çıxalı,
Mərdlik də dünyadan baş aldı getdi..."
Bu gün, bu əsrdə biz nahaq yerə
Vəhşilik demirik bu adətlərə.
Deyirik, məhv olsun ədavət görək,
Qardaş olmalıdır bütün adamlar.
Böyük duyğularla yaşasın ürək,
Axı, qan tökməkdə nə yaxşılıq var?

Ancaq dərd odur ki.
ədavətin də
Özü məhv olmadı, sözü dəyişdi;
Xain ürəklərdə,
qəzəb də,
kin də,
Astarı saxladı üzü dəyişdi.
Qan tökmək qanunla yasaq olandan,
Qanları qaraltmaq dəb olub yaman!..

İnqilab elədik, zülmü devirdik,
Uymadıq zamanın min qəzasına.
Biz mərdü mərdanə döyüşə girdik,
Haqsızı çatdırdıq öz cəzasına.

– Bəs onda?..
Bilirəm, nə soracaqsan,
Nədir bu yaltaqlıq, ikiüzlülük?
Əfsus! Öz yoluyla gedirkən zaman,
On safı korlayır bəzən bir çürük...

Dəyişir sonunu hər şey, diqqət et
Dəyişir adətlər, qanun-qaydalar.
İndi ədavətin başında beret,
Üzündə təbəssüm, əlində gül var.

Baxırıq keçmişə indi uzaqdan,
Araya illərdən dağ endirmişik.
Kinin, ədavətin əyninə çoxdan
Mədəniyyət donu geyindirmişik.

Təhsillə, sənədlə sanırıq ki, biz
Çatmışıq ən ali mədəniyyətə.
Ancaq qıcqıranda əsəblərimiz,
Məhəbbət bir anda dönür nifrətə.

Qəzəbli anlarda
İnsan büsbütün
Dəyişir, alçalır,
(gözlərdən iraq...)
O, öz mənliyini böyütmək üçün
Dediyi "mən"lərlə kiçilir ancaq.

Arxada "filankəs alçaqdır" deyən,
"Alçağın" üzünə irişir indi.
Açıqca döyüşə girə bilməyən,
İmzasız məktuba girişir indi.

Yazır ki: "Oğrudur filan, filankəs",
Yazır ki: "Onların gözü tox deyil".
Hamıdan yayınıb gizli-gizli bəs
Özgəyə gor qazmaq oğurluq deyil?

Özgəyə xəlvəti quyu qazanda,
Söylə, öz-özündən utanmadınmı?
Öz dəsti-xəttində sən "K" yazanda
Kişilik sözündən utanmadınmı?

Qələm gələcəyə yol göstərəndir,
O ki, yaranmayıb böhtanlar üçün.
Qələm könüllərdən çiçək dərəndir,
Ona yaraşarmı gor qazmaq bu gün?

Düşün babaları: Müdrik sözləri
Yurdun dövlətidir, elin varıdır.
Qobustan dağında qılınc izləri
Düşmənə imzalı məktublarıdır.

Düyməni burursan,
Efirdə səslər...
Qarışıb dolaşır biri-birinə;
Bir ölkə havadan hey axşam-səhər
Böhtanlar yağdırır özgələrinə.

Amerikanın səsi,
Bi-bi-si,
Pekin...
Dinməmiş bilirsən nə deyəcəkdir.
Dolub qulaqları bəşəriyyətin -
Axı, bu yalanlar kimə gərəkdir?

Biri digərinə "zülümkar" deyir,
Özü də bilir ki, yalan danışır.
Zalim öz gözündə tiri seçməyir,
Özgə gözündəki qıldan danışır.

Efirdə qarışıb səslər səslərə,
Yalanlar titrəyir,
Əsir havada.
Bir mətləb səslənir gündə min kərə,
Sözlər bir-birini kəsir havada.

Susun, ey bayquşlar, yazıqdır insan,
Sizdə bir azacıq insaf varmıdır?
Bu bəşər övladı eşq ucbatından
Dünyaya gəlməkdə günahkarmıdır?

İnsanın qayğısı, dərdi cürbəcür,
Ona aman vermir həyəcanları.
Onsuz da qəlbləri təlatumlüdür,
Qoyun qulaqları dincəlsin barı.

Efirdə dəhşətli bir çarpışma var,
Səslər bir-birindən qeylü-qal edir;
Yalan fabrikləri - teletayplar
Hər saat min yalan istehsal edir.
Ölkələr qışqırıb, deyir: "Mənəm, mən!"
Eşidə bilmirik "O da var!" - deyən.

Nigar Koroğludan sordu: - Heç səni
Bir yıxan olubmu, biləydim bunu?
Koroğlu dedi ki: "Gizir Mustafa
Bu gün çaya basdı qoç Koroğlunu".

Daladı qurd kimi bəşəriyyəti,
"Mən!", "Mən!" - deyə-deyə Hitler də bir vaxt
Özgə hesabına, o, bir milləti
Böyütmək istədi, kiçildi ancaq.

İndi silahları əvəz edib söz,
Boyunlar söz ilə düşür qarmağa.
Böhtanlar yağdırır Bonn, gecə-gündüz
Çalışır haqsızı haqlandırmağa.

Hakim masasında zor aldı qanun
İttiham eləyir vicdanı, arı,
Dünya təmtəraqlı səhnədir,
onun
Yalandır, böhtandır rejissorları.

Namərdlər ağzında haqq çilik-çilik
Doğranıb səpildi efirə yerdən...
Böhtanlar yurdunda mərdlik, kişilik;
Baxır adamlara abidələrdən...

Beyin axını

Amerikanın qızılı var,
Dolları var.
Bu dolların gücünə də
Uzaq, yaxın ölkələrə
Gizli-gizli yolları var.
Ölkələri deyil yalnız
Gözəl-gözəl duyğuları,
Dərin-dərin fikirləri,
Zəncirlərə sala bilən
Güclü-güclü qolları var.
Alır, satır o, hər şeyi —
Şirin-şirin diləkləri,
Beyinləri,
Ürəkləri...
O, suları bulandırır
Qızılların şəfəqilə.
O, gözləri qamaşdırır
Ağızları sulandırır.
Tələsinin qırmağına
Quyruq taxıb
Asiyanı dolandırır,
Afrikanı dolandırır...
Bəzək vurub

O, "azadlıq heykəlinə".
İngilisin barmağını
Çoxdan kəsib,
Calaq edib öz əlinə.
Xırda-xırda ölkələrə
Layla çalır.
Siyasəti hamarlayıb,
Xəyalları tumarlayıb
Fikirləri tora salır...
Afrikadan,
Asiyadan,
Avropadan
Amerikaya ağıl axır, beyin axır.
Yüz-yüz axır,
Min-min axır...
Beyinləri xammal kimi daşıyırlar
Qalaq-qalaq.
Onu sataq,
Bunu alaq!..
Dili bağlı,
Qolu bağlı,
Köksü dağlı millətlərin,
Təkcə varı, sərvəti yox,
hissi,
fikri,
Düşüncəsi talan olur.
Həqiqətin doğru, düzgün tərcüməsi
Yalan olur.
Neçə-neçə ildən bəri
beyinləri
Bir dollara dəyməyənlər,
Alır, satır
Fikir dolu,
Əməl dolu,
İşıq dolu
beyinləri.
Söz qudurub haqqı danır,
"Həqiqəti" təmsil edən,

Qanun sapla baltalarla
Haqqın başı parçalanır.
Bu qanunlar layla çalır
Millətlərə bələyində,
Yalanların başı durur bir ölkədə,
Əlləriysə gəzir başqa bir ölkənin
ürəyində...
Millətlərə xeyirini, zərərini
O göstərir,
Qanun əkib,
Qızıl dərir.
Amerikaya beyin axır,
əməl axir,
işıq axır.
Bu əməllə, bu işığa
Afrikalı gendən baxır,
Asiyalı gendən baxır.

Üsyan

Amerikanın Vyetnamdakı müharibəsinə etiraz etdiyinə
görə həkim B. Spok məhkəməyə verilmişdir.

– Neçin axmalıdır uzaq diyarda
Amerika gəncinin günahsız qanı?
Bu qəsdli, qərəzli vuruşmalarda,
Sizdən soruşuram,
ədaləl hanı?

Bayquş əməllidir əməlləriniz,
Buna biganədir qanun da, din də.
Neçin xoşbəxtliyi tapmalıyıq biz
Başqa ölkələrin bədbəxtliyində?

Neçin sahibini evdən qovlayaq,
Neçin şəhərlərə od ələyək biz?
Neçin ürəklərə dərd, ələm qoyaq,
Neçin yanaqlara yaş çiləyək biz?

Qorxub cəmiyyətin xəstəliyindən,
Artıq təbabətdən əl çəkirəm mən.
Tək-tək xəstələri sağaltmaq hələ
Deyil əlimizdə o qədər çətin.
Ey həkim dostlarım, verək əl-ələ
Dərdini düşünək bu cəmiyyətin.
Üzüldük,
düşündük,
bilmədik ancaq
Nədir dərmanımız, çaramız bizim.
Biz burda xəstəyik,
bilmədik ancaq,
Vyetnamda açıldı yaramız bizim.
Bu sözlər üstündə tutdular onu,
Çəkdi məhkəməyə doğru doğrunu.
Dedilər: - Vətəndaş deyilmisən sən?
Bəs sənin qeyrətin, namusun hanı?
Bizi imdadına səslərkən Vətən,
Güldürdün Vətənə bütün cahanı.
Dedi: - Günahkarı məgər dünyamı?
Kəsir kökümüzü öz əllərimiz.
Billah, gülməlidir,
Vyetnamdamı
Vətən qeyrətini çəkməliyik biz?

Bəs onda... hər yerdə deyirik nədən,
Zülmün zəncirini çoxdan qırmışıq,
Biz ki, yurdumuzu dövri-qədimdən
Azadlıq ölkəsi adlandırmışıq.
– Azadlıq! Hər şeyin, axı, həddi var.
– Bizi məhv elədi hədlər, hüdudlar.
– Demək hüdudlara nöqtə qoyulsun?
Həkim, çox böyükmüş sənin niyyətin.
-Yarımçıq azadlıq qoy sənin olsun.
Bütövü gözəldir hər səadətin.
-Həkim, zamana bax, özünü danla,
Görmüşük döşünə çox döyənləri.

Zaman özü udur vaxtla, zamanla
Fikrini kökləyə bilməyənləri.
Həqiqət boyanın dalında yatır,
Utanmaz-utanmaz böhtan da atır,
Zamana boyalar, vaxta boyalar,
Min dilli boyalar, saxta boyalar,

Gün dedim Günəşə, ay dedim Aya,
Öyündüm xəyali gündüzlərimlə.
Baxmaq istəyirəm, axı, dünyaya
Mən öz gözlərimlə, öz gözlərimlə.

Bir eşqim, min arzum, min diləyim var,
Çalma min ürəyi tək bircə simlə.
Mənə ürək vermə, öz ürəyim var,
Duymaq istəyirəm öz ürəyimlə.

Qoy özünə qalsın bu səfsəfələr,
Mən seçə bilirəm düzü əyridən.
Mənə ağıl vermə, öz ağlım yetər,
Qanmaq istəyirəm öz ağlımla mən.

Vətəni hamıdan çox sevdiyindən
Vətənin düşməni - dedilər ona.
Həmişə... Zindana dönübdür Vətən
Vətənin ən böyük oğullarına.

Gəlin, varaqlayaq keçmiş illəri,
Düşünən başlara qılınc çaldılar.
Danteni,
Puşkini,
Feyxtvangeri,
Hadini Vətəndən qaçaq saldılar.

Haqqı bayraq edən,
qədimdən bəri
Batıb iynə kimi gözünə əsrin.
Böyük ürəklərin böyük sözləri
Dəyib sillə kimi üzünə əsrin.

Böhtanlar atıldı, damğa vuruldu
Andı Vətən olan vətəndaşlara.
Bu nədən belədir?
Bir hakim oldu
Həmişə boş başlar dolu başlara.

Nədən qarşı qoydu "mənəm" deyənlər,
Cılız mənliyini yüz-yüz minlərə?
Bu nədən belədir
düşünməyənlər
Bir düşmən kəsildi düşünənlərə?..
Sual yerindədir.
Cavabı: Qorxu!
Boş başlar şübhəylə, qorxuyla dolu!

Zoru bu dünyada haqq sayanların
Ən böyük silahı iftira, böhtan.
Öz nahaq işini anlayanların
Həmişə üşümüş canı qorxudan.

Vuruşmuş, döyüşmüş onlar müttəsil,
Zülmü hədələyən haqqın səsiylə,
Zora güvənənlər, ağılla deyil,
Düşünmüş həmişə əzələsiylə.

Haqqa deyiniblər: - Deyəsən, sənin
Yemin bir balaca artıq olubdur.
Doğru danışanın, doğri deyənin
Papağı həmişə yırtıq olubdur.

Vətəni hamıdan çox sevdiyindən
Vətənin düşməni dedilər ona.
Vətən zindan olub dövrü-qədimdən
Vətənin ən böyük oğullarına.

Qara-ağ

Cərrah Kr. Bernard ikinci ürək köçürmə əməliyyatını
diş həkimi Blayberqin üzərində aparmışdır, Blayberq
indi bir zəncinin ürəyi ilə yaşayır.
İndi deyirsən ki, insandır hamı,
Bəs onda?..
Blayberq, de, yadındamı;
-Dişimi çək! - deyə sənə yalvaran,
Zəncini evindən qovdun o zaman.
Dedin:
-Çəkilməsə dişi zəncinin
Günəşmi sönəcək, Aymı batacaq?
Ayrıdır millətin, ayrıdır dinin,
Mənim pasientim ağlardır ancaq.
O sənə yalvardı,
Rədd elədin sən.
Dedin: - Zəhləm gedir dilənçilərdən.
O getdi...
Sübhədək çəkib əl-aman,
Gözünü qırpmadı diş ağrısından...
Ağlını itirir insan az qala
Zamanın dolaşıq keşməkeşində.
Ağrıyan zəncinin dişiymi?..
Əsla!
Zaman ağrıyırdı onun dişində.
Ancaq... heç bilmədin, heç bilmədin sən
Dünyada çox böyük bəlalar da var.
Çoxları azlara məhkum eyləyən
Zamanın da yaman oyunları var.
İllər düyün-düyün ötüşdü...
Bir gün,
Ürək ağrısından yatağa düşdün.
Sən onda umdun ki, yer üzündəki
Həkimlər tək səni düşünüb ansın.

Yalvardın hamıya əl açıb,
təki
Bir az da, bir az da ömrün uzansın.
Bir günlük ömürçün kim bilir, bəlkə
Sən qurban verərdin ciyərparanı.
Qarşına çıxartdı taleyin yenə
Qapından qovduğun həmən qaranı.

Qapından qovduğun həmən zəncinin
Ürəyi döyündü köksündə sənin...
Zəncinin əməyi,
Duzu, çörəyi,
Böyük duyğularla vuran ürəyi
Sizə gərəkmiş!
Hamının ürəyi, demə, ürəkmiş!..

İndi deyirsən ki, insandır hamı,
Blayberq, Blayberq, bəs yadındamı,
Qapından qovduğun o qara zənci?..
İndi özün de,
Sənmi dilənçisən, onu dilənçi?
Zəncinin ürəyi sənin sinəndə
Vurandan bəri,
Sevməyə başladın, de, bəlkə sən də,
O böyük ürəkli qara üzləri?..

Dəblər

Restorana gəlmişəm,
Yeyəm,
İçəm,
Həzz alam.
İtmi boğuşdururlar,
Bu nə səsdir, ay balam?..
Orkestr haray salıb,
Yöndəmsiz gurultular

Bir-birindən seçilmir.
Vallah, ağız deyəni
Qulaq eşidə bilmir.
Bəlkə...
Geri qalmışam –
Əsr çox qabaqdadır,
Mənə uzaqdan baxır?..
Neyləyim ki, bu yönsüz,
eybəcər gurultular
Beynimə mismar çaxır.
Biz bu kəlmə səslərə -
Bu uydurma,
Bu saxta,
Bu düzəlmə səslərə
Əsrin səsimi deyək?
Mən bilmirəm,
özgənin
Qabağından qalanı,
Axı, niyə gövşəyək?
Məgər yenilikmidir,
Özünü bəyənməyib,
Özgəni doğma tutmaq?
Geyib özgə çəkməsi,
Yerişini unutmaq?
Başa salın bir məni,
Gözəl nəğmələrimiz
var ikən
nədən ötrü
Yamsılayaq özgəni!..
Yenilikmi?
Bağışla!
Yamsılamaq - ən böyük
Köhnəlikdir, köhnəlik!
Bizi hara aparır
Bu "yenilik" ədası?
Həndbolun,
Futbolun
Hakimlik iddiası?

Hara olur qoy olsun,
Çörək çıxartdığım yer
Vətənimdir - deyənlər –
Vətənin qeyrətini
Ömründə çəkməyənlər,
Futbol oyunlarında
Dönür vətənpərvərə.
Öyünür əbəs yerə!..
Onun Vətən qeyrəti
Özü kimi saxtadır
Qeyrətinin siqləti
Ayaqlarda sürünən
Futbol ağırlıqdadır.

Nədir bu əyləncələr? –
Dərk edə bilmirəm mən.
Adamlar usanıbmı
Dərin düşüncələrdən?..
Deyirlər, Amerikada
Alimlər baş sındırıb
İnsan üçün
cürbəcür
Kokainlər,
Tiryəklər,
Əyləncələr
düşünür.
Neçin?
İnsan fikirdən.
Qayğıdan,
Düşüncədən
Bir az ayrılsın deyə.
Bu dünyadan üzülüb
Özünə dalsın deyə...
LSD - təzə tiryək.
Nəşələnməkçün
insan
Ağlın itirsin gərək.

Bircə günlük kef üçün,
Bəzən insan
əl çəkir
Ağlından da büsbütün.
Dərdə bax!
Əl götürür
Düşüncədən, ağıldan,
Ağıl əsrində insan!..
Nəyə gərək düşünmək?
Gül,
Hırılda, nəşələn!
Özünü dərdə salır
Çox düşünən,
Çox bilən!
Əsr buramı gəlmiş?..

İnanmıram buna mən!
Bu gün bu dəb, sabah o dəb.
Bu dəb gedir,
o dəb gəlir.
Paltarımız köhnəlməmiş
dəb köhnəlir.
Dəb dəyişir, biz açmamış gözümüzü
Bu dəblərə
Uyğunlaşa-uyğunlaşa
İtiririk özümüzü.

Nəğmədə də,
şeirdə də təzə dəblər...
Dəyişdikcə
bu qaydalar,
bu ölçülər,
bu ədəblər,
İnam itir
Təqlid gəlir,
zövq alçalır.
Özümüzdən bəs nə qalır?

Axı, neçin özümüzü
Qurban verək dəblərə biz?
Gəlin, tapaq özümüzü
bir kərə biz!
Hər yetənə baş əyməyək;
Adamda bir sifət gərək,
inam gərək!
Yazıq söyüd!
Nə meyvəsi, nə barı var,
Onunçun da
Nə qeyrəti, nə arı var.
Vüqar ki, yox, "bəli" deyir,
Gah bu yelə,
Gah o yelə!
Ey dəblerə uyan oğlan,
sən də belə!
Öz barın ki, yoxdu sənin,
Vüqarın ki, yoxdu sənin,
Gərək ağzın tez sulana
Özgələrin meyvəsinə,
Öz səsin ki, yoxdu sənin,
Elə dəm tut yad səsinə!...

Suallar

Nəsimi söylədi: - Allahdır insan,
Onun qüdrətilə dünya bir zaman
Gülüstan olacaq,
Cənnət olacaq!..
İnsanın gücünə inandı...
ancaq,
Bu günsə...
başqadır hökmü zamanın,
Cahanı qorxudur insan fitnəsi,
Atom bombaları - köhnə dünyanın
Başımın üstündə barmaq hədəsi.

Elə bil Nəsimi qalxıb məzardan,
Deyir: - Mən güvəndim sənə, ey insan.
Sənin əməlinlə indi söylə bir,
Bu qoca dünyamız bəs hara gedir?

Tolstoy dedi ki: - Bəşər ucalsın,
İnsan öz nəfsinə qələbə çalsın.
Vicdan nəğməsilə boy atsın bəşər,
Yaratsın,
Yaşatsın,
yaşatsın bəşər!
İnsan təmizlikdə bənzəsin suya,
Ağıl yoldaş olsun eşqə, duyğuya.
Vicdanın səsinə dəm tutsun əməl,
Dünyanın dərdini ovutsun əməl
Bəşərdən həmişə yaxşılıq uman
O böyük peyğəmbər, o böyük insan,
Yaşayıb görsəydi bu dəhşətləri, -
Yeraltı, yerüstü müsibətləri
Deyərdi: - İnsana dünya dar olmuş,
Əməli başına bir çidar olmuş.
Nədir insandakı
bu tamah,
bu nəfs,
Dünya bu minvalla hara gedir bəs?

Hadi də,
London da,

Sveyk də,
Hem də,
Həyata necə də qəlbən vuruldu.
Elə ki, tapdılar nəşəni qəmdə,
Hər biri özünə bir qatil oldu.
Onlar dedilər ki, - əsəblərimiz
Daha dözə bilmir, gərilib simtək.
Könüllü gəlmədik bu dünyaya biz,
Nə olar, dünyadan könüllü getsək?..

Onlar dedilər ki, - bəzən bir günü
İnsan neçə-neçə ömrə dəyişməz.
Daşıya-daşıya ağır yükünü,
Bu qoca dünyamız hara gedir bəs?

İnsana xidmətdə gördü Şveyser
Bütün mənasını, dadını ömrün.
Gəzdi ölkələri, gəzdi birbəbir,
Yaşatdı, yaratdı başqalarıyçün...
Deyir insanlara Şveyser bu gün:
– Özünü düşünür, özünü hər kəs,
Bu qoca dünyamız hara gedir bəs?

Nələrə qadirmiş insan hünəri!..
Səsiylə yarışan təyyarələrin
Gurultusunda
Elə bil düşünür Sent-Ekzuperi:
– Ağıldan, əməldən geri qaldı səs.
Bu qoca dünyamız hara gedir bəs?

Gözəgörünməzdən ummadıq kömək,
İnsanın özüdür - dedik - pənahı.
Yerdə axtarmadıq biz Arşimettək,
Fikrimizdə tapdıq istinadgahı.

Ucaldıq göylərə, baş vurduq yerə,
Güldü üzümüzə göyün qatları,
Mindik maşınlara, təyyarələrə,
Verdik kolbasaya biz Qıratları...

Həmişə irəli!
Geri dönmədik.
Duyduq qəlbimizdə günün səsini,
Ancaq...
düşünmədik,
heç düşünmədik
Qıratın, Bozatın faciəsini...

Nə olar... bir baxsaq keçmişə hərdən,
Düşünək dünyanın qəmini bir-bir.
O qədim, möhtəşəm abidələrdən
Düşən kərpiclərin dərdi kimindir?

Nə qədər güclüsən, ey qadir insan,
Ö zün bir yanasan, əzmin bir yana.
Nə qədər acizsən, əsir olursan
Özün öz əlinlə yaratdığına...

Nə qədər güclüsən,
öləcəyini
Bilsən də
işdədir yenə əllərin.
Nə qədər acizsən,
qorxudur səni
Öz fikrin,
Öz hissin,
Öz əməllərin!
Gözlə görünməyən bir zərrəylə sən
Bu boyda dünyanı hədələyirsən.

Güclüsən, ən uzaq ulduzun belə
Sirrinə, sözünə vaqifəm - dedin...
Acizsən, ən yaxın dostunun hələ
Qəlbindən keçəni duya bilmədin.
Həm elə güclüsən, həm belə gücsüz,
Ağılda güclüsən, ürəkdə aciz.

Gəl, ana təbiət

Yorulduq,
bir dayan,
maşını saxla!
Nə qədər yol gedək rezin "ayaqla"?
Səhərdən bu yerə səfərdəyik biz.
Maşın da adamtək yorulur yəqin.
Deyirəm, nə olar ayaqlarımız
Bir az da bu qara torpağa dəysin!

Təkərlər fırlanır.
Yol gedirik biz,
Dikib uzaqlara gözlərimizi.
Təkərlər fırlanır,
addımsız, izsiz
Bu eldən o elə aparır bizi...

Ağappaq yollardan elə bil bu an
Ağ mərcan taxıbdır dağlar boynuna.
Çıxmışıq şəhərin dar qucağından,
Ana təbiətin geniş qoynuna...

Görürsən, ürəyə söz dəyəndə də
Tutulur,
kövrəlir,
küsür hamıdan.
Bəzən adamlardan inciyəndə də
Dağlara, daşlara üz tutur insan.

Söz də xəncər kimi işləyir cana,
Qanı laxtaladır əzab, iztirab.
Şəhərin sözünə, suallarına
Ana təbiətdən umuruq cavab.

Güllərin şəbnəmi, otların şehi
"Gəl, məni duy!..." - deyə bizə göz dikir.
Dağların küləyi, bağların mehi
İncik ruhumuza bir sığal çəkir.

Çalışır, vuruşur nə qədər insan
Adamlar içində yer tutmaq üçün

... Nərgizə baxıram,
Mənə kəm baxan

Nadürüst gözləri unutmaq üçün...
Haçalı dağlara baxıram,
mənə
Qıcanan dişləri unutmaq üçün.
Baxıram üfüqün genişliyinə
Soyuq baxışları unutmaq üçün.

Baxıram sıldırım, daş qayalara,
Yolum üstünə
Atılan daşları unutmaq üçün.
Baxıram dağların dik vüqarına,
Əyilən başları unutmaq üçün.

Gəl, ana təbiət, qovuşum sənə,
Sənin bir parçandır, axı, ilkimiz.
Nolar, əslimizə qayıdaq yenə,
Axı, bu torpaqla bir vəhdətik biz.

Mayam da, südüm də səndədir mənim,
Bu yorğun ruhumu, gəl, dindir mənim...
İlkimiz təmizdir təbiət qədər,
Əmdiyi süd kimi safdır körpələr.

Güllərin şəbnəmi, otların şehi,
"Gəl, məni duy!..." - deyə bizə göz dikir;
Dağların küləyi, bağların mehi
İncik ruhumuza bir sığal çəkir.

Keçidlər adlayıb, dağlar aşdıqca,
Böyüyür anbaan ürəklərimiz.
Ana təbiətə yaxınlaşdıqca,
Dönüb özümüzə qayıdırıq biz.

Yəqin ki, oxuyur quşlar dərədə,
Eşidə bilmirik motor səsindən.
Laləli, nərgizli çəmənlərə də
Baxırıq maşının pəncərəsindən.

Olsaq da torpağa bu qədər yaxın,
Hələ yol gedirik öz yerimizdə.
"Qutular" içində olur,
bir baxın,
Ana təbiətə səfərimiz də...

"Qutular" kiçiltdi ürəyimizi,
Sıxdı bədəni də,
Sıxdı canı da...
Yağışdan, yağmurdan qoruyub bizi,
Aldı əlimizdən bol havanı da...

Hərdən həkimlərin məsləhətilə
Çıxırıq bulvara bir tələb kimi.
Uduruq havanı biz gilə-gilə
Aptekdən verilən sarı həb kimi.

De, düşək,
Qurtaraq benzin iyindən.
Nola bir yel əsib tufan qoparsın.
Dərək bu döşlərin gül-çiçəyindən
Validol iyini bizdən aparsın.

Kiçik otaqlara çəkilib qış, yaz,
Gəzdik dahilərin söz bağlarını
Dedik kitabları qapayıb bir az,
Çevirək çöllərin varaqlarını...
Enişdə, yoxuşda əldən salıbdır
Bizi, bir-birinə calanan yollar.
Elə bil dağları əsir alıbdır
Dağların belinə dolanan yollar.
Yolların önündə baş əyir dağlar,

Dağların qoynunda obalar yeni,
Əyləşib gedirik...
indi ayaqlar
Təkərlərə verib vəzifəsini.

Əyləşib gedirik göydə, yerdə biz,
Uzanıb üzürük gəmilərdə biz.
Fikrimiz öndədir həmişə bizdən,
Səyyahıq...
Xəyal ki, görünmür gözə
Alıb hərəkəti bədənimizdən
Verdik beynimizə, ürəyimizə.

Beynin haqq-hesabı candan sorulmur
Fikirlər qoynunda yol gedirik biz.
Odur, bədənimiz çox da yorulmur,
Yorulur beynimiz, ürəklərimiz.

Min arzu,
Min qayğı,
hələ üstəlik,
Dava təhlükəsi,
Atom hədəsi,
İnfarkt, qan təzyiqi!..
İki xəstəlik –
Əsrin gərginliyi, əsrin zədəsi!

Düşürük maşından biz gülə-gülə,
Dəyir nəm torpağa ayaqlarımız.
Sükut layla çalır çəmənə, çölə,
Sükut!..
Cingildəyir qulaqlarımız.

Oxqay!
Havaya bax, necə təmizdir.
Burdan qaçaq düşər azar, bezar da.
Bakı canımızdır, ciyərimizdir,
Ancaq... bu havaya həsrətik orda...

Elə bil nur yağır havadan yerə,
Xoşbəxtlik gölündə üzür bu çöllər.
Deyirəm, yəqin ki, burda bir qətrə
Radyaktiv zəhərdən tapılmaz əsər.

Radyaktiv sözündən gözüm qaraldı
Bu söz ağlımı da başımdan aldı
Qopdu ürəyimdən bir yanıqlı səs:
– Qrenlandiyada, deyirəm, görən,
İtən bombaları tapdılarmı bəs?

Sual hamımızı çaşdırdı bir dəm,
Bu təmiz hava da zəhərə döndü.
Dönüb gözümüzdə qaraldı aləm,
Laləli yamaclar oda büründü.

Elə dil dəyişdi hamının rəngi,
Aldı çöhrələri narın bir kədər.
Hava da gözəldir,
neyləyəsən ki,
Könül havamızı zəhərləyiblər...

Epiloq

Təzadlar!
Təzadlar artır ilbəil.
Zaman öz-özünü necə danır hey.
Gedirik...
Getdikcə qısalmır bu yol,
Çəkirik... Çəkdikcə dərd uzanır hey...

Bu qədər yazmışam, hələ azdır, az.
Ən böyük, ən dərin söz içimdədir.
Haqq-nahaq,
düz-əyri,
qəm-sevinc,
qış-yaz
Mənim öz içimdə, öz içimdədir.
Mənim ürəyimdə baş-başa durur,

Qorxuyla cəsarət,
Şübhəylə inam.
Biri o birinə min cür tor qurur,
Onlar vuruşurlar...
Mən harayçıyam!

Cəsarət - vüqarım, əzmim, hünərim,
Qorxu - mütiliyim, itaətimdir
Özümə düşməndir öz fikirlərim,
Bunlar barışmasa... fəlakətimdir.
Cəsarət qorxunu üstələyəndə,
"Beş adam içində, deyirəm, mən də
Adamam...
Öz yolum, öz əməlim var,
Axı, niyə qorxum?
düz əməlim var..."

Bunu öz-özümə söyləsəm də mən,
Qorxu baş qaldırıb sinədə hərdən
Bir ilan kimi
İzləyir hər yerdə cəsarətimi...

Bilmirəm, içimdə baş-başa duran,
Məni gah dindirən, gah da donduran
Bu müdhiş xəyallar,
Bu hallar nədir?
Cəsarət gələndə rahatlıq gedir...
Qorxu hökm edəndə...
kiçilirəm mən...
Vicdanım gizlənir xəcalətindən.

Bir də görürsən ki, oyanır vicdan,
Deyir: - Həyatmıdır səni qorxudan?
Axı, neyləyirsən bu çürük ömrü?
Kişi kimi yaşa beş günlük ömrü.
Qorxuyla cəsarət durub döş-döşə
Tazə bir inamla girir döyüşə!

Neçə "mən" yaşayır tək bircə "məndə",
Öldürən də mənəm, axı, ölən də.

Su da özümdədir, od da özümdə.
Dost da özümdədir, yad da özümdə.
Rəhm də məndədir, zülm də məndə,
Həyat da məndədir, ölüm də məndə...

İnsanlar döyüşür biri-birilə,
İnsanlar döyüşür öz-özlərilə.
Yaman döyüş gedir göydə, yerdə də,
Döyüşlər hər zaman girir bir dona.
Utanmaz-utanmaz hər dövrdə də
Yıxırıq günahı əsrin boynuna.

De, kimdir yaradan bu fəsadları?
Döyüşdə yaranır ən böyük söz də.
Əsrin nə günahı?
Bu təzadları
Gəlin, biz axtaraq öz içimizdə.
Sonsuz döyüşlərdə həyat yüksəlir,
Bütün yüksəlişlər qovğadan gəlir.

Bəzən bir saatda, bir neçə gündə,
Daşıyır illərin yükünü insan.
Bəzən özümüzü tapmaq üçün də,
Biz keçə bilirik varlığımızdan.

Sükunət...
Dayanır dilsiz məzarda,
Qəbrin başdaşına ilişib zaman.
Vuruşa-vuruşa
bu vuruşlarda
Özünü axtarır həmişə insan...

– Məzarda tapırmı?
-Nə deyim sənə!
Başqa cür yaşamaq son təsəllimiz.
Axı, əslimizə dönürük yenə,
İlkimiz torpağa qarışanda biz...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов