Haruna cavab
Страница 2 из 2 · 50%
Nəhayət, tənqidçi yazır: “Düşündükcə tələsik həyəcanların cəsarəti sönüyor, fikir işə keçmiyor”... “Bu sözlərin mənasını anlamaq mümkün deyildir. Bu kəlmələri Şekspirin Hamleti deyil, yalnız Cabbarzadənin “Aydın”ı deyə bilər. Bu sözləri yalnız Cabbarzadə öz əsərinə yaza bilər: Hamlet böyük duyğulara, eyni zamanda dərin bir düşüncəyə malikdir. Əsl fəlakəti də burasıdır. Həyəcanlarından, duyduqlarından tez bir nəticə çıxarır, sonra isə bu fikri beynində ilişib qalır, onu həyata keçirə bilmir.
Gete deyir: “Hamletin üzərinə böyük bir iş qoyulmuş, təbiətən isə ona bu işi həyata keçirəcək bir qüvvə verilməmişdir. Şekspir burasını təsvir etmək istəmiş, bütün əsər də bunun üzərində qurulmuşdur. Bu xüsusda ən ilk mənbə sanılan (Kosric) isə deyir ki: Hamletdə o (Şekspir) xarici həyat təsiratını almanın əql mühakiməsilə məvazinəsi olması lüzumunu göstərmək istəmişdir. Hamletdə isə bu məvazinə pozulmuşdur.
Onun həqiqi duyğuları, onun düşüncələri arasından keçincə öz boyasını itirib başqa bir rəng alır”. “İştə böylə bir adamı Şekspir öylə bir vəziyyətdə qoyur ki, tez və qəti hərəkət etməlidir”. Hamlet ölümdən qorxmur, lakin o, həssaslıqdan titrəyir. Sonsuz düşüncələr içərisində işi gecikdirir və ciddi hərəkət istedadını itirir. Ingilis münəqqidi Şəraşə də əsas etibarilə və bir az əlavə ilə bu fikrə şərikdir.
Beləliklə, Hamlet duyğuları üzərində bir şey düşünür, sonra isə fikrini işə keçirə bilmir. Burasını tənqidçi yoldaş anlamırsa, biz nə edə bilərik?
Polevoy yazır:
И яpkий цвeт мoгyчeгo peшeния
Блeднeeт пpeд мpakoм paзмышлeнья;
И cмeлocть быcтpoгo пopывa гибнeт,
И мыcль нe пepexoдит в дeлo.
Qrunberq isə
Tak блekнeт в нac pyмянeц cильнoй вoли
Koгдa нaчнeм мы paзмышлять, cлaбeeт
Живoй пoлeт oтвaжныx пpeдпpиятий
И poбkий пyть ckлoняeт пpoчь oт цeли.
Biz isə burasını: “Qəti bir iradənin iti boyası təfəkküratın zülmətinə qarşı soluyor. Düşündükcə həyəcanların cəsarəti sönüyor, fikir işə keçmiyor”, yəni əski molla dəlilə qövl felə mübəddəl olmur, – deyə yazmışıq.
Görünür tənqidçi yoldaş nəinki ingiliscə, nəinki rusca, hətta türkcə də bilmirmiş. Bu isə, hər halda, bizim təqsirimiz deyildir. Bunun üçün savadsızlıq kursları vardır. Tənqidçi yoldaş özü başqa bir monoloğ tərcüməsi təklif edir: Biz onun qırıq-tökük dilini qəbul etməkdənsə, əlimizdə Abdulla Cövdətbəyin mükəmməl tərcüməsi vardır. Ondan istifadə edə bilirdik. Tənqidçi yoldaş isə 20 sətirlik bu tərcüməsində aşağı-yuxarı 25 böyük qələt buraxmışdır.
“Aldadılmış eşqə” kimi dözərdi deyil, Qrunberqdə: “Unudulmuş eşqə”, Polevoyda isə “Qaytarılmış eşq”dir. Hamletin Ofelyanı ya Ofelyanın Hamleti aldatmalarını tənqidçi yoldaş düşünməyərək təsdiq edir.
Onlar bir-birini səmimi eşqlə sevir, aldatmırdılar. Sonra Qrunberqdə tənqidçinin dediyi kimi “Dünyanın zülm istehzasına deyil, əsrin zülm və istehzasına dayanılmaz” deyilir ki, burası da mühüm məsələdir.
Sonra tənqidçi: “Bu qorxu bizim hamımızı qorxaq etmişdir” deyə tərcümə edir. Halbuki, yuxarıda dediyimiz kimi Hamlet ölümdən qorxmur. Qrunberqin tərcüməsindən: “Beləliklə, vicdan bizim hamımızı qorxağa çevirir”di. Bu isə yenə də Hamletin düşünüb daşınması və öz vicdanından qorxub bir iş görməməsi deməkdir. Abdulla Cövdətbəydə burası: “Dünyada təfəkkürdür edən bizləri qorxaq”, – denilir ki, bu da doğrudur.
Tənqidçinin isə: “Hamletin” qorxudan qorxağa çevrilirik”, – deyə yazdığı cümlə yanlış və mənasızdır. Lüzum görülürsə, biz bu 20 sətirdə ümumi ölgünlük və söküklükdən başqa daha bir çox yanlışlar, həm də böyük yanlışlar göstərə bilərik.
Tənqidçi yoldaş! Bizdən böylə bir tərcümə tələb edirsəniz, əfv edərsiniz, biz onu edəməyəcəyik. İstərsiniz özünüz edib özünüz də oxuya bilərsiniz...
Nəhayət tənqidçinin bir iddiasını da qeyd edib bitirəcəyik. Tənqidçi deyir:
“Cabbarlı bir çox yerləri anlamadan başqa cür tərcümə etmişdir. Məsələn, 30- cu səhifədə: “Barmaqlar dodaqlara və əbədi sükut!” “Hadisə hər şey xaricindədir”. “Məlun cinayət, neçin mən sənə cəza verməyə doğuldum?”. Burada bir çox mənasız sözlər vardır: “Barmaqlar dodaqlara”, “Hadisə hər bir şey xaricindədir”. Cinayətə cəza verilməz. Şekspir isə burasını boylə yazmışdır: “Vaxt öz cızığından çıxmışdır, lənət olsun onu yenidən öz cızığına salmaq üçün məni doğuran fələyə”. Oxucu görür ki, burada nə hadisə var, Nə məlun cinayət, nə cinayətə cəza, nə də barmaqlar dodaqlara. Görünür, Cabbarzadə ingiliscəni bilmədiyi kimi, ruscanı da bilmir”.
İngilis və rusca bilən Harun yoldaş, bizə öyüd verməkdənsə, özünüz Qrunberqdən başqa bir kitaba da baxa idiniz. O zaman mənasız dediyiniz sözlərin mənə aid olmadığını və Polevoyun 26-cı səhifəsində “Barmaqlar dodaqlara” və i.a. sözləri eynən yazıldığını görərdiniz. Hətta Polevoyda deyil, Qrunberqdə də “barmaqlar dodaqlara”, – deyə yazılmışdır. Hətta ingiliscə orijinalda da burası böylədir. İngiliscə və rusca bilən tənqidçi yoldaşın bu sözləri, mənasız deyə bizə isnad verməsi bir böhtan və iftiradır. Tənqidçi yoldaş bunu bilərək yapmışsa, məhkəmə qarşısında cavab verməli, bilməyərək məlumatsızlıqdan və Qrunberqdən başqa bir kitab görməməkdən yazmış isə, məlumatsızlığını əfkari-ümumiyyə qarşısında söyləməlidir. Bunu biz tələb etmirik, bunu böhtanla sütunları qaralanmış “Yeni fikir” qəzeti tələb edə bilər.
Harun yoldaş, Şekspiri bir kitab ilə tərcümə etmək olmaz. Bunu biz bilirik. Bir Qrunberq ilə də tənqid etmək olmaz. Siz də bunu biliniz. Çünki tərcüməçi məsul isə, tənqidçi də məsuliyyətsiz deyildir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-haruna-cavab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.
DilarəGünəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı.Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir?
DilbərHər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: “Müəllimə mən deyim, mən deyim”, – deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.– Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?
PapaqGecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.– Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə...
Стихи других поэтов
از غمت از غمت خراب خرابدین و دل سوخته کباب کباب
Səni min yaşa, ay MəhəmmədHünərinə el hayrandı,Səni min yaşa, ay Məhəmməd!
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Kimdə varEy fələk sənin əlindən bu sitarə kimdə var,Mənim təki sinə dağlı, bəxti qarə kim də var.