(20 illik yubileyi)

Türk bədii teatrı özünün ən yaxşı artistlərindən biri – Sidqi Ruhullanın 20 illik yubileyinə ciddi hazırlaşır.

Sidqi Ruhulla 1890-cı ildə Buzovna kəndində dini məktəb müəllimi ailəsində anadan olmuşdur.

O, ibtidai təhsilini öz atasının məktəbində alırsa da, bütün çubuq və kötək əzablarına baxmayaraq, ondan molla alınmadı.

Şəhərdə təsadüfən gəldiyi teatra o bütün məhəbbəti ilə vurulur və ilk tamaşadan sonra səhnə onun həyat idealına çevrilir.

O, ilk dəfə 1908-ci ildə satıcıların dərnəyində “Adı var, özü yox” pyesində kiçicik qız – Telli rolunda çıxış etmişdi.

Bundan sonra həmin dərnəkdə rejissorluq edən mərhum Ərəblinski o vaxt ondakı böyük qabiliyyəti görərək, “Müsibəti-Fəxrəddin” pyesində baş rollardan birini ona tapşırır. Bu ondan etibarən Sidqi özünün bütün həyatını səhnə ilə bağlayır, sevinci də, kədəri də onunla bir olur.

Bir tərəfdən Türk teatrının inkişafını gözü götürməyən çar hökumətinin əsarətinə, digər tərəfdən onun sənətini ailə üçün ləyaqətsizlik, biabırçılıq hesab edən öz dindar qohumlarının təqibinə məruz qalan Sidqi öz şəxsi əmlakını satır, günlərlə ac, sığınacaqsız qalır, bütün qohumları tərəfindən rədd edilərək vağzal və meydanlarda gecələyir. Bütün bu məhrumiyyətlər onun qərarını zəiflədə bilmir, inadla mübarizə apararaq o öz səhnə fəaliyyətində sadə Telli rolundan Yaqo (“Otello”), Frans (“Qaçaqlar”) və bu kimi nəhəng rolların ifaçısı səviyyəsinə qalxmışdır.

Onun böyük xidmətlərindən biri o hesab edilməlidir ki, çarizm zorakılığının ən ağır günlərində Azərbaycanın şəhərlərini və hətta kəndlərini gəzir, onların qaranlıq həyatına teatr işığı aparırdı.

O, 1913-14-cü illərdə çirkli, atılmış xalçadan pərdə düzəldərək, Zağam kəndində tamaşa göstərirdi – demək asandır. Azərbaycan hüdudu ilə kifayətlənməyib, o, Gürcüstanı, Dağıstanı, Türkmənistanı, Özbəkistanı, Tatarıstanı, Iranı və i.a. gəzərək hər yerdə dərnəklər təşkil etmiş, onlardan bəziləri indi də qalır və tamaşalar təşkil edirlər.

Bütün bu 20 ildə Sidqi vəziyyətlə əlaqədar gah aktyor, gah da teatr və dərnək təşkilatçısı işləmişdir.

Heç bir şübhə yoxdur ki, Azərbaycanda öz həyatının 20 ilini teatrın tərəqqisi işi uğrunda mübarizəyə həsr edən, fəhlələr, kəndlilər arasında və ən ucqar guşələrdə işləmiş öz aktyorunun əməyini qeyd etməyi bacaracaqdır.

Zəhmətkeşlər öz dostlarını qiymətləndirməyi bacarırlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов