Türk Bədaye Teatrı, öz mövsümünü oktyabrın 16-da “Bomba” pyesi ilə açır. Teatrın bu mövsümü, işdə kafi bir dəyişiklik yaradılması şüarı altında başlayır.

Yayda teatr Şuralar İttifaqında qastrollar vermiş və 1-ci olimpiadada iştirak etmişdir. Odur ki, teatrın yeni mövsümə hazırlaşması üçün vaxt az olmuşdur. Olimpiadanın nəticəsində teatr yeni qüvvə almış və göstərilən nöqsanları aradan qaldırmağa başlamaq istəyir. Bu arzu teatra qısa bir zamanda böyük işlər görməyə imkan vermişdir.

Birinci növbədə teatrın bədii rəhbərliyi işində böyük bir dəyişiklik əmələ gətirilmişdir. Teatr naturalizmi, dərinləşmiş psixologizm qalıqlarını tamamilə aradan qaldırmağı və dialektik materializmin möhkəm qanunlarına əsaslanan sağlam proletar realizminə keçməyi qərara almışdır.

Bunun nəticəsində canlı insan məsələsi, sinif nöqteyi-nəzərincə düşünülmüş insan görüşündə qəti surətdə həll edilmiş və teatr işçikəndli kütləsinin iradə və şüurunun təbliğatçı və təşkilatçısı yoluna girmiş olur.

Bu il teatr türklərdən gənc rejissorları işə çəkmiş və bunlara müstəqil pyes quruluşları tapşırmışdır.

Teatrda daimi işdə çalışmaq üçün 40 nəfər cəlb edilmişdir. Bunların çoxu istehsalatdan gələn gənclərdir. Bunlar teatr yanında düzələn kurslarda tərbiyə alacaq və mümkün olduqca aktyorluğa irəli çəkiləcəkdir. Beləliklə teatr müntəzəm surətdə işçiləşdiriləcəkdir.

Teatrda daimi çalışmaq üçün bir gənc türk kompozitoru işə çəkilmişdir. Teatrın hərlənən səhnəsi maşınlaşdırılmış və təkmilləşdirilmişdir.

Xüsusən, repertuar siyasəti sahəsində qəti işlər görülmüşdür. Teatr ideoloji (məfkurə) cəhətinin sağlam olmasına ciddi fikir veriləcəkdir. Teatrda qoyulan pyeslər dəyişdiriləcək, düzələcək, teatr məfkurə və bədii cəhətcə əlverişli repertuarla təmin olunmaq üçün dramaturqlar arasında müntəzəm iş aparılacaqdır. Teatr öz ətrafında gənc dramaturqları birləşdirmək ilə məşğul olacaq və onlara teatr ilə tanış olmaq və təlim almaq imkanı verəcəkdir.

Mövzu məsələsinə gəldikdə, teatr etibarı ilə Azərbaycan işçi və kəndlilərinin sənayeləşdirmə və kollektivləşdirmə cəbhəsində, dinə, çadraya və əsgi feodal yaşayış qalıqlarına qarşı mübarizə cəbhəsində və yeni, sağlam, mədəni yaşayış uğrunda apardığı mübarizəni əks etdirəcəkdir.

Bununla əlaqədar olaraq yeni pyeslər təyin və sifariş edilmişlər. (“Qara su” pyesi işçilərin neft cəbhəsində apardığı mübarizəni təsvir edir; bir də kənd təsərrüfatını yüksəltmək uğrunda mübarizəni təsvir edən pyes sifariş edilmişdir.)

Teatr, bütün işlərini dəzgah işçilərindən ibarət olan teatrın bədiisiyasi şurası ilə bağlı bir surətdə aparır. Beləliklə teatr, işçi tamaşaçısının tələblərini hər bir zaman nəzərdə tuta biləcək və işçilər teatrı hər bir zaman kontrol etməyə imkan tapacaqdır. Bu yol ilə şura, işçi sinfinin iradəsinə görə teatrın işlərinə istiqamət verə biləcəkdir.

Gələcəkdə teatr qarşısında böyük vəzifələr durur. Repertuar məsələsini qəti surətdə qaydaya salmaq və orijinal əsərləri artırmağa çalışmaq lazımdır.

Aktyor heyətini yenidən hazırlaşdırmaq və onları siyasi və bədii cəhətcə irəlilətmək lazımdır.

Teatr sənətinin bütün hissələri üçün yeni kadrlar hazırlamaq, yeni işlərdə mühüm yer tutmalıdır.

Türk qadınlarının səhnəyə çəkilməsi uğrunda ciddi işlər görülməlidir. Hələ bu vaxta qədər teatra lazımi qədər türk qadını çəkilməmişdir.

Səhnədə oynamağın alçaq iş olduğunu düşünənlər hələ az deyildir. Bu köhnə fikir hələ başdan çıxmamışdır. Odur ki, türk qadınını səhnəyə çəkmək işi kütləvisiyasi kampaniya halına çevrilməlidir. Əməkçi türk qadınları şura türk teatrına kömək etməli və onun inkişafında mühüm bir amil olmalıdır.

İşçi tamaşaçılar ilə əlaqə məsələsi də yoluna qoyulmalıdır.

Teatrın qarşısında çox böyük vəzifələr durmuşdur. Bunları bir ildə həll etmək mümkün deyildir. Lakin əhəmiyyətli cəhət orasındadır ki, teatr öz nöqsanlarını görərək, onları aradan qaldırmağa və doğru yol götürməyə başlamışdır. Odur ki, yeni mövsümün bu yolda böyük əhəmiyyəti vardır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов