Türk teatrı olimpiadada
Türk Bədaye Teatrının ümumittifaq teatr olimpiadasında iştirak etməkdən məqsədi on il içərisində teatr sahəsində əldə edilən müvəffəqiyyətləri və təcrübələri olduqca geniş bir surətdə göstərmək, başqa teatrların fəaliyyətinə diqqət yetirmək, onların gördüyü işlərlə ətraflı surətdə tanış olaraq mənimsəmək, nöqsanları meydana çıxarmaq, aradan qaldırmaq, müvəffəqiyyətlərdən isə istifadə ilə gələcək yol təyin etməkdən ibarət idi. Olimpiadanın böyük siyasi əhəmiyyəti haqqında danışmaq belə artıqdır. Teatrın ilk çıxışı Leninqradda oldu. Şərq xalqları evində, “Kraskaya qazeta” müxbirləri klubunda, İncəsənət işçiləri evində, alman işçi teatrı və Leninqrad teatrları ilə düzələn rabitə gecələri, teatrın Putilov zavoduna getməsi və sairə böyük siyasi bir nümayiş halını aldı. Ən böyük qardaşlıq həmrəyliyi nümayişi türk-tatar teatrının, tatar, özbək, türk teatrlarının Qızıl Tatarıstan mərkəzində görüşməsi oldu.
Türk Bədaye Teatrının istər Leninqrad, istərsə də Kazandakı böyük müvəffəqiyyətləri, istər Leninqrad, istərsə də Kazan mətbuatı və xüsusən teatr mətbuatı tərəfindən çox aydın göstərildi.
Türk teatrı görkəmli ixtisasa malik aktyor yaradaraq, mündəricə etibarı ilə hazırkı tələblərə uyğun inqilabi türk dramaturgiyası yetişdirmiş ki, bu dramaturgiyanın ayrı-ayrı böyük səhv və nöqsanları olsa belə, hər halda, milli dramaturgiyalar sırasında birinci yerlərdən tuta bilər. Bu fikir bütün tamaşaçı, mətbuat və sairənin fikri olaraq olimpiadadakı jürinin mülahizəsində belə aydın göründü. Olimpiada nəticələri çox görkəmli və eyni halda gözlənilməyən oldu.
Hər tamaşa haqqında geniş mübahisə açılır, teatrın bütün fəaliyyəti, bədii, ideoloji əhəmiyyəti, maddi imkanları müzakirə olunur, müvəffəqiyyət və nöqsanları meydana çıxarılırdı.
Cabbarlının məruzəsi üzrə Türk Bədaye Teatrı fəaliyyəti haqqında mübahisələr aparıldı. Bundan sonra Dövlət Bədii Akademiyasında A.A.Tuqanov məruzədə bulundu.
İstər bu mübahisələr, istərsə də jüri iclaslarında müvəffəqiyyətlərlə bərabər nöqsanlar dəxi göstərildi.
Əsas müvəffəqiyyət:
İxtisaslı aktyor kollektivi və
Müasir inqilabi milli dramaturgiya olduğu hesab edildi.
Əsas nöqsan olaraq üç məsələ irəli sürüldü və mübahisələrin çox hissəsi bu xüsusda oldu:
Kadr məsələsində göstərildi ki, tamaşaya xidmət edənlər, musiqiçilər, rəssamlar və sairə kadrları lazımi surətlə hazırlanmamışdır.
Bədii yaradıcılıq üsulları məsələsi haqqında göstərildi ki, teatr, tarixini keçirmiş Moskva Bədaye Teatrı yaradıcılıq üsulu üzrə gedir.
Teatr hələlik naturalizm tör-töküntüsündən tamamilə azad olmamışdır. İstər tərtibat, istərsə də quruluşların sinfi mahiyyəti tamamilə aydın deyildir.
- Milli forma haqqında. Əgər Rustaveli adına teatrın milli forması haqqında bəzi əyintilərə yol verilərək, milli formanın incəsənəti kütlələrə yaxınlaşdırmaq və Gürcüstan əməkçiləri yaradıcılığını meydana çıxarmaq üçün bir vasitə deyil, bir məqsəd kimi istifadə olunduğu və bunun nəticəsində milli forma və yaxud daha doğrusu, milli incəsənətin millətçilik incəsənəti təmayülü göstərdiyi qeyd edildi və özbək teatrında ibtidai etnoqrafiyadan ibarət olduğu göstərildi, Azərbaycan Türk Bədaye Teatrında milli forma məsələsinə lazımi qədər fikir verilmədiyi qeyd olundu. Bu isə incəsənəti Azərbaycanın əsas işçi-kəndli kütlələrindən bir qədər ayrı salmış olur.
Milli forma necə müəyyən edilməli, haradan alınmalıdır? Milli forma elə hazırlanmış və müəyyən bir şey deyildir ki, onu arzu etdikdə götürüb papaq kimi də qoymaq olsun.
Milli forma papaq, don, çərkəzi paltar, xəncər və yaxud ilməli köynəklərdən ibarət olaraq qala bilməz. Onu axtarmaq və tapmaq lazımdır. Fəqət bu iş bir məqsəd deyil, bir vasitə olmalıdır. Milli formanı haradan axtarmaq olar? Onun əlamətləri istər paltarlar, istər yeriş, istər ümumi ahəng, istər hərəkətlərlə danışmaq qaydası, boyalar, nağıllar və həyatın bütün sahələrində görünərək sinfi xətt hərəkətcə təbəqələşmişdir. Burada yenə bütün iş kadr məsələsindən ibarət olur, zira yalnız yaşayışın bütün incəlikləri ilə tanış və dialektik üsul ilə silahlanmış bir rəssam bu ağır vəzifəni yerinə yetirə bilər. Fəqət bəzi yoldaşlar bu məsələni belə bir tərzdə qoymadılar. Milli forma inkişaf etdirməlidir və bu iş teatrın ən mühüm vəzifələrindəndir.
Təşkilat və texniki tədbirlərdəki nöqsanlar müvəffəqiyyətlərimizi tamamilə göstərməyə yol vermədi və nəticələrə də az təsir bağışlamış oldu.
Teatr olimpiadaya gedirkən lazımi qədər hazırlıq işi aparmamışdır. Əlbəttə, olimpiadanı bir yarış hesab etmək doğru olmaz. Hər olimpiada əsas etibarı ilə müvəffəqiyyətlər yoxlanışıdır. Burada xüsusi olaraq hazırlanan tamaşaları vermək, bütün onillik fəaliyyəti göstərmək lazım idi. Fəqət bunların hamısı heç olmazsa sınıq-sökük dekorların təmirinə mane ola bilməzdi.
Başqa teatrlar olimpiadaya nəinki bütün heyətləri, hətta əlavə qüvvələrlə gəlmişlərdi. Gürcülər, özzbəklər və sairə özləri ilə böyük yardım heyəti, musiqi ansamblı, oxuyanlar, milli xor və sairə gətirmişdilər.
Özbəklərin dram və opera teatrı da iştirak edirdi. Türk Bədaye Teatrı isə nəinki özü ilə yardım heyəti aparmamış, hətta aktyorlarının belə bir hissəsini siyahı xaricində buraxmışdı. Biz opera teatrını aparmamışdıq. Halbuki türk teatrı istər səhnə, istər musiqi heyəti, istərsə, ümumi cəhətcə böyük maraqla qarşılanan teatrların bir çoxundan geridə deyil, biləks irəlidədir.
Teatrın oxuyanlar, musiqi ansamblı və Xoru yox idi.
Olimpiada təşkilində belə bəzi nöqsanlar və bir qədər tələsmə hiss olunurdu. Burada mətbuat bürosu təşkil edildi, fəqət sonra buraxıldı. Milli teatrlar isə bu büroya ümid bağlayaraq özləri məlumat vermədilər. Bunun nəticəsində bəzi teatrların fəaliyyəti lazımınca aydınlaşdırılmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-turk-teatri-olimpiadada
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Fikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!
Bulvar hara, məktəb hara(Yay tətilindən sonra məktəbə getməyə məcbur olanuxajor mütəəllimlərin naləsi)
Hürriyyət və təsəttüri-nisvanAy Baba, bir bax gör mənim başıma nə zorba iş gəlmişdir. Neçə ilbundanqabaq filan əfəndi filan əfəndi ilə ağız-ağıza verib “hürriyyətinisvan”,– deyə
İranlı dedi – bildimİranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.