İkinci pərdə
Страница 1 из 3
Madriddə yüksək və möhtəşəm bir yapı... Sağda başqa evlər, solda güzlük ağaclar...
İkindi çağı, bulutlu hava... Göy gürlər, şimşəklər çaqar... İb lis ixtiyar professor
qiyafətində – yağmurluğa bürünmüş olduğu halda – Rə’na ilə bərabər gəlir.
Ara-sıra əli silahlı qadın, erkəklər yoldan keçər.
R ə’ n a. Aman, nə dəhşətli səfər!? Biz haraya gəldik, bura hansı şəhərdir?
İb lis. Biz Madriddəyik,İspaniya paytaxtındayıq. Baq, bu qocaman, möhtəşəm yapı ən böyük universitet, ən parlaq mədəniyyət ocağıdır.
R ə’ n a. Xayır, baqsana orada yataqlar və şəfqət bacıları var.
İb lis. Görünür, müharibədə yaralı düşənlər çoq olduğundan universiteti xəstəxanaya çevirmişlər.
Hava aydınlaşır. Bir yığın silahlı-silahsız ispanyol qızları və dəliqanlıları şaqraq və
oynaq bir çalğı ilə gəlib keçərlər. İki qızla iki dəliqanlı da rəqs edər. Bu sırada uzun,
ağ kömləkdə şux, gözəl bir ispanyol qızı Ema şəfqət bacıları ilə bərabər xəstəxanədən
çıqar, tamaşa edərlər. Sonra Ema yoldan keçən tüfəngli, patrondaşlı bir
dəliqanlıyı yumşaq və zərif ahəng ilə səslər.
Ema. Kastilyo!.. (Qapı arqasında gizlənir)
Kastilyo (dönüb baqar, heyrətlə). Kim o? Mənimi çağırdılar!?
Bu, gözəl Emanın səsinə bənzəyir. (Bir də düşündükdən sonra) Xayır, onun burada nə işi? (Uzaqlaşmaq istər)
Ema (çıqar, yenə səslər). Kastilyo!.. Kastilyo!..
Kastilyo (dönər, sevinc ilə). Ema, sən burdamısın?
Ema. Əvət, xəstələrə baqıram. Sən haraya?
Kastilyo. Aşağıda köprü başında gecə növbətçisiyim.
Ema. Sənidəmi əskərliyə aldılar?
Kastilyo. Xayır, könüllü yazıldım.
Ema. Yaşa, var ol! Bilsən nə qadar sevindim. Gəl!.. Gəl!.. Səni... (Qucaqlayıb öpər) baq böylə!..
Kastilyo. Qız! Şaşırdınmı? Kənardan baqıb görürlər.
Ema (incə qəhqəhəylə). Görsünlər, nə olur? (Bir daha öpər)
R ə’ n a (İblisə). Aman, nə sayğısızlıq, nə utanmazlıq!?
İb lis. Bunlar sizlərə bənzəməz. Avropalıların sevişiböpüşmələri daha azaddır.
Bu sırada tüfəngli Xalid, mərakeşli ərəb yoldan keçər. Onların öpüşdüklərini
görür.
Xalid. Kastilyo! Kastilyo! Gecikmiyəlim.
Ema (diksinərək). Uf, əsmər ilan! Bu haradan çıqdı?
Kastilyo. Saqın, Xaliddən ürkmə, o, çoq namuslu adamdır.
Başqa ərəblər yurdumuzu taladıqları halda o, faşistləri bıraqdı, bizim
tərəfə keçdi. Həm də bu saat mənimlə bərabər növbətə duracaq.
Ema. İnanma, yabançılar xain olur.
Kastilyo. Xayır, onun könlü bizimlədir. (Dönərək) Xalid gedəlimmi?
Xalid. Gedəlim. (Kastilyonun qulağına) Ee gördüm, öpüşdüyünüzü gördüm.
Kastilyo. Necədir? Bəyəndinmi?
Xalid. Barəkallah! Maşallah! Oynaqdır, şaqraqdır.
Kastilyo. Başqası deyil, nişanlımdır. Bu yaqınlarda evlənəcəyik.
Xalid (Emaya gülümsəyərək). Çoq mübarək, gözəl qızdır. İşvəlidir, nəş’əlidir.
Kastilyo. Öz aramızdır, Emayı bir az diksindirdin.
Xalid. Niçin? Mən adam yeyən deyilim.
Ema. Necə? Adam yeyənmi? (Şaqraq gülüşlə...)
Xalid. Sözlərim tuhafmı göründü? Bütün dünya bir-birini yeməyirmi?
Ema. Əvət haqsız deyilsiniz.
Kastilyo. Xalid çoq incə adam!.. O, gözəl ud çalar, gözəl şərqi də söylər.
Ema. Hanya, mən görmədim.
Kastilyo. Haydı, bir-iki ağız söyləsənə!
Xalid. Ba...ş üstünə (ərəb ahəngilə oqur)
Səni ürkütdümü halım, çiçəyim!
Öylə yan baqma, aman sevdicəyim!
O baqışlar, o duruşlar, o əda
Qoparır fırtınalar ruhumda.
Gözlərin qoymadı taqət məndə,
Bir daş olsam da gözüm var səndə.
Edəməm könlümü əsla məcbur,
Səni kim görsə xəbərsiz vurulur.
Kastilyo (əlilə onun omuzunu oqşayaraq). Bravo!.. Bravo!.. Haydı sən yavaş-yavaş yürü, mən də gəlirim.
Xalid (başını oynadıb gülümsər). Əvət, məsələ mə’lum! (Qulağına) Iş vaqtı öpüş yasaqdır. Gecikmə, tez gəl! (Uzaqlaşır)
Kastilyo. Bu saət əzizim, bu saət.
Ema (əlilə nişanlısını itələr, darğın). Get, get, sən də bərabər get!
Kastilyo. Ema! Yetər, aradan nələr keçdi? Nə oldu sana?
Ema. Nə olacaq? Qarayı gördün də ağı unutdun. Anlat görüm üç gündür haradasın?
Kastilyo. Gecə-gündüz qışlada məşq edirik.
Ema. Olsun, bir gəlib aramaq, sormaq yoqmu?
Kastilyo. Sən bilirsən ki, vətən eşqi və vətən qurtuluşu hər şeydən yüksək və müqəddəsdir.
Ema. Olsun, mən də vətənin bir üzvü, bir parçası, bir yavrusu deyilmiyim?
Kastilyo. Vətən anadır. Bütün sevgilər ana məhəbbəti qarşısında sönük qalır.
Ema. Bilirəm, məndən soğumuşsun. (Əlilə itər) Get, get, yolundan qalma!
R ə’ n a. Nə tuhaf!.. Həm sevişir, həm çəkişirlər.
İb lis. Baqma, çəkişmək də sevişmənin bir nevidir. (Ağac dibindəki sıra üzərində otururlar)
Kastilyo (xəstəxanəyə girmək istəyən Emaya). Getmə, dur!
Ema (nazlanır). İstəməm, xayır.
Kastilyo (qolundan tutaraq). Bəri gəl! Çocuqluq, dəlilik yetər!
Ema (cibindən kiçik bir revolver çıqarır). Sus, bir də böylə təhqir etsən, özümü öldürrəm. Bilirsən ki, imdi insanların bir qurşun qadar dəyəri yoqdur.
Kastilyo. Anladım, əvət, anladım. Çocuq da mənim, dəli də, oldumu?
Ema (şən və oynaq). Baq böylə!.. Bu cəvab xoşuma getdi.
Kastilyo (onun əlini sıqaraq). Bağışla, çoq gecikdim. (Getmək istər)
Ema. Dur, sözüm daha bitmədi. Nevbətdən sonra anamın yanına uğrarsın, saqın unutma!
Kastilyo. Niçin? Gərəkli bir işmi var?
Ema. Səninlə toy haqqında danışacaqdır.
Kastilyo. Bilirsən ki, yerimiz dardır, geniş oda bulayım da sonra.
Ema. Lazım deyil, bizə köçərsin, bu günlərdə evlənməliyik, vəssalam!
Kastilyo. Nə olmuş canım, dünya dağılmadı ki!?
Ema (ayağını yerə vuraraq). Mən öylə istərəm, eşitdinmi? Anam kimsəsizdir, tək başına bıraqmaq olmaz.
Kastilyo. Çoq gözəl, haydi gəl səni bir daha qollarım arasına alayım. (Qucaqlayıb öpür. Xızlı adımlarla uzaqlaşır)
Bu sırada qucaqları – kağızlara sarılmış konserv, şəkər, çay, bisküvi və başqa şeylərlə
dolu bir yığın qadın, erkək qarşıdakı evdən çıqarlar.
Ema. Natella!.. Natella!.. (Deyə, onların arasındakı gənc qadına doğru qoşar, öpüşürlər)
Natella. Ema! Necəsin, gülüm?
Ema. Yaqşıyım, sənin keyfin?
Natella. Çoq şükür.
Ema (uzaqlaşan nişanlısını çağırır). Kastilyo, Kastilyo!
Kastilyo (geri dönər). Nə var, Ema?
Ema. Yolunuz birdir, Natellaya yardım et!
Natella. İstəməz, zəhmət çəkməyin.
Kastilyo. Ver, ver! Hiç bir zəhməti yoq. (Şeylərin yarısını alır)
Ee... e nə bolluq canım!? Bunları sizə kim paylayır?
Ema. Kim paylayacaq?.. Bizimkilər!
Kastilyo. Yenə müəmma söyləyirsən.
Natella. Xayır, müəmma deyil. Bu şeylər cihan proletarları tərəfindən bizə hədiyyədir. Həm də çoq qismi böyük Sovetlər İttifaqından göndərilmiş.
Ema (şən və öyünürcəsinə). Əvət biz yardımsız və kimsəsiz deyilik. (Natellaya) Bağışla, unutdum. Çocuq hanı? Evdə yalnızmı bıraqdın?
Natella. Xayır, yalnız deyil, anamla xəstə qardaşım bizdədir.
Kastilyo. Ərin harda?
Natella. Madrid altında pulemyot başında.
İb lis. Acıyın bizə, Allah eşqinə yardım edin.
Ema. Siz kimsiniz?
İb lis. Talesiz bir professor!.. Gözlərim zəhərli qaz və başqa kimya təcrübələrində kor olmuş.
Natella. Uf, bilməm bu alimlər zəhərli qazlarilə, yaqıcı makinalarıyla insanlardan nə istəyirlər.
Kastilyo. Onların bir çoq kəşfiyyatı bəşəriyyəti umulmaz vəhşiliyə,
qorqunc fəlakətlərə sürükləyir.
İb lis (dərindən ah çəkərək). Əvət, yavrum, bizim elmimiz cəhalət qadar iyrənc və uğursuzdur. Ona görə də Allah məni öz əlimlə cəzalandırdı. Uf, lə’nətlər olsun mənim taleyimə!
Natella. Keçmiş artıq, üzülmək yersizdir. (Rə’nayı göstərir) Bu kimdir?
İb lis. Qızımdır. Bizə sığınacaq yer verin.
Kastilyo (gülərək). Yerimiz olsaydı toyumuzu beş gün əvvəl yapardıq.
Ema (sinirli). Sözü çeynəmə, dedim a, bizə köçərsin, vəssəlam!
Natella. Gedəlim, çocuq acdır.
Kastilyo. Haydi, haydi! (Sür’ətli adımlarla uzaqlaşırlar)
Ema. Uğurlar olsun! (Əlini dodaqlarına götürür) Natella! Unutma, körpəciyəzi mənim yerimə də öpərsin.
Natella. Yaqşı, gülüm, yaqşı.
R ə’ n a. Uf, səbrim tükəndi, Arif harda?
İb lis. Üzülmə, bu saat gəlib çıqar.
Ema (beş-altı adım yürür, yana). Bəlkə bunlar acdır. (Dönüb yaqınlaşır) Professor! Yeyib-içməyə ehtiyacınız yoqmu?
İb lis. Xayır. (Rə’naya) Bəlkə sən bir şey istərsin.
R ə’ n a. Bir parça əkmək olsaydı...
Ema (onu xəstəxanəyə götürür). Gəliniz, yaqşıca makaron şorbası da var.
İb lis. Get, qızım, mən burdayam. (Gedərlər)
Birinci, ikinci, üçüncü və dördüncü şeytan ortaya fırlayaraq İblisə qarşı əyilirlər.
Hamısıbirdən. Salam böyük ustamıza!
İb lis (qıvılcımlar saçan gözlərini açaraq). Nə var, nə xəbər?
Birincişeytan (alman tipli). Ən parlaq müjdələr!.. Mən Hitler Almaniyasını dolaşdım, özümüzə bir çoq məsləkdaş qazandırdım. Oradakı əməkçilərdən başqa hər kəs qan-qan – deyə qızmış canavar kibi dünyaya meydan oquyurlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-iblisin-intiqami-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Майский день, ботанический сад в Тифлисе. Бассейн, увитый цветами. Слышится пенье соловьев.Лена (Входит с Марго, оглядывая окрестности). —
Üçüncü pərdəЗал в тифлисском доме. Мебель и ковры в грузинском стиле. В центре стены дверь с полураспахпутой шелковой портьерой. За нею видна гостиная, полная гостей. Слышны звуки «шура», исполняемого на кеманче. Февральская ночь. Полупьяный Шакро выходит из гостиной в зал. Из другой двери появляется опечаленная Марго с пустым подносом в руках.Шакро Печаль свою ты носишь, словно шаль.
Dördüncü pərdəДва года спустя. Берлин. На верхнем этаже просторная комната, обставленная в немецком стиле. Две двери: слева и справа. Прямо посредине - дверь, ведущая на обширный балкон. По обе стороны балконной двери большие окна. На балконе и в комнате у окон цветы. На правой и левой стенах портреты Шиллера и Гете. В углу за столом Соломон что-то пишет, листает лежащие перед ним тетради и книги. Князь в европейской одежде любуется с балкона видом города. Входит в салон приближается к Соломону.Князь Берлин... Что может быть, скажи,
Beşinci pərdəКафе-ресторан в Берлине. Справа и слева — двери. В углу небольшая сцена с окрестром из пяти-шести музыкантов. В центре площадка для танцев, по стенам столики и кресла для посетителей. Первый день мая.Соломон у буфетной стойки читает газету. Официантки — женщины и девушки — убирают со столиков. Женщины болезненно тучны с нездоровым цветом лица, девушки слабы и бледны.
Стихи других поэтов
İlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedimEy dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?