Страница 2 из 2 · 50%

İb lis (ağaclıqdan çıqar. Kinayəli qəhqəhə ilə). Arif! Zavallı Arif! Sən yenəmi uslanmadın?! Yenəmi hissiyyata qapıldın? Unutma ki, insanları yeniləşdirib canlandıran ancaq müharibədir.

Arif. Yalan!.. Bu vəsvəsələr faşizm düşüncələrində parlayan qara şimşəklərdir.

İb lis. Saqın, coşub-daşma! Daimi sülh arzusu yaldızlı xülyadan başqa bir şey deyil. İsa devri çoqdan keçmiş. Mərhəmət fəlsəfəsi bu gün için büsbütün yıpranmış və çürümüşdür.

Arif. Mən qan içənlərə nifrət bəslərəm.

İb lis. Halbuki qan aqması hər zaman insanlara zərər verməz. Bə’zən də səhhət və şəfa vasitəsi olur.

Arif. Çəkil önümdən! Sən xain və alçaq bir məxluqsun.

İb lis. Sən də mühakiməsiz və şaşqın bir filosofsun.

Arif. Öylə isə al, bu qurşunun aqıdacağı qan sənə də şəfa versin.

(Revolverlə ona atəş açarsa da dəyməz)

İb lis. Zavallı!.. Baq, cılız bir qurşun da sənə itaət etməyir. Həm də nə çocuqca sayğısızlıq!? Sən vulkanı qıvılcımlamı söndürmək istəyirsən? (Qoltuğundan çıqardığı ufaq bir makinadan Arifin üzərinə dumanlı alav püskürür) Al, bu bəndən sana bir dərs olsun.

Arif. Ah nə dəhşət!.. (Bayılıb havuz kənarındakı sıra üzərinə yıqılır)

İb lis. Saqın, bir də həddini aşma! Imdi bayılsan bir də qiyamətdə ayılacaqsın. (Uzaqlaşır)

Köşkdə həzin və şikayətli musiqi çalınır. Bu halda gözəl qiyafətli, munis baqışlı
Sima izindən ayrılmayan tunc geyimli, yağız çöhrəli Tuncərlə bərabər ağaclıqdan
çıqar. Təlaş ilə yaqlaşır.

Sima. O nə?.. Aman Tuncər! Durma, su ver! Adamcığaz bayılmışdır. (Arifin burnuna dərman qoqlatıb su sərpərlər)

Arif (gözlərini açaraq). Ah, mənə nə oldu? Rö’yamı görürəm?

Sima (onun qolundan tutub qaldırır). Əvət, həyat bir rö’ya, insanlar da rö’yada parlayıb sönən kölgələrdir.

Arif. Sənin kim olduğunu bilmək məraqsız deyildir.

Sima. Bən məhtablı mayıs gecələrinin ilıq busələrindən yaratılmış bir qızcığazım!..

Arif. Əvət yüzündəki saflıq mayıs səhərindən tatlı və sevimlidir. Gözlərindəki süzgünlük və cazibə sevdalı gecələr kibi munisdir.

Səsindəki lətif ahəng hər musiqidən gözəldir. Səndəki bu vüqar və əzəmət, bu incəlik və şətarət ən böyük sən’ətkarların ilhamını süsləyə bilir. Rica edərim, sən kimsin?

Sima. Mən bir çoq şairlərin, filosofların könlünü avlayan, ən yüksək və dərin düşüncələrdə qanat çalan bir dilək pərisiyim.

Arif. Adın nədir?

Sima. Sima!

Arif. Sən əski zamanlarda gəlsəydin, sevgi və gözəllik tanrıları qarşında diz çökərlərdi.

Sima. İmdi insanlar tanrılara inanmadıqları için səcdə etmək də istəməzlər.

Arif. Səni dünyada ən çoq məraqlandıran nədir?

Sima. Yalnız sülh və məhəbbət!.. Mən bəşəriyyət için çırpınan, qan izlərini silməyə çalışan sülh pərisiyim. (Munis və gülümsər baqışla uzaqlaşmaq istər)

Arif. Aman dur! Ta çocuqluqdan bəri könlüm sənin həsrətinlə çırpınır. Yalnız ayıqlıqda deyil, rö’yalarımda belə səndən ilham almaqdayım.

Sima. Təşəkkür edərim. (Yanındakı cəngavərə) Tuncər, gedəlim.

Arif (heyrətlə). Gerçəkdən Tuncərmi? Mən onu çoqdan tanıyıram. (Tuncərin əlini sıqar) Söylə, imdiyə qədər haralarda idin?

Tuncər. Başıma gələnlər uzundur. Bir zaman tarlalarda, fabrikalarda çalışan əməkçilərə qoşuldum, bir zaman da cihangirlərə qarşı duran inqilabçılara yardımçı oldum. Lakin bu cəsarətim əfv olunmadı. İstibdad jandarmaları məni zəncirlədilər, kirli zindanlara atdılar. Nəhayət qarşındakı parlaq sima məni ağır üzüntülərdən qurtardı. İmdi izlədiyim yalnız bu gözəl pərinin diləkləridir.

Arif. Nə böyük səadət!.. Nə uğurlu inqilab!..

Sima (Tuncərə). Gedəlim.

Arif. Xayır getmə, sənin eşqinlə çarpan könlümü öksüz bıraqma!

Sima. Məni sevən izimdən ayrılmaz. (Uzaqlaşır)

Arif (heyrətli baqışlardan sonra). Ah, o bir yıldız kibi aqıb getdi. Bir xəyal kibi, bir rö’ya kibi süzülüb getdi. Xayır, mən onsuz yaşamam, onsuz yaşamam. (Simayı izləmək istər)

R ə’ n a (uzun saçları omuzlarına dağılmış olduğu halda gecə kömləyində gəlir). Arif! Sana nə olmuş? Bu sözlər kimin içindir?

Arif. Hiç sorma.

R ə’ n a. Gecə yarıdan keçmiş, niçin gəlib uyumayırsan?

Arif. Məni yalnız bıraq!

R ə’ n a. Rə’naya qarşı bu soyuqluq nədir? Yenə gözlərinə kimlər göründü? Söylə, könlünü çalan hanki afətdir? Söylə!

Arif. O yosma bir qız, sevimli bir idealdır. Mən ona heyran oldum, ondakı yuksəkliyə vuruldum. (Sür’ətli adımlarla gedər)

R ə’ n a (həyəcanlı). Nə sayğısızlıq!.. Məni yalnız bıraqdı, öksüz və kimsəsiz bıraqdı. Xayır, o məni atsa da mən onu təkbaşına bıraqmam. (İzlər)

İb lis (yandan çıqaraq). Şaşırma dur! Sən gecə kömləyilə onu izləyəməzsin. Yolda soyuq alıb məhv olarsın.

R ə’ n a. Zərər yoq, onlar da məhv olmalıdır, mən də.

İb lis. Bu həyəcanlar yersizdir.

R ə’ n a. Xayır, bu sayğısızlıq, xəyanət intiqamsız qalmaz.

İb lis. Əvət, intiqam ən müqəddəs bir vəzifədir. Gəl, mən bu yolda hiç bir yardımı səndən əsirgəməm. (Rə’nayı ridasının qanatları altına alır, qaranlıq çökər)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bisət

BİSƏTAydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.

19226 мин
Dəvət

DƏVƏTBir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir.

192224 мин
Hicrət

HİCRƏTEyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı. İkindi çağı... Ev sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar.

192225 мин
Nüsrət

NÜSRƏTSəkiz yıl sonra. Məkkədə baş rəisin evi, altın şamdanlarda rəngarəng mumlarla donatılmış, Mısır və Şam qumaşlarıyla süslənmiş, sandaliya və xalılarla göşənilmiş böyük bir qəbul odası... Sağda və solda birər qapı, qarşıda girilmək için basamaqlarla enilir geniş bir qapı və iki böyük pəncərə... Gecə... Iştirak edən əşxasın sima və qiyafətlərində səkizyıllıq bir dəyişiklik gözə çarpar. Iki xidmətçi – qara qul – ötəyi-bəriyi düzəltərək qonuşurlar.

192228 мин

Стихи других поэтов