Birinci pərdə
Страница 1 из 3
-I SƏHNƏ**
-Keykavus sarayında son dərəcə parlaq bir salon… Bağçaya baqır, əlvan camlı, ipək pərdəli böyük pəncərələr… Coşqun musiqi ətrafı çıplatır. Gənc, əsmər, cazibəli, möhtəris baqışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-rəvan üzərində i k i c a r i y ə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabıyıq bir pişxidmət qapı önündə ayaqda durub baqır*
B i r i n c i c a r i y ə
(gənc… bağçeyi göstərir)
Nə parlaq ziyafət, nə şanlı bayram!
Keykavus sarayı rəqs edər tamam.
İ k i n c i c a r i y ə
(daha gənc)
Nazlı məlikəmiz Südabə, əfsus,
Hər sevincə qarşı kədərli, məyus.
S ü d a b ə
Nəş’ədən bayılsa bütün kainat,
Sevda bulutları gülərmi? Heyhat!
B i r i n c i c a r i y ə
İştə, qədəhlər doldu.
İ k i n c i c a r i y ə
Yenə meylər sunuldu.
M u z i k a.
S ü d a b ə
Səyavüşün sağlığına içdilər,
O həm gənc və gözəl, həm də cəngavər.
B i r i n c i c a r i y ə
Əvət, çeviklikdə bənzər qaplana.
İ k i n c i c a r i y ə
Qəhrəmandır, üstün gəlir arslana.
S ü d a b ə
Gücsüz tanrıdansa güclü qəhrəman
Səcdəyə, hürmətə layiq hər zaman.
B i r i n c i c a r i y ə
Baqsana! Səyavüş gəliyor sana.
S ü d a b ə
Siz çəkilin!
(Pişxidməti göstərir.)
O da getsin bir yana.
Hər üçü gedər. Qumral saçlı, başı açıq S ə y a v ü ş gəlir.
S ə y a v ü ş
Südabə!
S ü d a b ə
Səyavüş!
S ə y a v ü ş
Şah babam bəni
Göndərdi ki, də’vət eyləyim səni.
S ü d a b ə
Söylə, məraqlımı saray həyatı?
S ə y a v ü ş
Məraqlı olsa da köy xatiratı
Könlümü daima cəzb edib durur.
S ü d a b ə
Səncə o yaşayış daha xoşmudur?
S ə y a v ü ş
Çocuqluqdan bəri alışdım köyə,
Zal oğlu Rüstəmdən aldım tərbiyə.
Dağlarda yaşadım, ceyran avladım,
Böylə şənliklərə mənus olmadım.
S ü d a b ə
(onun əllərini yaqalar)
Könül, sən söylədikcə,
Anar əski çağları.
Canlandı gözlərimdə
Həp Suriyə dağları.
S ə y a v ü ş
(getmək istər)
Babam səni bəkliyor.
S ü d a b ə
Bəkləsin, istəməm, dur!
Orda bütün gözlər səni süzərkən,
Qısqanmağa başlıyorum bən həmən.
Qəlbim çırpınıyor dodaqlarımda,
Gəl, öpəyim səni…
(Öpərək başını onun köksünə dayar.)
Bəni bağışla!
S ə y a v ü ş
Anam ölmüşsə də, bu gün sən bana
İkinci annəsin ısındım sana.
S ü d a b ə
Deyil ana, sən yalnız
Bana Südabə söylə!
Unutma, bir yaşdayız,
Eş kimiyiz səninlə.
(Bir daha öpmək istər.)
S ə y a v ü ş
(geri çəkilir)
Bıraq!..
S ü d a b ə
Çəkinmə, ah, dur!
S ə y a v ü ş
Bən gedəyim.
(Gedir.)
S ü d a b ə
Nə məğrur!
Pusuda duran pişxidmət son mənzərəyi görür, çəkilir.
R ü b a b ə
(gəlir, təlaş ilə)
Nədir gözlərində coşan fırtına?
S ü d a b ə
Dərdim böyük, sorma, Rübabə, sorma!
R ü b a b ə
Sən Suriyə kralının yavrusu,
Yaraşmıyor bu hal sana doğrusu.
S ü d a b ə
Nə söyləyim, gəlməz dilə,
Bəni üzən fırtınalar.
Gəncliyimi gülə-gülə
Xırpalayan bir kabus var.
Könlümdəki atəşləri
Parlatamaz sönük yanğın.
Çəlik qollar istərim ki,
Bəni didsin, parçalasın.
R ü b a b ə
Söylə, hər nə dərdin olsa aç bana,
Süt anası deyilmiyim bən sana?!
S ü d a b ə
Qoymadı Səyavüş artıq bəndə can.
R ü b a b ə
Keykavus duyarsa çıldırır, inan!
S ü d a b ə
Əgər bütün saray yanıb tutuşsa,
Vaz keçəməm onun aşqından əsla!
M u z i k a.
R ü b a b ə
Çocuqluq yetişir, topla kəndini!
S ü d a b ə
Ah, şu sönük tale məhv edər bəni,
Könlümü zorluyor sevmədiklərim,
Sevdiyimdən bilməm nələr bəklərim!?
(Salonu tərk etmək istər.)
K e y k a v u s
(qarşı gələrək)
Niçin Səyavüşü qırdın, gəlmədin?
S ü d a b ə
Rahatsız kibiyim…
K e y k a v u s
(onun gözlərini süzərək)
Nə olmuş, niçin
O şən yıldızları öpər bulutlar?
Bilirsin ki, sənsiz nəş’ələr susar.
Nerdə rəqqasələr? Gəlsin, oynasın!
Nəş’ə dalğaları coşub qaynasın.
-Pişxidmət digər salona işarə eylər, rəngarəng tüllərə bürünmüş rəqqasələr əllərində birər gülgəlir. Südabənin ayaqlarına ataraq oynarlar. Sonra bir qismi ona qarşı pərəstişkar bir ahəng ilə şarqı söyləyərək rəqsə dəvam edər. Sonra yenə sözsüz olaraq oynar və bayğınca bir işvə ilə çəkilirlər. Bu sırada pişxidmət bir məktub gətirir, vəzirə verir.*
K e y k a v u s
Nə yazmış?
V ə z i r
Türk ordusu
Keçmiş bizim hüdudu.
Atılaraq iləri,
Talamışlar köyləri.
K e y k a v u s
(sarsılaraq qalqıb oturur)
İranda Rüstəm kibi
Pəhlivanlar dururkən;
Nə cür’ətdir bilməm ki,
Oh, bu azğınlıq nədən!?
R ü s t ə m
Xayır, şahim, aldırma,
Yersizdir bu iztirab.
Rüstəm dursun, onlara
Səyavüş verir cəvab.
T u s
Səyavüş var olsun, bəla görməsin,
Sayğısız düşmana aman verməsin.
B i r i n c i c ə n g a v ə r
Səyavüş bu yurdun fəxri, şanıdır.
İ k i n c i c ə n g a v ə r
Kəyanın sarsılmaz qəhrəmanıdır.
S ə y a v ü ş
Yurdumuzu çignəyən
Sayğısız hər kim olsa.
İnan ki, çoq sürmədən,
Diz çökəcək qarşıda.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil;
Saldırıcı, hünərvər
Mərd oğullar az deyil.
K e y k a v u s
(qızğın bir tevr ilə qalqaraq)
Yoq kimsədən qorqumuz,
Hazır olsun ordumuz.
Həp parlasın qılıclar,
Görülsün kimdə güc var.
M ü n ə c c i m
(gəlir, sola doğru yürür, pişxidmətə)
Gözlərin həp parıldar,
Yoqsa bir xəbərmi var?
P i ş x i d m ə t
Var yeni bir sevişmə.
M ü n ə c c i m
Nasıl, anlat, kim-kimə?
P i ş x i d m ə t
Südabəni gördüm bən
Səyavüşü öpərkən.
K e y k a v u s
Türk ordusu
Keçmiş bizim hüdudu.
Atılaraq iləri,
Talamışlar köyləri.
M ü n ə c c i m
Şahim! Bıraq təlaşı!
Qulun – münəccimbaşı
Yıldızları süzərkən;
Keçən gecə duydum bən,
Bu səfərdə ən parlaq
Zəfər bizimdir ancaq.
S ü d a b ə
Təkbaşına Zal oğlu
Üstün gələr onlara.
K e y k a v u s
Ya Səyavüş?
S ü d a b ə
Xayır, o
Getməsin bu qavğaya.
K e y k a v u s
Niçin?
S ü d a b ə
Çünki əqrəba!
Dönüklük etməzmi ya?
Anasıdır turanlı…
K e y k a v u s
(əlini köksünə vuraraq)
Babası da İranlı,
Cihan xain çıqsa da,
Çıqmaz Səyavüş əsla!
(Sağ tərəfdən çıqar.)
M ü n ə c c i m
(pişxidmətə)
Südabəni gördün sən
Səyavüşü öpərkən?
Gözdən qaçırma, diqqət!
(Bir kisəcik para atar.)
Al iştə, sus!
(Gedir.)
P i ş x i d m ə t
İtaət!
(Altınları avıcında oynataraq, şən qəhqəhə ilə.)
Altın, altın!.. O hər dərdin dərmanı,
Altın pəncəsindən qurtulan hanı?
Çalış cibin dolsun, cihan sənindir,
Ad şahın olsa da, fərman sənindir.
(Kisəni öpərək.)
İştə Yəzdani-pak, iştə Əhrimən!
Həp budur ağlatan, budur güldürən!..
Bu göstərir divi mələkdən incə,
Gündüz bunsuz olar qaranlıq gecə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-seyavus-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Hərb ilahi qarşısındaО месть, искрящая на огненных крылах,О ты, богиня войн, дракон нещадно злой,
Hərb və fəlakətUçar, uçar, yenə ruhum diyari-hüznə qoşar;Uzaq, uzaq, çox uzaq bir mühit içində yaşar.
Hübuti-AdəmDeyirlər bir zaman Adəmlə HəvvaYaşarmış rövzeyi-cənnətdə tənha.
Стихи других поэтов
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Qonşuda bir qız ağlarQonşuda bir qız ağlar,Qonşular çəkər ahlar...
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.