Birinci pərdə
Страница 2 из 3 · 33%
B i r i n c i c a r i y ə
(təlaş ilə gəlir)
Ah, fəlakət!..
P i ş x i d m ə t
Nə var, nə olmuş sana?
B i r i n c i c a r i y ə
Şahın çılğınlığı varmışdır sona,
Südabə getdi də, o fürsət buldu,
Həmən bizim odamıza soquldu,
Pəncəsində qaldı küçük cariyə,
Qızcığazı sürüklüyorr heçliyə.
P i ş x i d m ə t
(alayçı gülüşlə)
Yoq, canım, şahımız öylə səfilmi?
Qolundan tutaraq)
Sarsaq! Bütün qızlar onun deyilmi?
B i r i n c i c a r i y ə
(geri çəkilir, kinli)
Yerə batsın tacı, gülməsin yüzü!
(İç qapıya baqar.)
İştə o! Parlıyor canavar gözü,
Qurtar bəni, aman, gəldi…
P i ş x i d m ə t
(yan pərdəyi göstərir)
Gir, saqlan!
(Gizlənir.)
Kim vaz keçər sənin kibi maraldan.
K e y k a v u s
(sərxoş adımlarla ikinci cariyəyi izləyərək gəlir)
Getmə, dur, qaçma, gəl!
(Pişxidmətə.)
Saqın, bıraqma!
P i ş x i d m ə t
(qızın önünə keçib yaqalar)
Şaşırma!
K e y k a v u s
Baq, böylə!
İ k i n c i c a r i y ə
(şaha qarşı diz çökərək)
Qüsura baqma!
Bir çocuğum, hənuz yetişmədim bən…
K e y k a v u s
Könül həp zevq alır tazə qönçədən,
Unutma ki, hər gün nazlı bir sona,
Yavru bir gövərçin qismətdir bana.
(Qolları arasına alır.)
İ k i n c i c a r i y ə
(əlində çırpınır)
İstəməm, istəməm, öldürün bəni,
Lakin toqunmayın!
K e y k a v u s
Pək ey, gəl səni,
İncitməm, sevərək öpüb oqşarım.
İ k i n c i c a r i y ə
İstəməm…
K e y k a v u s
Sözümdən çıqsan, doğrarım.
(İçəriyə doğru sürüklər.)
P i ş x i d m ə t
(soyuq gülüşlə)
Gözəl töhfə! Budur nəsibin ancaq!
Qurtuluş yoq sana…
B i r i n c i c a r i y ə
(pərdə arqasından çıqar, Keykavusun getdiyi tərəfə)
Şərəfsiz, alçaq!
P i ş x i d m ə t
Ağzını yum, bu söz çəkilməz artıq,
Şaha qarşı nədir bu sayğısızlıq!?
B i r i n c i c a r i y ə
Yetər, o həris bir canavar kibi
Hər gün parçalayıb durur bir qəlbi
Beş gün əvvəl, ah! O qanlı hökmdar
Bənimlə də etdi bu dürlü rəftar.
İsmətimi aldı ayaq altına,
Yalvardım, çıqmadı səsim bir yana.
P i ş x i d m ə t
Qurtuluş yolu yoq deyildir sana.
B i r i n c i c a r i y ə
Söylə, hanki yoldur o, göstər bana!
P i ş x i d m ə t
(mə’nasız gülüşlə)
Şah keyfini sürdü, bu gündən sonra
(əli köksündə)
Onun kölgəsinə gəlmişdir sıra.
B i r i n c i c a r i y ə
Anlamadım…
P i ş x i d m ə t
Ondan artan yosmalar,
Bənim yatağımda nəş’əyə dalar.
Fəqət çoq sürmədən keçər fırtına,
O qız varır şanlı bir komandana.
B i r i n c i c a r i y ə
(fəna halda sarsılır)
Yetər, sus, yetər, ah, duyğusuz kölgə!
Bən istəməm ləkə üstündən ləkə.
(Getmək istər.)
P i ş x i d m ə t
Getmə, dur!
B i r i n c i c a r i y ə
Doqunma, yetər, rəzalət!
Göylərəmi uçdu haq və ədalət?
-Bu sırada Səyavüş belində qılıc, başında yarımtac olaraq onları görüncə heyrətlə dinlər.*
P i ş x i d m ə t
(qıza yaqlaşır)
Haq və ədalətmi?!.. O bir quş olsa,
Şahın sarayında yapamaz yuva.
(Alaycı qəhqəhə ilə.)
Haq və ədalət!.. Nə gülünc əfsanə!
Bu lafdan xoşlanır ancaq divanə.
Çocuqluq yetişir, gəl bu aqşam da,
Vaqtını xoş keçir bənim odamda.
(Qızın qolundan tutaraq)
Unutma ki, sənin kibi yüzlərcə,
İsmətlər pozulur burda hər gecə.
B i r i n c i c a r i y ə
Bıraq, demək sən də Keykavus kibi,
Hiçliyəmi gömdün vicdanı, qəlbi?
P i ş x i d m ə t
Söylənmə, gəl bəri!
B i r i n c i c a r i y ə
(geri çəkilir)
Yetər quduzluq.
P i ş x i d m ə t
(qucaqlar)
Sən bir oyuncaqsın, bən də bir çocuq.
S ə y a v ü ş
(sərt və kinli)
O bir quzu, sən bir quduz canavar.
(Hər biri şaşqın adımlarla bir tərəfə gedər.)
Ah, nə qadar çirkin, vəhşi duyğular!..
Hiç yalan deyilmiş anamın sözü,
Başqa imiş sarayların iç yüzü.
O da bu çirkablar içində sönmüş,
Gənc yaşında ömrü sərabə dönmüş.
Sarmış da hər yanı bayquşlar səsi,
İştə, gülünc faciələr səhnəsi!
S ü d a b ə
(gəlir. Darğın baqışla ona yanaşar)
Səyavüş! Səyavüş! Küskünüm sana.
S ə y a v ü ş
Kəyan şahı nerdə? Sözüm var ona.
S ü d a b ə
Nə söz?
S ə y a v ü ş
Hərbə aid…
S ü d a b ə
Şaşırdınmı sən?
Niçin qavğa sözü düşməz dilindən?
Cəlladmısın, səndə gönül yoqmudur?
S ə y a v ü ş
Bəndəmi?
S ü d a b ə
Öylə ya…
S ə y a v ü ş
Niçin?
S ü d a b ə
(əli köksündə)
Aman, dur!
Səbr edəməm qavğa sözü gəlincə.
S ə y a v ü ş
Yuca ruhlu annə, qəlbin nə incə!?
S ü d a b ə
Bir yaşdayız, insaf edib baqsana,
Ana deyil, yalnız vurğunum sana.
(Birdən-birə sarılır)
S ə y a v ü ş
(şaşqın bir halda geri çəkilir)
Sən xastasın…
S ü d a b ə
Söylə, təbibim hanı?
S ə y a v ü ş
Səndə vardır azğın bir əqrəb qanı,
Ehtiras alavı yaqmasın səni.
S ü d a b ə
Söndür o atəşi, sevindir bəni!
Yoqsa… o atəşdə kəndin yanarsın,
Məhv olurkən bu xoş günü anarsın.
S ə y a v ü ş
Ölümdən qorqmuyor Keykavus oğlu,
Xəyanət ləkəsi daha qorqulu!..
S ü d a b ə
(diz çökərək)
Bir busə ver bana!..
S ə y a v ü ş
(qolundan tutub qaldırır)
Yetər bu zillət!
S ü d a b ə
Sənin, həp varlığım sənin…
S ə y a v ü ş
Rəzalət!
S ü d a b ə
Gözəlliyə qarşı kordur gözlərin,
Baq, eyi baq!..
(Sinəsini açar.)
S ə y a v ü ş
Əvət, gözəl hər yerin,
Lakin, əfsus, bənim gözümdə çirkin!..
S ü d a b ə
Təhqir etsən belə bıraqmam səni.
(Sarılır)
S ə y a v ü ş
(itələyər)
Çəkil, ehtirasın qara yelkəni!
Sən nəsin? Bir heç, bir şərəf xırsızı,
Vəhşi Suriyənin uğursuz qızı!
-Pişxidmət bu levhəyi görür, çəkilir. *
S ü d a b ə
(incə ipək kömləyini yırtıb paralar, köksü tamamilə dışarı çıqar)
Gözəlliyə qarşı kordur gözlərin.
(Çılğınca bir ahəng ilə bağırır.)
Sən xainsin, əvət, duyğusuz xain!
Ax, yetişin, bəni məhv etdi xain!
K e y k a v u s
(səsə çıqar)
Kimdir xain?
S ü d a b ə
Oğlun!
K e y k a v u s
Nə kirli təhqir!
S ü d a b ə
"Babam nerdə?" – deyə gəlib söz atdı,
Bana xəyanət əlini uzatdı.
Baq, iştə kömləyim!..
K e y k a v u s
Əvət, bəllidir.
S ü d a b ə
Bu çirkin ləkədən xilas et bəni!
(Hönkürtü ilə ağlayaraq pərdə arqasına keçər.)
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-seyavus-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Hərb ilahi qarşısındaО месть, искрящая на огненных крылах,О ты, богиня войн, дракон нещадно злой,
Hərb və fəlakətUçar, uçar, yenə ruhum diyari-hüznə qoşar;Uzaq, uzaq, çox uzaq bir mühit içində yaşar.
Hübuti-AdəmDeyirlər bir zaman Adəmlə HəvvaYaşarmış rövzeyi-cənnətdə tənha.
Стихи других поэтов
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Qonşuda bir qız ağlarQonşuda bir qız ağlar,Qonşular çəkər ahlar...
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.