İkinci pərdə
Страница 1 из 4
-I SƏHNƏ**
-Yaqında bir köy, uzaqda Bəlx qəl’əsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qəl’ə yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiyyə mə’muru ağır yürüyən işçiləri qırbaçla vurub sür’ətli hərəkətə məcbur edər. İki bənna divar üstündə türkü söyləyərək çalışır.*
B i r i n c i b ə n n a
Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!
İ k i n c i b ə n n a
Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl!
İşə zərbə vurma, gəl!
B i r i n c i m ə’ m u r
(aqsayan bir qulu itələyir)
Çapuq yürü, aqsama,
Çox qalmadı aqşama.
İ k i n c i m ə’ m u r
(İxtiyar köylüyü vurur)
Haydi, şaşqın ixtiyar!
Tənbəllərə qırbaç var.
İ x t i y a r
Vurma, sönmüş qüvvətim,
Yoqdur daha taqətim.
İ k i n c i m ə’ m u r
Başqa laf istəməm, sus!
Əmr eyləmiş Keykavus:
Bu qəl’ə hər nə olsa
Bitməlidir bir aya.
B i r i n c i m ə’ m u r
Hər kim boyun qaçırsa,
Ölümdür ən son cəza.
İ k i n c i m ə’ m u r
Əvət, bu möhkəm qəl’ə
Yüksələcək göylərə.
(Uzaqdakı Bəlx qəl’əsini göstərir.)
Bəlxə qarşı daima
Olacaq hökümfərma.
B i r i n c i b ə n n a
Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş gətir!
İ k i n c i b ə n n a
Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl,
İşə zərbə vurma, gəl!
B i r i ş ç i q ı z
(əlində boş çamur tabağı, təlaş ilə gəlir)
Gəldilər, ah gəldilər.
B i r i n c i m ə’ m u r
Kimlər?
İ ş ç i q ı z
Bir xeyli əskər.
B i r i n c i m ə’ m u r
Bəlli, şah nəfərləri.
İ k i n c i m ə’ m u r
(baqar)
Əvət, durma, gəl bəri!
Gedərlər. Çalışan köylülər bir yerə toplanır.
A l t a y
Qızmış demək yenə saray qurtları,
Çiynəyəcək həp keçdiyi yurtları.
İ x t i y a r
Altay, Altay, coşma, saqın, duyarlar,
İsyançı, qaçaqçı deyə qıyarlar.
A l t a y
Bütün ölkə inləyirkən aclıqdan,
Şu vicdansızların qidası həp qan.
İ x t i y a r
Bitmədi də xalqı üzən qırbaçlar,
Parlayacaq şimdi oqlar, qılıçlar.
İ ş ç i q ı z
Şah da bərabərmi?
İ x t i y a r
Kim bilir!
İ ş ç i q ı z
(Çocuqca bir sadəliklə)
Baba!
Şah da bizim kibi bir insanmı ya?
İ x t i y a r
Əvət, o da bir nev insan sayılır.
A l t a y
Yalnız onun iki buynuzu vardır.
İ ş ç i q ı z
(ixtiyara)
Bən hiç buynuzlu şah eşitməmişdim,
Bu söz doğrumu ya?
İ x t i y a r
Doğrudur, cicim!
B i r i n c i b ə n n a
Keykavusun olmasaydı buynuzu
Baş hərəm saymazdı bir uğursuzu.
İ x t i y a r
Əvət, sanmayın ki, o pək şanlıdır.
B i r i n c i b ə n n a
Qulağının dibi zə’fəranlıdır.
İ ş ç i q ı z
Bu hiç olur şeymi?
İ x t i y a r
Yavrum, ən düzü,
Bütün sarayların budur iç yüzü.
O sapqın böcəklər föhşə mə’nusdur,
Həya, namus ancaq bizə məxsusdur.
B i r i n c i m ə’ m u r
(arqadaşı ilə bərabər geri dönər)
Nə var yenə, yoqsa fürsət buldunuz?
Haydi, iş başına!
(Aqsağa bir qırbaç ilişdirir.)
Biçimsiz donuz!
B i r i n c i b ə n n a
Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!
İ k i n c i b ə n n a
Haydi, babam kərpic at,
Kirəc gətir, az su qat!
B i r i n c i m ə’ m u r
(düşünüb duran ixtiyar köylüyü şiddətlə vuraraq)
Haydi, baqıb durma, bunaq ixtiyar!
İ x t i y a r
Ah!
D ə l i q a n l ı
(qolundan tutub qaldırır, mə’mura)
Vicdansız!..
B i r i n c i m ə’ m u r
(Dəliqanlıya bir sillə vurur)
Aşma həddini, mırdar!
D ə l i q a n l ı
Bir də vur!
B i r i n c i m ə’ m u r
(bir daha vurur)
İştə, al!
D ə l i q a n l ı
(onu yaqalar, dizi altına alaraq)
Şımardın, yetər!
Baq, adamı böylə rəzil edərlər.
İ k i n c i m ə’ m u r
(çalışan köylülərin içindən fırlayaraq)
Bıraq!
K ö y l ü l ə r
(ona hücum ilə)
Saqın, coşma!
(Mə’muru yaqalayırlar.)
B i r i n c i m ə’ m u r
(boğuq səslə)
Bıraq!
D ə l i q a n l ı
(birinci mə’muru ayağı ilə itərək)
Sus, alçaq!
Yetər, biz deyiliz sizə oyuncaq.
Bu ilk ibrət olsun, unutma əsla,
Azğınlara qarşı yoq deyil cəza!
-Şaşqın bir sükut… Bu sırada əskəri muzika ortalığı çınlatır. T u s ilə bərabər İ r a n c ə n g a v ə r l ə r i ətrafı sarır.*
B i r k ö y l ü
(təlaş ilə gəlir, çalışanlara)
Zavallılar! Burda siz
Qan-tərlərə batarkən,
Köydəki hər qülbəniz
Batmış yasa içindən.
T u s
Nə olmuş?
K ö y l ü
Aqınçılar,
Həp var-yoqu aldılar.
İ ş ç i q ı z
(Tusun əskərlərinə)
Yardım edin bizlərə,
Ümid ancaq sizlərə!
T u s
Haydi, çabuq getməli,
Həpsini dəf’ etməli!
Ə s k ə r l ə r
Durmayın, arş iləri!
Çevirəlim həp geri.
Əskərlərin bir qısmı, mə’murlar və köylülər gedər, muzika…
T u s
(başqa tərəfə baqar)
Baqın, şu yoldan keçən
Adamlar hanki eldən?
B i r i n c i c ə n g a v ə r
Bəhey, yolçu! Getmə, dur!
T u s
Yabançıya bənziyor.
Kibar qıyafətli bir çinli onlara yaqlaşır.
B i r i n c i c ə n g a v ə r
Gəl bəri!
T u s
Siz kimsiniz?
E l ç i
Çindən gələn elçiyiz,
Gətirmişiz xaqandan
Keykavusa ərməğan.
T u s
Yoldaşların nerəli?
E l ç i
Bəlli, bizim ölkəli.
B i r i n c i c ə n g a v ə r
Kim bilir, bəlkə casus!?
T u s
Yetər, sus!
B i r ə s k ə r
(gəlir, təmənna edər.)
Qəhrəman Tus!
Çoq uzaqda, yoldan bir toz yüksəldi.
T u s
Görünür Rüstəmlə Səyavüş gəldi.
(İki-üç əskərlə uzaqlaşır.)
B i r i n c i c ə n g a v ə r
(elçiyə, gəldiyi tərəfi göstərir.)
Dəmin orda incə bir qız da gördüm…
B i r ə s k ə r
Qız demə, bir nazdır etmiş təcəssüm.
E l ç i
Çin xaqanı onu göndərmiş şaha.
B i r i n c i c ə n g a v ə r
Gətir bana!
İ k i n c i ə s k ə r
Bıraq, Səyavüş duysa,
Nə azğınlıq!? – deyə həmən saldırır,
Babamızı məzarından qaldırır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-seyavus-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
СЦЕНА ПЕРВАЯЧерез полтора года. Конец весны, лунная ночь. В одном углу сцены свинарник. У входа спят две свиньи. Слева кувшин для воды. Хлев тускло освещен. Вдалеке виднеется комната Хумар, которая привлекает нежным, ясным светом. Серго с кувшином вина в руке, выходит из хлева.
Dördüncü pərdəСЦЕНА ПЕРВАЯУ дороги веранда, как это было во втором действии. Цветущий сад. Май. Воскресенье. Когда поднимается занавес, несколько молодых грузин, навеселе, проходят по дороге. Один из них играет, другой причудливо и смешно пляшет, остальные рукоплещут. Нина выходит на веранду, смотрит на них. Юноши, продолжая петь и плясать, уходят. На веранду выходит Xумар.
İlavəЯсная майская ночь. Поодаль от Куры зеленый, утопающий в цветах склон горы. Шейх-Санан, держа Xумар в объятиях, задыхается, но делает попытку подняться на вершину горы, однако у него нет больше сил. Он опускает бездыханное тело Хумар на землю, кладет ее голову себе на колени и гладит ее растрепанные кудри.Шейх-Санан О мой бутон, весна моя, Хумар,
Topal TeymurƏŞXASI
Стихи других поэтов
رأی طرب قوی شود، رایت غم نگون بود
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
Həyat fəlsəfəsiКак уносятся птиц вереницы,Поколенья уходят в отлет, —
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş