Страница 3 из 20 · 10%

– Ah, gözüm nuri, dərvişin də dərdi olur – bax, novruz səhəri güldanım düşüb sındı. Bu nəhs bir şey deyilmi?

Vaqifin üzündəki zarafat izləri itib getdi.

– Şairül-şüəra, qab sınması el arasında qada-balanın izalə olması deyə təfsir olunur. Bir də ki, hələ il təhvil olmamışdır, dəstəyə10bir saat qalanda olacaq. Güldanın sınması köhnə ilə təəlluqdur.

– Kaş sən deyən olsun. Ancaq ürəyə pis gəlir: Milçək murdar deyil, qəlb bulandırır.

Bayaq mirzə Əliməmmədi içəri buraxıb çıxan nökər üstü incə naxışlı bürünc sinidə iki fincan qəhvə gətirdi və eyni zamanda Xanməmməd ağanın gəlməsini xəbər verdi. Vaqif:

– Buyursun! – deyə dodaqlarında bir istehzalı təbəssüm oyatdı.

Mirzə Əliməmməd isə pərt-pərt qapıya baxaraq doğma qardaşının gəlməsindən heç də məmnun qalmadı. Xanməmməd gəldi, bayramlaşıb oturdu. Yaşıl çuxasının qollarını çiyninə atıb, iri, üstü tüklü burnunu çəkdi və heç bir təklif olmadan süfrədən bir həlviyə götürüb, ağzına qoydu. Ordlarının ikisi də şişik bir halda şəhərin yeni xəbərlərini nağıl eləməyə başladı:

– Xan Qurdlar məhəlləsindən keçirmiş... Xəzinə qayasından qayıdırmış,

o nədi, təzə burca baş çəkməyə gedirmiş...

Vaqif gülərək onun sözlərini kəsdi:

– Ya gedirmiş, ya qayıdırmış!..

Xanməmməd cəld:

– Qayıdırmış! – dedi və ağzından həlviyə sıçratdı. Qayıdırmış! – Kələntər Ağası bəy də yanında imiş. Xülasə, sövdəgər Hacı Kərimin çəpərinin yanından keçəndə gözü həyətdə Hacının qızına sataşır. Deyirlər, çox xoşuna gəlib. Qız da pis deyil: on beş-on altısındadır...

Vaqif zarafatla:

– Deməli, toyda süzürük! – dedi.

– Niyə süzmürük, axund, ölməyəcəyik...

Mirzə Əliməmməd qardaşının söhbətini utanaraq dinləyir, gözlərini yerdən qaldırmırdı. Vaqif isə nəşələnib zarafatında davam edirdi:

– Ay Xanməmməd daaş11, bir de görüm sənin dostun Səfərdən nə xəbər var?

Səfər Qarabağın məşhur qaçaqlarından idi. Əsli Zarıslı12 elindən olub, yüzbaşını
öldürdükdən sonra dağlara qaçıb yolkəsənlik edirdi.
Bir il əvvəl Xanməmməd kəndlərin birindən malcəhət13yığıb qayıdarkən
Səfərə rast gəlir. Səfər onu tutub nökərləri ilə bərabər ağaca bağlayır, eşşəklərə
yüklənmiş malcəhəti də alıb gedir. Neçə gün meşədə ac-susuz qalan Xanməmməd təsadüfən
tapılır və yarımcan halda
Qalaya14gətirilir.
– Siz elə mənə gülün ki, mən qorxağam. Tuğ yolunda Ərdəbildən gəlib Tiflisə gedən
karvanı da çapıb talayıb... Çox vahiməli adamdır.
Yadıma düşəndə bədənim əsir.
Vaqif ciddiləşdi və əndişə ilə soruşdu:
– Bu adam nə yerdədir?
– Axund, lap cavandır, iyirmi-iyirmi iki yaşında olar. Amma, zalım cınaqlı şeydir.
Çığırdımı-adamın kələfi dolaşır...
Vaqif qəhqəhə çəkib güldü:
– Dil dönər, düzünü söylər! – dedi və nəzəri Xanməmməddən süzülərək Mirzə
Əliməmmədin üzünə düşdü: Mirzə dodaqlarının ucla-

rında doğmaq istəyən təbəssümü boğub, pərt bir halda sözü dəyişmək istədi:

– Axund, xanın hüzuruna getmək çağı deyilmi? – deyə sordu. Vaqif əlini atıb, qoltuq cibindən qara qaytanlı mina saatını çıxardıb, baxdı və sonra:

– Lələ! Lələ! – deyə çağırdı. – Getməliyik! – dedi.

Qoca nökər içəri girdi:

– Ağa, nə əmrin var?

– Cilovdara deyinən, atları çəksin!

– Baş üstə ağa!

Nökər getdi və bir-iki dəqiqədən sonra atların hazır olduğunu xəbər verdi. Qalxdılar. Vaqif çuxasının qollarını çəkib biləyinin üstündə düymələdi. Çıxdılar. Başmaqları artırmada qapının ağzında cərgə ilə cütlənmişdi. Geyib, daş pilləkənlə həyətə endilər. İri tut ağacının altında iki gümüş sinəbəndli, gözəl yəhər – əsbablı at yedəkdə durmuşdu.

Cilovdarlar əvvəl Mirzə Əliməmməd ağanın, sonra da Vaqifin atını irəli çəkdilər. Xanməmmədin atı yox idi. O onlardan əvvəl yola düşdü.

Vaqiflə Mirzə Əliməmmədi iki cilovdar və iki də çiyinlərində zinpuş tutmuş nökər təşyi edirdi.

3

Vaqiflə Mirzə Əliməmməd sarayın geniş kallayısına15girdikdə orada böyük izdiham gördülər. Şəhərin bütün əyan, əşrəf və əsnafı burada idi. Yuxarı başda üzərində rəngin şüşələrdən naxışlar yapılmış pəncərənin qapısındakı qiymətli xalılar döşənmiş taxtın üstündə Qarabağ hökmdarı İbrahimxəlil xan əyləşmişdi. Ətrafını dəbdəbə ilə geyinmiş ağalar, bəylər, əyan və əşraf bürümüşdü. Xanın qayınatası Məlik Şahnəzər, Kələntər Ağası bəy, erməni keşişi Ohan, ağ sarıqlı şəhər qazısı və yaşıl əmmaməli bir-iki seyid də burada oturmuşdu. Kallayının aşağı hissəsi tacir və əsnaf ilə dolmuşdu: bunlar divar boyu döşənmiş ipək döşəkçələr üstə dizi üstə ədəblə oturmuş və bir kəlmə belə danışmırdılar.

Vaqif ilə Mirzə Əliməmməd ağanı görcək bütün məclisdəkilər dik ayağa qalxdılar. Müstəsna olaraq xan ilə vəliəhdi-səltənəti olan böyük
oğlu Məmmədhəsən ağa ayağa durmadılar, lakin yeni gələnlərin yuxarı buyurmalarını əllərilə işarə etdilər. Vaqif ilə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər: Vaqif xanın sol tərəfində Mirzə

Əliməmməd isə sağda, Ohan keşişin yanında yerləşdi. İbrahim xan Çingiz xanın nəvəsi Hülakü xan nəslindən olduğuna fəxr edərək sarayında da Çingiz ənənələrini yaşatmağa çalışardı. Bu ənənələrdən biri də sayğılı adamların xanın sol tərəfində oturmaları idi. Vaqifin də sol yanda əyləşdirilməsi onun sarayda qazanmış olduğu mövqeyi və hörməti göstərirdi. Yeni gələnlər oturan kimi təkrar xana, ətrafdakılara və sonra camaata baş əyərək təzim etdilər, cavab olaraq uzun papaqlar nizam ilə əyilib qalxdı.

Xan bayram münasibətilə Ləmbəran qumaşından tikilmiş ağ çuxa, ağ arxalıq geymiş və başına da ağ dəri papaq qoymuşdu. Çiyninə içi samur xəzli tirmə xirqə16salmışdı. Şal qurşağından altun qəməsinin qiymətli daşlarla bəzənmiş qəbzəsi görünürdü.

Yeni qonaqlar oturan kimi pişxidmət hazır oldu, bir dizini yerə qoyub çini fincanlardakı qəhvəni altun sinidən götürüb qonaqların önünə qoydu.

Vaqif ətirli Yəmən qəhvəsini içərək kallayını seyr edirdi. Otağı başdan-başa tutmuş, sumağı yerli, incə haşiyəli xalının ortasına ətrafı zəncirəli tirmə süfrə salınmış, üstünə qızıl və gümüş qablarda şirni, çərəz və şərbətlər düzülmüşdü; arasıra səməni otu, zərif güldanlarda bənövşə və novruz gülü, arandan göndərilmiş alça və şəftəli çiçəkləri qoyulmuşdu. Tam süfrənin üzərindən xas boya və zərlə işlənmiş tavandan büllurlarla parlayan bir çilçıraq asılmış, qəndillərinə sarı şamlar düzülmüşdü. Aşağı və yuxarı başda eyni şəkildə, yalnız bir az kiçik iki qəndil daha asılmışdı. Yan divarlardan birisində çargül17 rəngin pəncərələr arasında zərli çərçivəli güzgülər vurulmuşdu; o birisində zərif naxışlı, əlvan qabartmalı taxçalar var idi. Taxçaların birində yaldızlı məlakə heykəlli bir firəng saatı, o birilərində sədəf işləməli incə mücrülər, yəhər-əsbablar, çini kasa və boşqablar və əlvan cildli

qiymətli kitablar qoyulmuşdu. Taxtın arxası Kəşmir şalları, Iran xalıları altun və gümüşə tutulmuş silahlar: qalxan, qılınc, qəmə, zireh, dəbilqə, tüfəng və təklülələrlə bəzənmişdi. İran şahlarından, ətraf xanlıqlardan göndərilmiş bütün hədiyyələr buraya nəsb olunmuşdu.

Xanlığın sülh və rifah içində yaşadığı bir zaman idi. Nadirin qanlı keşməkeşindən sonra Kərim xan Zənd Iranda asayişi bərpa etmişdi, hələlik oradan heç bir təhlükə gözlənmirdi. Nadirin Xorasana sürdürdüyü və İbrahim xanın mənsub olduğu Cavanşir, Otuz iki, Bəhmənli elləri çoxdan qayıdıb, Qarabağ torpağına, Kür ilə Araz arasındakı doğma yurdlarında yerləşmiş, əkin-biçini, maldarlıqla məşğul idilər.

Gürcüstan valisi İrakli18ilə dostluq davam edir; İrakli Qazax və Irəvanı idarə edirdi, İbrahim xanın isə hökmü Dağıstandan ta Təbrizə qədər yeriyirdi. Yalnız Quba hökmdarı Fətəli xan ona boyun əymək istəmir, Azərbaycanın şərq hissəsini – Bakını, Talışı öz nüfuzunda saxlayaraq, Qarabağa qarşı daimi bir düşmənçilik bəsləyirdi. Lakin Fətəli xan təhlükəsi İbrahim xan üçün əhəmiyyətli bir şey deyildi. Şişə qalası kimi ələ keçirilməsi qabil olmayan, uca barılar və bürclərlə əhatə olunan bir şəhərin hökmdarı Fətəli xandan qorxardımı? Bir işarəsi ilə Qaradağ,

Xoy, Naxçıvan, Şəki xanları köməyinə qoşulur; qaynı Ömər xan Avarıstandan on beş min igidlə tərpənir...

Siyasi vəziyyətin beylə əlverişli olması ipək püştələrə söykənmiş xanın dolğun, sərt və məğrur çöhrəsində ifadə olunmuşdu. O, qəlyanın kəhrəba neypuşunu dodaqlarından ayırmayaraq nəşə ilə çəkir və bayram məclisini fərəhlə seyr edirdi. Bu əsnada Xanməmməd içəri girdi. Salam verib aşağı tərəfdə özünə yer axtardı. Hacılardan birisi onu bir az yuxarıya öz yanına çağırdı. Xanməmməd keçib oturdu.

Qəhvə gətirən pişxidmətdən bir paxlava istədi, o da boşqabı götürüb ona təqdim etdi. Bu mənzərəni seyr edən Mirzə Əliməmməd yenə sıxıldı, başını aşağıya saldı. Xan gülümsəyərək Vaqifə müraciət etdi:

– Xanməmməd nə aləmdədir? Rəncidəxatir olduğumu bilir deyə gözümə görükməyir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 мин
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 мин
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 мин
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 мин

Стихи других поэтов