Birinci hissə
Страница 9 из 20 · 40%
– Bu olmadı, xanım! Sən Şahsevən dilavərlərindənsən, at belində böyümüş, döyüşlərdə bərkimiş, kişi kimi bir arvadsan...
Şahnisə xanım göz yaşlarını gülgəz dəsmalla silərək:
– Yox, axund. Bizim dərdimiz yerə-göyə sığmaz, – dedi. – Kaş əli qabarlı bir rəiyyət olaydım, balalarım gözümün önündə olaydı. Tehrana qız vermək əzrailə can vermək kimi bir şeydir; getdimi, bir də üzünü görməyəcəyəm... Kürəkənimi görməmişəm, kim bilir heç görəcəyəmmi?
– Xanım təkrar doluxsundu və gözlərini silə-silə dedi: – Neylirəm qızıl teşti ki, içinə qan qusum?!.
Bu əsnada Kiçikbəyim içəri girdi və Vaqifi görüb, utanaraq özünü itirdi. Qıpqırmızı kəsilib, salam verdi və geri döndükdə Vaqif:
– Qara qız! Hara? – deyə onu çağırdı.
Kiçikbəyim yerə baxa-baxa Vaqifə yanaşdı. Gülab qoxusu şairi nəşələndirdi. Xoş bir təbəssümlə şagirdini süzdü: cıqqa telləri ağ cunadan çıxıb gərdəninə toplanmışdı; süzülüb sallanan kalağayı incə vücudunun bir tərəfini tutmuş, çəhrayı çəpkəninin ancaq bir qolu görünürdü; yaxası açıq köynəkdən mərmər sinəsi baş vermişdi; geniş şalvarının ayağına inci düzülmüşdü; məxmər başmaqlarının da üstü inciyə tutulmuşdu.
Əlini Vaqifə verdikdə kəhraba qolbağısı sürüşüb şairin bilənginə toxundu. Vaqif Kiçikbəyimin əlini əlindən buraxmayaraq:
– Böyük qız olandan bəri daha mürşüdü yaddan çıxardın! – dedi.
Kiçikbəyim qızarıb gülümsənərək:
– Yaddan çıxmamısınız! – dedi.
Şahnisə xanım da gülümsədi:
– Heç bir gəraylın varmı ki, bəyazına yazmasın! Hər gün səsi bağı ağzına alır. Elə sənin sözlərini oxuyur.
Kiçikbəyim utanıb, daha da qızardı və əlini Vaqifin əlindən qoparıb, qapıya doğru qaçdı; arxasına düzülmüş ucu əşrəfili qara saçları yelləndi.
Şahnisə xanım fəxr ilə qızının arxasınca baxdı;
– Dağ keçisidir! Dağ keçisi! – deyə gülümsədi.
Vaqif gələndə hava qaralmışdı. Indi göy birdən gurladı, şimşək çaxıb, əyri-üyrü parlaq xətlərlə buludu qılınc kimi kəsdi, gurultudan dağlar titrədi. Şahnisə xanım kəlmeyi-şəhadət deyə-deyə qaravaşı çağırdı.
Qaravaş həmən hazır oldu, pəncərənin millərini çıxarıb, aşağı endirdi. Otaq daha da qaranlıq oldu. Artıq yağış başlamışdı, qorxunc bir gurultu ilə pəncərəni qamçılayır, suyu içəri sıçradırdı. Qaravaş şam yandırıb gətirdi. Bir də göy hiddətlə gurladı, xanım yerindən dik atılaraq:
– La ilahə illallah!.. – dedi və qorxa-qorxa pəncərəyə baxdı.
Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı.
Günəş ağ bulud parçaları arasından göründü. Şamdan götürülüb, pəncərələr yenidən qaldırıldı, yaz havası ilə bərabər bülbüllərin cəhcəhi də içəri dolmağa başladı. Şahnisə xanım fərəhli bir üzlə dışarıdakı çinarların təzə, açıq yaşıl, işıldar yarpaqlarına baxdı:
– Tanrının qüdrətinə şükür! Bayaqkı tufana, indiki gözəlliyə bax!
Vaqif şən və məğrur bir tövr ilə başını tərpədib, xanımın sözlərini təsdiq etdi.
Nəhayət, məsələyə keçdilər. Xanım Tehran bəylərbəyisinə qız vermək haqqında Vaqifin fikrini bilmək istədi:
– Axı, ürəyim qızmır, – dedi: – yad ölkə, uzaq yer...
Vaqif mülayim səslə:
– Xan mənimlə məsləhətləşdi, dediklərinə şərik oldum. Bilirsən, bir qız bir oğlanındır... Qismət, görünür, belədir. Qızı hər adama vermək olmaz. Tehran uzaqda olsa, yenə Tehrandır... O ki qaldı ayrılığa, onun da çarəsi var: bir-iki aydan sonra gedərsən yanına, bir neçə ay qalarsan. Sonra o da gəzməyə gələr... Getdiyi adam əsil olsun, yerdə qalanı asandır.
Şahnisə xanım düşünərək dinləyir, bir söz demirdi. Bilirdi ki, işin içində bir siyasət də vardır: Kərim xan Zənd ilə dost keçinmək lazımdır; ya qohum olmalı, ya zaval verməli. Pənah xan Şirazda öldükdən sonra Qarabağın orada zavalı qalmamışdı. Ortalıqda etibar olmaq üçün Kiçikbəyimin Tehrana gəlin köçməsi lazım idi. Bəylərbəyinin elçilərinə rədd cavabı vermək xanlıqla şahənşahlıq arasında soyuqluq və etimadsızlıq doğura bilərdi... Lakin qadın qəlbi bunlarla razılaşa bilmirdi.
Şahnisə xanım çıxılmaz bir vəziyyətdə qalıb, nə “hə”, nə “yox” deyir, istər-istəməz axına qoşularaq tabe olurdu:
– Yaxşı, təkmi göndərək, yoxsa xanzadələrdən birini qoşaq? Nə məsləhət görürsən?
Vaqif düşündü:
– Məncə, – dedi, – xanzadə qoşmaq lazım deyil. Kim bilir, nə ola bilər. Sabah Kərim xan başını yerə qoydu, yenə ölkə qarışacaq, hər şəhərdə bir xan baş qaldıracaq. Xanzadəni Tehrandan zaval apara bilərlər.
Onda gərək Irandan nə əmr gəlsə, boyun əyək... xanlığa faydalı, ya qeyri faydalı.
Şahnisə xanım qorxulu sifətlə:
– Bəs qız? – dedi.
– Qıza zaval yoxdur. Ondan arxayın ol!..
Söhbət uzandı. Kəbin, toy, cehiz kimi bir çox məsələlər müzakirə olunub qurtardı. Sonra Vaqif savab işlər haqqında söhbət açdı. Bir neçə qul və qaravaşın azad olunmasını təklif etdi. Qoy getsinlər, Kiçikbəyimə dua etsinlər, – dedi. Nəhayət, Səfər məsələsi ortaya çıxdı:
– Kazımın qızı Telli yazıq bir uşaqdır. O da xoşbəxt olsa, Kiçikbəyimə dua edər. Xandan təvəqqə elə, Kiçikbəyim köçmədən əvvəl Səfərə rüsxət versin, üzə çıxsın: yoldan çıxmaq ayıb deyil, yola gəlməmək ayıbdır.
Şahnisə xanım Kiçikbəyimi o qədər sevirdi ki, Vaqifin bütün təkliflərini qəbul etdi.
10
Sarayda toy hazırlığı gedirdi; biçilir, tikilir, kəndlərdən toy payı yığılır, gələcək qonaqların siyahısı tutulurdu. Kiçikbəyim isə özünə yer belə tapa bilmir, dərdlənib sarayı dolaşır, bağı qarış-qarış gəzir, kədərli bayatılar söyləyirdi. Qarabağın gözəl dağlarını, soyuq bulaqlarını, şən meşələrini xatırlayıb odlanırdı. Bunları bir də görəcəkdimi?
At belində azad bir çocuq kimi, dərdsiz, qayğısız bir halda yenə istədiyi yerləri dolaşacaqdımı?.. Məhbəs kimi qalın divarlarla hasarlanmış Tehran sarayını gözlərinin qabağına gətirir: əndərun, birun, qısqanc xədimlər, sərt qızlar ağası... Qürbət... Kiçikbəyimin ürəyi sıxılır... nə edə bilər ki, qismət bu imiş! O qismətin yenilməzliyinə inanırdı... Taleyə boyun əyməkdən başqa çarə yox idi...
Kiçikbəyim düşünür, düşündükcə də öz düşüncələrinin çıxılmazlığında dolaşıb qalırdı. Birdən ona bir mətanət gəldi, Lələni çağırıb dedi:
– Lələcan, atları hazırlat, Məmməd bəyi də çağırtdır. Seyrə çıxacağam.
– Baş üstə, Bəyim!
Baba lələ baş əyib getdi. Belə ittifaqlarda lələ heç vaxt bəyimə söz qaytarmaz, sual belə verməzdi. Lakin Kiçikbəyimin əmrini Şahnisə xanıma söylər və onunla məsləhətləşərdi. Bu dəfə də məsələni Şahnisəyə anlatdı. Şahnisə xanım razı qalmadısa da, əngəl törətmək istəmədi:
– Qoy gəzsin. Ayrılıq ağır dərddir...
Atlılar şəhərin Xəlfəli qapısından çıxdılar: öndə Kiçikbəyimlə Məmməd bəy, arxada da Baba lələ, Güllü dayə və bir neçə silahlı nökər gedirdi. Diki çıxıb, döşə çatdılar. Çılpaq dağlıqlar arasından uzaqda, çayın o tayındakı meşə və mavi pəlmələrdə süslənən dağlar göründü; oradan sərin meh gəldi. Istidən pörtmüş Bəyim fərəhlə:
Məmməd, – dedi, – atı tərpət görüm!
Atlar götürüldü. Dumanlanan toz gəncləri qafilədən gizlətdi. Yolun ortasına bir nal qırığı düşmüşdü, Kiçikbəyim uzaqdan bunu gördü, çapa-çapa ona yaxınlaşdıqda, alıcı quş sürətilə enib nalı qaldırdı və təkrar yəhərə oturdu. Bunu görən Məmməd bəy yəhərdə ayaq üstə qalxıb, havaya bir güllə atdı. Kiçikbəyim yandan bu igid gənci süzərək çaşqın bir halda atını ona yanaşdırdı. Məmməd bəyin yanaqları qızarmış, tər alnında tumurcuqlanmışdı... Kiçikbəyimin qolu yenə eyni alıcı quş sürətilə Məmməd bəyin boynuna dolandı. Körpə dodaqlarından üç dəfə həsrətlə öpüb aralandı...
İndi atları yavaş-yavaş sürüb, yan-yana gedirdilər. Heç birisi bir söz belə danışmırdı. Kiçikbəyim onu yenə yandan süzürdü: Məmməd bəyin ala gözü atın yalına dikilərək, sirli bir bəxtiyarlıq ifadə edirdi.
Arxadakı atlılar əlli addımlıq bir məsafəyə çatmışdılar. Baba lələ şirin bir söhbət açmışdı, əllərini ölçərək nə isə nağıl edirdi.
Kiçikbəyim çevrilib geriyə bir nəzər fırlatdıqdan sonra:
– Məmməd, – dedi – iki gündən sonra əmi qızından ayrılırsan, – xiffətimi eyləyəcəksənmi?
Məmməd bəy dinmədi, üzünü çevirib, Bəyimin gözlərinə baxdı və yenə utanaraq, başını aşağı saldı: kirpiklərinin arasında iri bir damla parladı. Bunu görən bəyim atına bir şallaq çəkib səyirtdi. Məmməd bəy atının yürüşünü dəyişməyərək, arxadan Kiçikbəyimi seyr edirdi: qanadlanan kəlağayı qara saçlarla bir yerdə yellənir, Bəyimi göylərdə uçan bir mələyə bənzədirdi. Bu mənzərə Məmməd bəyi oxşayır, sevindirir və eyni zamanda da ürəyində indiyə qədər duymadığı tutqun və dadlı bir kədər oyadırdı.
Bəyim yalı aşıb, gözdən itmişdi, yalnız yanıqlı bayatısı eşidilirdi.
Bu dağlar olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı...
Qafilə Məmməd bəyə çatıb bir yerdə yamac aşağı çaya doğru enirdilər. Sol tərəfdə uca divar kimi göylərə çəkilmiş Xəznə qayası, sağda həzin şırıltılı çay, o tayda da istidən süstləşmiş meşə bürküyə bürünmüşdü. Atların ayaqlarının altından çəyirtkələr atılır, cırcıramaların səsi getdikcə artır, kəklikotu qoxusu İnsanı məst edirdi. Atlılar qayadan uçub tökülmüş daşların arasından yavaş-yavaş keçir, keçmiş əyyamdan, vuruşmalardan, igidlikdən danışırdılar. Kiçikbəyim isə uzaqda çayı keçir, arabir durub atı suvarırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Стихи других поэтов
Əqrəb əqrəbə toxundu,qırmızı lent kəsildi elə bil.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,