Страница 14 из 17 · 76%

Vaqif təəssüflə:

– Elə ziqiymət adam idi, – dedi, – heyf oldu getdi. Nə səxi və ali tinət idi! Bir tüfəng ilə kürk istədim. Nə xoşrəftar bir əda ilə göndərmişdi!

– Vaqif dayandı, bu dəfə üzündə dərin bir ələm ifadəsi vardı.

– Molla Vəli, – dedi, – sən məni zahirən zarafat və şətarət içində görürsən, bunlar hamısı “əz bidəmağidir”: qərinəmizdə yaşayan bütün şairlərimiz kimi, mənim də dərdim tüğyan edən vaxtlarım olur.

Vidadinin dərdi açıldı:

– Pənah, – dedi, – indi mən deyənə gəlirsən. Bu labüddür, hələ yaşa dolduqca, daha da pərişan olacaqsan. Dünya dəyişilmiş: əhd, vəfa, sədaqət, doğruluq qalmamışdır. Ağa Məsih Şirvani gözəl buyurmuşdur:

Olubdur qəlb xain, həq bilir bir pak tinət yox,
Düşəndə satmayan dinarə dinin heç millət yox,
Zükur əqsaminin təbində əsla doğru beyət yox,
Ünas əhlində bir zərrə hicabi-şərmi ismət yox,
Təriqət, adəmiyyət yolda, nə ərkanda qalmışdır.

– Təriqət, adəmiyyət olsa, bu həngamələr olarmı? Nişat Şirvani gör nə yazır:

...Bir dəmdə evim tikdim və yıxdım yola düşdüm,
Yüz görmədim əz bəs ki, Nişat, əhl vətəndən,
Bu vəhclədir kim, baş alıb, hər elə düşdüm...

– A Pənah, mənim də dərdim Nişatın dərdindən deyilmi? Yurdum, yuvam var idi, gündə biri at çapıb, gəlir, çalır, talayır. Ölən ölür, qaçan qaçır, əlsiz-ayaqsız da acından ölür: “Rəiyyətlər qılır dəstgah hər beş gündə bir şahi”.

Vaqif yerindən qalxıb, otağı dolaşmağa başladı:

– Molla Vəli, – dedi, – heç öz yerlimiz Əbdülrəhman ağa “Şair” təxəllüsü demirsən, İrakli xan kişinin gözlərini çıxartdırdı, işıqlı dünyaya həsrət qoydu. Yazısının hər sətri qan saçır.

Molla Vəli də ayağa qalxdı:

– Bəsdir, Pənah, müsibət dəftərin yum, qəlbim partlayır... – Duruxub, düşünərək: – Axşamçağıdır, hava sərinləyib, çıxaq başmaq seyrinə, – dedi.

Vaqif razı oldu, atları minib getdilər. Qala qapısından çıxıb, Datələbə tərəf sürdülər. Ətrafda səf çəkən dağlar, meşəli yamaclar, dərələr, qucağında səslənən çay gözəl bir ahəng təşkil edərək, İnsanı oxşayırdı: sərin və yüngül hava iztirablı qəlblərə səpilərək onları sakit edirdi. İki qocaman şair atlarını yan-yana sürərək təbiət əzəmətinin, onun füsunkar təranəsinin qarşısında bir söz belə deməyə qıymırdılar.

16

İbrahim xan Ömər xanla ittifaq bağlayıb, Fətəli xanın hücumundan Qarabağı təmin etdikdən sonra Naxçıvan səfərinə çıxmışdı. Naxçıvanı alıb, Şişəyə dönər-dönməz adəti üzrə dövlət adamlarını yanına çağırdı.

Məmmədhəsən ağa, Vaqif, Mirzə Əliməmməd, Ağası bəy və başqa ağalar, bəylər və sərkərdələr toplandı.

Xanın yay günəşindən rəngi qaralmışdı, qoca da olsa yanaqları tünd qırmızı çalırdı. Qəlyanın neypuşunu əlindən buraxmayaraq, hamının halını xəbər aldı. Sakit və məmnun idi. Üzünü məclisə çevirərək:

– Təzə nə var? – dedi. Kimsədən cavab çıxmadı.

Xanın inadlı gözləri məclisi təkrar dolandı, Ağası bəyin üzündə dayandı. Kələntər cəld:

– Xan sağ olsun, – dedi, – Qalanın övzai qoyub getdiyiniz kimidir, ancaq qoşundan bir nəfər tüfəngi ilə bərabər qaçmaq fikrinə düşmək istəmişdi, dəstgir oldu və Xəznə qayasından başıaşağı salındı.

Xanın məmnun baxışı Kələntər Ağası bəydən keçib, Mirzə Əliməmmədin üzündə dayandı. Mirzə Əliməmməd diksindi, lülələyib qurşağına qoyduğu kağızı cəld çıxarıb, qeydlərinə baxaraq ərz elədi:

– Qazaxlı Əhməd ağanın min beş yüz evlə bərabər Qarabağa köçməsi İrakli xana çox güvara gəlmiş, urus qoşunu ilə Gəncə civarinə hücumavər olub, bizdən məzkur qazax ellərinin geri göndərilməsi iddiasındadır. Bu vəqə xanlıqda olan bəzi erməni məliklərini, o cümlədən məlik Abonu, məlik Məcnunu və Qandzasar mahrasasını cümbuşə gətiribdir, tüğyan bidətinə qədəm qoymuşlar. Tiflisə adam göndərib, urusların Qarabağ torpağına hücum etmələri təmənnasında olmuşlar. Baqi, xanın sağlığına duagu varam.

Xanın Naxçıvan zəfəri nəticəsi olaraq sakit çöhrəsi, ansızın qopan bir küləkdən dalğalanan meşə kimi səyrildi, qırışdı, bığlarını ağzına doldurub, hirsindən çeynəməyə başladı.

– Axı mən Abonu niyə zindandan buraxdım ki! – deyə – nərildədi.

– Deyirəm, qoyun bu şərir köpək uşağını bir dibli qırım, qurtarım, hərəniz bir söz deyirsiniz!

Xanın çənəsi əsməyə başladı. Məclisə dərin bir sükut çökdü. Heç kəs cürət edib, başını yerdən qaldırmayırdı. Birdən xan neypuşu əlindən yerə atdı:

– Ağası bəy, – dedi, – dur!

Ağası bəy cəld ayağa qalxdı. Əllərini döşünə qoyub, bığlarını çeynəyən xanın buyruğuna müntəzir idi.

Xan titrək səslə:

– Beş yüz atlı götürüb, bu saat sığnaqlara sürərsən, daşı-daş üstə qoymazsan, – dedi. – O qancıq Abonu, Məcnunu və mahrasanı da cəlləkləyib gətirərsən!

Ağası xan:

– Baş üstə! – deyib cəld çıxdı.

Xan bir az sakit olub, bığlarını düzəltdi və neypuşu götürərək:

– Siz də mürəxxəssiniz! – deyə müşavirəyə xitam verdi.

Hava xoş olduğu üçün Vaqiflə mirzə Əliməmməd saraydan çıxıb, piyada getmək istədilər. Cilovdarlar atları arxadan yedəklə sürür, bu iki asudə nəfəs almağa çox ehtiyac duyan rəcal da söhbət edə-edə divanxana qabağından keçib, Saatlı məhəlləsinə tərəf gedirdilər. Mamayı məscidinə çata-çatda Ohan keşişə rast gəldilər. Salamlaşdıqdan sonra Vaqif zarafata başladı:

– Ay mirzə Ohan, deyərlər: “Keçinin buynuzu gicişəndə başını çobanın dəyənəyinə sürtər”... Məliklər, deyəsən, dinc dura bilmirlər.

Ohan məsələni bilirdi:

– Axund, – dedi. – “Ta pərişan nə şəvəd, kar və saman nə rəsəd!”

Qoy əcirlərini çəksinlər!

Ohan sözünü bitirib düşüncəyə daldı, üzü dərdləndi, sonra Vaqifi süzüb dedi:

– Barı yazıq camaata bir şey olmayaydı.

Vaqif cavab olaraq eyni kədərli bir baxışla Ohanın gözlərinə baxdı, bir söz demədi. Sanki ikisi də: “Qurunun oduna yaş da yanar”, – deyə təəssüf edirdi.

İki həftə sonra Ağası bəy sığnaq səfərindən döndü. Qandzasar mahrasasının evi axtarılıb, knyaz Potyomkinin məktubları tapılmışdı.

Xəyanətinin üstü açıldığını görən mahrasasının qorxudan ürəyi çatlayıb ölmüşdü. Abo ilə Məcnun isə Ağası bəyin gəlməsini eşidər-eşitməz rus qoşununa bel bağlayaraq, Gəncə tərəfə qaçmışdılar.

17

Ağabəyim ağa artıq böyüyüb 14-15 yaşına dolmuşdu. Ağ, bakir bir zanbaq kimi uzanıb, rayihə saçırdı. Onun gözəllik sədası bütün Azərbaycan xanlıqlarına yayılıb, aşıqların dilində və şairlərin şerində əzbər olmuşdu. Bəyimin nə qədər həsrətini çəkənlər vardı: Xanzadələr və bəylər, at səyirdən, qılınc vuran dilavərlər onun yolunda ölməyi bir şan və şövkət sanırdılar. Lakin İbrahim Xəlil xan bu Qarabağ incisinin qiymətini bilir, heç bir adlı-sanlı elçiyə meyl göstərmir, qız da saray bağında, gül-çiçək arasında, bir qönçə kimi, fərəhlə açırdı. Yenə dayəsi Nazlı ona nağıllar, əfsanələr və dastanlar söyləyirdi. Ağabəyimə bütün kainat qır at minmiş Koroğlu kimi igid, Məcnun kimi çılğın və Fərhad kimi inadlı sevgi yolçusu sifətində görünürdü. Ona elə gəlirdi, bir gün bu qalın saray hasarlarından bir igid atını sıçradıb keçəcək, onu qüvvətli bağrına basıb aparacaq. Və həmişə də bu igid onun xəyalını dolaşarkən Ağabəyim ağanın rəngi qaçır, incə vücudu titrəməyə başlayırdı.

Ağabəyim ağanın əfsanə və nağıllarla bərabər şerə də böyük həvəsi vardı – o bütün türk şairlərini oxumuş, xoşuna gələn gözəl parçaları bəyazına köçürüb əzbərləmişdi. Bu şairlərin içində ən sevdiyi Füzuli ilə Vaqif idi. O Vaqifi görmüşdü, lakin onun məclisində olmaq, onunla danışmaq hələ qıza müyəssər olmamışdı. Ağabəyim ağa hər dəfə anasına dedikdə, anası:

– Ay qız, sən bir tikə uşaqsan, yekə kişi ilə nə danışacaqsan ki? – deyə qızının cürətinə heyrət edərdi.

Nəhayət, bir gün Tutubəyim ağa Vaqifi otağına çağırtdırdı. Vaqif gəldi. Tutubəyim yaşmanaraq:

– Axund, – dedi, – sənin heç xəbərin yoxdur – burada bir şagirdin var. Neçə vaxtdır məni əldən salır ki, bir Molla Pənah axundu bizə qonaq çağır.

Vaqif gülümsünərək nərmin əllərini incə belində çarpazlamış Ağabəyimə baxdı: səf çəkmiş uzun kirpiklər yerə baxan gözlərini gizləmişdi, utandığından yanaqları yanırdı; qumral telləri səliqə ilə burulub, ağ buxağının altında cıqqalanmışdı. Al çəpkəninin yaxasından görünən sinəsi çağlayan köpük kimi qabarmışdı.

Vaqif fərəhlə:

– Ay afərin! Ay afərin, qızım! – deyə Ağabəyimə əl uzatdı.

Ağabəyim diksinmiş bir quşcuğaz kimi başını cəld qaldırıb, Vaqifin üzünə baxdı və barmaqlarının ucları soyumuş əli ilə şairin əlindən yapışdı. Vaqif ilk dəfə olaraq bu gənc qızın ala gözlərinin və sol yanağındakı incə xalın cazibəsini duyaraq özünü itirdi. Vaqif çox gözəllər görmüşdü, çox sonalar tərənnüm etmişdi, lakin belə bir sənəmə rast gəlməmişdi. Ağabəyimin dodaqları yaqutun rəngini soldurar, dişləri dürdanələri məhcub edərdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məşədi və Kərbəlayı

– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!

2 мин
Hacı

Həyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.

2 мин
Cavan

Cavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?

3 мин
Son bahar

Sadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?

4 мин

Стихи других поэтов