İkinci hissə
Страница 15 из 17 · 82%
Tutubəyim ağa Vaqifə pəncərənin içində yer göstərdi, qarşı-qarşıya oturdular. Ağabəyim ağa ayaq üstə durmuşdu.
Vaqif:
– Niyə əyləşmirsən, qızım? – dedi.
Tutubəyim ağa:
– Di get bəyazını gətir, axund baxsın, – deyə çönüb gedən qızına fərəhlə baxdı.
Vaqif də Ağabəyimin, aşağısına inci və mərcan düzülmüş, ipək şalvarını, məxmər başmaqlarını, xoş yürüşünü zövq duyaraq seyr etdi.
Tutubəyim:
– Axund, – dedi, – gecələr oturub, şeir yazır... Çox həvəsi var.
Vaqif Tutubəyimin sözlərinə cavab olaraq:
– Bəyim, şeir yazan vaxtıdır... Bir cahıl, bir də mənim kimi ahıl yaxşı yazar, – deyə qəhqəhə çəkdi.
– O niyə, axund? – deyə Tutubəyim də güldü.
– Qayda elədir – günəşin çıxışı ilə batışı gözəl olur, günorta yerində olanda, ona heç baxan da olmur.
Tutubəyimin ala gözləri xoş bir əda ilə süzüldü:
– Axund, bu mənə toxunur! – dedi və gileyli-gileyli Vaqifi süzməyə başladı.
Vaqif baltanı daşa vurduğunu anlayıb, cəld təshihinə qoşdu:
– Bəyim, bunun sənə dəxli yoxdur: sən elə bir ulduzsan ki, sayrışın həmişə aşiq yuxusuna haram qatır.
Bu əsnada Ağabəyim ağa yaşıl meşinə tutulmuş, gözəl şirazəli bəyazı ilə içəri girdi.
Vaqif:
– Əyləş görüm, qızım! – deyə Ağabəyimə yanında yer göstərdi.
Ağabəyim bəyazı Vaqifə verib, anasının yanında dizi üstə oturdu. Şair gözlüyünü taxıb, bəyazı vərəqlədi: bütün Azərbaycanın müasir şairləri: Vaqif, Vidadi, Müştaq, Nəbi, Raci, Rafe, Müştəri, Ağa Məsih, Nişat, Arif, Aciz, Aşıq Əli, Əbdülrəhman ağa Şair və başqalarının gözəl parçaları buraya köçürülmüşdü. Vaqif Təbrizli Qövsinin bir parçasını göstərib:
– Bəyim, – dedi, – bunu oxu görüm.
Ağabəyim qızararaq gənclik ahəngilə təranə saçan bir səslə oxudu:
Hərçənd gül lətif olar – rüxsarin özgədir,
Nərgiz nə olsa – çeşm füsunkarın özgədir!
Bir qönçəyə yaman demərəm-nüktə tutmaram,
Söz bundadır ki, ləl-gövhərbarin özgədir...
Tutubəyim ağa Vaqifin atəşlənən gözlərinə yandan tamaşa edib, gülümsəyirdi. Ağabəyim şeri bitirər-bitirməz şair coşdu.
– Ay afərin! Mərhaba! – deyə onu böyük bir fərəhlə təkrar-təkrar süzdü.
Tutubəyim ağa qızını sağ əlilə sararaq:
– Axund, özü də yazır, – dedi, sonra qızına yönəldi: – Qızım, bir özüyünkülərdən də oxu, axund qulaq assın.
Ağabəyim utanaraq, qıpqırmızı kəsildi, anası və Vaqif nə qədər israr etdilərsə də, oxumaq istəmədi.
Ağabəyim ağanın Vaqif ilə görüşməsi ona bir qürur vermişdi. İndi o özünü tamamilə böyük bir qız, şair məclisində oturub-duran bir adam hesab edirdi. O, gecələr şamın işığında oturub, yazdığı şeirləri toplayır, bir gün onları Vaqifə göndərəcəyini düşünürdü. Lakin ansızın bir təsadüf onun düşüncə kasasını əndərdi, sakit və fərəhli həyatına zəhər qarışdırdı.
Bir sabah ertə bağda Nazlı ilə gəzərkən saray bürcündə genişsinəli, alagözlü, qumralsaçlı, qəşəng bir oğlan gördü. Əynindəki zirehi və başındakı dəbilqəsi günəşdən parıl-parıl parıldayırdı.
– “Bu odur, Koroğludur!” – deyə düşündü və ilk dəfə olaraq qönçə bağrına xar girdiyinin dadlı acısını duydu.
Ağabəyim Nazlının qolundan dartaraq:
– Dayə! Dayə! – dedi. – O kimdir? O igid hardan gəldi?
Nazlı bürcə baxıb heyrətlə:
– Bəyim, tanımırsanmı? – dedi. – Əmin oğlu Məmməd bəydir.
Ağabəyim çəkilib, ağacların arxasında daldalandı:
– Dayə – dedi, – mən görəndə xırda idi. Indi lap dəyişilib.
– Bəs nə! Anasını öldürəndən bəri xanın gözünə görünə bilmirdi.
Bakıya gedib atasının qanlıları Ağası xanı, oğlu Əhməd bəyi öldürdükdən sonra xan təqsirindən keçdi. İndi üzə çıxır.
Ağabəyim ağa əyilib yarpaqların arasından bir də Məmməd bəyə baxdı, onun ala, sərt gözləri bir xəncərə dönüb, qızın gənc qəlbini yaraladı.
İndi Ağabəyim ağa ağacların daldasından çıxıb, gözlərini bürcdən ayırmırdı. Qəlbindəki çocuqluq fərəhi artıq sönmüş, yerinə anlaşılmaz həsrət qayğısı dolmuşdu.
18
Mirzə Əliməmmədlə Səfər Qubaya çatar-çatmaz atlarını düz Fətəli xanın imarətinə sürdülər. Həyət cürbəcür qiyafəli nökərlərlə dolu idi: türklərlə bərabər, ləzgilər, avarlar və başqa Dağıstan xalqlarına mənsub adamlar da çox idi. Qarabağdan qaçıb, gəlmiş adamların xanı görmək istəmələri haman eşikağasına bildirildi. Mirzə Əliməmməd pəncərəsi böyük bağa açılan bir otağa çağırıldı. Pəncərənin içində lopabığlı, uzun xəncərli, yan qoyulmuş yekəpapaqlı bir kişi oturub, çubuq çəkirdi. Mirzə Əliməmməd baş əyib, salam verdi. Eşikağası aldığı vəziyyəti dəyişməyərək salama cavab verib, yer göstərdi:
– Eşitdim, – dedi, – İbrahim xanın əlindən qaçmısan?
– Bəli, ağa çakərinizi gözlərimdən məhrum etmək istəyirdi, tanrının mərhəmətinə şükür, qaçıb, rəhmdil Fətəli xanın mülkünə iltica etdim.
Eşikağası məmnun bir halda gülümsədi:
– Xoş gəlmisən! Çox xoş gəlmisən! – deyib düşündü və bir azdan sonra əlavə etdi: – Heç variyyətindən-zaddan gətirə bildinmi?
Yoxsa...
Əliməmməd ağa cəld əlini cibinə atıb, bir kisə çıxardı:
– Elə bu yüz əşrəfini gətirə bildim, – dedi, – sən də mənim pərəstkarım, sənə peşkəşdir. Yuxarıda Allah, yerdə sən – halal xoşun olsun!
Eşikağası kisəni cəld qapıb, cibinə soxdu, nəşələnərək:
– Xoş gəlmisən! Gözümüz üstə yerin var! – deyə gülümsədi. – Nə qədər burdasan dövlətindən bir parça çörəyimiz var, yeyərik.
Mirzə Əliməmməd təzim edərək:
– İltifatın artıq olsun! – dedi.
– Bu saat səni xanın da hüzuruna aparram. Hələ hərəm dairəsindədir.
Şəkidən bacısı Hürü Peykər xanım gəlib, onnan danışır. Yəqin Məmmədhəsən xanı tanıyırsan – bir zaman Qarabağa zaval göndərilmişdi.
Fətəli xanın bacısı axı onda ərdədir.
Mirzə Əliməmməd:
– Tanıram, o da duz-çörək itirəndir, – dedi, – canqutaylılarla bir yerdə Ağsuya Fətəli xanın üstünə yerimişdi.
Eşikağası cəld onun sözünü kəsdi:
– Başından böyük qələt eləmişdi, cəzasını çəkdi. Yox, indi işlər başqa cürdür. Indi Hürü Peykər xanımı xanın yanına minnətçi salıb.
– Eşikağası susdu, sifətinə bir qürur gəldi: – Fətəli xanın büsatı, maşallah, özgədir: bu il Ərdəbili aldı, bütün Şahsevən xanları ona tabe oldu.
Hökmü, maşallah, Dərbənddən Təbrizə qədər yeriyir. Ömər xan kimi bir dilavər ona qılıq eləyir, amma axmaq Məmmədhəsən dirsək göstərir.
Xanın qulluğuna çatmaq uzandı, söhbət də qurtaran kimi oldu. Eşikağası tələsməyərək təkrar çubuğunu doldurdu, pişxidmət od qoydu, sonra:
– Şikayətçilər var, – deyə ərz etdi.
Eşikağası yenə vəziyyətini dəyişməyərək:
– Nə təhər şeydilər? – dedi.
– Ağa, irili-xırdalıdır!
Eşikağası gülümsədi:
– Onu demirəm... Xülasə çağır gəlsin.
İçəri uzun saqqal, iri burunlu bir kişi girdi, torpağa düşdü, təzim edib, dərdini anlatdı: yüzbaşı ondan ilin bu vaxtında bağbaşı istəyirmiş.
– Ağa, bağbaşı payızda yığılar, indi qışın axır ayıdır. Belə iş olarmı?
Eşikağası sakit:
– Olar, – dedi, – get, yaşı yoxsa, qurusundan ver. İldə neçə xalvar almaarmudun olur, heç üzünü görmərik.
Kişi nə isə demək istədi, lakin pişxidmət onun qolundan dartıb apardı. İçəri bir arvad girdi, ərinin onun talağını verməməsindən şikayət elədi.
Eşikağası:
– Get, – dedi, – qazıdan yarlıq al gətir. Hələ bunu bilmirsən?
Bu əsnada pişxidmət gəldi və tələsik dedi:
– Ağa, xan səni qulluğuna çağırır.
Eşikağası əllərini yerə dəstək verib, qalxdı, arxalığını, çuxasını düzəltdi, yana sürüşmüş xəncərini şişman qarnının üstünə çəkib çıxdı.
Onun geri qayıtması bir neçə dəqiqə çəkdi, gəlib Mirzə Əliməmmədi apardı. Gözəl döşəli, nəqşkar kallayıya girdilər. Yuxarı başda cüssəli, topasaqqal, qorxunc sifətli, təqribən əlli yaşında bir adam oturmuşdu. Bu, Fətəli xan idi. Mirzə Əliməmməd ağanın salamını alıb, ona yer göstərdi, halını xəbər aldı.
– İbrahim Şişə qalasına bel bağlayıb, qudurğanlıq eləyir, – dedi.
– Hamı mənim məsləhətimlə durub-oturduğu halda, o mənə boyun əymək istəmir. Urus qoşunu Tiflisdən çıxıb, getdikdən sonra, ayağı bir az da yer aldı. Da demir ki, urus getdi, amma yenə gələr, indi başı Osmanlı davasına qarışıqdır. Biz urusun ətəyindən əlimizi üzə bilmərik.
Fətəli xan bir çox hədə-qədəqədən sonra:
– Qaçmağının səbəbi nə oldu? – dedi.
– Xan, Qarabağa ikinci dəfə qoşunkeşiniz olan zaman İbrahim xana dedim ki, Fətəli xana pislik eləmə, tədbirli, kar azumuxtar bir hökmdardır. Bunu dediyimə peşman oldum, məni zindana saldırdı, gözlərimdən məhrum etmək istədi. Tanrının məsləhətinə şükür, qaçıb, yaxamı onun zülmündən qurtardım.
O gündən etibarən mirzə Əliməmməd Fətəli xanın etimadını qazanıb, məiyyətinə daxil oldu. Quba xanı fikrini heç kəsdən gizləməyib, açıqdan-açığa hərəkət etdiyini Mirzə Əliməmmədə söylədi. Fətəli xanın məqsədi Rusiyaya isnad edərək bütün Azərbaycan və İran işlərinə müdaxilə etmək idi. Məsələ İrakli xana yazılmış, o da müşavirəyə çağırılmışdı. İbrahim xanı sıxışdırmaq yaxın tədbirlərdən biri idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Стихи других поэтов
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.