İkinci hissə
Страница 2 из 17 · 6%
Cəllad sözündən Xanməmmədin əti çimçəşdi, rəngi saraldı:
– Düzünü deyim... Neyləyim... İş İnsan başına gələr... Xan sağ olsun,
Ballıca çayından keçib gəlirdim. Bir də meşəlikdən bir səs eşidib bərk... qorxdum. Durdum. Görəm qaçaq Gapı. Dedi: “A köpək oğlu müsəlman, deyinən Məhəmməd peyğəmbər yalançı idi, İsa doğruçu”.
Xan sağ olsun, baxdım gördüm, deməsəm, bu məni vuracaq... Yer də pis yer idi, o meşədə, mən düz yerdə... Can da şirin şeydir... Əlacım kəsildi, dedim. Dedi: “Deyinən Allah da bir şey deyil, asdos1yaxşıdır”.
İstədim bir nəfəs alıb fikirləşim, gördüm köpək oğlunun ermənisi məni vuracaq, balalarım yetim qalacaq...
Xan qəzəbləndi:
– Demək, aftafa görməmiş bir dığadan qorxub, Allahı da dandın?
Xanməmməd bir az cəsarətlə:
– Ay xan, – dedi, – vallah, yer çox pis yer idi, sən olsaydın, elə Gapının özünə də “Allah” deyərdin!
Xan şaqqıltı ilə gülməyə başladı. Vaqifin də barmağını kəsəydin özündən xəbəri olmazdı.
2
İbrahim xan Məmməd bəyi yanına çağırıb dedi:
– Oğlum, igidliklərini eşidib, fəxr eləyirəm. Ancaq sən Kürü aşıb, Şirvan torpağını dağıdanda, qancıq Fətəli də acığa düşür, o da bizim kənd-kəsəyi çalıbçapır. Əgər igidlik axtarırsansa, nökərləri yığ, get qaçaq Gapının dalınca. Eşitdinmi?
– Eşitdinmi, əmi!
– Əvvəl başdan Badara məliyini asdırarsan! Sonra yer deşiyindən də olsa, Gapını tapıb, cəzasına yetirərsən. Mən Naxçıvana gedirəm.
Qoduq Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. Gapını tələf etdikdən sonra Xudafərin körpüsünə çıxarsan, bir yerdə Naxçıvana gedərik.
Məmməd bəy elə həmin günü yola düşdü. İbrahim xan da qoşunun əgərəskiyini düzəldib, iki gündən sonra Naxçıvan səfərinə çıxdı. Yerində qoyduğu Kələntər Ağası bəyə asayişi təmin etmək üçün böyük səlahiyyət verdi.
İbrahim xan Xudafərin körpüsünə çatdıqda Məmməd bəyi orada gördü: Gapının nizə ucuna keçirilmiş başı xana təqdim olundu. Xan Məmməd bəyə və nökərlərinə xələt verdi, yola düşdülər.
İravan xanlığı Gürcüstana tabe olaraq İrakli xana bac verdiyi kimi, Naxçıvan da Qarabağ xanına tabe olmalı idi. Lakin Kəlbəli xan Rusiya tərəfdarı olan Xoy xanı Cəfərqulunun təsirinə düşərək, İbrahim xanı tanımaq istəmirdi. İbrahim xan bunu şərəfinə sığdıra bilməyib, Kəlbəliyə cəza verməyə tələsirdi.
Hava olduqca isti idi. Qoşun pərakəndə bir halda çılpaq çöllərlə gedir, yerdən qopardığı toz aləmi bürüyürdü.
Nəhayət, gəlib Naxçıvan civarına çıxdılar. Adda-budda salınmış bağlar, qovunqarpız bostanları, pambıq tarlaları başlandı.
Qoşunu görən kəndlilər qaçır, ətrafa çaxnaşma düşürdü. Birdən uzaqdakı bir bağın arxasından toz qopdu. Bu – Kəngərli süvariləri idi ki, türk elləri arasında igidliklərilə məşhur idilər. Məmməd bəyin dəstəsi çaparaq atları qarşıladı. Qılınclar parlayır, qışqırtılar, nərələr havanı titrədirdi. Məmməd bəyin ilk zərbəsindən uzun bığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Onun yerinə atılan bir ayrısının çiyninə qılınc işlədikdə, atdan yerə yıxıldı. Səfər də bir tərəfdən soxulub, sağa-sola qılınc çalırdı. Kəngərlilər sınıb geri döndülər.
Məmməd bəyin dəstəsi onları qıra-qıra təqib etməyə başladı.
Naxçıvan qalası mühasirə olundu. İki mis top şəhərə qumbara yağdırır, nökərlər də xəndək ata-ata qala divarlarına yaxınlaşır, nərdivanlar qoyub, bürclərə çıxmağa hazırlaşırdılar. Bu əsnada çapar Qaradağ xanı Mustafanın Qarabağa hücum etdiyini xəbər gətirdi. İbrahim xan çadırda oturmuşdu, bu xəbər onu sarsıtdı. Çünki Mustafa xanı bir dəfə əsir almış, özünə tabe etmişdi və bir dəfə də ona qoşun verib Təbrizin üstünə göndərmişdi.
Düşünmək yeri deyildi: İbrahim xan əmr verdi, şeypur çalındı; qoşun sürətlə toplanıb, geri çəkilməyə başladı. Bu əsnada Kəlbəli xanın köməyinə gəlmiş xoylu Cəfərqulu xan və balbaslı Məmmədşərif soltanın atlıları arxadan çıxdı. İbrahim xan əmr verdi, zəmbərək toplu dəvələr xıxırdıldı, zəmbərəklərdən atəş açıldı. Düşmən sıralarından bir neçə adam atlardan töküldülərsə də, həmlənin önü alına bilmədi: İbrahim xanın da süvariləri irəlilədi. Tüfənglər açılır, qılınclar endirilirdi.
Qarabağ qoşunu düşərgəyə tərəf sıxışdırıldığı zaman Məmməd bəy Məmmədşərif soltanı vurub atdan saldı. Səfər də bir ayrı sərkərdəni öldürdükdə düşmən qoşununu sınmağa başladı. Axşam çağı Kəlbəli xanla Cəfərqulu xan geri çəkilmək məcburiyyətində qaldılar.
Meyitlər və yaralılar ətrafa sərilmişdi. Sağ qalanlar ələ keçən qənimətləri ulaqlara yükləyirdilər.
Axşamın sərinliyindən istifadə edərək, İbrahim xan da geri çəkildi.
Yolda Məmməd bəy Səfərə dedi:
– Səfər, qoşun ayağı ilə getsək, gec olacaq: Mustafa xan kəndləri çalıb-çapıb, qaçacaq. Gəl, çaparaq gedək.
Məmməd bəy xan ilə məsləhətləşib bir dəstə nökərlə irəli getdi.
O biri gün axşam çağı Arazın qırağında Qarabağ kəndlərini talayıb, geri dönən Mustafa xana rast gəldilər. Bir təpənin arxasilə sürünüb, ansızın olaraq hücuma keçdilər. Məmməd bəyin ilk zərbəsi Səfiqulu bəy adlı bir sərkərdəni atdan saldı. Məmməd bəyə yandan soxulan Məmmədvəli soltan da yaralanıb çəkildi. Mustafa xan vəziyyəti belə görcək özünü çaparaq Araza vurub keçdi. Səfər yerdə qalan qaradağlıları budayırdı. Birisi ona bir qılınc endirdi. Səfər cəld çəkildisə də, qolundan yaralandı. Artıq qələbə qarabağlılar tərəfdə idi. Qaradağlıların sağ qalanı özlərini çaya atıb, yaxalarını qurtarmağa can atırdılar.
Yerdə on-on beş meyit və yaralı qalmışdı. Yeddi-səkkiz at yükü də kəndlərdən qarət olmuş şey buraxılmışdı. Məmməd bəy, vuruşmadın başı açılan kim Mustafa xanın buraxıb, getdiyi karvana doğru gəldi.
Burada bir dəstə qolu bağlı əsir vardı: əksəri gənc oğlanlar və qızlar idi. Yorğun sifətli əsirlər Məmməd bəyə baxır, heç bir şey deməyirdilər: qorxularından hələ özlərinə gəlməmişdilər. Bunların içində buğdayı sifət, qonur gözlü, uzun bir qız vardı: süzgün baxışı ilə Məmməd bəyi süzür, sanki ona qarşı minnətdar olduğunu bildirirdi. Məmməd bəy yanaşıb onun qollarını açdı və soruşdu:
– Adın nədir? – dedi.
– Hürü! – deyə yavaş bir səs eşidildi.
Məmməd bəy mülayim bir səslə:
– Dur get, çayda əl-üzünü yu! – dedi, sonra nökərlərə əmr verdi:
– A gədələr, əsirlərin qollarını açın, aclıqları varsa, yemək verin!
Nökərlər nəşələnərək əsirlərin qollarını açır, yaralı qolu boynundan asılmış Səfər isə bir daşın üstə oturub, orda-burda qanına bələşib, zarıldayan yaralıları və meyitləri seyr edir, nə isə acı-acı düşünürdü.
3
Neçə ilə davam edən Rus-Osmanlı müharibəsi Küçük Qaynarça müahidəsilə2 nəticələnmiş, Rusiya Krımı ələ keçirib, Qara dəniz sahilinə çıxmışdı. Bununla Yekaterinanın Şərq proqramı hələ bitməmişdi.
Küçük Qaynarçadan sonra bir neçə il hazırlanıb, Qafqaz səfərinə başlayırdı. Şərq işlərini Potyomkin Tavriçeskiyə3tapşırmış, o da Qafqaz xəttinə əmisi oğlu general poruçik P.Potyomkini təyin etmişdi. General-poruçikin ilk vəzifəsi gürcü və ermənilərlə əlaqəyə girmək idi.
Bu məsələ bəzi erməni təbəqələrində, xüsusilə məliklər və keşişlər arasında yeni bir ümid – xanların zülmündən qurtarmaq ümidi canlandırdı.
Məliklər Iran padşahları tərəfindən erməni sığnaqlarına təyin olunmuş yüzbaşılar idi. Bu yüzbaşılar Iranda tez-tez baş verən qarışıqlıqdan istifadə edərək məliklik rütbəsinə irsi bir ünvan kimi baxmağa və kəndlini bir rəiyyət kimi istismar etməyə alışmışdılar. Odur ki, bir məliyi çıxarıb, yerinə bir ayrısını qoymaq, köhnə məliyi çörəkdən saldığı üçün, qilü-qal qoparır, milli məsələ meydana çıxır, müsəlman-erməni düşmənçiliyi körüklənməyə başlayırdı. Çar imperializminin Şərq siya-
səti də bu haldan bol-bol istifadə edir, məliklər və keşişlər vasitəsilə əməkçi erməni xalqını əlində vasitə edirdi. I Pyotrun Qafqaza gəlib getməsi Oriy və Vartapet Minasın vasitəsilə erməni xalqına böyük ümidlər verib, müsəlmanların üstünə qaldırması və nəticədə ermənilərin boşboşuna qırılması bəzi ermənilərə məsələyə ehtiyatla yanaşmaq duyğusu vermişdi. Çarların “xristianlıq mərhəmətinə” inanmayanlardan biri də Ohan keşişi idi.
Ohan erməni sığnaqlarını gəzər, nəsihət elər və xalqı məliklərin fitnəsindən saqındırardı.
Bu dəfə də o sığnaqlardan yenicə dönüb, Vaqifin yanına getdi. Baharın ilk çağı idi. Vaqif bağçasında dolaşıb, bənövşə yığırdı. Ohanı görcək:
– Ba! Xoş gördük, a Mirzə Ohan! – deyə qarşıladı və əlindəki bənövşə dəstəsini ona verərək: – Gül bə dəste gül başəd4, – deyə əlavə etdi.
Ohan gülərək bənövşəni aldı, dəlikləri burunotundan göyərmiş burnuna yaxınlaşdırdı:
– Tanrı nə qəşəng şeylər yaratmış! – dedi.
Vaqif zarafatla cavab verdi:
– Qəşəng şey çoxdur, sənnən mənə yoxdur: bu axundluqla keşişliyi boynumuza qoyub, dünyanı bizə haram eləyiblər.
– Harama-halala baxan kimdir ki?
Vaqif əyilib, yeni bənövşə dərərək:
– Sənə nə var, Mirzə Ohan, – dedi, – yenicə evlənmisən, kefin kök, damağın çağ! Mənimki bir dənədir, o da ömrümü göy əskiyə düyüb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Стихи других поэтов
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.