Страница 4 из 17 · 18%

İşdə, Ağabəyimi sabahdan axşama qədər əyləndirən parlaq əfsanələr. Bu əfsanələrdən sonra molla bacının anlaşılmaz çərəkəsi və Quranı çocuğa olduqca ağır görünürdü. Əlacı nə idi, oxuyub əzbərləyirdi.

Bu gün dərs olmamışdı. Molla bacı xəstə imiş. Odur ki, Ağabəyim səhərdən dayəsindən ayrılmamışdı. Nahara gedib, nahardan sonra təkrar bağa çıxmışdı. Artıq günəş batır, qüruba qan səpilmişdi. Nazlı Ağabəyim ağanın əlindən tutub dedi:

– Daha toran qovuşur, evə gedək.

Ağabəyim yamaca, saraya doğru çıxan cığırla huşsuz addımlarla yürüyür, göyün üzünə səpilmiş qızartdaq bulud parçalarına tamaşa edirdi. Birdən onun üzü bir sual ifadəsi aldı:

– Dayə, – dedi, – göy niyə qırmızı olur?

Dayə çönüb, dərdli-dərdli göyə baxdı, sonra köksünü ötürərək:

– Bəyim, – dedi, – bir padşah varmış, bu padşahın gözünün ağı-qarası bircə oğlu varmış. Bir gün padşah ikinci bir arvad alır. Günülər bir-biri ilə yola getmirlər. Təzə arvad günüsünü hər gün ərinə çuğullarmış, o da ona sitəm eləyirmiş. Bir gün təzə arvad bir oyun da düzəldir: padşahın oğluna böhtan calaşdırır. Padşah qəzəbə gəlib, cəlladı çağırdır, öz oğlunun başını kəsdirir. Oğlunun yazıq anası ovuclarını oğlunun qanına tutub, göyün üzünə atır, deyir: “Tanrı bu nahaq qanı yerdə qoymasın!” Qan göyün üzünə səpilib, qalır... Qiyamət günü mizan-tərəzi qurulacaq, padşahı tanrı hüzuruna gətirəcəklər, əcri verildikdə göyün üzündən o nahaq qan çəkilib gedəcək.

Dayənin hekayəsini maraqla dinləyən Ağabəyim susub, qalmışdı.

Arabir göyün qızartısına baxır, körpə sifətində kədər ifadəsi əks edirdi.

Evə gələnə qədər Ağabəyim başı kəsilmiş oğlanı unuda bilmədi.

Otağa girərkən təkrar dayənin qulağına:

– Dayə, o oğlan bir də dirilməyəcək? – deyə pıçıldadı.

Dayə cavab verdi:

– Yox! Ölən dirilməz ki!

– İndi onu yerə basdırıblar?

Dayə gülümsünərək dedi:

– Hə, torpağın altındadır.

Ağabəyimin anası Tutubəyim ağa pəncərənin ağzında oturub qəlyan çəkirdi. Qızının dayə ilə pıçıldaşdığını görüb:

– Yenə o çoxbilmiş qız nə soruşur? – deyə gülümsündü.

– Deyir göy niyə qırmızıdır?

Tutubəyim ağa ala gözlərini süzərək:

– Göyün qırmızısını neynirsən, a əllamə! – deyə qəhqəhə çəkib güldü.

Ağabəyim qızarıb, anasına tərəf qaçdı, anası onu qucaqlayıb öpməyə başladı. Sonra dayəyə yönəlib dedi:

– Dayə, yeməyini hazırla, qızım yorulub, yatmaq istəyir.

Dayə divardakı xırda dolabın oyma naxışlı qapısını açdı: qatıq, riçal və təndir çörəyi çıxartdı. Xalının üstünə süfrə salındı, yeməklər düzüldü. Dayə Ağabəyimi yedirməyə başladı.

Ağabəyim həvəssiz yeyir və bir-birinin arxasınca dayəyə suallar verirdi. Əvvəlcə qatığın və riçalın necə qayrıldığını soruşdu. Çörəyin bişirildiyini bilirdi, ancaq buğdanın bitməsini və dəyirmanda üyüdülməsini bilmirdi. Dayə bunları anlatdı.

Tutubəyim ağa qəlyan çəkib, böyük qızı Tububəyimlə danışır və onu inandırmaq üçün tez-tez atası Şahverdi xanın goruna and içirdi.

Tutubəyim gəncəli olduğu üçün danışığında Qarabağda anlaşılmayan bəzi sözlər işlədir və Tububəyimin rişxəndinə səbəb olurdu:

Tububəyim məxsus:

– Ana, yer höyüşdür!*– deyə qəhqəhə çəkdi.

– Anası da istehza üçün:

– Dağ qəlbidir†– dedi, qarabağlı qızına sataşdı.

Ağabəyim bu zarafatları eşidən kimi süfrədən qalxdı:

– Yer höyüşdür! Yer höyüşdür! – deyə-deyə otaqda qaçmağa başladı.

Hamı gülüşdü, sonra Tutubəyim ağa ciddi səslə:

– Nazlı, – dedi, – qızın atılıb-düşdüyü bəsdir, yuyundur, yatağına qoy. Sonra yuxusu başına vurar.

İbrahim xanın hər arvadına iki otaq təxsis olunmuşdu. Bu otaqların biri uşaqlar üçün idi. Dayə Ağabəyimi o biri otağa aparıb, pəncərənin qabağındakı taxtda uzandırdı.

Ay Bağrıqan dağının üzərindən yetişmiş alma kimi sallanmışdı. Hava olduqca xoş idi. Bağdan aşağıda, bürclərin altından saz səsi gəlir, kim isə yanıqlı şikəstə deyirdi. Sol tərəfdə, dərənin üstündəki ya-

Hörüş-yaş deməkdir

Qəlbi yüksək deməkdir.

macdan da kim isə bu səsə cavab verirdi. Bayatıların gözəlliyi gecənin gözəlliyiniə qarışaraq Nazlının qəlbini dalğalandırmışdı: o qarşıdakı sirli kainatı xumarlanmış gözlərilə süzür, nəğməni dinləyirdi. Sanki onun özü də yavaş-yavaş əriyib, bu nəğmələrə qarışır, yox olurdu. Lakin Ağabəyim onun xumarlanan gözlərini körpə və xoş bir istilik saçan əllərilə açır:

– Nağıl de, nağıl de, yatma! – deyə inadla təkrar edirdi.

Nazlı gözlərini ovuşdurdu, sonra dirsəklərilə Ağabəyimin yatağına söykənərək başladı:

– Biri varmış, biri yoxmuş, tanrı varmış, bəndəsi çox imiş, bu bəndələrin də içində Oğuz xan adında igid bir kişi varmış. Onun atının nalı yerə dəyəndə yer titrərmiş, kişnəyəndə göy guruldarmış. Oğuz belə Oğuz xan imiş. Günlərin bir günü Oğuz xan qoşunu ilə gəlib, Dəmirqapıya6çıxır. Oranın padşahı qapının dalından deyir: “Qoç başı, qoyun başı?” Oğuz xan: “Qoç başı!” – deyib bağırır, padşahın qorxusundan ürəyi gedir. Vəzir-vəkil tökülüb, padşahı ayıldırlar, deyirlər: “Padşah sağ olsun, sənə nə oldu? Padşah deyir: “Vəzirlərim, vəkillərim, bu

Dəmirqapıya çox padşahlar gəlib, hamısından soruşmuşam: “Qoç başı, qoyun başı?” deyib: “Qoyun başı!” O saat başları Dəmirqapıya dəyib, sınıb, yerə düşüb. Indi bu: “Qoç başı” – deyir, bağırtısından da qapı titrəyir. “Bu adamda xata var”. Vəzir-vəkil məsləhət-məşvərət edib, qapını açıblar. Oğuz xan keçib içəri.

Bəyim, sənə kimdən deyim – Oğuz xanın qızı Gültəkindən. Bu bir nazənin sənəm imiş ki, gündüz gün kimi, gecə ay kimi aləmə işıq salırmış.

Özü də igid bir qız imiş, qız qoşununun sərkərdəsi imiş. Oğuz xan bir gün öz qızı ilə gəlib, Arana çıxır. Qoşununa deyir: “Qızlar, bura düzdür, heç yer görünməyir, mən istərdim burada bir təpə olsun, onun başından bütün Iran-Turan elləri görünsün. Əsgərlər Oğuz xana baş əyib, gedir, hərə bir ovuc torpaq gətirib, tökür, düzdə böyük bir təpə əmələ gəlir. Oğuz xan qızı Gültəkinlə təpənin üstünə çıxıb, dünyaya tamaşa etməyə başlayır.

İran padşahı bu zaman imarətində oturmuş imiş, bir də görür Aran torpağından bir gün doğdu, gözləri qamaşmağa başladı. Padşah vəzirvəkildən əhvalatı soruşur, deyirlər: “O gün deyil, Oğuz xanın qızı Gültəkindir: gündüz gün kimi, gecə ay kimi aləmə işıq salır”.

Padşah barmağını dişləyir, deyir: “O qızı gərək mən alam”. Qoşununun hamısını yığıb gəlir Arana. Oğuz xan görür təpənin ətəyindəki elçi daşını bir adam döyür. Nökərini yollayır ki, bilsin kimdir. Deyirlər

İran padşahı Gültəkinə elçi gəlib. Gültəkin bunu eşitcək qız qoşununu başına yığıb, Iran şahının qabağına çıxır, deyir: “Mənə elçi gələn kimdir?” İran padşahı qoşunu ilə qabağa çıxır. Gültəkin deyir: “Mən indiyə qədər dava meydanında yenilməmişəm, hansı igidə yenilsəm, mən onunam. Bu meydan, bu qılınc, buyur!”.

Gültəkinlə İran padşahı arasında böyük bir döyüş olur. Gültəkin İran padşahını basır, qova-qova aparıb, Arazın o tayına tökür. Gültəkin yorunuq, arınıq qan tərin içində geri qayıdır. Axtarır, axtarır Oğuz xan oturan təpəni tapa bilmir. Axırda gəlib Bağrıqanın təpəsinə çıxıb oturur. Saçlarını açıb, dağ aşağı tökür, atasını yadına salıb ağlayır. Gültəkinin göz yaşları töküldüyü yerdə bənövşə bitir. O zamandan o dağın adı Bağrıqan qalmışdır, çünki orada ata dərdi çəkən Gültəkinin

bağrı qana dönüb. Bənövşələr də həmişə başlarını aşağı dikirlər ki, gözləri Bağrıqana sataşıb, Gültəkinin dərdini yadlarına salmasınlar...

Onlar yedilər, yerə keçdilər, sən də ye, dövrə keç.

Nazlı nağılını bitirib, Ağabəyimin üzünə baxdı: çocuq totuq əlini yanağına söykəyib, çoxdan uyumuşdu.

6

Vaqifin başçılığı ilə Tiflisə göndərilmiş Qarabağ heyəti yolda qarborana düşərək böyük əziyyət çəkmişdi. Tiflisə çatar-çatmaz İrakli xanın mehmandarı onları zadəganlardan birinin evinə aparıb rahatladı.

İstər minmiş olduqları atları, istərsə özləri əldən düşmüşdülər. Vaqifin ilk fikri tərifini çox eşitdiyi Tiflis hamamını ziyarət etmək idi. Mirzə Camal özünəməxsus sakitliklə:

– Axund, – dedi, – yoldan sonra bu qarlı havada hamama buyurulsa, haşa sizdən, zatilcəm7peyda olar.

Vaqif qırmızı yanaqlı, safdil bu gəncə ata məhəbbəti ifadə edən gözlərilə baxıb dedi:

– Oğlum, mən dağlarda böyümüş qazağam: soyuq, şaxta mənə kar eləməz. Su yolun yorğunluğunu canımızdan çıxardar, sonra bir-iki gün evdə oturub dincələrik.

Mehmandar təzə atlar hazırlatmışdı, Vaqif samur kürkünü geyib, yola düşdü, qoltuğu qələmkar boğçalı nökəri də onu təşyi etdi.

Qışın ilk ayı idi. Tiflisi qar basmışdı. Buna baxmayaraq, rus qoşunu gəlib çıxmış və Tiflisə böyük fərəh vermişdi. Əhali artıq Iran boyunduruğundan və ləzgi hücumundan qurtarmış kimi görünürdü. Vaqif Tiflisin övzaini ilk əvvəl hamamda cansürtən Ocaqquludan öyrəndi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məşədi və Kərbəlayı

– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!

2 мин
Hacı

Həyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.

2 мин
Cavan

Cavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?

3 мин
Son bahar

Sadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?

4 мин

Стихи других поэтов