Страница 7 из 17 · 35%

Mirzə Əliməmməd ağa itaətkar bir vəziyyət alaraq, əllərini dizlərinin üstünə qoydu:

– O günkü xəbərdən başqa, təzə bir şey yoxdur: uruslar Ağaməmməd xana külli hədiyyələr və xələtlər göndərmişlər. Əvvəl tanımaq istəmirdilər, indi nə olubsa qılıqlanırlar. Əlimurad xan İsfahanda möhkəm oturub, Ağaməmməd xanı tanımaq istəməyir. Başbuğ Sadıq xanı müzməhəll edib, 18 oğlu ilə bərabər həlak ediblər. Tacirlərin gətirdiyi xəbərə görə, Firəngistan Isfahana elçi göndərib, danışıq aparır.

Vaqif bu söhbətləri dinləyib, təsbeh çevirir və düşünürdü. Mirzə Əliməmməd sözünü bitirdikdən sonra xan Vaqifin üzünə baxdı, bu işarə idi: Vaqifdən məsləhət soruşurdu. Vaqif dikəldi, gözləri dirçələrək od parlatmağa başladı:

– Xan, – dedi, – bu xəbərlər onu göstərir ki, hələ İrandan bizə azar yoxdur – ititlə dalaşar, yolçunun işi uvanda düşər: məsələ urus məsələsidir.

Erməni məlikləri və keşişləri burda olanların üstünə beşini də artırıb, urusa yazırlar “bağ belə, bostan belə” deyirlər, uruslar da inanır. Urus ilə olan məsələni yoluna qoymaq lazımdır. Qüvvətə qalsa, biz bacarmayacağıq, bir tərəfdən özü, o bir tərəfdən də Fətəli xan...

– Vaqif duruxdu, nədənsə, buxarının kənarına düşmüş bir kösövü maşa ilə götürüb, alovun içinə atdı və sözlərinə davam etdi: – Tədbir işlətməliyik...

İrakli bizdən çıxıb, urusun olub, özündən başqası yadına düşmür. Burnunu ovmaq üçün Gəncəni və Irəvanı onun əlindən çıxarmalıyıq.

Süleyman paşa ilə əlaqəyə girmək lazımdır. Ömər xan hücuma hazırlanmalıdır. Xanlığı əlindən alınmış Ağası xana kömək verməliyik Şamaxı xanı Məmmədhəsənin üstünə getsin; bilirsən ki, Fətəli xanın qızı Məmmədhəsənin oğlundadır, qohumluq vasitəsilə Fətəli xan Şirvanı idarə edir. Şəki xanı Hacı Əbdilqədir də dinc durmayır, o da Fətəli xanla əlbirdir. Buna qarşı da bir çarə tapmalı... Bu tədbirlər görülməsə, başımızı salamat saxlaya bilməyəcəyik.

Xan düşgün bir səslə:

– Əbdilqədir... Əbdilqədir... – deyə başını tərpətdi və yanıqlı dedi:

– Kimə inanasan ki! Duz-çörək xətiri qalmayıb ki?! Bu Əbdilqədir qoduq Məkkə ziyarətindən qayıdıb, Kürün qırağına, Dardoqqaza sığınmışdı.

Bilmirdi başını hara dürtsün. Qumuq xanı Məmməd gəlib qardaşı Ağakişi xanı öldürüb, Şəki xanlığına yiyələnmişdi. Qardaşı oğlu Hüseyn xan Ağası xandan kömək aldı. Məmməd xanı qovub, Şəkidə xan oldu. Bu Əbdilqədir qoduq yanıma adam yolladı, yalvardı.

Yazığım gəldi... Həm də, dedim, Fətəliyə yağı olar. Kömək göndərdim, Şəkiyə hücum edib, qardaşı oğlu Hüseyn xanı boğdurub, yerində oturdu... Bunun əvəzində indi mənə yağı olub... Eh, ay axund, İnsanın üzü dönük olurmuş!

Vaqif gülümsündü:

– Xan, – dedi, – dünyanın həmişə işləri belə olmuş, belə də olacaq!

Zor və hiylə! – gərdişi-dövranın bünövrəsi zor və hiylədə yoğrulmuşdur.

Insafa sığmasa da, belədir! Hacı Əbdülqədirin öhdəsindən yenə yazıq Hüseyn xan Müştağın oğlu Məmmədhəsən xan gələ bilər.

O vaxtdan bəri burada boş bekar gəzir. Sabah əmr elə, getsin Car tərəfdə qoşun tədarükünə düşsün.

Vaqifin təklifi xanın xoşuna gəldi. Hacı Əbdilqədir xan Dardoqqazda qoşun toplarkən Şəki hökmdarı Hüseyn xan Müştaq oğlu Məmmədhəsən xanı Əbdilqədirin yanına göndərib, barışıq təklif etmişdi, o da qardaşı nəvəsi olan Məmmədhəsən xanı tutub, qolubağlı olaraq Şişəyə göndərmişdi ki, İbrahim xan onu tələf etsin. O vaxt Vaqifin məsləhətilə Məmmədhəsən xan öldürülmədi və Əbdilqədir xanı razı buraxmaq üçün Məmmədhəsən xanın köynəyi qana bulaşdırılıb, ona göndərilmişdi. Indi Vaqif vaxtilə sağ qalmasına səbəb olduğu Məmmədhəsən xandan istifadə etmək istəyirdi.

Müşavirə qürubdan bir-iki saat keçənə qədər davam etdi, Vaqif ilə Mirzə Əliməmməd xandan ayrıldılar. Xan buxarının kənarında tək qalaraq, yenə maşanı əlinə alıb, ocağı qurdalamağa başladı. Qaravaş yavaş addımlarla ona yanaşıb:

– Xan sağ olsun, hansı otaqda süfrə salım? – deyə intizarla dayandı.

Saray adətincə xan hansı arvadının yanında şam eləsəydi, orada da gecələrdi. Odur ki, qaravaş hər axşam xanın rəyini bilməli idi. Xan qaravaşa bir neçə saniyə cavab vermədi, sonra titrək səslə:

– Çörəyimi burada yeyəcəyəm, – dedi. – Nökərə de, buxarıya

odun atsın!

Qaravaş təzim etdi:

– Baş üstə, – deyib çıxdı.

Şamdan sonra xan yenə özünü çırthaçırtla yanan buxarının yanına verib oturdu. Əvvəl yeməyin təsiri olmalıdır ki, bir az sakitləşmişdi, sonra get-gedə yenə əsəbiləşdi. Vaqifin Tiflisdən gətirdiyi xəbəri təkrar-təkrar xatirindən keçirib od tutub yandı:

“Mən dəfələrlə kömək verib, dardan qurtardığım İrakliyə tac gəlsin, peşkəşlər gəlsin... Mənə də şərtsiz-şürurtsuz təbəəlik təklif olunsun?!

Mən bu günə qalmışam? Mən Pənah xanın oğlu, Ərğun xan övladı?..

Bütün Azərbaycan xanları mənim məsləhətimlə iş görsün, mən kafirə boyun əyim, qul olum? Fətəli qancıq, elə düşmənçilik! Qalsın sənnən mənimki... Əbdilqədir qoduq da ayaq qaldırır. Bunlar hamısı o dönük İraklinin işidir. Yedin Irəvandan və Gəncədən gələn tümənləri!..

Bu odun nə yaxşı yanır... Dəmirqaranın yaxşı közü olur. Bu yemişan da elə tüstü verir – nə istisi var, nə odu. Ah neyləyim, əlimdə imkan ola, Qurbanın külünü göyə sovuraram. Şəkinin yerində arpa əkdirərəm.

Şam da tez əriyir... görəsən, piyi nədən qayırırlar? Çoxdan başlar yerindən oynamayıb. A köpək uşağı məliklər!..”

Saatlarla davam edən qarışıq fikirlər İbrahim xanı məşğul etdi, əsəbiləşdi, yuxusu tamamilə qaçdı. Nəhayət, onun ağırlaşmış başına bir yüngüllük gəldi, sanki çıxılmaz yolda bir işıq görünüb onu çətinlikdən qurtardı. Xan Vaqifin tədbirlərini yadına salıb sakit oldu. Birdən əsəbi bir gülüş onun vahiməli çöhrəsinə bir həlimlik saçdı. Bu, saatlarca çəkdiyi üzüntü ona yersiz və gülünc göründü. Xan ayağa qalxıb, əsnədi, ona bir gərnəşmə gəldi. Qəribə bir titrəyiş bütün vücudunu qaplayıb keçdi. Şamdana baxdı, şamın son şöləsi alovlanaraq cızıltı qoparmışdı. O biri şamdandan bir şam götürüb, yandırdı və cızıldayan şamın üzərinə basdı. Tamamilə sakit idi. Şamdanı götürüb, otaqdan çıxdı. Bir də çöndü, divarın dibində dik durmuş pişxidməti süzdü:

– Şamları keçir, get yat! – deyib hərəm dairəsinə keçdi.

Məmmədhəsən ağanın anası xor-xor xoruldayırdı. Xan keçdi. Qaradağlı Şahnisə xanım üzünü divara çevirmişdi, yuxuda idi. O biri otaq Məlik Şahnəzərin qızı Hürzadın idi. Ondan sonrakında Şahverdi xanın qızı Xurşud bəyim yatırdı... Xan bu yaşlı arvadlarının yanlarında qalmazdı.

İndi də diqqət verməyib keçdi. Üngütlü Allahyar bəyin qızının yorğanı düşmüşdü. Xan düzəldib, yenə keçdi. Getdikcə şam əriyib, barmaqlarında donurdu. Gəncəli Cavad xanın bacısı Tutubəyim ağ biləklərini başının altına qoyub, sakit yatmışdı. Xan ayaq saxlayıb, ehtiraslı baxışla onu süzdü. İşıq Tutu bəyimin üzünə düşdükdə, gözlərini açdı. Şüursuz bir baxışla xana tərəf çevrildi, gərnəşərək gülümsədi.

– Ay xan, indiyətən hələ yatmamısan? – deyə başını qaldırdı. İri hörüyü ilan kimi, ağ yastığın üstündə qıvrıldı. – Gəl görüm, yəqin üşümüsən.

Xan Tutu bəyimin yan tərəfində oturdu. Tutu bəyim şamdanı aldı, xalının üstünə qoyub, xanın soyuq əllərini dolğun döşlərinə basdı. Xan xoş bir hərarət duyaraq nəşələndi.

Tutu bəyim oxşayıcı şirin səsilə:

– Niyə yatmamısan? – deyə sorduqda, xanın yaralarını təzələdi.

Yenə Tiflis, Quba, Şəki bir-birinə qarışaraq, bütün ağırlığı ilə onun üzərinə töküldü. Xan cavab vermədən əllərini arvadının atəşin sinəsindən ayırıb, dik qalxdı. Yenə şam əlində olaraq hərəm dairəsini dolaşmağa başladı... Avar xanı Ömərin bacısı Bikə ağa büzüşüb, yatağın ortasında qalmışdı... Sonra naxçıvanlı Ruğaşın, tağlı Sonanın, Dızaq məliyinin qızı Xatayın, Bəhmənli Xədicənin, Sarıcalı Mürəssa xanımın və başqalarının otaqlarından keçib, son otağa çatdı. Hər yeri xalı, xalça, cecim və ipəklə bəzənmiş bu otaq Şişə sövdəgəri Hacı Kərimin qızı Anaxanıma təxsis olunmuşdu. Anaxanım İbrahim xanın ən yeni arvadı idi. On altı-on yeddi yaşlarında, ətli-canlı bir qız idi. Xan otağa girdikdə gülab iyi onu məst elədi. Titrək əli ilə şamdanı yuxarı qaldırıb, ipək yorğan altında uzanmış Anaxanımı seyr etdi: yorğanın bir tərəfi sürüşüb xalının üstünə düşmüşdü, qızın dışarı çıxmış sol döşü qar kimi ağarırdı: qara kirpiklər dairələnərək xəfif kölgə salmışdı: totuq yanaqlar dan yeri kimi parıl-parıl yanırdı...

Xan əlini belinə atıb, titrək barmaqlarilə şal qurşağını açmağa başladı...

8

Xan səhər tezdən oyandı. Anaxanım gecə onun yuxuda ağır iniltisini dəfələrlə eşitmişdi: Burnaşov xanın yuxusuna əjdaha sifətində girib, onunla boğuşmuş, neçə yerindən yaralamışdı. Bu yaraların ağrısı hələ də canından çıxmamışdı. İçərisində sanki bir şey üzülmüşdü, bütün ətrafında gördükləri ona toxunub qıcıqlayırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məşədi və Kərbəlayı

– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!

2 мин
Hacı

Həyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.

2 мин
Cavan

Cavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?

3 мин
Son bahar

Sadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?

4 мин

Стихи других поэтов