İkinci hissə
Страница 9 из 17 · 47%
– Görək, – dedi, – Musa Soltan nə xəbər gətirəcək. Rusiyaya birinci dəfə kağız aparanda yaxşı xəbər gətirmişdi.
– Bu dəfə də gətirər.
– Nə deyim, – deyə Vaqif düşündü: – Bizim şərtləri qəbul edərlərmi?
Yazdım: himayəyə hazırıq, ancaq xan yerində qalacaq, daxili işlərimizə qarışılmayacaq, Qarabağ torpağının da dəci pozulmayacaq.
Mirzə Əliməmməd:
– Şərtlərimizi qəbul etməsələr, – dedi, – nə itiririk?
– Heç nə! Biz məsələni uzatmalıyıq, görək bu işlərin axırı necə olur. Urusların gəlməsi bütün Iran və Osmanlı məmləkətini vəlvələyə salmışdır. Görmürsən, Süleyman Paşa nə yazır, deyir: “Urusun Tiflisə gəlməsi bir oddur ki, sizi də, bizi də yandıracaq”...
Vaqif sözlərini kəsib, güldü. Mirzə Əliməmməd heyrətlə ona baxaraq dedi:
– Deyəsən, yadına nə isə düşdü.
Vaqif zarafatlı gülüşündə davam edərək:
– A kişi, nə vaxt bir yerə gəldikmi, elə bu can sıxan söhbətlərdən əl çəkmirik.
Vaqif burada bir az dayanıb, dərin bir təvəkküllə sözünə davam etdi: – Mirzə Əliməmməd, mənə elə gəlir ki, “cəhd çarıq yırtar” – doğru məsələdir. Bizim səyimizin mənası var, amma təsəvvür olunan qədər yox. Gərdişi-zəmanənin çay axını kimi bir axını var, bu axını dəyişsən də, axın axınlığını göstərəcək. Mən-sən, o-bu axının qarşısında heç mənziləsindədir. Azərbaycan xanları bir-birilə vuruşur, rəyasət üçün ata oğlunu, qardaş qardaşı öldürür, bir-birinin gözlərini çıxarır, elimiz, ulusumuz xanların kefi üçün qırılıb gedir: xanımanlar yanıb kül olur... Bu fəlakətə qarşı ürəyimiz çatlasa da, qabağını almaqdan acizik! Bunun üçün özümüzü üzməməli, qəlbdəki yaranın sızıltısını unutmaq üçün bir az da əylənməliyik. Deyirəm, nökəri göndərim şərbaf Kazım gəlsin, onda qəribə söhbətlər olur, bir az desin, vaxtı xoş keçirək. Lələ çağırıldı, nökərlərdən biri fanıs götürüb, Kazımın dalınca getdi.
Kazımı yataqdan durquzub gətirmişdilər. Qapıdan girər-girməz:
– Xeyr ola? – deyə güldü.
– Xeyr olmamış nə var, buyur əyləş!
Kazım oturdu. Süfrədəki tut qurusuna, qoz ləpəsinə baxıb, gülümsədi.
Vaqif:
– Buyur, ye! – dedi.
Kazım rişxəndlə:
– Naxçıvan yemişi olanda biz yaddan çıxırıq. Qoz ləpəsi olanda məni çağırırsan, bilirsən ki, dişim yoxdur.
Vaqif etiraz eləmək isətədi, Kazım onun sözlərini kəsib, bir missal söylədi:
– Bir gün, – dedi, – Molla Nəsrəddin yatıb yuxuda gördü ki, pul paylayırlar, hamıya ağ pul verdilər, buna qara pul. Molla acıqlanıb qışqırtı saldı. Öz səsinə yuxudan ayıldı. Ovcuna baxdı, gördü ovcu boşdur.
Gözlərini yumdu dedi: “Zərər yoxdur, qara pul da olsa olar, verin gəlsin”. İndi, axund, elə qoz ləpəsinə də razıyam, verin gəlsin.
Vaqiflə Mirzə Əliməmməd uğunub, getdilər. Kazım da boşqabdan bir qoz ləpəsi götürüb, ağzına atdı.
Vaqif gülgəz dəsmalı ilə gözlərinin yaşını silərək, Kazıma baxır, ondan yeni bir lətifə eşitmək istəyirdi. Kazım isə qoz ləpəsini bu əngindən o biri ənginə aparıb, onu əzməyə çalışırdı.
Vaqif istehza ilə:
– A Kazım dadaş, deyəsən, dəyirmanın kardan düşüb? – dedi. Kazım:
– Dəyirman başına nə kül töksün, – dedi, – arpa cadı üyütməkdən haldan düşüb. O qədər arpa çörəyi yemişəm ki, küçədə eşşəklərə:
“Toqquş!” – deyilib, dayandırıldıqda, mən də dayanıram.
Bu sözün də kəskinliyi Vaqifə xoş gəldi; zarafatla:
– Kazım, – dedi, – sənə söz çatdırıla bilməz. Nahaq yerə xanın kefi tutulanda imarətə gəlmirsən. Bilirsən, bol xələt-barat alarsan.
Kazım mütəvazi bir halda başını aşağı salıb, əllərini ovuşdurdu:
– Axund, başına dönüm, kasıb adamıq, imarətdə nə işimiz var! Bəs eşitməmisən ki, xan ilə bostan əkənin tağı çiynində bitər?
Mirzə Əliməmməd ağa çox ehtiyatlı bir dövlət adamı olduğu üçün Kazımın bəzi işarələrindən xoşlanmadı. Sözü dəyişmək üçün, buxarının sönməsini əlində bir bəhanə etdi.
– Axund, atəş deyəsən, bizə vəfasızlıq göstərmək istəyir, – deyə buxarını göstərdi.
– Hər şeyin çarəsi var! – deyə Vaqif lələni çağırıb, buxarını təzədən qalatdırdı və şamdanın da şamını təzələtdirdi. Sonra lələyə çönərək dedi: – Lələ, uşaqlara de, bir yaxşı halva çalsınlar, gecə uzundur, oturacağıq.
Kazım gülümsünərək, həyatında baş vermiş bir hadisəni xatırlayıb başladı:
– Halva dedin, yadıma bir əhvalat düşdü. İrandayam, cavan vaxtımda, dava eləyirəm. Əhərin yanında məni əsir apardılar. Xülasə gəldik çıxdıq Əhərə. Məni bir xana satdılar, ona nökər oldum. Məlum oldu ki, bu xanın özü Cavanşir elindəndir...
Vaqif onun sözlərini kəsərək:
– Deməli, qohum çıxdınız, – deyə güldü.
– Hə, qohum çıxdıq. Özü də mənim kimi: “azacıq aşım, ağrımaz başım” – deyənlərdən idi. Bir balaca mülkü vardı, ondan dolanardı. Davaşava ilə işi yox idi. Bütün varını-yoxunu məzəli adamlara yedirərdi. Nökərin də məzəlisini sevərdi. Bir gün bu, pilləkənlə eyvana çıxar, mən də bunun dalınca. Pilləkənin ortasında bunun budundan bir çimdik götürdüm.
Acıqlı dönüb, üzümə baxanda dedim: “Xan, bağışla elə bildim, xanımındır”.
Bunu eşidər-eşitməz qaqqanaq çəkib, güldü. Dedi: “Bax, indi xoşuma gəldin. Haralısan?” Dedim: “Qarabağlı” Dedi: “Ora niyə Qarabağ deyirlər”. Dedim: “Çünki hər şeyimiz qara bağlıdır, bir kəs ilə haqq-hesabımız da olanda, qarın üstünə yazırıq, möhkəm qalsın”. Xan yenə güldü, dedi: “Sənin bu günkü təqsirini da qara yazdım. Get! “Pilləkənin aşağısına enib, dayandım. Dedim: “A xan, başa düşmədim, mənim təqsirimi qara yazdın, yoxsa qarın üstünə yazdın?” Xan yenə güldü, amma gülüşü xoşuma gəlmədi. Qorxdum. Dedim, xandı, onun tərsi, avandı olmaz, acığı tutub, başımı vurdurar. Birdən bağırdı: “İtil burdan!
Sənin halvanı çaldırram”, – deyib, üstümə şığıdı. Dedim: “Xan, çoxdan itilərdim, amma darvaza bağlıdır”. Xanın kefi təzədən açıldı, gülə-gülə dedi: “Ay gədə, sən çox həlləm-qəlləm adama oxşayırsan. Məndən nə istəyirsən de verim, təki çıx get. Məni xatadan sav! Dedim: “Məni azad elə, özümü də Arazdan keçirtdir, öz yurduma qayıdım. Xan düşündü.
Sonra razı oldu. Cibimə də pul qoyub, məni yola saldı.
Vaqif gülərək dedi:
– Deməli, məzəliliyin xoşuna gəlməyib.
– Yox, xan çox arvad qoruyan adam idi. Görünür, mənim zarafatımdan həslədi. Mən də qəsdən elədim ki, məni azad eləsin.
Halva gəldi, yanında da Dızaq buğdasının yuxası. Zəfəranın iyi damağa çökürdü. Kazım dörd gözlə halvaya baxıb dedi:
– Bax ölüyə dəysə dirilər – buna demişlər.
Vaqif su səpilib, yumşaldılmış yuxanı kəsib, arasına halva qoyaqoya:
– Görüm, – dedi, – halvadan sonra nələr nağıl eləyəcəksən. Zəfəran axı güldürən olar.
Kazım halvadan iri tikələr vurub ötürür, gözlərinə işıq gəlirdi. Ağzını mırçıldada-mırçıldada dedi:
– Axund, “adam güldürən” dedin, yadıma bir əhvalat düşdü. Ərdəbildəyəm.
Payızın palçıqlı günüdür. Bisti üzünə də həsrətəm. Küçədə alçaq boylu, çəp gözlü birisinə rast gəldim. Dedim: “Bu məhəllənin adı nəmənədir?” Elə bunu dediyimi gördüm... Mənə cumdu-nə cumdu!
Papağım başımdan düşüb, başdan ayağa palçıq oldu. Demə bu adama “Bu məhəllənin adı nəmənədir?” – deyəndə acığı tutarmış. Mən doğrudan soruşardım, bu zarafat hesab edib. Xülasə, papağımı başıma qoyub, gedirəm, gördüm, bir həyətə adamlar girib-çıxır. Birisindən soruşdum ki, burada nə var, dedi ki, adam ölüb. Dedim elə yaxşı oldu: gedim həm başsağlığı verərəm, həm də ehsan plovundan yeyib, qarnımı doyuraram. İçəri girib, oturdum. Bir də baxıram, məclisdən durub gedənlər yanıma gəlib, mənə başsağlığı verirlər. Lap məəttəl qaldım.
Dedim, ya bu şəhərin əhli dəli olub, ya mən... Demə, bu şəhərdə adamı ölənin papağına palçıq sürtərmişlər ki, təziyədar olduğu bilinsin.
Papağım palçıqlı imiş deyə məni təziyədar biliblər... Sonra o qədər gülmüşəm ki...
Söhbət gecənin yarısına çəkdi və gecənin yarısına kimi də Vaqif Kazımı söylədib, güldü.
10
Baharın sevimli günəşi günorta yerinə gəlmişdi. Lakin günəşdə etibar görünməyirdi: yerdən buğ qalxır, dağların başı dumanlanır və üfüqlər bulaşmağa başlayırdı. Bir az sonra hardansa göyü qara buludlar qapamağa başladı, günəş qeyb oldu, hava qaraldı. Uzaqdan guruldayaraq gələn şimşəklər şəhərin üstündə şaqqıldayıb, hara isə düşdü.
Sanki göy də şüşə pəncərə kimi onun arxasınca qırılıb, çilik-çilik oldu. Taxtapuşlara və damlara tökülən dolunun nəriltisindən şəhərə bir vahimə çökdü.
Safdil Telli dolunun önünü almaq üçün sacayağını ayaqları yuxarı, qazanı üzüqoylu çevirib, hananın üstündə oturdu və ilmə vuran Gülnazı təlaşla çağırdı:
– Ay Gülnaz, sən də hana toxumağa vaxt tapdın, – dedi. – Sən anayın ilkisən, gəl yeddi dolu götür, dişlə, dolu yaralanıb kəsilsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Стихи других поэтов
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.