Məlik Məhəmməd
Страница 2 из 3 · 33%
Məlik Məhəmməd qızın dizi üstə bir az rahat olub, üçüncü otağa girdi. Burada taxtın üstə bir nazənin sənəm əyləşmişdi ki, o biri qızların ikisindən də gözəl. Elə gözəl idi ki, elə gözəl idi ki; yemə, içmə onun xət-xalına, gül camalına tamaşa et!
Məlik Məhəmməd qıza lap ürəkdən aşiq oldu; qızın da gözü Məlik Məhəmmədə düşdü. Qız yalvardı ki, «Ay cavan, heyfsən, qaç gizlən».
Məlik Məhəmməd qulaq asmayıb, divin ayağını dələməyə başladı. Bir dələdi, iki dələdi, axırda div ayağa qalxanda bu da qabağa çıxdı.
Bunlar yenə qırx gün qırx gecə güləşdilər. Bu divin də canı şüşədə idi, Məlik Məhəmməd şüşəni yerə çırpıb, göyərçinin boğazını üzəndə, div öldü.
Məlik Məhəmməd kefi kök, damağı çağ, başını qızın dizi üstə qoyub, yatıb, rahat oldu.
Məlik Məhəmməd yuxudan duran kimi qızları yığıb, quyunun təkinə gəldi. Buradaca əvvəl böyük qızın belinə kəndir bağlayıb, yuxarı çəkdilər, ondan sonra ortancıl qızın. Növbət balaca qıza gələndə, qız Məlik Məhəmmədə dedi:
– Qoy əvvəl sənin belinə kəndir bağlayım, yuxarı çəksinlər, sonra da mən çıxaram. Qorxuram, qardaşların görərlər ki, mən o birilərdən gözələm, bəxillikləri tuta, sənin kəndirini kəsələr.
Məlik Məhəmməd razı olmadı. Qız dedi:
– İndi ki razı olmayırsan, di barı bu dediklərimə qulaq as: sənin kəndirini kəsəcəklər, quyunun təkində qalacaqsan. O vaxt döyüşə-döyüşə iki qoç gələcək: biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq. Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxarsan; qara qoça minsən gedib, qaranlıq dünyaya çıxacaqsan.
Məlik Məhəmməd qızın sözlərinə qulaq asandan sonra, belinə ip bağladı.
Kiçik qız quyudan çıxanda qardaşlar onu görüb, ağılları başlarından çıxdı, dedilər: «Bəs Məlik Məhəmməd kiçik qardaş ola-ola belə gözəl qızı özünə götürsün?!» Bunların bəxilliyi tutdu, odur ki, yarı yoldan Məlik Məhəmmədin kəndirini kəsdilər, o da quyunun təkinə düşdü.
Quyuda Məlik Məhəmməd bikef oturmuşdu. Bir də gördü qız deyən ağ qoç ilə qara qoç budur, döyüşə-döyüşə gəlir. Ağ qoç vurdu, qara qoçu qovdu. Məlik Məhəmməd o saat sıçrayıb, ağ qoçun belinə mindi; amma ağ qoç bunu qara qoçun belinə tulladı. Qara qoç da Məlik Məhəmmədi bir baş götürüb, qaranlıq dünyaya apardı.
Buradaca Məlik Məhəmməd yorğun halda bir ağacın dibinə gəldi. Elə bir az oturmuşdu, gördü bu ağaca bir əjdaha dırmaşır. Əjdaha bir az yuxarı qalxdı da, ağacın başından çoxlu quş balalarının səsi gəldi. Demə, bu ağacda zümrüd quşunun yuvası var imiş. Bu zümrüd quşu hər vaxt ki yumurtadan bala çıxardıb, bəsləyərmiş, balalar böyüklənəndə əjdaha gəlib, onları yeyərmiş, zümrüd quşu da bala üzünə həsrət qalarmış.
Bu dəfə əjdaha ağaca dırmaşırmış ki balaları yesin. Məlik Məhəmməd bunu görcək, cəld qılıncı çəkib, əjdahanı iki parça elədi. Sonra gəlib, ağacın dibində yatdı.
Sizə kimdən deyim – zümrüd quşundan. Bu zümrüd quşu balalarına dən gətirməyə getmiş imiş; qayıdıb gələndə, ağacın dibində gözünə bir qaraltı dəydi. Quş elə bildi ki, balalarını yeyən bu imiş. Cəld gedib, dimdiyinə bir iri daş alıb, istədi qaraltının üstünə salsın, balaları yuvadan çığırışıb, qoymadılar; dedilər ki: «Bəs əjdaha bizi yemək istəyirdi, bu oğlan əjdahanı öldürüb, bizim canımızı qurtardı».
Zümrüd quşu daşı kənara atıb, endi, qanadlarını Məlik Məhəmmədin üstünə çəkdi.
Məlik Məhəmməd yuxudan ayılıb, quşdan çox qorxdu.
Quş dedi:
– Hər kəssən, nə karəsən, qorxma, mən sənə pislik eləmərəm. Mən neçə ildir bu əjdahanın əlindən bala üzünə həsrət idim; indi sən mənim balalarımı qurtardın. Bu yaxşılığın əvəzində məndən nə istəyirsən eləyim.
Məlik Məhəmməd başına gələn qəza və qədəri açıb, quşa nağıl elədi və dedi ki:
– Heç zad istəmirəm, ancaq məni işıqlı dünyaya çıxart.
Zümrüd dedi ki:
– Onda gərək qırx şaqqa ət, qırx tuluqda su alıb, gətirəsən.
Məlik Məhəmməd aldı, bunların hamısını hazırladı. Əti quşun bir qanadının üstə qoydu, suyu da birinə. Özü də zümrüdün belinə mindi, yola düşdülər.
Quş göyün üzünə qalxdı və qaranlıq dünyadan uzaqlaşmağa başladı. Məlik Məhəmməd aşağı baxdı; gördü ki, yer xəlbir kimi görünür. Bir azda qalxdılar. Məlik Məhəmməd bir də baxdı, gördü ki, yer lap gözdən itib.
Elə quş hər vaxt «qa» dedi, Məlik Məhəmməd ətdən verdi; «qu» dedi – sudan verdi. Elə işıqlı dünyaya bircə mənzil qalmışdı ki, ət qurtardı; quş «qa» deyəndə Məlik Məhəmməd müəttəl qaldı. Nə eləsin? Əlacı kəsildi, pıçağı çıxardıb, baldırının ətindən kəsib, quşa verdi. Zümrüd quşu gördü ki, bu ət o biriətlərə oxşamır – bu çox şirindir. Quş əti dilinin altına qoydu, balalarına saxladı.
Bir mənzil də qurtardı. Zümrüd quşu Məlik Məhəmmədi işıqlı dünyaya çıxartdı, qanadının üstündən yerə qoyub, dedi:
– Di get!
Məlik Məhəmməd dedi ki:
– Sən get, mən özüm gedərəm.
Olmadı. Zümrüd dedi:
– Gərək gedəsən!
Məlik Məhəmməd axsaya-axsaya getməyə başladı.
Zümrüd dedi ki:
– Ay oğlan, səbəb nədir ki, sən axsayırsan?
Məlik Məhəmməd açıb, nağıl elədi, dedi:
– Daha nə gizlədim. Sənə sonra verdiyim ət baldırımın əti idi.
Quş o saat dilinin altından əti çıxardıb, Məlik Məhəmmədin baldırına yapışdırdı. Tüpürcəyi ilə də sürtüb, yaxşı elədi. Sonra quş tükündən çıxardıb, bir az Məlik Məhəmmədə verdi, dedi ki:
– Hər vaxt dara düşsən, bu tükləri yandır; mən o saat gəlib, səni qurtararam.
Quş sözünü deyib, uçub, getdi. Məlik Məhəmməd də yavaş-yavaş gəlib, bir dərzi dükanının qabağına çıxdı və dedi ki:
– Ay usta, Allah rizasına, məni yanında şagird saxla.
Ustanın buna yazığı gəlib, saxladı.
Aradan bir az keçdi. Məlik Məhəmməd şagirdliyində yamaq, sökük tikirdi, ustasına xidmət eləyirdi. Bir gün adam gəldi ki: «Padşah böyük oğluna toy eləyir, usta gəlsin, paltar biçsin».
Dərzi sevinə-sevinə qayçısını da götürüb, padşahın imarətinə getdi.
Məlik Məhəmməd bir az oturub, sonra dükanı bağlayıb, bir dar küçəyə getdi; zümrüd quşunun tükünü çıxardıb, yandırdı. O saat zümrüd quşu hazır olub, dedi:
– Mənə görə nə qulluq?
Məlik Məhəmməd dedi ki:
– Bu saat mənə bir dəst sarı paltar, qılınc, qalxan, bir də sarı yel atı gətir.
Zümrüd «baş üstə» deyib, uçub getdi; bir az çəkmədi ki, Məlik Məhəmməd dediyi şeylər hazır oldu. Məlik Məhəmməd paltarını soyunub, qıs-qıvraq geyindi: qılıncını belinə bağladı, qalxanı qoluna taxdı, bir baş atı padşahın evinin qabağına sürdü.
Buradaca qırmızı geyimli qoşun düzülmüş idi, şəhər camaatı tamam tamaşaya yığılmışdı, padşahın böyük oğlu da at çapırdı.
Məlik Məhəmməd atı meydana salıb, bir o başa çapdı, bir bu başa çapdı, sonra qılıncını çıxardıb, padşahın böyük oğlunun boynunu vurdu.
Qoşun biri birinə qarışdı. Camaat biri birinə dəydi. Hamı Məlik Məhəmmədin dalısınca tökülüb, onu oxa basdılar. Məlik Məhəmməd atı çapıb, bir dəqiqədə gözdən itdi. Yenə gəlib, həmən küçədə tükü yandırdı. Zümrüd hazır olanda paltarları, atı verib, dükanı açıb, oturdu.
Bir azdan sonra dərzi başına gözünə döyə-döyə dükana gəldi. Məlik Məhəmməd durub, yalandan ustasının o tərəfinə bu tərəfinə keçib, dedi:
– Ay usta, qurbanın olum, nə olubdur?
Usta dedi:
– Nə olacaq, padşahın evinin qabağında at çapışmada haradansa, suya dönmüş sarı paltarlı bir atlı gəlib, bir az o başa bir az bu başa çapıb, birdən qılıncını çəkib, padşahın oğlunun boynunu vurdu. Dalınca tökülüdülər, tuta bilmədilər.
Məlik Məhəmməd yalandan bir az heyfsinib gedib, yerində oturdu.
Aradan bir neçə vaxt keçdi, padşahın böyük oğlunun qırxı çıxdı.
Bir gün yenə adam gəldi ki: «Padşah ortancıl oğluna toy eləyir; usta gəlsin paltar biçməyə».
Dərzi sevinə-sevinə qayçısını götürüb, yola düşdü. Məlik Məhəmməd də dükanda qaldı.
Usta gedəndən bir azca sonra Məlik Məhəmməd yenə durub, dükanı bağladı. Həmən küçəyə gedib, zümrüdün tükünü yandırdı. O saatda zümrüd hazır olub, dedi:
– Mənə görə nə qulluq?
Məlik Məhəmməd dedi:
– Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan, bir qırmızı at gətirərsən!
Zümrüd «baş üstə» deyib, bir dəqiqədə gedib, atı, paltarı gətirdi.
Məlik Məhəmməd qıs-qıvraq geyinib, padşahın imarətinə tərəf getdi.
Orada yenə qoşun, camaat düzülüb, padşah oğlunun at çapmağına tamaşa edirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-melik-mehemmed
Другие произведения автора
Usta Ağabala hamama tərəf rəvan olmuşdu, payızın küləyi ağacların rəng-bə-rəng yapraqlarını budağdan budağa salırdı. Göydən qara bulutlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilirdi. Və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş şəfəq verirdi. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər sınıq-söküq divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Usta o qədər şadlığa aludə olmuşdu ki, ayağı çuxurlara düşüb tez-tez başmağı çıxmağı və ya papağının tullanıb alnına yeriməsi və ya qalxıb bir də pəlsərinə düşməsi bunun nəzərinə belə gəlmirdi.Usta Ağabala belə qeydkeş idi ki, hər gün gördüyü şeylər ona təsir etməmiş olmurdu. Birdən küçəyə düşmüş it pişik və ya geyri bir heyvanat meyitlərini görəndə belə fikir edərdi: «hələ itlərə allahın ğəzəbi keçib, bunlara behişt yoxdur görəsən bu yazıq pişiklərə kim cənnət qəbzi verəcək?» Pişik meyitindən sonra toyuq meyiti çıxanda Usta labüddən gərək bir az da toyuq barəsində fikir edə idi: «görəsən toyuq da behiştə gedəcəkmi? Ona da ğılman verəcəklərmi? Bəlkə toyuq da bilmədi buğdaya bir dimdik vurdu. Görəsən onda ona nə qayırarlar?»…
VKərbəlayı Qulu, usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə sual elədi; zamanənin dəyişilməsindən, bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı, təraş olmamış, birdən kərbəlayı Qulu geri çəkilib, dedi:– Usta, axır başıma bir iş gəlib.
VIUsta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi.Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş…
VIIVeylabad şəhəri elə bil dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmaqda idi; ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fağırlar da damlara doluşub allah sədasını göyə qovzayırdılar.Qoşun kişilik idi. Düşmənlər hər tərəfdən şəhəri ihatə etmiş idi. Şəhər darvazaları təmamən bağlanıb dallarına qalın torpaq çəkilmiş idi. Qoşun fövc-fövc düşmənin hücumunu dəf etməyə çalışırdı. Qalabəndlik ili idi, Usta Ağabala yenicə anadan olmuşdu, bələyinin üstə göz yaşları sel kibi axırdı. Arvatlar buna baxdıqda deyirdilər, «suya dönmüş oldu olmadı, şəhərin nuraqı döndü». Elə arvatların haqları var idi. Ağabala çox ağlağan uşaq idi. Ağlayanda üzünü turşaldırdı. Elə bil mərsiyyə deyəcək idi. Birdə usta Ağabala gördü ki, bunu bələkdə bir biyabana atıblar, qalıb çığıra-çığıra. Səs küy təmam kəsilib; dağlar, daşlar, duman ilə bürünüb, bircə xırda çığır gözə görünürdü. Bu yol ilə bir addım enirdi. Yavıqlaşdıqda Əli-Əsgər-ağa olduğu mə’lum oldu. Axund yetişən kibi ustanı qucağına götürüb bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: «al bu kağızı, tapşırdım cənnətin kənarından sənə bir parça yer versinlər orada ye, iç, huri və ğılmanlar ilə axirət ləzzətini apar».
Стихи других поэтов
Gərək oğul olan qorusun dili,Dilə xor baxanın qurusun dili!
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Bayram gəlirEylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,Yoxdu tila kisədə zad-mad alım külfətə.
Гульшан-и раз, глава 36وصال ممکن و واجب به هم چیستحدیث قرب و بعد و بیش و کم چیست