O çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?

Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.

Günorta zamanı atışma bərkidi. Hökumət binasının qarşısında bombalar partlamağa başladı. Bolşeviklər binanı tutmuş imişlər. Bir saatlıq hücumdan sonra ukraynalılar qələbə çaldı və bolşeviklərin sağ qalanları təslim oldular.

Cümlətanı on beş kişi idi: hamısı əsgər geyimli, dəri papaqlı idi. Yalnız bircəsi tələbə şapkası daşıyırdı. Bu kazanlı Osman Dövlətşin idi.

Əsirləri silahlı əsgərlər bələdiyyə meydanına doğru aparırdılar. Bunların başına gələcək, hər kəsə məlum idi: Nikolay küçəsinə götürülüb, oradakı yeddi nömrəli evdə güllələnəcək idilər. Odur ki, qapı və pəncərələrdən bunlara sataşan gözlər heyfsilənirdi.

Bunlar qurulan sipərlərin yanından keçərkən oradakı gənclərdən birinin nəzərini cəlb etdi, gənc, məktəb yoldaşı Dövlətşini tanıdı. İstəristəməz ağzından “Osman” deyə bir səda qopdu. Dövlətşin başını döndərdi və heç bir məna anlatmayan, donuxmuş gözlərini sipərə zillədi; duruxdu – yoldaşını tanıdısa da, halında təğyir olmadı. Key-key donuxub qaldı.

Gənc sipərdən sıçradı, əsgərlərə yanaşdı:

– Bu adam burada qalacaq! – dedi və Osmanı dartıb, onlardan ayırdı.

Bu vəqə elə bir sürətlə əmələ gəldi ki, əsgərlər etiraz etmədən yollarına davam etdilər. Dövlətşin sipərdə qaldı.

Atışma ara vermişdi. Gənc tüfəngini yerə qoyub, divarın dibində uzanmış Osmana yanaşdı, gülümsədi. Sanki bu təbəssümdə hər şey bəyan olundu. Zatən ukraynalı bu cavanla Osman çoxdan dost idi. Bir-birinin əleyhinə yığıncaqlarda dəfələrlə çıxmışdılar; hərəsi başqabaşqa nöqteyinəzəri müdafiə etmələrinə baxmayaraq yenə aralarında bir dostluq var idi. Odur ki, cavanın təbəssümü Osmanın ürəyində nəşələr doğurdu.

– Niyə məni yoldaşlarımdan ayırdın? – dedi. Cavan yenə gülümsədi, cavab verdi:

– Özünü mənə qəhrəmanmı tanıtmaq istəyirsən? Bilirəm ki, qəhrəmansan.

– Xeyr, qəhrəman olmaq niyyətində deyiləm!

– Yaxşı bu barədə sağ qalsaq sonralar yenə mübahisə edərik. İndi

bir iş var: axşam qaranlığı başlar-başlamaz gedərsən. Amma bir şərt var – bizim milli hərəkata zərərli olmayacağına söz verəcəksən!

Osman gülümsədi: “milli hərəkat” deyə rişxənd etdi, dedi:

– Fəqir tələbə ikən mülkədarları müdafiə etmədə davam et, sonra görüşərik.

Qaranlıq çökərkən Osman yoldaşının əlini sıxdı, ayrıldılar. Lakin yenə həmişəki kimi hər kəs öz fikrində baqi qaldı: Osman məsləkdaşlarını axtarıb, onlara qovuşmaq fikrilə gedərkən ukraynalı gənc də milli məfkurə yolunda tüfəngə sarılıb, sipərə yatdı.

Osman divarların yanı ilə daldalana-daldalana irəlilədi. Tüfəng açılarkən qapı və ya pəncərələrə sığınırdı. Kreşşatik adlı böyük küçəni güclə keçib, özünü bir həyətə saldı. Sağ tərəfdəki pilləkəni aşağı enib, sabiq gürcü meyxanasına girdi; burası ətraf ailələr üçün bir sığınacaq olmuşdu.

Osman içəri girər-girməz, onu gülər üzlü cavanlar qarşıladı – tanıdığı azəri tələbələrindən bir neçəsi burada idi. Bir çox xanımlar, qızlar nəzəri cəlb edirdi. Küçələrdəki atışma və bomba partlayışlarına baxmayaraq, buradakı çöhrələrdə meyxana nəşəsi var idi: deyən kim, gülən kim, oxuyan kim...

Bir də, tələbələrdən birisi tarı köklədi, çəpik qalxdı. Osmanı itələyib oyuna saldılar. Nə qədər oyun bilmədiyini irəli sürdüsə, qulaq asmadılar. Axırda acıqlı bir sima ilə yaxasını kənara çəkdi və bir qaranlıq guşədə oturdu. Bu laübalı övza Osmanı dərin fikirlərə sövq etdi... Can qorxusu artdıqca insanların eyş və işrət düşgünü olması onu heyrətə gətirdi. Öz-özünə dedi: “Bax, inqilab olur, qanlar içində yenilik doğur; bunu dərk etməyənlər də var”. Bir də “inqilab” sözü ona bir coşqunluq verdi, mətin bir hiss vücuduna yayıldı – fərəhləndi, 200

qəviləşdi. Əsəbi bir halda əllərini ovxaladı, içini çəkdi: “Ah, inqilabdan nələr doğacaq, nələr doğacaq!” – dedi və ayağa qalxmaq istədi, bir də kənardan bir salam səsi eşitdi. Diksinib başını döndərdikdə, cavahirfiruşun xanımı Lidanı gördü.

Lida xanım totuq üzündə məlahətli bir təbəssüm oynatdı.

– Siz nə vaxt buraya gəldiniz? – dedi.

Osman nə qədər sərt təbiətə malik idisə də, xanımın təbəssümündən yumşaldı və ciddi simasına qəribə bir xoşluq gəldi, dedi:

– İndicə gəldim.

Xanım daha da cürətli səslə:

– Biz neçə gündür ki, buradayıq. Vaxtımızın necə keçdiyini görürsünüz.

Osman maraqlandı, qalxıb xanımın yanında oturdu və söhbətlə məşğul etməyə çalışdı:

– Deməli, həyatdan kam alırsınız.

– Elə! Haqqımız yoxmu?

– Bəlkə də var.

– “Bəlkə” nə üçün?

– Kim bilir.

– Aydın söyləyiniz!

–?!

– Məndə maraq oyatdınız, indi də söyləmək istəmirsiniz. Zərər yox, intiqam alacağam!

– Çoxmu kinlisiniz?

– Ah, bilsəniz...

Osman həsrətlə xanıma baxdı. Nəzərlər tuşlaşdı, xanım başını aşağı saldı və əlindəki dəsmalını oynatmağa başladısa da, Osmanın nəzərini üzərində hiss edərək, cilvələnirdi.

Bir də Osman qəti bir səslə dedi:

– Cəvahirçinizi görmürəm, burada yoxdurmu?

Xanım başını qaldırdı, gənci sərzənişli bir nəzərdən keçirdi.

Osman bir az da cəsarətli:

– Yalanmı söylədim?

– Həmişə səhv edirsiniz!

– Nədən?

– Məni tanımırsınız.

– Bəlkə də səhv eləyirəm...

Xanım sükuta qərq oldu və cavanın sözlərindən o qədər mükəddər oldu ki, yaş onu boğdu.

Osman məsələni anladı, sözləri ilə xanımın yaralı nöqtəsinə toxunduğunu duydu. O saat səsinə mülayimlik gəldi:

– Məni əfv ediniz, zarafat eləyirəm, – dedi.
Xanım bu sözlərdən daha da kövrəldi və tutqun səslə söylədi:

– Siz bilirsiniz ki, mən onun xanımı deyiləm, zatən aramızda iyirmi yaş fərq var... Ancaq bir parça çörək üçün evinə iltica etmişəm...

Osman təkrar:

– Məni bağışlamanızı rica edirəm. Bilirsiniz ki, sizinlə tanış olduğum cəmi iki aydır. İki ayın müddətində tanışlarımızın evində üç dəfə görüşdük. Bu vaxta qədər sizi tanımadığımdan səhv edə bilərdim. Ancaq əmin olunuz ki, sizi təhqir etmək niyyətində deyildim.

Lida xanım həzin-həzin ağladı. Ümumi nəşə içində bu qaranlıq guşə faciəli bir şəkil aldı. Osman da kövrəldi. Fəqir ailəyə mənsub bir gözəl xanımın qoca bir cavahirçinin əsiri olduğunu xatırladıqca ürəyində ona qarşı dərin-dərin hörmətlər bəsləməyə başladı. Ehmal bir surətdə xanımın qoluna girdi. Onu oxşamağa və könlünü almağa çalışdı. Osmanın səmimi sözlərində, hərarətli rəftarında xanım yaralarına məlhəm tapdı. Kimsəsiz quş budağa sığınan kimi, ona sığındı, oxşandı.


Bir saat sonra top səsləri ətrafı bürüdü. Osman zirzəmini tərk edib getdi və çox çəkmədi geri döndü. Xanıma yavaş səslə anlatdı:

– Şəhərə yeni bolşevik qüvvələri hücum edir. Sabah tezdən, heç şübhəsiz, bizimkilər burada olacaqlar. Durmaq zamanı deyil, gedirəm.
Şəhərin daxilində təşkilat yapmalıdır.

Lida xanım hövlnak onun qolundan yapışdı.

– Getməyin! – dedi, – göydən od yağır, başınıza bir iş gələr.

Osman mətanətli bir səslə:

– Qorxmayınız! Sabah görüşəcəyik. Sizin şəxsi və bizim ümumi inqilabların zəfəri üçün çalışmamız lazımdır!

Xanım göz yaşları ilə Osmana söykəndi, başını köksünə qoydu və sızıltı ilə dedi:

  • Başınıza bir iş gəlsə mən ölərəm!

Osman xoş bir təbəssümlə xanımın alnından öpdü və dedi:

– Əziz yoldaşım, vəzifə məni çağırır. Sabah səadət günüdür.


O biri gün Kiyev bolşeviklərə təslim edildi. Ukrayna hökuməti, Rada və ordu Jitomir yolu ilə qərbə çəkilmişdi. Şəhərdə Şura hökuməti təsis edildi.

Bir neçə gün keçmiş böyük nümayiş yapıldı. Ukrayna millətçiləri tərəfindən öldürülmüş yüz on yeddi bolşevikin dəfn mərasimi oldu. Minlərcə işçilər iştirak etdi, hər tərəf qırmızı bayrağa donandı.

Lida bu neçə gündə Osmandan heç bir xəbər ala bilmədi. Divanə kimi küçələri gəzib, ətrafa baxırdı, görə bilmirdi. Bir gün sabiq gürcü meyxanasının qarşısından keçərkən dalandara rast gəldi. Dalandar Lida xanıma bir məktub olduğunu söylədi. Alıb, cəld göz gəzdirdikdə, Osmanın imzası gözünə sataşdı... Xanımın rəngi üzündən götürüldü, dodaqları titrədi və təkrar-təkrar məktuba göz gəzdirdi. Osman yaralanmış, xəstəxanada yatırmış; Lida xanımı görməyi arzu etmiş.


Kiçik bir çarpayıda yalnız bir xəstə yastığa söykənmişdi. Sağ qolu sarılı idi. Yanında sadə geyinmiş bir xanım oturub, həsrətli gözlərini xəstənin üzünə dikmişdi. Heç birinin halında həyəcan əlamətləri yox idi. Xəstənin yarası qorxulu deyildi: güllə çiynindən dəyib, o tərəfdən çıxmışdı, sümüyə xətər yetişməmişdi. Gənc xəstə xanımın əlini əlinə alıb dedi:!

– İnqilab qazandı, inqilabdan mənə gözəl bir xatirə qalmasını istərdim.

Xanım əvvəl anlamadı, gülümsədi. Xəstə təkrar:

– Lida, azad bir qadın sifəti ilə həyatıma yoldaşlıq etməni istərdim. İnqilab bütün əsarətə qələbə çalan kimi, sənə də azadəlik bəxş etdi. İndi arzuna xidmət etmək istərəm.

Lida xanımın üzünə qan vurdu, iztirabla başını qaldırıb, Osmana zənlə baxdı. Uzun kirpikləri yaşlara batmışdı...

1926

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов