Qayınanın oyunları
“Gəlin, gedək qayınananın bağına,
Qurban olaq bostanına, tağına,
Yara çıxsın qayınananın dodağına!”
“Ay qayınana, yediyin kərə ilə bal olsun,
Başına örtdüyün əbrə ilə şal olsun,
Oğlunu öyrətsən dilin lal olsun!”
“Qayınana, bozbaş bişir,
Noxud sal ondan bişir;
Qoyun əti olmasa,
Gəlinin ətindən bişir!”
“Doğdun oğul, qayınana,
Yedin noğul, qayınana;
Oğlunu əlindən allam,
Çatla, boğul, qayınana!”
(E l s ö z l ə r i)
Mənim sizə nağıl edəcəyim qayınana olduqca məşhurdur – bunu tanımayan yoxdur; xeyirə-şərə yarar, bazarda növbələrdə dolaşar, tramvaya minmək lazım gəlsə, pilləkəni yarım saat avara qoyar və özünü içəri soxduqdan sonra da bir saat döyüşər.
Adı Hurizad olsa da, Huriyə çox bənzəməz – iri, dolğun burnu, sulu gözləri, sallaq tənəli dodaqları var. Xalis xına tapmadığı üçün başını “türkəsayaq” davalarla boyar, tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər.
Hurizad xalanın tərcümeyi-halı da saçları kimi rəngarəngdir. On altı yaşında onu zəngin bir hacıya ərə vermişdilər. Doqquz ildən sonra əri ölmüş, dul qalmışdı. On bir il üç yetimə baxmışdır, axırda beli xəncərli, yanı tulalı bir bəyə “qismət” olaraq, il yarım aşiqanə bir həyat keçirmişdi. Bəy hacının pul və mülklərinə “turp əkəndən” sonra yox olmuşdu.
Hurizad xala indiyə qədər duldur, kişilərdən darğındırsa da, yenə evlənmək niyyəti ilə uzadılan ələ yox deməz. Lakin... “qisməti” gəlib çıxmır. Oğlu və qızları da nisgilli analarının qeydinə qalmır. Biçarə arvad da dərdi içəri salır, yanır, odlanır, dünyanı bir-birinə qısqanır, oğlunun evlənməsinə belə razı ola bilmirdi. Ev işlərini qurtardıqdan sonra otağın yuxarı başındakı məxmər döşəyin üstə əyləşər, oğlu Mərdanla söhbətə başlardı. Zəmanə işlərini tənqid edər, böyüklərin sayılmamasını, indiki qızların “həyasızlığını” qeyd edərək, nifrətlər yağdırardı.
Bir il əvvəl Mərdanın tutduğu hərəkət Hurizad xalanın həyatını alt-üst etdi. Mayın birində Mərdan qulluq etdiyi “Azərneft” əməkdaşları ilə bərabər nümayişə getmişdi. Evə dönərkən anası onda başqa halət gördü; həmişə sərt görünən Mərdan indi oynaq bir hal alaraq, nəşə saçırdı, öz-özünə mahnı söyləyir, gülümsəyir, bir yerdə otura bilməyib, otağı dolaşır, ara-bir güzgünün önündə durub, özünə tamaşa edirdi.
Hurizad xala arif idi–məsələni duydu, əvvəl xoşlandı, sonra isə ona bir qısqanclıq gəldi; taxtından əmin olmayan padşah kimi hiddətləndi və dəruni iztirabını zorla susduraraq:
– Hə, olmaya bir şey var? – deyə oğlundan sordu.
Mərdan qəti olaraq, laübalı bir halda:
– Ana, evlənirəm! – dedi.
Sanki Hurizad xalanın dişini naşı dəllək çəkdi: arvad diksindi, sanki bir əl gəlib ruhunu qarışdırdı... Evlənirmiş! – Bəs ana? Bir dənə oğul ola o da ananı saymaya, məsləhətləşməyə... Hurizadın da özünə görə mövqeyi var, tay-tuşu var, arzusu var... Oğlu, kim bilir, kimə rast gəldi! Hansı həyasız onu yoldan çıxartdı?..
– Necə yəni evlənirsən? – deyə fikirdən ayıldı.
– Evlənirəm, vəssalam!
– Ədə, dəlimi olmusan? Sən bir kişinin oğlusan, səni böyüdüb bir mərtəbəyə
mindirən var. Sən kimsəsiz deyilsən ki, özbaşına evlənəsən bir el qaydası var,
adət var!..
– Çox da olsun! – deyə Mərdan qəhqəhə ilə güldü.
Hurizad xala bir az da pərt oldu, cavabdan aciz qalaraq güzəştə getməyə başladı:
– Vallah, məni ələ salırsan! – dedi.
– Ələ salmıram!
– Otur, bir nağıl elə görüm kimdir, nə karədir; əsli-nəsli haradandır?
– Əsli-nəslini bilmirəm; Nəriman texnikumunda oxuyur; kimya şöbəsindədir. Sonra neft institutuna girəcək... Mən mühəndis, o mühəndis!..
Hurizad xala bir az fikrə getdi, gələcəyi gözdən keçirdi, gəlinlə dolanıb dolanmayacağını düşündü, oğlunun hərəkətindən xoşlanmadısa da, halını ona bəyan etmədi:
Yaxşı, elə oxumuş qızdan ev arvadı olarmı? – deyə ciddi sima ilə sordu.
Mən bu gün varam, sabah yox. Bişmişi-düşmüşü kim eləyəcək, uşağa kim
baxacaq?.. O gedib başqa kişilərə qoşulduqda onu sənin namusun necə qəbul
edəcək? – Hurizad xala yenə susdu, bir neçə dəqiqədən sonra:
– Bəs harada görüşdünüz? Aranızı kim düzəltdi? – deyə əlavə etdi.
– Özümüz!
– “Şirvanın ağ qızları,
Çopur-çopur üzləri;
Nə molla var, nə keşiş,
Kəbini kəsər özləri”...
Ay Mərdan, sizinki buna dönüb. Ana nəyə lazımdır ki, yad qızı yaxşıdır. Hurizad xala köksünü ötürüb, gözlərini pəncərəyə dikərək, dərin fikirlərə daldı.
O gündən etibarən Mərdan qulluqdan gəlir, nahardan sonra yuyunub, geyinib gedir və saat on ikidə, birdə qayıdırdı. Hurizad xala bir söz belə söyləmir, hirsindən dodaqlarını gəmirirdi.
Bir gün Mərdan anasına qızı nişan verib:
– Ana, – dedi, – indi rəsmən elçi gedə bilərsən. Səni gözləyirlər.
Hurizad xala məmnun deyil idisə də, əlacı da yox idi. Zəmanə uşaqlarından beli bağlı deyil idi – getməsəydi oğlu onsuz evlənə bilməzdimi? Onda halı daha da fəna olardı.
Geyindi, getdi. “Hə” verildi. Zahirən gəlin nəzakətli görünürdü. Hurizad xala da son dərəcə mehriban davrandı:
– Mənim bir ayağım qəbirdədir. İndi artıq arxayın gedə bilərəm, – dedi və gözlərindən bir neçə damla yaş belə tökdü.
Toy olub gəlin gəlmişdi. İlk gündən qayınana ilə gəlin arasında bir uçurum əmələ gəldi. Get-gedə arada narazılıq qüvvətlənirdi. Qayınana oğlunu yalqız bulduqda daima eyni məsələ ətrafında bəhs açırdı:
– Oğlum, – deyirdi, – bir qayda var; evdəki ağbirçəyi sayarlar. Çarpayının üstünə uzanır, kitab oxuyur; içəri girirəm, yerindən belə qımıldanmır. O günü mənə soyuq dəymişdi, dedim, gəl quluncumu sındır, ayaqlarımı yu – ağzını əyib, yataq otağına girdi... Belə olarmı?..
İzinsiz çıxır, gedir, yerini də demir...
Mərdan anasının uzun-uzadı şikayətlərini dinləyib, hərdən bir etiraz edir və eyni zamanda təsirinə də düşürdü. Lakin qayınanaya əlverişli bir nəticə çıxmırdı; gəlinilə rəftarı daha da fənalaşırdı. Bir dəfə Mərdan evə dönərkən qapıların bir-birinə vurulmasının şahidi oldu; yerində dimdik kəsilib, heyrətlə tamaşa edərkən anası qışqırtı ilə evdən sıçrayıb, qaçmağa başladı; qarğıdalı saçağını andıran tükləri bir-birinə qarışmışdı. Oğlunu görcək dayandı, gözlərindən yaş tökdü.
– Nə olmuş, ay ana? – deyə Mərdan həyacanla soruşdu.
Qayınana:
– Qadan alım; dəli olmuş məni boğurdu, güclə əlindən qurtarıb qaçdım.
Hiddətindən Mərdanın rəngi qaçdı, özünü otağa saldı... Buradakı mənzərə heyrətini daha da artırdı: gəlin yataq otağında uzanıb, kitaba dalmışdı. Qəlbi bir istirahətə malik olduğu ərinə qarşı dodaqlarında oynatdığı təbəssümdən bəlli idi. Gəlinin bu vəziyyəti ərinin hiddətini azaltdı. Mərdan həyəcanı güclə, duyulan bir səslə:
– Bu arvadı kim döydü? – dedi.
– Arvadı döymüşlərmi?
– Bəs çığırtını eşitmədin?
– Bir çığırtı eşitdim, məna vermədim – qonşuların qovğası zənn etdim.
Mərdan bir söz deməyə artıq cəsarət etmədi – gəlinin halət və hərəkəti qayınananın iftirasını təkzib edirdi.
Onların bir oğlan uşağı olmuşdu. Uşağın dünyaya gəlməsi evə bir şənlik gətirmişdi. Gənc ata və ana evdə olduqda çocuğu qarşılarına qoyub dindirir, əllərini və başını oxşayaraq, min bir həzz duyurdular.
Qayınana bu səadətə qarşı qısqanc və zidd bir vəziyyət almışdı. Gəlin ilə artıq danışmır, içindəki intiqam hissi aşıb-daşır–meydan arayırdı. Ancaq qayınana büruzə vermirdi. Hey düşünüb, fürsət gözləyirdi. Uzun düşüncələr nəticəsində plan hazır oldu: qayınana xəstələndi, özünü “tülkü ölümünə” vurdu.
Mərdan evə gələndə vaysılandı, ağladı, onu dərdinin ağır olduğuna inandırmağa çalışdı. Oğlu mütəəssir bir halda:
– Ay ana, nəyindir? – deyə sordu.
– Ölürəm.
– Nə olmuşdur ki?
–?!
Qayınana susur, köksünü mənalı-mənalı ötürür, gözləri yaşarırdı.
Bir neçə gün davam edən bu “xəstəlik” Mərdanı dilgir və məyus etdi. Anasında bir sirr olduğuna qane olaraq, bu sirri öyrənməyə çalışdı.
Çox rica etdi, yalvardı – anası bir şey sezdirmədi.
Axırda:
– Ana, – dedi, – gözünün ağı-qarası bir oğlun var, ona da sirrini deməyib, kimə deyəcəksən. Söylə görüm, nə olmuş? Yoxsa dərdin məni öldürür.
– İraq canına, qadan alım, yüz namussuz gəlinlə haramzada uşaq sənə qurban!.. Mərdana artıq söz lazım deyildi – anasının fikrini anladı və inandı. Namusun yayılmış buludları yenidən ruh üfüqlərinə toplandı; dəruni şimşəklərin inikası Mərdanın zəhmli gözlərində parlayıb dəhşət saçdı.
Bütün günü divanətək dolaşan Mərdan gecə yarısı evə dönə bildi. Ayağının ucunda yataq otağına girdi – yoldaşı və çocuğu yatmışdılar. İkisini də nifrətlə süzdü. Ağlına ən vəhşi fikirlər gəldi – başı intiqam buludlarında dalğalanırdı. Çocuğun beşiyinə yanaşdı – körpə bir əlini bələkdən çıxarıb, xoş bir əda ilə yanağına söykəmişdi.
Mərdan anasının “haramzada” sözünü xatırladı – yarımişıq otaqda çocuğun üzünü tədqiq etməyə başladı: özünə bənzər cəhətlər aradı, tapa bilmədi. Artıq arvadının vəfasızlığına qəti olaraq inandı. Bir də körpə yuxuda gülümsədi, Mərdanın qəlbində təbəssümlə doğan rəhm duyğusu çocuğun təbəssümü ilə də qaib oldu. Namus hissi yenidən vücuduna hakim kəsildi. Cinayət fikri alnını qırışdırıb, dodaqlarını əydi. Arvadını və çocuğu boğmaq istədi...
Beşiyə yanaşdı. Əsəbi əllərini çocuğa doğru uzadarkən çocuq yenə gülümsədi. Körpənin məsum yatışı, əlciyəzinin qoyuşu, bütün ədası ildırım qüvvəsinə dönərək Mərdanı vurdu. O geriyə doğru sıçradı. İntiqam hisslərində çırpınan beyni ayılan kimi oldu. Təkrar çocuğu süzdü – körpənin dodaqlarından təbəssüm izləri hələ də silinməmişdi. Çocuğun bu halı gənc ata ruhunun ən dərinliklərinə əks etdi.
Qəlbi rahatsız-rahatsız döyündü, atalıq eşqi ilə coşmağa başladı.
Qəlbinin anlaşılmaz bir guşəsində doğan əzab atəşi alovlanaraq, onu qaplayıb bütün mətanətini sarsıtdı...
“Məsələni aydınlaşdırmaq lazımdır!” – deyərək yataq otağını tərk etdi.
Mərdan ayıq bir mühakimə ilə işi incədən-incəyə təhlil etdi.
Arvadını və anasını ətraflı danışdırdı. Ortalıqda adi qayınana oyunundan başqa bir şey olmadığı meydana çıxdı.
Üç gün sonra qayınanaya ayrıca bir otaq təxsis olundu; ümumi yoldan belə məhrum edildi. Ənənəyə istinadən malik olduğu hüquq tamamilə ləğv olunaraq, heç bir işə qarışmayacağı qərarlaşdırıldı.
Gənc ailə asudə nəfəs alaraq, xoşbəxt yaşayışına yenidən davam etməyə başladı.
1932
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-qayinanin-oyunlari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir ay davam edən dəhşətli mücadələdən sonra indi artıq asudə nəfəs ala bilərdi. Çarpayısının üzərində uzanaraq, papirosun tüstüsünü havaya buraxır, düşünürdü.“Bəlkə çocuq ölməyəydi?” – deyə fikrindən keçirdi. Haman, rəngi üzündən götürüldü; ona bir əsəbiyyət gəldi. Cəld yatağından qalxdı. Papirosu kül qabına basıb, otaqda gəzinməyə başladı.
TanqoOnlar ilk dəfə görüşərkən ruhən bir-birinə yanaşdılar. Doktor xaricdən yeni gəldiyi üçün hələ Parisin süsünü daşıyırdı: şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Söhbət arasında ara-bir fransız sözləri qollanması Zibeydənin son dərəcə xoşuna gedirdi. Fransızca bilmək və Parisi görmək Zibeydə üçün ən yüksək məfkurələrdən biri idi. Doktor da bu məfkurəni təmsil etdiyi üçün onun qəlbinə hakim idi. İstəristəməz doktorun iradəsi Zibeydəyə hakim kəsilərək, onu istədiyi yola sövq edirdi.Axşam ziyarətlərində doktorun qapını tıqqıldatması Zibeydənin qəlbində yaxın və dost hisslər oyadırdı; özü qapıya yüyürür və açdıqda doktor onun dadlı həyəcanını duyurdu. Görüşürdülər. Otaqda yanyana otururdular. Bəzən doktor Zibeydənin nafiz nəzərlərini üzərində duyaraq, cəld dönür, gözü onun qara, mənidar, bir az da süzgün gözlərinə sataşır, ikisi də yaxın bir səadətin üfüqündə şölə kimi parlayırdı.
İmamın zühuruOnların tarixi qısadır: əvvəl üç idilər, şərik idilər; çar zamanı ticarətə başlamış, müsavat zamanı zəngin olmuş, şura vaxtı iflas etmişdilər.Onların biri yarımünəvvər idi; qəzet oxuyur, rusca danışır, Puşkinin dueldə öldüyünü bilirdi. İkincisi mollaxanada oxumuş, Həzrət İbrahimin oda atıldığını eşitmişdi. Üçüncü heç oxumamışdı. Adını güclə yazar, lakin barmaq hesabı ilə bütün varidat və müsafiratını təhqiq edər və müvazinəsinə çalışardı.
Yaş söhbətləriMüəllim Mirzə Həsənlə Mirzə Bağır həmişə görüşəndə yaşdan danışmamağa çalışırlar. Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətilə qurtarır. Keçən il Balaqədeşin oğlunun toyunda yaş barəsində uzun-uzadı danışmışdılar, hansının böyük və hərəsinin neçə yaşı olduğu meydana çıxmamışdı. Keçən ildən bəri Mirzə Həsənlə Mirzə Bağır görüşməmişdi. O günü təsadüfən bir təziyə yerində görüşdülər.İkisi də məsələsini bilirdi – bir-birini görcək hər ikisi yaşdan danışmamağı qət etdi. Lakin bir-birilə küsülü deyil idilər ki... Buna görə görüşən kimi:
Стихи других поэтов
Zahid ki, məscid içrə öziçün məkan tutub,Bayquşdu kim, xərabə ara aşiyan tutub.
YaraşığıBugünkü seyrimdə bir gözəl gördüm,Nəzəri, ötəri yol yaraşığı.
Sin əsərOyaq isən çək xədəngin ayağa,Əlikdisə gəldi-keçdi sin əsər.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,