Onların tarixi qısadır: əvvəl üç idilər, şərik idilər; çar zamanı ticarətə başlamış, müsavat zamanı zəngin olmuş, şura vaxtı iflas etmişdilər.

Onların biri yarımünəvvər idi; qəzet oxuyur, rusca danışır, Puşkinin dueldə öldüyünü bilirdi. İkincisi mollaxanada oxumuş, Həzrət İbrahimin oda atıldığını eşitmişdi. Üçüncü heç oxumamışdı. Adını güclə yazar, lakin barmaq hesabı ilə bütün varidat və müsafiratını təhqiq edər və müvazinəsinə çalışardı.

Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyələrinə müvafiq idi; Birinci Zülqüfar Qasanoviç Qasanov, ikinci Qulu Allahverdiyev, üçüncü Məşədi Əli Kərbəlayı Məhəmməd oğlu idi. Ticari fayda və sərvət eşqi bu üç adamı bir araya gətirərək qüvvətli bir şirkət şəklinə salmışdı. Bu şirkətdə Zülfüqarın rolu başqa idi. Bu, ticarətlə əlaqədar müəssisəyə girər, lazımi vəsiqələr əldə edərdi. Qulu vəsiqələr vasitəsilə mal alar, satar. Məşədi Əli ona yardım edərdi. Müsavat zamanı Zülfüqar ticarət nəzarəti məmuru sifətilə Batuma mal yürütməyə icazə alır, yoldaşlarına verirdi. Bu vasitə ilə böyük sərvət qazanmışdılar.

Şura zamanı Zülfüqar və Qulu kooperativə girmişlər. Bir zaman sonra kooperativ mallarının xüsusi adamlar vasitəsi ilə qəzaya göndərilməsi duyulmuş, Məşədi Əlinin evində axtarış yapıldıqda böyük miqdarda kooperativ malı tapılmış.

Məşədi Əli həbs edilir. İstintaqdan sonra Zülfüqar və Qulu da tutulur. Evləri aranır. Bir çox altun, daş-qaş, xalı və başqa qiymətli şeylər alınıb götürülür.


Həbsxanadan çıxdıqdan sonra onlar bütün gün parapetdə oturardılar. Zatən işləri yox, ticarət eləməyə imkan tapa bilmirdilər. Zülfüqar qəzet oxuyur, yoldaşlarına nağıl eləyirdi. Dinləyirdilər, axırda şərhə başlayırdılar. Qulu deyirdi:

– Zülfüqar, bu xəbər yalana oxşayır, İngiltərədə işsizlik nə gəzir ki?..

– Qulu, mən də elə zənn eləyirəm, – deyə Zülfüqar başını tərpədir.

Məşədi Əli təsbeh çevirə-çevirə onların dediyini təsdiq edirdi. Bir gün bunlar Qarabağdan sürülmüş bir bəylə tanış oldular. Bu bəy də parapet üzvlərindən olaraq bütün günü orada keçirir və arabir Zülfüqarın qəzetindən istifadə edirdi. Papanın Şura İttifaqına qarşı çıxışı bunlarda bir ümid doğurdu. Zülfüqar bu xəbəri oxuyar-oxumaz bəy dirçəldi. Şal çuxasının cırıq qolunu çırmalayaraq dedi:

– Həzrət Abbasın bir cüt düşən qolları haqqı, bu yaz iş tamam olub gedəcək.

Zülfüqar kənarı yağlı şlyapasını çıxartdı, qeyzlə başını qaşıdı, dedi:

– Ona da ingilis deyərlər!

Qulu özünü düzəltdi:

– Təqvimdə var, – dedi, – il at üstdə təhvil olub. At muraddır.

Arzumuza çatacağıq.

Məşədi Əli baş barmağı ilə təsbehin danələrini çevirə-çevirə mollasına dayandı və sevinclə:

– İstixarə elədim, yaxşı gəldi. Olacaq.


Bir gün bəy yox oldu. On gün sonra dəniz kənarında Zülfüqarla görüşdü.

– A bəy, görünmürsünüz? – deyə Zülfüqar soruşdu:

Bəy istehzalı təbəssümlə:

– Allahdan buyruq, ağzıma quyruq olarmı? – dedi.

Zülfüqar bəyin kinayəsini anlamadı.

– Oturun görüm, – dedi, – sizdə xəbər var.

Oturdular. Bəy başladı.

– Sənin halın xarab, mənimki xarab. Cibdə də bir qəpik yox. Mal getmiş, mülk getmiş, gündəlik çörəyə möhtacıq. Haqqımızı müdafiə eləməliyik.

Zülfüqar tərəddüd içində:

– Əlimizdən nə gəlir ki?..

– Çox iş gəlir.

– Məsələn?

– Yaz əkini gedir, bilirsənmi?

– Bilirəm.

– Müvəffəqiyyət qazansa, bilirmisən nə olacaq?

– Bilirəm, qüvvətlənəcək...

– Qüvvətlənəcək deyil, onda dünyada heç kəs buna bata bilməyəcək.

Dünyanı titrədəcək. Bizim də anamızı ağladacaq.

– Sonra?

– Sonrası yoxdur. Yaz əkininə mane olmalı.

– Nə təhər?

– Təhərini düşünməli. Sən yalnız mən deyənləri elə.

– Əlimdən gələrmi?

– Gələr, asandır.

– Yaxşı.

– İş belədir. Mən gedirəm Gəncəyə, sən də yoldaşlarını götür, sabah gəl ora. Amma onlara bir şey söyləmə. Deyərsən ticarət işi var...

Sonra bunu bil ki, Gəncəyə gəlməkdən sənə heç bir xətər yetişməyəcək.

Bəy Zülfüqara yüz manat yol kirayəsi verdi, ayrıldı.


Üç gün sonra Gəncədə görüşdülər. Bəy Zülfüqarı şəhərin kənarında bir evə gətirdi. Oturdular. Söhbət başlandı.

– Zülfüqar, bu işdən məqsəd iki şeydir. Əvvəla pul qazanacağıq.

İkinci, düşmənimizdən intiqam alacağıq.

– İş nədən ibarətdir?

– Qulaq as deyim... Möcüzə göstərəcəyik.

Zülfüqar güldü. Bəy ciddi sifətlə:

– Gülmə, ciddi işdir. Mübarizədə bütün vasitələrdən istifadə etməli.

Möcüzə də bir vasitədir.

Zülfüqar yenə gülümsündü. Bəy sözlərində davam edirdi:

– Məsələ təşkilatdadır. Gözəl təşkil edərsən, nəticə verər. Zatən burada böyük bir təşkilat da lazım deyil. Avam kəndlinin içində möcüzə xəbəri yayılsa, əkini buraxaraq qopub gələcək.

– Yaxşı, nə cür başlamalıyıq?

– Bizlərdən orada olmayan, bizi tanımayan uzaq bir kənd seçməliyik.

Möcüzə üçün Bitli kəndi ən əlverişlidir. Mən buralara bələdəm.

Bilirəm...

Bu əsnada qapı tıqqıldadı. Bəy çıxdı və bir az sonra əlində bir boğça içəri girdi.

– Bunu görürsənmi? – dedi. – Bu paltarı sən geyərsən. Başına yaşıl əmmamə sarıyarsan.

– Sonra?

– Sonrasını deyərəm.

– Bəs yoldaşlarım nə qayıracaq?

– Onları Qarabağda və Qazaxda tanımırlar. Möcüzə olan kimi onlar kəndlərə düşüb “gözlərimiz kor idi, imam şəfa verdi” deyə xəbərlər yayacaqlar. Vəssalam.

– Elə bu?

– Bu böyük işdir. Siz kənd xalqını tanımırsınız. Gör onların arasında möcüzə nə işlər görəcək?


Şayiə ildırım qüvvəsi ilə bütün Azərbaycana yayıldı. Min bir rəng aldı:

– İmam zühur edib!

– Qəbirdən nur çıxırmış, açmışlar, diri meyit çıxıb!

– Kor gedir, gözü açılır!

– Şil gedir, şəfa tapır!..

Qarabağda biri qollarını ölçərək:

– Əli Əkbərin ala gözləri haqqı, qurban olduğumuzu öz gözümlə

gördüm, – deyirdi.

Şəkidə bir ayrısı:

– Əşhədübillah, hindicə gəlitdi, gözü açılıtdı, – deyə and içirdi...

Şayiə get-gedə artdı. Bir bəyin və üç tacirin təşəbbüsü yüzlərcə qolçomağa yol açdı. İtirdikləri mövqeyi qazanmaq üçün qolçomaqlar var qüvvələri ilə möcüzə xəbərlərini yaymağa çalışırdılar. Avam xalq yerindən qopdu... Lakin Bitlidə imamdan bir əsər yox idi.

1930

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üç

Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:

3 мин
Sərhəd məsələsi

– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.

6 мин
Qumarbazın arvadı

Yayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.

6 мин
Polis paltosu

Talış-xanın ürəyini söz dəlirdi. Özü də söz saxlamıyan bir adam, elə istiyirdi ki, qarşısına çıxana açıb, dərdini desin. Bir də xan fikir eliyirdi: «Hər sözü adam özgələrə deməz. İşdir, birdən gedib qubernatın qulağına çatar, onda... onda nə olacaq, adamı elə itirərlər ki heç yeri, yurdu da mə’lum olmaz».Xan özünə bir az öyüd və nəsihət verirdisə də, ürəyindəki söz ona sakitlik vermirdi. «Yoxsa arvada deyim-xan yenə özü ilə söhbət edirdi: arvad gedib, mənim sözümü özgələrə deyib, sirrimi açmıyacaq ki, qubernat da məndən kəm iltifat olsun. Deməz... ağzı da nədir desin; bir dəqiqə də nəkərlərə öldürdüb, meyitini itirdərəm».

6 мин

Стихи других поэтов