Tanqo
Onlar ilk dəfə görüşərkən ruhən bir-birinə yanaşdılar. Doktor xaricdən yeni gəldiyi üçün hələ Parisin süsünü daşıyırdı: şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Söhbət arasında ara-bir fransız sözləri qollanması Zibeydənin son dərəcə xoşuna gedirdi. Fransızca bilmək və Parisi görmək Zibeydə üçün ən yüksək məfkurələrdən biri idi. Doktor da bu məfkurəni təmsil etdiyi üçün onun qəlbinə hakim idi. İstəristəməz doktorun iradəsi Zibeydəyə hakim kəsilərək, onu istədiyi yola sövq edirdi.
Axşam ziyarətlərində doktorun qapını tıqqıldatması Zibeydənin qəlbində yaxın və dost hisslər oyadırdı; özü qapıya yüyürür və açdıqda doktor onun dadlı həyəcanını duyurdu. Görüşürdülər. Otaqda yanyana otururdular. Bəzən doktor Zibeydənin nafiz nəzərlərini üzərində duyaraq, cəld dönür, gözü onun qara, mənidar, bir az da süzgün gözlərinə sataşır, ikisi də yaxın bir səadətin üfüqündə şölə kimi parlayırdı.
Bir axşam doktor çiçəklər gətirmişdi. Zibeydə onları zövqlü bir təbəssümlə aldı, qoxuladı və bağrına basarkən ona tühaf bir həya gəldi: gözlərini yerə dikdi, incə bir titrəyiş dodaqlarına yayıldı...
Ortalığı sükut qapladı və dəqiqələrcə davam etdi. Doktor danışmaq istədi, payız yeli yarpağı əsdirən kimi, rəşə səsini titrətdi. Həyəcanlı sözlər, soyuq su damlaları kimi, Zibeydənin üzərinə tökülüb, onu keyitdi.
Zibeydə çiçəkləri vaza qoydu, yanında oturdu, yanağını ovucovuca yapışmış əllərinə söykəyib dedi:
– Neçin çiçəklər əbədi deyil?
– Çünki onlar gözəldir.
Doktorun sözləri Zibeydəni düşündürdü, nazlı gözlərini süzdürdü.
Ətrafa dalğın-dalğın baxdı: və nəzəri divardakı güzgüyə sataşdıqda, özünə diqqətlə tamaşa edərək dedi:
– Deməli, mən də solacağam.
– Yox, – deyə doktor qəti cavab verdi.
Zibeydə heyrət içində:
– Nədən?
Doktor sakit bir səslə:
– Çünki sizi qəlbimin dərinliklərində saxlayıram.
Zibeydə belə bir cavab gözləmədiyi üçün diqqətlə doktora baxdı.
Üzü ciddi idi, gözlərindən atəşli nur parlayırdı.
Zibeydə başını aşağı saldı, gözəl bir məmnuniyyət duydu. Sonra gözlərini təkrar doktorun gözlərinə dikdi – oradan doğan cazibəli hisslərə qapılaraq oxşandı, nəşələndi, coşdu.
Bir gün bərabər kinoya getdilər. Arxa lojalarda bunlardan başqa kimsə yox idi. Oturdular. Bir-birinin qoluna sarılaraq pərdəyə tamaşa etmədə idilər. Şəkil Avropanın səfalı bir guşəsində şairanə bir eşq macərasını göstərirdi. Zibeydə belə rəsmləri çox sevər, tamaşaya dalar, çox zaman onu bir həqiqət deyə tələqqi edərdi. Bu dəfə də şəkil ruhunun dərinliklərinə qədər nüfuz etmədə idi. Nədənsə bir az da dərdli kimi görünürdü. Tamaşa bitdikdə doktor onun ruhi böhranının səbəbini sordu:
– Görünür, şəkillər sizi həyəcana gətirir.
– Elə.
– Neçün?
– Həyatımı bu rəsmlərlə müqayisə edirəm də, kədərlənirəm.
– Həyatınız o qədər də fənadırmı?
– Fəna deyil... gözəlliyi də yoxdur.
Doktor entuziast olduğu üçün bu sözlər ona toxundu:
– Həyat, – dedi, – öz-özlüyündə, mücərrəd olaraq, o qədər gözəldir ki, ondan doymaq və usanmaq olmaz. Yalnız insan vəzifəsini bilməli, ömrü süsləməli, onu şairanə bir çərçivəyə yerləşdirməlidir.
Zibeydənin kədərli simasında təğyirlər göründü:
– Siz həyatı çox sevirsiniz, deyilmi?
– Həyat sevilməzmi?
– Mənə belə gəlir ki, həyatda bir çox acılıqlar var... nədənsə, bəzən bütün dünya gözlərimə sərab kimi görünür...
– Acılıqlar var, ancaq onların olması həyatın ləzzətini daha da artırır. Mübarizə etməli, fənalıqları yox edib, sonra müvəffəqiyyətin nəşəsi ilə yaşamalı.
Zibeydə susdu. Doktorun sözləri ona o qədər mətanət verdi ki, həzlərə daldı.
Bir gün Zibeydənin anası gənclər üçün evində bir müsamirə tərtib etmişdi – xanım mənsub olduğu zadəgan ənənələrini çox sevərdi. Doktor bu müsamirədə bütün səmimiyyəti ilə iştirak etdi. Gündüzdən çiçəklər və şokolad göndərmişdi. Axşam da şıq geyinmiş bir halda gəldi. Qonaqlar həp tanıdıqları, Zibeydənin dostları və məktəb arqadaşları idi.
Çay masasına oturarkən zəng vuruldu və tanışlardan birisi çərkəz geyimli yeni bir sima ilə içəri girdi. Uca boylu, geniş kürəkli, kəskin və xoş baxışlı bu çərkəz nəzakətlə baş endirdi. Ev sahibi xanımın əlini öpüb əyləşdi. Əvvəl məclis onu tutar kimi oldu; üzü bir az qızardı, titrək barmaqları ilə incə bığlarına təmas etdi, sonra ətrafındakılara isinişdi. Onun əzəmət və qüruru, gəncliyin bütün qüvvət və gözəlliyinə malik siması qızların nəzərlərini özünə cəlb etdi. Qızlar pıçıldaşıb qızardılar.
Çərkəz təsadüfən Zibeydənin qarşısında oturmuşdu. Zibeydə ona tərəf baxmağa cəsarət etmirdi, sanki əsrarəngiz bir iradə onun varlığına hakim olmağa başlayırdı. Öz könlü ilə qəfəsə girmiş, zindanı asudəliyə tərcih edən bir quş kimi, qəfəsə doğru sövq olunurdu.
Doktor həmişəki kimi bütün diqqət və nəzakətini Zibeydəyə həsr etmişdi: onu xoş söhbətlərlə məşğul edir, tatlılar təqdim edib, ara-bir eşq atəşi ilə parlayan gözləri ilə onun çöhrəsinə baxırdı. Eşqin, səadətin, fərəh və sürurun intihası yox idi.
Birdən doktorun böyük bir həzz içində çırpınan ürəyinə anlaşılmaz duyğular doldu, indiyə qədər parlaq və şüadar görünən tale ulduzu qara qanadlı şübhələr arasında gizləndi, söndü, öldü. Nəşələr, fərəhlər, xoş çırpıntılar onu yavaş-yavaş tərk etdi. Zibeydəni sərzənişlə nəzərdən keçirdi. Zibeydə vəhy gözləyən bir zahid kimi, çərkəzin məbədinə bağlanıb qalmışdı; süzgün gözləri həp onunla yaşayırdı.
Doktor qəlbində bir acı duydu, əvvəl hiddətləndi, sonra ona bir laqeydlik gəlib, sakit oldu. Durub salonun yarımişiq bir guşəsinə çəkildi. Bunun yoxluğu sanki çay məclisində duyulmadı; Zibeydə heç də hiss etmədi.
Bir saata qədər davam edən çay ziyafəti doktora illər qədər uzun və sıxıntılı göründü. Davamlı bir intizardan sonra şən gənclik xoş gurultusu ilə salona dolmağa başladı. Ev xanımı piano çalmağa oturdu, hər kəs “tanqo” deyə bağırdı. Musiqi başlandı. Zibeydə fərəhlə doktora yanaşdı:
– Parisdən gəldiyiniz üçün, şübhəsiz ki, gözəl rəqslər bilirsiniz, – dedi və
totuq əllərini uzadıb,onu rəqsə dəvət etdi.
Doktor bir az nəşə ilə:
– Təəssüf ki, bilmirəm.
– Ola bilməz ki, Parisdə illərcə yaşayasınız da, rəqs bilməyəsiniz.
– Doğrudan bilmirəm.
– Mənimlə bir dəfə oynayınız.
– Ciddən bilmirəm.
– Başqaları ilə oynamasanız da, mənimlə oynamalısınız, – deyə
Zibeydə boynunu bükdü və yalvarar bir səslə: mənim xatirim üçün!
– dedi.
Doktor Zibeydənin bu halından daha da mütəəssir olaraq rəqs edə bilməməsi üzündən yandı, yaqıldı.
Zibeydə məyus çöhrə ilə geri döndükdə çərkəzi qarşısında gördü:
o, nəzakətlə təzim etdi. Zibeydə onun tanqo bildiyini təsəvvür etmirdi...
Çərkəzin qüvvətli əli qızın incə belini ehmal qucdu, atəşli qan dalğalarında çırpınan iki gənc çöhrə bir-birinə nəfəsləri duydurar qədər yanaşdı, kökslər birləşdi, havadakı əllər bir-birinə sarıldı... Rəqs başlandı...
Bu aləmlə arasında dərin bir uçurum açılan doktor nisbəti bir istirahətlə yumşaq qoltuğa yerləşib, tamaşa edirdi. Sənəmi qırılmış, müqəddəsatı kirlənmiş bir məbud kimi, onun üçün ümid, səadət və məfkurə sözləri mənasını itirmişdi.
İki gün idi ki, doktor Zibeydə ilə görüşməmişdi; görüşməyəcəyinə söz vermişdi. Lakin həsrət o qədər qüvvətli idi ki, verilən sözə qələbə çalmada idi; ayrılıq dərdi aman vermirdi. Vücuduna tühaf bir sızıltı hakim idi: yuxusu qaçmış, istirahəti pozulmuş – hər şeydən soyumuşdu. Bu ağır əzaba bir gün də davam edə bildi. Üçüncü gün səbir kasası daşmada idi – ələm onu boğurdu. Otağını gəzib dolandı, dəruni sızıltıdan rahatlıq tapa bilmədi. Oturdu. Heyrətlə bir nöqtəyə baxaraq bir də “Zibeydə!” – deyə səsləndi, hər tərəfdən əks-sədalar eşitdi: bu cazibəli sözdən həzlər duydu. Dərdləri müvəqqəti olaraq yayıldı.
Təkrar dərdləndi, mənəvi yalnızlıq bütün şiddəti ilə onu bürüdü. Bu dəqiqələr Zibeydənin varlığı, mülayim səsi, xoş rəftarı ona abi-həyat qədər qiymətli göründü. Görmək, danışmaq, dərdləşmək ehtiyacı daha da şiddət kəsb etdi.
Durdu, xəstə halla telefona yanaşdı. Çağırdı. Səsi titrədi, sızıltılı həyəcan havanı doldurdu. Telefondan səs gəldi. Şübhəsiz ki, Zibeydə idi. Bu tanış və dadlı səs əvvəl doktoru qanadlandırdı, sonra eyni səsin “Zibeydə evdə yoxdur” – deməsi, onu yasa batırdı. Təsviri qabil olmayan bir kədərlə geri çəkilib, yaralanmış aslan kimi inildədi.
Bu bir həftənin içində olan bütün vaqiələr doktora yuxu kimi göründü. Heç bir şey olmamış kimi şübhələri tamamilə yatdı. Bir axşam da hazırlanıb, Zibeydəni ziyarətə getdi. Qapını tıqqıldadarkən bir zaman sönmüş nəşə onda təkrar ehya olundu. Lakin qapını açan Zibeydəni, onun hərəkətini gördükdə nəşəsi təkrar öldü. Zibeydə həmişəki kimi şən və mülayim deyildi. Doktoru içəri buraxmaqda belə tərəddüd etdi – duruxdu, düşündü və ağızucu:
– İstərsiniz, buyurunuz, – dedi.
Doktor cəsarətsiz bir halda içəri girdi, şapkasını asqıya atıb, salona daxil oldu. Bir az sonra Zibeydə gəlib, doktordan uzaqda oturdu. Sükut davam edirdi və iki tərəfin də sükutu pozmağa mövzusu yox kimi görünürdü. Bir az keçmiş doktor sakit bir səslə dedi:
– Necəsiniz?.. Boş vaxtınızı nə təhər keçirirsiniz?
Zibeydə doktorun üzünə baxmağa cəsarət etmirdi, əlindəki kitaba baxa-baxa:
– Sağ olun, – dedi, – vaxt gəlir, keçir.
Doktor Zibeydənin kitabla məşğul olmasından istifadə edərək, onu diqqətlə nəzərdən keçirdi: simasında qeyri-məmnun halını bəyan edən cizgilər görünürdü, söz söylərkən qaşlarının qalxması hiddət nişanəsi idi.
“Artıq hər şey bitmiş” – deyə doktor fikrindən keçirdi: “Eşq ruhi həyəcanın başqa bir ruhdakı inikasından ibarətdir... İnikas görmürəm”,
– dedi və ruhi boşluğa daldı.
Bu surətlə davam edən sükutu Zibeydənin durub otaqdan çıxması pozdu. Onda doktor boşluqdan ayrılıb, düşünməyə başladı. İdrakı sanki qüvvətləndi. Şüuri olaraq ətrafa göz gəzdirdi. Pianonun üzərində qoyulmuş bir səbət gözəl çiçək gördü. Bunu gördükdən sonra doktor üçün artıq şübhəli və qaranlıq nöqtələr qalmadı; hər şey aydın idi.
Durub laübalı bir halda otaqda dolandı. İndi vəziyyətin nə qədər çətin olduğunu anladı. Yeganə çıxacaq yol bir bəhanə ilə buranı tərk edib,... bir daha dönməmək idi.
Zibeydə eyni soyuq çöhrə ilə geri döndü. Oturub, kitaba daldı və bir az keçmədən qulluqçu göründü:
– Zibeydə xanım, saat səkkizdə musiqi dərsinə getməlisiniz; yəqin unutmuşsunuz, – dedi.
Doktor vəziyyəti daha aşkar anladı və xidmətçi gedər-getməz Zibeydəyə yanaşdı, əl verdi:
– Salamat qalın, – dedi, – işim var, getməliyəm.
Zibeydə məmnun olduğunu gizlədə bilmədi, gülümsündü və barmaqlarının ucunu doktorun əlinə tərk etdi. Doktor onun əlini sıxarkən Zibeydə diksinər kimi oldu.
Doktor qapıdan çıxar-çıxmaz qaranlıq koridorda çərkəzə rast gəldi.
Bir həftə sonra doktor Zibeydənin nişanlanmasını eşitdi. “Tanqo” – deyərək fikrə daldı.
1928
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-tanqo
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.
Folklor yolundaFOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...
Azərbaycanda Zərdüşti adətləriAZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləriTARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.
Стихи других поэтов
Dilim fəğan ilədü, didə qan ilən doludur,Könül səhifəsi şərhü bəyan ilən doludur.
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,